Dartmut Kolleci (ing. Dartmouth College) — ABŞ-nin Nyu-Hempşir ştatının Hannover şəhərində yerləşən özəl ali təhsil müəssisəsi; ştatın ən aparıcı ali təhsil ocaqlarından biridir.
Dartmut Kolleci | |
---|---|
Dartmouth College | |
43°42′12″ şm. e. 72°17′18″ q. u.HGYO | |
Əsası qoyulub | 13 dekabr 1769 |
Tip | Özəl |
Tələbə sayı | 6,342 (2013)[1] |
Şəhər | Hannover şəhəri |
Ölkə | |
Sayt | home.dartmouth.edu |
Vikianbarda əlaqəli mediafayllar |
Dartmut Kolleci yerli amerikalılardan missioner hazırlamaq istəyən puritan (XVI-XVII əsrlərdə İngiltərədə puritanlar sektasının üzvü), gözəl natiq və pedaqoq, Konnektikut ştatından olan konqreqasiya (kilsə icmaları birləşməsi; Roma papasının müəyyən məsələlərə baxan inzibati idarəsi) naziri Eleazar Uilok tərəfindən yaradılıb. Bu kollecdən öncə E.Uilokun Konnektikut ştatının Livan şəhərində yerli amerikalılar (hindular) üçün Mur Məktəbi mövcud idi. Mur Məktəbini genişləndirmək məqsədilə Eleazar Uilok Hannoverdə Dartmut Kollecini yaratmaq qərarına gəlir. Nyu-Hempşir ştatının qubernatoru Con Ventvort kollecin yaradılması üçün ərazi ayırır və 1769-cu il dekabrın 13-də Böyük Britaniya kralı III Georq burada kollec yaradılması haqqında nizamnamə imzalayır. Nizamnamədə kollecin məqsədi belə açıqlanır:
"Bu torpaqda yaşayan hindu tayfaları gənclərinin, eləcə də ingilis və digər xalqlardan olan gənclərin tədris və tərbiyəsi üçün".
Mur Məktəbinin yaradılmasında Böyük Britaniyanın müstəmləkələr üzrə dövlət xadimi İkinci qraf Dartmut Uilyam Leqqin böyük rolu olur. Eleazar Uilok yenidən İkinci qraf Dartmut Uilyam Leqqdən yardım almaq məqsədilə Nyu-Hempşir ştatında yaratdığı məktəbi onun adı ilə adlandırır, lakin qraf Dartmut kollecə yardım etməkdən imtina edir. Uilokun ilk şagirdlərindən olan Samson Okkom kollecin yaradılması üçün vəsait ayırır. Dartmut Kolleci ölkədə yaradılan 9-cu ən qədim kollec olur.
İki əsr ərzində Dartmut Kollecində köklü dəyişikliklər baş verib. 1771-ci ildə ilk dəfə kollec elmi dərəcələr verməyə başlayır. 1797-ci ildə Dartmut Tibb, 1867-ci ildə Tayer Mühəndislik, 1900-cü ildə isə Tak Biznes məktəbləri açılır. 1819-cu ildən başlayaraq Dartmut Kolleci milli akademik arenaya çıxmağa başlayır. Həmin dövrədək kollec ənənəvi tədris metodlarına əsaslanaraq zəif inkişaf edirdi. 1893-1909-cu illərdə Uilyam Cevett Takerin kollecə rəhbərliyi dövründə ali məktəbdə təhsil müəssisəsinin inkişafı üzrə fəal işlər aparılır, müəllim və tələbələrin sayı 3 dəfə çoxalır, kollecin yeni binaları istifadəyə verilir. Dartmut Kollecinin milli nüfuz əldə etməsini U.C.Takerin adı ilə bağlayırlar. 1945-1970-ci illər ərzində ali məktəbin prezidenti olmuş Con Sloan Diki kollecdə humanitar elmlərin tədrisini gücləndirir. 1972-ci ildə kollecə qız tələbələr qəbul edilir, kollecə daha çox tələbə cəlb olunması üzrə "Dartmut planı" adlı akademik planlaşdırma layihəsi həyata keçirilir. 1990-cı illərdə Ceyms Fridmanın prezidentliyi dövründə universitetdə əsaslı tikinti-təmir işləri aparılır. 2004-cü ildə "Booz Allen Hamilton" məsləhətçi şirkəti Dartmut Kollecini dünyada "ən dayanıqlı müəssisələr"dən biri adlandırır.
Dartmut Kolleci Hannover şəhərində Konnektikut çayının yuxarı vadisində yerləşir. Hannover 11260 nəfər əhaliyə və kontinental iqlimə malik kiçik şəhərdir. Kollecin kampusu Hannover şəhərində 1,1 km² (269 akr) ərazini əhatə edir. Həmin ərazinin 2 hektarını kollecin mərkəzi hissəsindəki ot örtüyündən ibarət "Yaşıl ərazi" tutur. Eyni zamanda Vayt-Mauntins regionundakı (Ağ dağlar) Musiouk dağlarında kollec 18,2 km² (4500 akr), Nyu-Hempşir ştatının şimal hissəsində isə "İkinci Kollec Qrantı" adlı 109 km² (27000 akr) əraziyə malikdir. Kampusda yerləşən binaların əksəriyyəti Corciya-Amerika müstəmləkə üslubunda inşa edilib. Kampus ərazisində elektrik enerjisinin istifadəsi zamanı karbon qazı tullantılarını maksimal azaltmağa can atılır. Şəhərciyin ərazisində akademik bina və yataqxanalardan başqa ağac emalı sexi, dulusçuluq emalatxanası, zərgərlik studiyası, 2900 nəfərlik zal və s. fəaliyyət göstərir. Dartmut Tibb Məktəbi universitet şəhərciyinin şimal hissəsində yerləşir. Məktəbin yaxınlığında laboratoriyalar, ofis və biotibbi kitabxanalar mövcuddur. Kampusun mərkəzindən qərbdə, Konnektikut çayı sahilində iki binadan ibarət Tayer Mühəndislik, eləcə də Tak Biznes məktəbləri var.
Dartmut Kollecində 4 fakültə mövcuddur:
Fakültələrin nəzdində Afro-Amerika, Amerika hinduları, Latın Amerikası və Karib, Asiya və Yaxın Şərq, Çin, Yapon, Ərəb, Rus, Rusiya ərazisi, Fransa, Alman, Yəhudi, İspan, İtalyan tədqiqatları, Qədim dünya tarixi, Orta əsrlər və İntibah tədqiqatları, Tarix, Antropologiya, Klassik arxeologiya, Klassik dillər və ədəbiyyatlar, Müqayisəli ədəbiyyatşünaslıq, Dilçilik, Roman dilləri, İngilis dili, Klassik tədqiqatlar, Musiqi, Teatr, Kino və media tədqiqatları, Fəlsəfə, Psixologiya, Nevrologiya, Sosiologiya, Qadın və gender tədqiqatları, İlahiyyat, Koqnitiv elmlər, İncəsənətin tarixi, Astronomiya, Yer elmləri, Ekologiya, Coğrafiya, Biologiya, Biofiziki kimya, Kimya, Fizika, İnformatika, Riyaziyyat, Riyaziyyat və sosial elmlər, İqtisadiyyat, Hökumət, Mühəndislik fizikası, Mühəndislik elmləri departamentləri fəaliyyət göstərir.
Dartmut Tibb Məktəbi 1797-ci ildə yaradılıb və kollecin ən böyük akademik bölmələrindən biridir. Məktəbdə Anatomiya, Biokimya, Genetika, Mikrobiologiya və immunologiya, Farmakologiya və toksikologiya, Fiziologiya və neyrobiologiya akademik, Anesteziologiya, Cəmiyyət və ailə tibbi, Tibb, Nevrologiya, Mamalıq və ginekologiya, Ortopediya, Patalogiya, Pediatriya, Psixiatriya, Radiologiya, Cərrahiyyə kliniki departamentləri fəaliyyət göstərir. Dartmut Tibb Məktəbində eyni zamanda ALS Mərkəzi, Heyvanlara Qulluq və Onlardan İstifadə, NMR Biotibbi Tədqiqatlar, Yaşlı İnsanlar, Tibb Elminin Davametdirilməsi, Ətraf Mühitin Gigiyenası, Dartmut Biotibbi Mühəndislik, Dartmut Narkomaniya, Reabilitasiya və Təhsil, Dartmut Ciyər Biologiyası, Psixiatrik Tədqiqatlar, Qlobal Səhiyyə, Ürək-Damar Tədqiqatları, Uşaq və Ailə, İmmunologiya, Mikrobiologiya və Molekulyar Patogenez, Molekulyar və Hüceyrə Biologiyası, Çoxprofilli Meyn-Dartmut Ailə Tibbi, Skelet-Əzələ Kliniki Tədqiqat, Nevrologiya, Noris Kotton Onkologiya, Dartmut-Dar es Salam Tibbi Tədqiqatlar (Tanzaniya) mərkəzləri, C.Everett Kup, Texnoloji Təhlükəsizlik Tədqiqatları, Səhiyyə Siyasəti və Kliniki Təcrübə institutları, Dartmut-Hiçkok Tibb Mərkəzi, CHAD Uşaq Xəstəxanası mövcuddur.
