Damğan və ya Mehmandust döyüşü — Damğan şəhərinin yaxınlığında 1729-cu ilin 29 sentyabrından 5 oktyabra qədər davam etmiş döyüş. Döyüş Səfəvi dövləti ilə əfqanlar arasında baş tutmuşdur. Döyüş Nadir xan və Səfəvi hakimiyyəti baxımından mühüm qələbə ilə nəticələndi, lakin Əşrəf xanın İrandakı hakimiyyətinə hələ tam son qoyulmamışdı. II Təhmasibi taxtda bərpa etmək üçün bu döyüşü uğurlu yürüşlər izlədi. Damğan döyüşündən sonra Murçe Xort döyüşü baş verdi. Murçe Xort İsfahan yaxınlığında kənd idi və döyüş səfəvilərin qələbəsi ilə nəticələndi. Bu iki döyüşün nəticəsində əfqan Gilzay sülaləsinin imperiya taxtındakı qısamüddətli hakimiyyətinə son qoyuldu. Hotakilər indiki Əfqanıstanın cənub hissəsini əhatə edən öz ərazilərinə qovuldular.[3]
Damğan və ya Mehmandust döyüşü | |||
---|---|---|---|
Nadirin yürüşləri | |||
| |||
Tarix | 29 sentyabr-5 oktyabr 1729 | ||
Yeri | Damğan yaxınlığındakı Mehmandust kəndi, Xorasan | ||
Səbəbi | II Təhmasibin və Nadir xanın Səfəvi taxtını əfqanlardan geri almaq istəmələri | ||
Nəticəsi | Mütləq Səfəvi qələbəsi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
|
Damğan döyüşü Nadir xanın hərbi sisteminin köhnə üslublu süvarilərə əsaslanan ordularla müqayisədə çox yüksək olduğunu sübut etdi. Əfqanların ordusu süvari əsaslı köhnə dəbli ordu idi. Damğan döyüşündən sonra Əşrəf xan bu problemi həll etməyə çalışsa da, onun tapdığı həll yolları yetərli səviyyədə olmadı və Murçe Xort döyüşündə də məğlub oldu.[4]
Əsas döyüş başlamamışdan bir gün əvvəl II Təhmasib Nadir xana döyüşdə qalib gələcəyi təqdirdə onu öz bacısı ilə evləndirəcəyi ilə bağlı söz verdi.
Əşrəf Hotaki sələfi Mir mahmud Hotakini hərbi çevrilişlə devirərək hakimiyyətə gəlmiş, aşağı səviyyəli ordu ilə özündən çox üstün osmanlı ordusuna qarşı böyük uğurlara imza atmış və onları məğlub etmişdi. Lakin sonradan Osmanlı ilə razılığa gəlmişdi. Bu razılığa görə Əşrəf xan Səfəvi imperiyasının qərb torpaqlarını Osmanlı imperiyasına vermiş, qarşılığında isə onların dəstəyini qazanmışdı. Həmçinin Osmanlı imperiyası Əşrəf xan Hotakini imperiyanın legitim hökmdarı kimi tanımışdır.
Bu zaman Nadir və II Təhmasib Əşrəf xana qarşı mübarizədə özlərinə imperiyanın şimal-şərqində baza qurmaqla məşğul idi. Nadirin Herata yürüşə başladığı xəbərini eşidən Əşrəf xan 1729-cu ilin avqust ayında 30.000 nəfərlik qüvvə ilə isfahandan çıxaraq Xorasana yürüşə başladı. C. Hanveyə görə, Əşrəf Tehranın, Qumun, Kaşanın və Qəzvinin silah gəzdirmək gücü olan əhalisinə öz evlərini tərk etməyi və yaşayış yerlərindən uzaqlaşmağı əmr etdi. Əks təqdirdə onlar qətl oluna bilərdilər. Bununla, Əşrəf çalışırdı ki, Nadirlə müharibə apardığı vaxtlarda adları çəkilən şəhərlərin əhalisi əfqanlara qarşı üsyan qaldıra bilməsinlər. Əslində Əşrəfin İsfahan şəhərində aaprdığı qətl və qırğınlar nəticəsində şəhər əhalisinin sayı xeyli dərəcədə azalmışdı və şəhərə nəzarət eləmək üçün cəmi 200 nəfərlik dəstə saxlanılmışdı.[5]
Əşrəf ümid edirdi ki, Nadir şərqdəki əfqan tayfası olan Abdallarla döyüşərkən o, Xorasanı ələ keçirəcək. Lakin hadisələr Əşrəfin gözlədiyi kimi olmadı. Nadir Heratı tabe etdi və Əşrəf Xorasana çatmamış Məşhədə geri döndü. Əşrəfin ona yaxınlaşdığı xəbərini eşitdikdən sonra Nadir öz qoşunlarına 1729-cu ilin 12 sentyabrında Səbzəvara toplaşmaları əmrini verdi.
