Daşaltı — keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Paşalı (Əzizbəyov, Vayk) rayonunun, hazırkı Vayotsdzor mərzinin ərazisində mövcud olmuş kənd. Paşalı yaşayış məntəqəsindən 6–7 km cənubda, Arpaçayın sahilində yerləşirdi.
Toponim "dağ, qaya" mənasında işlənən "daş" sözü ilə mənsubiyyət şəkilçisi qəbul etmiş "alt" sözünün birləşməsindən əmələ gəlmişdir.[1]
Kənddə 1873-cü ildə 32 nəfər, 1886-cı ildə 37 nəfər, 1897-ci ildə 73 nəfər, 1904-cü ildə 28 nəfər, 1914-cü ildə 30 nəfər, 1916-cı ildə 24 nəfər azərbaycanlı yaşamışdır.[2] 1918-ci ildə kəndin əhalisi erməni silahlı birləşmələrinin təcavüzünə və qırğınlarına məruz qalaraq kənddən qovulmuşdur.[1]
İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan azərbaycanlılar öz doğma kəndlərinə qayıda bilmişdilər. Burada 1922-ci ildə 15 nəfər azərbaycanlı yaşamışdır. 1924–1925-ci illərdə azərbaycanlılar yenidən erməni silahlı birləşmələrinin təcavüzünə məruz qalaraq deportasiya olunmuşlar. 1926-cı ildə kənd ləğv edilmişdir. Hazırda xarabalıqları qalır.[1]