Tayer Mühəndislik Məktəbi 1867-ci ildə yaradılıb. Məktəbdə texniki sahələrin inkişafı üzrə tədqiqatlar həyata keçirilir. Məktəbin MakLin Mühəndislik Elmləri Mərkəzi fəaliyyət göstərir. Məktəbdə Biomühəndislik, Kompüter elmləri və mühəndislik, Elektrik və kompüter texnologiyası, Mexanika və aerokosmik mühəndislik, Nanotexnologiya, Struktur mühəndisliyi və s. proqramlar təklif olunur.
Tak Biznes Məktəbi 1900-cü ildə açılıb və ölkənin MBA proqramları təklif edən ən güclü məktəblərindən biridir. Məktəbə Mühasibat, Maliyyə və Biznes iqtisadiyyatı, İnformasiya sistemləri və əməliyyatların idarə olunması, Menecment və təşkilat, Marketinq və beynəlxalq biznes, Qlobal biznes, İnnovasiya və sahibkarlıq, Biznesdə beynəlxalq tədqiqatlar, Pərakəndə idarəetmə, Satış, Sahibkarlıq texnologiyası bölmələri daxildir.
Dartmut Kollecinin kampusunda universitetin bir neçə kitabxanası fəaliyyət göstərir. Bunlar Beyker-Berri, Biotibbi, Feldberq Biznes və Mühəndislik, Kresge Fizika Elmləri, Paddok Musiqi, Rauner Xüsusi Kolleksiyalar, Şirman İncəsənət, Saxlanma kitabxanalarıdır. Beyker-Berri kitabxanası Cari periodik nəşrlər, Evans xəritə, Cons media bölmələrindən ibarətdir. Kollec kitabxanasının kolleksiyasına ümumilikdə 2,4 milyon cild kitab, 24000 film və video, 38000 səsyazma, 450000 şəkil, 25699 əlyazma və digər arxiv materialları, 192000 xəritə, məqalə, partitura və səsyazma, elektron materiallarına isə 368000 elektron kitab, 72000 rəqəmsal resurs, eləcə də minlərlə jurnal, indeks, verilənlər bazası daxildir.
Dartmut Kollecinin idarəetmə sistemi Qəyyumlar Şurası, prezident, prorektorlar və fakültə dekanlarından ibarətdir. Qəyyumlar Şurası kollecin maliyyə, inzibati və akademik işlərinə nəzarət edir. Kollecin hazırkı 17-ci prezidenti Koreya-Amerika həkimi, professor Cim Kimdir. O, bu vəzifəni 2009-cu il iyulun 1-dən icra etməyə başlayıb. Kollecdə ümumilikdə 995 nəfər müəllim çalışır. Dartmut Kollecində təhsil alan tələbələrin ümumi sayı isə 5987 nəfərdir. Tələbələrin 4196 (2119 oğlan, 2077 qız) nəfərini bakalavr, 1791 (1049 oğlan, 742 qız) nəfərini isə magistrant və doktorantlar təşkil edirlər.
Dartmut Kollecində tələbələrin 90%-dən çoxu universitet yataqxanalarında məskunlaşır. Hazırda universitetin kampusunda qruplara (klasterlərə) bölünmüş 9 yataqxana kompleksi mövcuddur və burada 3000-dən çox tələbə qalır. Bunlar Şərqi Uilok, MakLaflin, River, Rassell Seyc, Toplif/Nyu-Hempşir və Lodj klasterləridir. Şərqi Uilok klasteri bir çox tədbirlərin keçirildiyi ərazi kimi tanınır. Burada tələbələr müəllim və tədbirlərdə iştirak edən müxtəlif şəxslərlə təmas qurmaq imkanına malikdirlər. 2006-cı ildən tələbələrin istifadəsinə MakLaflin klasteri və Tak Moll yataqxanası verilib. Magistrant və doktorantlar üçün Tak Biznes Məktəbinin ərazisində Şimali Park Yaşayış Kompleksi, Saçem Tələbə kəndi fəaliyyət göstərir. Yataqxanalar bir, iki və bir neçə nəfərlik otaqlardan ibarətdir. Bir nəfərlik otaqlarda, adətən, yuxarı kurs tələbələri qalmağa üstünlük verirlər.
