Deftones — 1988-ci ildə Kaliforniyanın Sakramento şəhərində qurulmuş amerikan alternativ metal qrupu.
Deftones | |
---|---|
Əsas məlumatlar | |
Üslub | alternativ metal, nyu-metal[1] |
Fəaliyyət illəri | 1988– |
Ölkə | Sakramento, ABŞ |
Dil | ingilis dili |
Leybl | Warner Music Group[d] |
Heyət |
Stefen Karpenter Eyb Kanninqem Çino Moreno Frenk Delqado |
Keçmiş üzvlər |
Dominik Qarsia Çi Çenq Con Teylor Serxio Veqa |
Digər layihələr |
|
deftones.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Deftones yaranmasından bu günə kimi doqquz albom buraxmışdır. Qrup ilk albomu "Adrenaline"ni Maverick Records ilə müqavilə bağladıqdan bir müddət sonra 1995-ci ildə yayımlamışdır. Onlar albomu tanıtmaq məqsədilə konsert səfərlərinə çıxmış və bu sayədə çox sayda pərəstişkar kütləsi yığmağı bacarmışdılar. Onların 1997-ci ildə buraxdığı ikinci albomu "Around the Fur" hit olduqdan sonra RIAA tərəfindən sertifikata layiq görülmüşdür. Qrup 2000-ci ildə yayımladığı üçüncü albomu "White Pony" ilə uğurunu daha da artırmışdır, albomun sinqlı "Change (In the House of Flies)" hit-paradlarda zirvəyə çıxmış, "Elite" treki isə "Ən yaxşı metal performansı" nominasiyasında "Qremmi" mükafatı qalibi olmuşdur. Deftones 2003-cü ildə öz adını daşıyan dördüncü albomunu buraxaraq əvvəlki uğurlarına davam etmişdir.
Stefen Karpenter 15 yaşında skeytbord sürərkən onu avtomobil vurmuşdu. O, bu hadisə nəticəsində aylarca əlil arabasında qalmalı oldu, bu müddət ərzində o, Anthrax, Stormtroopers of Death və Metallica kimi treş metal qruplarını dinləyərək öz-özünə gitara çalmağı öyrənmişdi.[2] Şəhərdə qəzanı törədən sürücünün Stefenə pul ödədiyi və bu sayədə qrup üzvlərinin sonralar musiqi avadanlıqları aldığı ilə bağlı şaiyələr yayılmışdı, lakin qrupun üzvü Eyb Kanninqem 2007-ci ildə verdiyi müsahibədə bu xəbəri təkzib etdi.[2][3][4]
Karpenter Kanninqem və Moreno yaxın dost idilər və eyni məktəbdə oxuyurdular. Üçlük vaxtını Sakramentoda skeytbord sürərək keçirirdi. Karpenter metal pərəstişkarı idi, dostu Moreno isə Depeche Mode və The Cure kimi musiqi qruplarını dinləməkdən zövq alırdı.[5] Moreno Karpenterin gitara çala bildiyini öyrənəndə, təbil çalmağı bacaran Kanninqemi bir araya gətirərək 1988-ci ildə qarajda məşq etməyə başladılar. Onlar bu əsnada bas çala bilən Dominik Qarsiyanı qrupa dəvət edərək dörd nəfərdən ibarət oldular.