Desi dövründə xristianların təqibi

Desinin hakimiyyəti dövrünə aid şəhadətnamə.

Desi dövründə xristianların təqibi — 249–251-ci illərdə hakimiyyətdə olmuş Roma imperatoru Qay Messi Kvint Trayan Desinin 250-ci ildə xristianlara qarşı başlatdığı təqib. Bu, Roma imperiyasında xristianlara qarşı imperiya miqyasında ilk rəsmi fərman ilə icra olunan təqib olmuşdur.

Xristianlara qarşı imperiya miqyasında ilk rəsmi fərman ilə icra olunan təqib III əsrdə Desi Trayanın hakimiyyəti dövründə baş vermişdir.[1] B.e. 250-ci ildə imperator Desinin bununla bağlı verdiyi fərman on səkkiz ay qüvvədə qalmışdır.[2] Vilayət hakimləri öz yurisdiksiyalarında böyük şəxsi səlahiyyətə malik idilər və xristianlara qarşı lokal xarakter daşıyan təqib halları və kütləvi zorakılıq hadisələri ilə necə məşğul olacaqlarını özləri seçə bilərdilər.[3] Bu müddət ərzində bəzi xristianlar öldürüldü, digərləri isə edamdan qaçmaq üçün mürtədlik etmişdir. Vilyam Hyu Klifford Frend təxmin edir ki, təqiblər zamanı 3,000–3,500 xristian öldürülmüşdür.[2]

Fərmanın mətni qorunub-saxlanılmamışdır, amma məlumdur ki, burada azad edilmiş yəhudilər istisna olmaqla bütün imperiya sakinlərindən Roma maqistratının iştirakı ilə tanrılara qurban kəsmələrini tələb etmiş, buna görə yazılı şəhadətnamələr verilmişdir.[4] Fərmanın xüsusilə xristianları hədəf almasına dair heç bir sübut yoxdur.[5] Bu fərman Desinin ənənəvi Roma dəyərlərini bərpa etmək siyasətinin bir hissəsi idi.[6] Verilən şəhadətnamələrdən bir neçəsi qorunub-saxlanılmışdır. Misirdə aşkar edilmiş bir şəhadətnamənin mətni belədir:

" [Birinci şəxs:] Teadelfiya kəndinin Peterin qızı Avreli Belli və onun qızı Kapinisdən olan qurbanlarından məsuliyyət daşıyanlara. Biz həmişə tanrılara daimi qurban kəsmişik, indi də sizin hüzurunuzda nizamnamələrə uyğun olaraq şərablar süzmüşəm və qurban kəsmişəm və qurbanlıqların dadına baxmışam və aşağıda bizim üçün bunu təsdiq etməyinizi xahiş edirəm. Müvəffəqiyyətiniz davam etsin.

[İkinci şəxs:] Biz, Avreli Seren və Avreli Erma, sizin qurban verdiyinizi gördük.

[Üçüncü şəxs:] Mən, Erma, təsdiq edirəm. İmperator Sezar Qay Messi Kvint Trayan Desi Pi Feliks Avqustun birinci ili, 27 pauni.[7]

"

Vilayət hakimi Plini 112-ci ildə imperator Trayana yazdığı məktubda xristian olduqları güman edilən şəxslərdən Məsihi lənətləmələrini tələb etdiyini bildirmişdir,[8] lakin Desinin hakimiyyəti dövrünə aid şəhadətnamələrdə Məsih və ya xristianlardan bəhs edilməmişdir. Buna baxmayaraq, bu, ilk dəfə idi ki, bütün imperiya ərazisində yaşayan xristianlar imperator fərmanı ilə dinləri və həyatları arasında seçim etmək məcburiyyətində qalmışdılar.[9] Bir sıra görkəmli xristianlar, o cümlədən Papa Fabian, Antioxiyalı VavilaYerusəlimli Aleksandr qurban kəsməkdən imtina etdiklərinə görə öldürülmüşdür.[4] Şəhadətnamə almaqdan imtina etmələri nəticəsində edam edilən xristianların sayı məlum deyil və rəsmi orqanların kimin şəhadətnamə alıb, kimin almadığını yoxlamaq üçün nə qədər səy göstərdiyi bilinmir. Buna baxmayaraq, məlumdur ki, çox sayda xristian mürtəd olub mərasimləri yerinə yetirmiş, digərləri, o cümlədən Karfagen yepiskopu Kiprian, dövlətdən gizlənmişdir.[9]

Fərmanın icra müddəti cəmi on səkkiz aya yaxın olsa da, o vaxta qədər heç bir problem olmadan yaşayan bir çox xristian icması üçün bu, kəskin şəkildə travmatik olmuşdur.[5]

Əksər kilsələrdə dindən dönənlər xristianlığa yenidən qəbul edilirdilər. Əksinə, bəzi Afrika yeparxiyaları onları yenidən qəbul etməkdən imtina etmişdilər. Desinin hakimiyyəti dövründə baş tutan təqiblər birbaşa şizmatik novasianizm hərəkatına gətirib çıxarmışdır. Hərəkatın tərəfdarları təqiblər baş tutan dövrdə imanlarını etiraf etməyən dindən dönmüş xristianların dinə yenidən qəbul olmasını dəstəkləmirdilər.[10]

  1. Encyclopedia Britannica, 1998
  2. 1 2 Frend, 2008. səh. 393–394
  3. Moss, 2012. səh. 129
  4. 1 2 Frend, 1984. səh. 319
  5. 1 2 Scarre, 1995. səh. 170
  6. Wright, Esler, 2000. səh. 827–829
  7. Moss, 2012. səh. 145–151
  8. Barnes, 1968. səh. 32–50
  9. 1 2 Moss, 2012
  10. Chapman, 1911
  • Decius // Encyclopedia Britannica (ingilis). 1998.
  • Frend. Martyrdom and Persecution in the Early Church (ingilis). James Clarke & Co. 2008. ISBN ‎0227172299.
  • Scarre, Chris. Chronicle of the Roman Emperors: the reign-by-reign record of the rulers of Imperial Rome (ingilis). Thames & Hudson. 1995. ISBN 0-500-05077-5.
  • Chapman. Novatian and Novatianism // The Catholic Encyclopedia (ingilis). 11. New York: Robert Appleton Company. 1911.
  • Wright, David; Esler, Philip F. Tertullian // The Early Christian World (ingilis). London: Routledge. 2000.
  • Moss, Candida R. Ancient Christian Martyrdom: Diverse Practices, Theologies, and Traditions (ingilis). Yale University Press. 2012. ISBN 9780300154658.
  • Barnes, T. D. "Legislation against the Christians". The Journal of Roman Studies (ingilis). 58. 1968. doi:10.2307/299693. JSTOR 299693.