Bu ərəfədə Əşrəf Semnana çatdı və onu mühasirəyə aldı. Semnan hakimi Əşrəfin hərbi yürüşə başlamaq xəbərini eşidən kimi Şah Təhmasibə və Nadirə xəbər göndərdi ki, ona yardım edilsin. Əks təqdirdə, Semnanın Əşrəf qoşunlarına müqavimət göstərmək imkanı yox idi. Semnan hakimi onu da bildirdi ki, bu vilayətin tutulması Xorasanın müdafiəsini çətinləşdirə bilər. Nadir bu qənaətlə razılaşdı və Semnan hakiminin yanına öz nümayəndələrini göndərdi. Nadir Semann hakiminə və əhalisinə kömək göstəriləcəyini vəd etdi və eyni zamanda onları da Əşrəfə qarşı daha yaxşı müqavimət göstərməyə çağırdı.[6]
Bu zaman onun ordusunun sayı daha da böyüdü və 40.000-ə çatdı, Nadirin ordusunda isə 25.000 döyüşçü var idi. "Aləm Ara-ye Naderi"yə görə Əşrəfin topladığı qoşunun sayı 100 min nəfər idi.[5] Lakin bu rəqədim reallığı şübhə doğurur. Semnanın mühasirəsi üçün kiçik bir qüvvə saxladıqdan sonra Əşrəf Şahruda doğru yönəldi. Nadirin qoşunları Nişapur və Səbzəvar yolu ilə Damğana doğru hərəkət etdi. Əşrəf ilkin olaraq Semnanı tutmaq və sonra Nadirin qüvvələri ilə döyüşə girmək istəyirdi. Bu məqsədlə Əşrəf əvvəlcə Semnan yaxınlığındakı Seyid Əli qalasını tutdu və sonra Semnanın özünü mühasirəyə aldı. Seman mühasirədə olduğu zaman Əşrəfə Nadirin Bestama çatdığı xəbəri verildi. Nadir bu zaman Şahrud məntəqəsində düşərgə salmışdı. Nadir buradan Məhəmməd xan Mamuyeni 500 nəfərlik dəstə ilə kəşfiyyata göndərdi. Həmçinin Əşrəf xan da kəşfiyyat dəstəsi göndərmişdi. Bu dəstələr Şahrudun cənub-şərqində üz-üzə gəldilər və Məhəmməd xan qalib gələrək 14 əfqanı sorğu-sual üçün əsir aldı. Bu əsirlərdən lazimi məlumatlar alındıqdan sonra Nadir düşərgənin yerini dəyişdi və Dehmolla kəndini yeni düşərgə yeri olaraq seçdi.
"Tarix-e Cahanqoşa-ye Naderi"nin müəllifi yazır ki, döyüş başlamazdan əvvəl Əşrəf Nadirin toplarını ələ keçirmək niyyətinə düşdü və bu niyyətini həyata keçirmək üçün Seydal xana müvafiq tapşırıq verdiş Seydal xan da həmin tapşırığın yerinə yetirilməsi üçün Bestamdan özünə bələdçi götürdü və onların vasitəsi ilə Nadirin qoşunlarının yerləşdiyi məkanı nəzərdən keçirdi. Qoşunların hamısı şəhər divarları daxilinə yerləşmədiyi üçün toplar divar xaricində qalmışdı. Amma Seydal xan Nadirin toplarını ələ keçirməyə nail olmadı. Səhəri gün Nadirin qoşunları irəliyə doğru hərəkətə başlayanda Seydal xan da oradan uzaqlaşdı və Mehmandust yaxınlığındakı Əşrəfin əsas qüvvələri ilə birləşdi.[6]
Nadir qoşununu 4 dəstəyə böldü, onların vəzifələrini dəqiqləşdirdi və müvafiq mövqelərə yerləşdirdi. Özü şəxsən bir dəstə çərxçinin müşayiəti ilə əfqan döyüşçülərinin döyüşqabağı düzülüşünü müşahidə etdi. Əşrəf qoşunlarının düzülüşünü müşahidə edəndən sonra toplarını və zənburəklərini qoşunların dövrəsi boyu yerləşdirdi. Nadir əfqan qoşunlarının sağ cinahında yerləşən təpəciyin əhəmiyyətli mövqeyə malik olduğunu bilirdi və bir neçə topla bərabər həmin təpəyə yollandı. Nadir öz qoşununa əmr olmadan döyüşə girməyi qadağan etdi.
29 sentyabr sabahında Əşrəf xan öz ordusunu ənənəvi formada düzdü. O, öz ordusunu 3 hissəyə - mərkəz, sol və sağ cinah - ayırmışdı. Əşrəf qələbə qazanacağına o qədər əmin idi ki, öz ordusundan 2-3 min nəfərlik dəstəni Səfəvi ordusu dağıldıqdan sonra Təhmasiblə Nadiri tutmaq üçün ayırmışdı. Sol cinah Seydal xanın tabeliyinə verilmişdi. Məhəmmən Əmin xan isə sağ cinaha komandan təyin edilmişdi. Bu cinahlar və mərkəz bölmələri plan üzrə Səfəvi qoşununa hücum etməli və onu darmadağın etməli idilər. Çox da böyük olmayan dəstə ehtiyyatda saxlanılmışdı. Plana görə əsas qüvvələr Səfəvi qoşununu qaçmağa məcbur edəndən sonra bu süvari dəstə onları təqib və məhv etməli idi.[7]
Əşrəf həmçinin, Nadirin qoşununa arxadan və cinahlardan qəfil hücum etməyi də planlamışdı. "Aləm Ara-ye Naderi" müəllifi də Əşrəfin sərkərdələrindən olan Seydal xanın Nadir qoşunlarının arxasından zərbə vurmaq cəhdini təsdiq edir. Bundan əvvəlcədən duyuq düşən Nadir öz sərkərdələrindən Mir Abutalıb xanı və Məhəmmədəli xanı bu hücumun qarşısını almaq üçün ayırmış və öz qoşununu dairəvi formada düzmüşdü. Bu sərkərdələr Seydal xanın hücumunun qarşısını almış və Məhəmmədəli xan onları öz düşərgələrinə qədər qovmuşdu.[8] Nadirin öncül qüvvələrini Tal təpələrinə, qoşunun sol cinahına yerləşdirmişdi. Şərq ordularındakı ənənəyə zidd olaraq Nadir xan özünün artilleriya qüvvələrini piyada qoşun bölmələrinin arxasında yerləşdirmişdi. Əşrəf xanın qoşunları Nadir xanın cəzayirçilərinin mövqelərini gözdən qaçırmışdılar. Cəzayirçilər təpələrin yaxınlığında, onların qarşısında mövqe tutumuşdular.[9] Əfqanın sol cinahı Nadirin öncül dəstələri ilə toqquşmadan sonra onları izləmək əvəzinə əsas xəttə doğru geri çəkildilər. Bundan sonra Əşrəf 40.000 nəfərdən ibarət süvari ordusuna Səfəvi ordusunun üzərinə hücuma keçmək əmri verdi. Əfqan süvariləri müdhiş sürətlə qısa müddət ərzində təpə yaxınlığında toplanan Səfəvi ordusuna yaxınlaşdı.
Əfqan qoşunları təpənin üzərində mövqe almış Səfəvi topları tərəfindən atəşə tutulmuşdu. Topların tüstüsü döyüş zamanı ağ bulud əmələ gətirmişdi. İlkin top atəşləri nəticəsində 300-400 əfqan süvarisi "xiyar kimi dilimlənmiş formada meydanda yerə sərilmişdi." Arxadan və cinahlardan hücumun baş tutmamasından sonra Əşrəf əsas hücumun mərkəzdən həyata keçirməyə başladı. Əfqanların cinahlardan cəzayirçilərə doğru hücuma keçməsindən sonra Səfəvi zabitləri tüfəngçilərə atəş etməmə əmri verdi. Əfqanların üzləri seçildikdən sonra (təxminən bir neçə 10 metrdən) atəş əmri verildi. Nadirin təcrübəli cəzayirçiləri tərəfindən illərlə təkmilləşdirilən və döyüşlərdə istifadə edilən bu strategiya özünün effektivliyini bir daha göstərdi. Səfəvi topçularının və cəzayirçilərinin atəşləri nəticəsində əfqanların ön sıraları ciddi təlafatla üzləşmişdi. Arxadan gələn əfqan döyüşçüləri isə lağımlara düşür və öz döyüşçü yoldaşlarının qalıqları üzərindən tullanaraq hücuma keçirdilər. Əfqan mövqelərini dəqiq formada vuran zamburakların, topların atəşi nəticəsində əfqan sıraları tüstü-dumana bürünmüşdü və ordu sıralarında çaşqınlıq yaşanırdı. Əfqanların döyüş bayrağının və bayraqdarının vurulması əfqanlar arasında vahimə yaranmasına səbəb oldu. Bu xaos zamanı Əşrəf xanın qərərgahı Səfəvi topları tərəfindən vuruldu və Əşrəfin atlarından bir çoxu tələf oldu. Bu andan etibarən qərərgahın da toplarla vurulmasına başlandı. Əfqanların artilleriyası ənənəvi zamburaklar idi. Zənburəklərin əsas zəif cəhəti onda idi ki, dəvə üzərinə bərkidildikləri üçün dəqiqlikləri zəif idi və böyük toplar tərəfindən rahatlıqla hədəfə alınırdı.