Bütün ABŞ universitetlərində olduğu kimi, Dartmut Kollecində də idmana xüsusi önəm verilir. Universitetdə 32 komanda fəaliyyət göstərir, onların 16-sı oğlan, 16-sı isə qızlardan ibarətdir. Universitetdə idmanın yüngül atletika növünə də diqqət ayrılır. Ümumiyyətlə, universitetin bütün tələbələri idmanın bu və ya digər növü ilə məşğul olur. Universitetdə idmanın reqbi, su polosu, fiqurlu sürüşmə, kriket, boks, voleybol və digər növlərinə üstünlük verən 26 idman klubu mövcuddur. Dartmut Kolleci Milli Tələbə İdman Assosiasiyasının üzvüdür. Sarmaşıq Liqası üzvləri olan digər universitetlər kimi, Dartmut Kolleci də idmançı tələbələrə xüsusi təqaüdlər ayırır.
Dartmut Kolleci perspektiv gənclər nəsli yetişdirərək dünyaya liderlər bəxş edir. Müəllim və tələbələr arasında vəhdət, təşəbbüskarlıq, birgə əməkdaşlıq, cavabdehlik ənənələri hökm sürür. Bu ali məktəb liberal mühiti təmin edərək fikir azadlığını yüksək qiymətləndirir, tələbə və müəllimlərə öz potensiallarını bütünlüklə reallaşdırmağa imkanlar yaradır. Kollec tədris və tədqiqatları mükəmməlləşdirmək, hər kəs üçün bərabər təhsil vermək, tələbələrə zəngin təcrübə bəxş etmək, bəşəriyyətə rifah və fayda gətirmək üçün səylə çalışır.
Dartmut Kolleci ABŞ-nin 8 elit universitetindən ibarət olan Sarmaşıq Liqasının, Arktika Universitetləri Şəbəkəsinin üzvüdür.
2010-cu ilin mayından Dartmut Kolleci Darem (Böyük Britaniya), Kuins (Kanada), Otaqo (Yeni Zellandiya), Tübingen (Almaniya), Qərbi Avstraliya (Avstraliya) və Uppsala (İsveç) universitetləri ilə birgə əməkdaşlıq çərçivəsində Matariki Universitetləri Şəbəkəsinə qoşulub.[3]
2010-cu ildə Dartmut Kollecinin İanə fondunun gəlirləri təxminən 3 milyard ABŞ dolları təşkil edib.
2010-2011-ci tədris ilində Dartmut Kollecinin bakalavratura, magistratura və doktorantura səviyyələrində təhsil haqqı ildə 39978 ABŞ dolları olub. Kollecin Dartmut Tibb Məktəbində təhsil haqqı ildə 45075, Tak Biznes Məktəbində 50700, Tayer Mühəndislik Məktəbində isə 39978 ABŞ dolları təşkil edib.
Dartmut Kollecində tələbələrin 60%-dən çoxu təqaüd alır. Tələbələrə təklif olunan təqaüdün orta məbləği ildə 33000 ABŞ dolları təşkil edir. Ötən tədris ili kollec təkcə tələbələrin təqaüdü üçün 62868640 ABŞ dolları xərcləyib.
2010-2011-ci tədris ilində Dartmut Kollecində oxumaq üçün tələbələrə, təhsil haqqı daxil olmaqla, ümumilikdə ildə 55724 ABŞ dolları lazım gəlib. Həmin vəsaitin 39978 ABŞ dollarına təhsil haqqı, 7077 ABŞ dollarına yataqxana, 2111 ABŞ dollarına kitab və dərs ləvazimatları, 897 ABŞ dollarına nəqliyyat, qalanlarına isə digər xərclər daxildir.
Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən, Dartmut Kolleci 100 ən yaxşı ali məktəb arasında 85-ci yerdə olmuşdur.
2010-cu il üzrə dünyanın ən nüfuzlu universitetləri arasında Dartmut Kolleci "Times Higher Education World University Rankings"in apardığı araşdırmaya əsasən 99-cu, "QS World University Rankings"in açıqlamasına görə isə 90-cı yerdə qərarlaşmışdır.
Buranın məzunu olan məşhurlardan misal olaraq aşağıdakıların adlarını çəkmək olar: