Darab mirzə Şahrux mirzə oğlu Qovanlı-Qacar (9 may 1869, Şuşa – 1930, Tehran) — Çar ordusunun polkovniki, Bəhmən mirzə Qovanlı-Qacarin nəvəsi.
Darab mirzə Qovanlı-Qacar | |
---|---|
Şəxsi məlumatlar | |
Digər adı | Şahrux Darab Mirzə |
Doğum tarixi | 9 may 1869 |
Doğum yeri | |
Vəfat tarixi | 1930 |
Vəfat yeri | |
Atası | Şahrux mirzə Qovanlı-Qacar |
Hərbi fəaliyyəti | |
Xidmət illəri | 1889-1917 |
Rütbəsi | polkovnik |
Döyüşlər | I Dünya Müharibəsi |
Təltifləri |
Xidmətdə olduğu illərdə "Müqəddəs Stanislav" ordeni, "Müqəddəs Anna" ordeni, "Şiri-Xurşid" ordeni və I Dünya Müharibəsində göstərdiyi şücaətə görə Georgi silahı ilə təltif edilib.
Darab Mirzə Şahrux Mirzə oğlu 9 may 1869-cu ildə Şuşa şəhərində andan olub[1]. Bəzi mənbələrdə onun doğum tarixi 15 dekabr 1868-ci il, 9 mart 1869-cu il kimi də göstərilir[2]. İbtidai təhsilini evdə aldıqdan sonra Tiflis kadet korpusunda oxuyub. Sonra Pavlov Hərbi məktəbində təhsilini davam etdirərək buranı I dərəcə ilə bitirib. Bundan başqa Atıcı zabit məktəbinin kazak bölməsində təhsil alıb[2].
1889-cu il sentyabr 1-dən etibarən sıravi yunker kimi xidmətə başlayıb. 1890-cı il mayın 5-də unter zabit rütbəsi alıb. Məktəbi bitirdikdən sonra 1891-ci il avqustun 5-də xorunji rütbəsi alaraq, Kuban kazak ordusunun I Poltava atlı alayına təyinat alır. 1891-ci il sentyabr 12-də alayda xidmətə başlayır. 1894-cü ilə qədər burada müxtəlif vəzifələrə təyinat alaraq müxtəlif yüzlüklərdə xidmətini davam etdirir[2].
1895-ci il iyunun 1-də yüzbaşı rütbəsini alır. 1895-ci ilin oktyabr 15-də Kuban kazak ordusunun II Poltava atlı alayına təyinat alır. Xidməti yerinə gələrək burada VI yüzlükdə kiçik zabit kimi xidmətə başlayır. 1987-ci il sentyabrın 13-də alayın I yüzlüyünə kiçik zabit kimi təyinat alır. 1898-ci il avqustun 12-də təhsil almaq üçün Atıcı zabit məktəbinin kazak bölməsinə göndərilib. 1899-cu il avqustun 28-də təhsilini tamamlayır[2].
1900-cü il sentyabrın 23-də ona verilmiş "Şiri-Xurşid" ordenini qəbul etməyinə və taxmağına icazə verilib[3]. Bundan başqa o, "İmperator III Aleksandrın hakimiyyətinin xatirəsinə" medalı və "Əhalinin ilk ümumi siyahıyalınmasında göstərdiyi əməyə görə" medalı ilə də təltif edilib. 1901-ci il yanvarın 23-də üçüncü dərəcəli "Müqəddəs Stanislav" ordeni ilə təltif edilib[4].
1901-ci il dekabrın 1-də alayın silah rəisi təyin edilir[3]. 1903-cü il mayın 10-da alayın IV yüzlüyünə komandir təyin edilir. 1903-cü il iyunun 1-də podyasavul rütbəsi alır. 1903-cü il iyunun 9-dan sentyabrın 11-ə qədər İranla sərhəddə Culfa dəstəsində xidmət edib[3]. 1904-cü il mayın 29-dan 1905-ci il martın 5-ə qədər Kuban kazak ordusunun II Poltava atlı alayının II yüzlüyünə komandirlik edib. 1905-ci il oktyabr 12-də Kuban kazak ordusunun I Poltava atlı alayına təyinat alıb[5].
1908-ci il mayın 6-da üçüncü dərəcəli "Müqəddəs Anna" ordeni ilə təltif edilib[4].
1909-cu il mayın 6-da yasavul rütbəsinə yüksəlib. 1909-cu il iyunun 10-da Kuban kazaklarının I Labinski General Zass alayına təyinat alıb. 1910-cu il mayın 15-də isə buradakı xidmətindən azad edilib[5].
Daha sonra yenidən xidmətə qayıdaraq 1911-ci il martın 4-də yasavul rütbəsində olan Darab Mirzə xətt kazaklarının I Kuban alayının V yüzlüyünə komandir təyin edilir[5].
Birinci Dünya müharibəsində xətt kazaklarının I Kuban alayının V yüzlüyünün komandiri kimi iştirak edib[6]. 1914-cü il avqustun 4-də Qorodok yaşayış məntəqəsi ətrafında gedən döyüşdə qəhrəmanlıq göstərərək onları mühasirəyə almağa çalışan avstriyalıların 3 eskadronuna qarşı 109 nəfərlə hücum edib[6]. Əks tərəfin sayı onlardan qat-qat çox olsa da, artilleriya atəşinin altında avstriyalıların 3 eskadronu məhv edilib və döyüşün gedişatı dəyişdirilib[7][8]. Bu döyüşdə Darab Mirzə qılınc yarası və kontuziya alıb[9].
1915-ci il aprelin 2-də qoşun starşinası rütbəsi alıb. 1915-ci il iyulun 7-də Qafqaz cəbhəsində fəaliyyət göstərən Kuban Kazak ordusunun III xətt alayına təyinat alıb. 1916-cı il iyunun 12-də düşmənə qarşı işlərdə fərqləndiyinə görə 435 nömrəli əmrlə III dərəcəli "Müqəddəs Stanislav" ordeninin qılınc və bantları ilə təltif edilib. 1916-cı il noyabrın 19-da düşmənə qarşı işlərdə fərqləndiyinə görə II dərəcəli "Müqəddəs Anna" ordeni (qılınclarla birlikdə) ilə təltif edilib. 1917-ci il fevralın 23-də Kuban Kazak ordusuna xidmətə göndərilib[10].
1917-ci il oktyabrın 5-də ordu və donanmanın əmri ilə polkovnik rütbəsi alıb[10].
Darab mirzə Əhməd şah Qacarın dəvəti ilə İrana gedib. 1925-ci ildə Qacar sülaləsinin süqutundan sonra hakimiyyətə gələn Rza şah Pəhləvi Darab Mirzəni öz hakimiyyətinə təhlükə gördüyü üçün həbs etdirib. 1930-cu ildə Tehranda həbsxanada saxlanılan o, çətin saxlanılma şəraitinə görə dünyasını dəyişib. Yaxınlarının dediklərinə görə isə o, həbsxanada öldürülüb[10].
Atası Şahrux mirzə Qovanlı-Qacar Azərbaycanın hakimi və taxt-tacın varisi Bəhmən mirzə Qovanlı-Qacarın oğlu və çar odrusunun polkovniki olub[12].