Az sonra əfqanların topxanası səfəvilər tərəfindən ələ keçirildi və əfqan ordusu top müşayiətindən məhrum edildi.
Nadir xanın əks hücumu cəzayirçilər tərəfindən reallaşdırıldı. Əşrəfin ordusunun mərkəzinə doğru hücuma keçildi. Əfqanların əlində olan artilleriya qüvvələri də mərkəz hissəsində toplanmışdı. Beləcə, meydan döyüşləri başlanıldı. Bu zaman cəzayirçilər qılıncla və əlbəyaxa döyüş üçün lazım olan digər ləvazimatlarla silahlanmışdılar. Səfəvi ordusu əfqanları mərkəzə doğru çəkilməyə məcbur etdilər. Nadirin sərkərdələrindən olan İsmayıl xan Xəzimə və onun rəhbərliyi altında olan tüfəngdarlarla hətta əfqan topçularının sırasını da vurub keçdilər. Onları müşayiət edən süvarilərin gözlənilməz zərbəsi ilə əfqanlara daha bir zərbə endirildi. Hər bir tərəfdən aldıqları zərbələrdən çaş-baş qalan Əşrəf döyüşün gərginliyinə tab gətirmədi.
Qısa müddət sonra əfqan ordusu dağıldı və döyüşçülər qaçmağa başladılar. Nadir xanın ehtiyyatda saxladığı əfşar atlıları bir neçə kilometr boyunca qaçan ordunu təqib etsə də, Əşrəfi ələ keçirmək mümkün olmadı. Nadir xan Səfəvi ordusunun böyük hissəsinə bu qısaömürlü təqibə qoşulmağa icazə vermədi, çünki o, irəlidə pusqunun ola biləcəyindən qorxurdu.
"Aləm Ara-ye Naderi"nin müəllifinin yazdığına görə, bu qələbədən son dərəcə sevinən Şah II Təhmasib zəfərlə geri dönən Nadirin alnından öpdü, ona və onun döyüşçülərinə öz minnətdarlığını çatdırdı. Nadir və döyüşçüləri şah tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırıldı, eyni zamanda döyüş meydanında qalan əfqan mal-dövləti də sərkərdələr arasında bölündü.
12.000 əsgərini döyüş meydanında itirən Əşrəf xan böyük sürətlə qərbə doğru irəliləməyə başladı. O, qərbdə növbəti döyüşlərə qədər itkilərini bərpa etməyi düşünürdü. Yol üzərində Xvar dərəsində Səfəvi ordusuna pusqu qurmuşdu. Vəraminə qədər geri çəkilən Əşrəf belə bir döyüşün Xvar dərəsi ndə baş tutmasını uyğun gördü. Həmin dərə iki dağın arasında yerləşməklə keçid məhdudiyyətinə malik idi. Böyük sayda qoşunun orada döyüşmək imkanı yox idi. Keçid və yüksəklikləri qorumaqla Səfəvi ordusuna böyük zərbə vurmaq olardı. Planın icrası Tehranın keçmiş əfqan qubernatoru İslam xana tapşırıldı. Lakin əfqanlar yenədə məğlub edildilər.[10]
Bu məğlubiyyətlərə qədər elə zənn edilirdi ki, ölkədəki heç bir qüvvə əfqanlara müqavimət göstərə bilməz. Əşrəf rahatlıqla qələbə qazanacağına inanırdı, xüsusən osmanlı üzərindəki qələbədən sonra onun öz gücünə olan inamı daha da artmışdı. Damğandakı məğlubiyyət sürətlə bütün imperiyaya yayıldı və Tehrandakı əfqan qüvvələri də şəhəri boşaldıb Əşrəflə birləşdilər.
Mehmandustdan sonra Nadirlə Təhmasib yürüşün bundan sonrakı taleyi ilə bağlı qərara gəlməli idilər. Nadir yeni qüvvələr toplamaq üçün Məşhədə qayıtmağı təklif edirdi, Təhmasib isə qərbə - paytaxta - getmək istəyirdi. Təhmasib təklifinin qəbul edilməməsindən sonra düşərgəni tərk etdi, lakin sonradan Nadirin göndərdiyi elçilər onu fikrindən daşındırıb geri qaytardılar. Nadir Təhmasibi Tehran şəhərində tərk etdi və yürüşü davam etdirdi.
J.P.Ferrier.