Dendroxronologiya

Dendroxronologiya və ya ağac halqalarının tarixləndirilməsi — ağac halqalarının təhlilinə əsaslanan elmi metod.[1]

Ağac kəsiyində halqaların görünüşü

Dendroxronologiya qədim yunan dilində "ağac" mənasını verən dendron (δένδρον), "zaman" mənasını verən khronos (χρόνος) və -logia (-λογία) "öyrənmə" sözlərindən yaranmışdır.[2] Dendroxronologiya ağac oduncağının illik həlqələrinin təhlilinə, ağacların gövdəsində hər ilə uyğun gələn konsentrik dairələrin hesablanmasına əsaslanır.[1] Bu üsul arxeologiya, ekologiya, iqlimşünaslıq kimi bir sıra elm sahələrində geniş tətbiq olunur. Alimlər ağacların böyümə halqalarını tədqiq etməklə ağacın yaşını müyyən edə bilirlər ki, bu da arxeoloji tədqiqatlarda nümunələrin mütləq xronologiyasının əldə edilməsinə əsas verir. Dəqiq xronoloji tarix əldə etmək üçün ağac hissəsində bütün diametr boyunca tam bir nümunə götürmək lazım gəlir. Dendroxronologiya metodu nümunələrin tarixini müəyyənləşdirməklə yanaşı, keçmişdə baş vermiş bir çox təbii hadisələrin aydınlaşdırılması üçün də məlumat verə bilir. Məsələn, iqlimşünaslar köhnə ağacların odunundan istifadə edərək müəyyən bir bölgə üçün tarixin müxtəlif dövrlərindəki yağıntı və temperatur məlumatlarını müəyyənləşdirir və gələcək təbii ehtiyatların idarə edilməsi və planlaşdırılmasında istifadə edilə bilən proqnozlar yaradırlar.[3] Belə ki, isti və rütubətli illərdə ağacın gövdəsindəki dairələrin qalın, soyuq və quraqlıq illərdə isə nazik olması tarixi iqlim şəraiti və ətraf mühit dəyişiklikləri barədə tədqiqatçılara məlumat almağa imkan verə bilir.[1][4]

Tutaq ki, 1960-cı ildə kəsilmiş ağacda 200 yaş halqası müəyyən olunub. Bu, ağacın 1760-cı ildə böyüməyə başladığını göstərir. Halqaların qalınlığı və nazikliyi isə bu 200 illik dövr ərzində baş verən iqlim dəyişikliklərini əks etdirir. Həmin ağacın en kəsiyindəki halqaları zolaq kimi kağıza köçürək və sonra başqa bir nümunəni, məsələn, məsciddəki tirlərdən nümunə götürüb onun da müəyyən olunmuş 100 halqasını eyni qayda ilə kağıza köçürək. Daha sonra onları alt-alta qoyaraq hər ikisinin üst-üst düşdüyü hissəni tapmağa çalışaq. Hər ikisi üçün tam olaraq eyni olan, yəni üst-üstə düşən hissəni tapana qədər iki zolağı bir-birinin altında tutaraq müqayisə edək. Əgər məscidin tirinin xarici halqaları ilə 1960-cı ildə kəsilmiş ağacın daxili halqaları arasında üst-üstə düşmə nöqtəsi varsa, və bu, 50 halqanın kəsilməsini əhatə edirsə, buradan məlum olur ki, məscidin tiri 1810-cu ildə (1760+50) kəsilib. Tirin halqalarının sayı ümumilikdə 100 olduğu üçün buradan ağacın 1710-cu ildə (1810-100) böyüməyə başladığı müəyyən olunur.[5]

Dendroxronoloji tədqiqatlar 1937-ci ildə amerikalı astronom A.E.Duqlasın günəş aktivliyindəki dəyişikliklərin yer üzərindəki iqlim modellərinə, bitkilərə təsirini öyrənməsi və Arizona Universitetində Ağac Halqası Tədqiqat Laboratoriyasını qurması ilə başladı. Sonrakı araşdırmalarda yağış, quraqlıq, yanğın və hətta vulkanik fəaliyyətlər kimi bir çox ətraf mühit faktorlarının halqa qalınlığında, forma və rəngində dəyişikliklərə səbəb olduğu müəyyən edilmişdir.[3][6][7]

  1. 1 2 3 Dostiyev, Tarix. Arxeoloji lüğət (az.). Bakı: Elm və Təhsil. 2018. 64.
  2. "About Tree Rings". The University of Arizona. 2023-12-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-19.
  3. 1 2 "Dendrokronoloji: Ağaç Halkalarının Bize Anlattıkları". Evrim Ağacı. 2024-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-26.
  4. "What Trees Can Tell Us About the Past : The Importance of Dendrochronology". Real Archaeology. September 22, 2018. March 23, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 19, 2024.
  5. "Dendrokronoloji". Türkçe Bilgi. 2024-02-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-20.
  6. "What is dendrochronology". Cornell Tree-Ring Laboratory. 1. 2024-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-10.
  7. "Dendrochronology". National Park Service. 1.
  • T.Dostiyev. Arxeoloji lüğət. Bakı: Elm və Təhsil. 2018

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]