Dilşad Talıbxan Elbrus (31 may 1916, Bakı – 11 aprel 1979, Türkiyə) — nüvə fizikası üzrə ixtisaslaşmış Azərbaycan əsilli türk alimi, professor.[1]
Dilşad Talıbxan Elbrus | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Bakı, Bakı quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | (62 yaşında) |
Vəfat yeri | İzmir, Türkiyə |
Fəaliyyəti | professor |
Dilşad Talıbxan Elbrus 1916-cı ildə Bakıda anadan olmuşdur.[2] Atası Talıbxan bəy Çar Rusiyası və Azərbaycan Xalq Cümhuriyyəti dövründə Şamaxıda, Qubada və başqa şəhərlərdə polis rəisi işləmişdir. Azərbaycan Sovet Rusiyasının işğalı altına keçdikdən sonra Talıbxan bəyin bütün əmlakı müsadirə olunmuş, özü isə qətlə yetirilmişdir.
Atası qətlə yetiriləndə Dilşad xanım 5 yaşında idi. O, anası Xeyrənnisə xanım, bacıları Qəmər, Sürəyya və dayısı Hüseyn bəy Mirzəcamalovun himayəsində Türkiyəyə köçərək, İstanbulda yerləşmişdir.[3]
Dilşad Talıbxan Elbrus 1931-ci ildə İstanbul Qız Liseyini bitirmişdir. İstanbul Universiteti fənn fakültəsi fizika-kimya bölümündə ali təhsil almış, 1934-cü ildə qurtarmışdır. Təhsil aldığı fakültənin Təcrübi Fizika İnstitutunda 27 dekabr 1934-cü ildə assistent kimi əmək fəaliyyətinə başlamışdır. 5 iyun 1949-cu ildə dissertasiya müdafiə etmişdir. 1954-cü ilin noyabr ayında dosent adını almışdır. 1957-ci ilin noyabr ayında İzmirdə Ege Universiteti tibb fakültəsi Fizika İnstitutuna dəyişilmişdir.
Dilşad Talıbxan Elbrus 11 iyul 1961-ci ildə İzmirdə Ege Universitetinin professoru seçilmişdir. İki kitabı çap olunmuşdur.
Dilşad Talıbxan Elbrus rus, alman, ingilis dillərini mükəmməl bilmişdir. İngiltərənin və İsveçrənin müxtəlif universitetlərində uzun illər çalışmışdır.
Dilşad Talıbxan Elbrus 1976-cı ildə təqaüdə çıxmış, 11 aprel 1979-cu ildə vəfat etmişdir.[4]
Dilşad Talıbxan Elbrus məsləkdaşı, fizika professoru Adnan Sokullu (1910–2005) ilə ailə quraraq Sokullu soyadını qəbul etmişdir. Evlilik həyatında İstanbulda yaşamışdır. Bir müddətdən sonra ayrılmışlar. Ayrıldıqdan sonra İstanbuldan İzmirə köçmüşdür.
Şəxs və ya bioqrafiya ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |