Doqquz naməlum

"Doqquz naməlum" cəmiyyəti — məşhur gizli təşkilat. Bu qardaşlıq cəmiyyəti o qədər gizli fəaliyyət göstərib ki, tarixçilər arasında indi də belə bir cəmiyyətin olub-olmaması haqqında fikir ayrılıqları mövcuddur.

İlk məlumatlar

[redaktə | mənbəni redaktə et]

"Doqquz naməlum" cəmiyyəti haqqında ilk məlumatlar eradan əvvəl III əsrə aiddir və hind çarı Aşokanın hakimiyyəti dövrünə təsadüf edir. Çar Çandraquptanın nəvəsi olan çar Aşokanın Hindistanın tarixində çox böyük və əhəmiyyətli rolu var. Aşoka da babası kimi Hindistanın birləşdirilməsi siyasətini davam etdirir və Cənubi Asiyanın əhəmiyyətli bir hissəsini Hindistana birləşdirir. Hakimiyyətə gəldikdən səkkiz il sonra Aşoka daha bir qonşu dövlətə, KəlküttəMədrəs arasında yerləşən Kalinqaya müharibə elan edir və bu müharibə Hindistanın tarixinə ən qanlı müharibələrdən biri kimi düşür. Müharibə zamanı 150 min nəfər insan əsir düşür, 100 mindən çox insan isə həlak olur. Kalinqanın Hindistana birləşdirilməsi həm ticari-iqtisadi baxımdan, həm də imperiyanın güclənməsi nöqteyi-nəzərindən çox strateji əhəmiyyət daşıyırdı. Lakin müharibənin belə qanlı və dəhşətli sonluğu Aşokanın özünü də çox məyus edir və o qərara gəlir ki, bundan sonra torpaqların birləşdirilməsi qılınc gücünə yox, insanların qəlblərini fəth etməklə baş tutmalıdır. Bu müharibə Aşokanın buddizmi qəbul etməsinə və ölkədə yayılıb möhkəmlənməsinə səbəb oldu. Buddizmdə inancı daha da kamilləşən Aşokanı sanki dəyişirlər. Onun nəzərində Budda istəyir ki, insanlar təhlükəsiz və sülh şəraitində xoşbəxt yaşasınlar və öz iradələrinə uyğun davransınlar. Aşoka həm də qurban vermə mərasimini, məcburi əməyi də ləğv edir. Qorunan heyvanların siyahısı tutulur, meşələrin yandırılması, ovçuluq qadağan olunur. Sadə insanlarla davamlı görüşən və hədiyyələr verən Aşokanın əmri ilə sosial təyinatlı obyektlər - universitetlər, pulsuz mehmanxanalar, su kanalları və s. tikilir. Eyni zamanda bütün Hindistan boyunca yollar yenilənir. Bir sözlə, hökmdarın bütün əxlaqi-mənəvi xüsusiyyətləri, düşüncələri, dünyagörüşü tamamilə dəyişir. O düşünür ki, nə qədər güclü hökmdar olsa da, kütləyə qadağalarla nəzarət etmək və onu yönləndirmək olmaz. Bunun üçün elə bir cəmiyyət, qurum yaradılmalıdır ki, bəşəriyyəti elə insanların özündən qorusun. Beləliklə də, əsrar dolu "Doqquz naməlum" gizli təşkilatı yaradıldı.

Bu təşkilat qədim və müdrik elmləri, bilikləri qoruyan anonim şəxslərin toplaşdığı təşkilat idi. Mütərəqqi biliklərin, kəşflərin naşı, axmaq və yüksək ambisiyalı ziyankar adamların əlinə düşməməsi bu birliyin əsas vəzifəsi idi.

Aşokanın əmri ilə bəşəriyyətə ziyan verəcək olan elmlərin çoxu məxfi saxlanırdı. Hind hökmdar öz ətrafına alimləri, kahinləri, astroloq və filosofları toplayır. O zaman alimlərin çoxu bu gizli təşkilata daxil oldular. Onlar öz tədqiqatlarını və kəşflərini davam etdirirdilər, lakin onlar haqqında məlumat vermirdilər. Lakin bununla belə, Aşokanın əsas məqsədi haqqında özündən başqa sadəcə səkkiz nəfər bilirdi. Təşkilatın qalan üzvləri planın ancaq az bir hissəsi ilə tanış idilər. Hökmdar gizli təşkilatın emissarlarını tacir qiyafəsi ilə ölkələrin alimləri ilə tanış olmaq, onların elmlərini öyrənmək məqsədi ilə Tibet, Çin, Yaponiya və Ərəbistana göndərirdi. Əldə olunan bütün elmi biliklər toplanaraq təhlil edilir və bunun üçün xüsusi hazırlanmış hücrələrdə toplanırdılar. Biliklərin arxivi eyni zamanda gizli yerlərdə çox ciddi qorunurdu. Gizli təşkilatın üzvləri qəsdən şayiə yayırdılar ki, guya gizli laboratoriyaları dəhşətli varlıq qoruyur. Bütün bunlar ona görə idi ki, macəra axtaranlar lazım olmayan yerlərə müdaxilə etməsinlər. Əsrlər keçdikcə də davamlı olaraq seçilmiş doqquz nəfər mütərəqqi elmi bilikləri və texnologiyaları insanlardan gizli saxlayırdılar. Səbəb isə bəşəriyyətin bu yeniliklərə hazır olmaları, kəşflərdən və yeni texnologiyalardan düzgün və yerində istifadə etmələri üçün zamanın yetişməsi idi. Təşkilatda birləşən "qoruyucular" istəyirdilər ki, insanlar bu nailiyyətlərdən ancaq xeyirli niyyətlər üçün istifadə etsinlər. Bununla belə "Doqquz naməlum" dünyanı müharibələrdən, insanların qəddarlığından, kütləvi qırğınlardan, epidemiyalardan qoruya bilmədi.

Doqquzlar kimdir?

[redaktə | mənbəni redaktə et]

Gizli təşkilatın tərkibi hər zaman müəmma olaraq qalıb. Məlum olan odur ki, doqquzlardan biri öldükdə onun yerinə onun qədər istedadlı və sirr saxlamağı bacaran biri gəlirdi.

"Doqquz naməlum" gizli təşkilatının üzvləri arasında Roma Papası II Silvestrin (999-1003) adı çəkilir. Papa eyni zamanda ensiklopediyaçı alim olaraq qeyri-adi əlyazmaları toplamaq, astronomik, həndəsi və musiqi alətlərinə həsr olunmuş elmi traktatlar yazmaqla tanınırdı. Onun riyaziyyat, fizika, mexanikaya dair fikirləri dövrünü çox qabaqlayırdı. Ən mühümü isə o, universal xristian dövləti yaratmaq və müxtəlif inanclara məxsus insanları aralarında barışdırmaq istəyirdi.

Babur türk-moğol hökmdarı Əkbər Şah

Eyni zamanda bu gizli təşkilata Babur türk-moğol hökmdarı Əkbər Şahın da daxil olduğu haqqında da fikirlər səslənir. Əkbər Şahın hakimiyyəti dövründə Böyük Moğol dövləti özünün ən gözəl dövrünü yaşadı. 1578-ci ildə Əkbər Şah insanların dini etiqad azadlığının təmin olunması və inanca görə edam edilməsini yasaqlayan fərman imzaladı.

Əkbər Şah dinə böyük maraq göstərirdi. Xristianlıq haqqında ona katolik missionerləri Klaudio Akvaviva, Antoni de Monserrat və digərləri geniş məlumat verirdilər. Öz təbəələrinə eyni xoş münasibətlə yanaşan Şah, bütün dinlərin geniş yayılması üçün dini etiqad azadlığını təmin edirdi.

1582-ci ildən etibarən ölkədə yeni dini inanc bərqərar etməyə çalışan Əkbər Şah Vəzir Əbul-Fəzllə birgə hazırladığı və İnduizm, Zərdüştilik, İslamXristianlığın bir sıra elementlərini özündə ehtiva edən "dini-ilahi" adlı yeni din yaratmışdı. Əkbər Şah deyirdi:

"Yalnız o din həqiqidir ki, onu ağıl da təsdiq edir. Bəzi axmaqlar, ənənələrin pərəstişkarları əcdadlarının adətlərini ağılın göstərişi kimi qəbul edir və bununla da özlərini əbədi olaraq rüsvayçılığa məhkum edirlər".

Onun ölümündən sonra arxivinin böyük hissəsinin yoxa çıxdığı barədə məlumatlar var.

"Doqquz naməlum"da Leonardo da Vinçi, Rocer BekonParaselsin də adı çəkilir. Lakin bunu təsdiq edəcək hər hansı bir sənədə rast gəlinmir.

XIII əsrdə Rocer Bekonun teleskop, təyyarə, avtomobil, telefonla bağlı fikirləri, XV əsrdə Leonardo da Vinçinin vertolyot, sualtı qayıq, tırtıllı hərəkət və sair ideyaları meydana çıxmışdır.

1636-cı ildə Şventer adlı alim özünün "Fizika-riyaziyyat əyləncəsi" əsərində elektrik teleqrafının iş prinsipi və iki şəxs arasında "maqnit şüaları" vasitəsilə rabitə imkanları haqqında yazıb.

Monternberqli adı məlum olmayan başqa bir müəllif isə 1729-cu ildə ağ-qara və rəngli fotoşəkillərin hazırlanması prosesini təsvir edib. Onun əsərindən məlum olur ki, o, aydınlaşdırıcı preparatın və bərkidicinin kimyəvi tərkibini və fəaliyyətinin fiziki prinsiplərini bilmədən əldə etdiyi hazır "resept"dən istifadə edərək fotoşəkil əldə edib. Onun bu resepti hardan əldə etdiyi isə müəmmalıdır. Conatan Svift "Qulliver" əsərində Marsın iki peyki haqqında (kəşf olunmasından 156 il əvvəl), "İlahi komediya"da Dante Cənub Qütbündəki Xaç bürcünü (avropalılara 200 il sonra məlum olub) ətraflı təsvir ediblər. Bu məlumatları onlar hardan almışdılar? Böyük ehtimalla "Doqquzlar"ın qoruduğu gizlinlər hansı yollarlasa sızıb.

"Doqquz naməlum" haqqında açıq şəkildə ilk məlumat

[redaktə | mənbəni redaktə et]

XIX əsrdə "Doqquz naməlum" haqqında açıq şəkildə ilk məlumatı Lui Jakolio verdi. III Napoleon dövründə Kəlküttədə Fransanın konsulu olan Jakalionun çoxlu məxfi sənədlərə əli çatırdı. Buna görə də özündən sonra kitabxanasında bəşəriyyətin böyük sirlərinə həsr olunmuş xeyli kitab qaldı. Özünün yazdığı kitabların birində Jakalio birbaşa qeyd edir ki, "Doqquz naməlum" birliyi olub və indi də var.

Onun fikrincə, 22 əsr ərzində bu gizli təşkilatın əhatə etdiyi ərazilərdə (bu da az qala bütün dünya idi) elmin bütün sahələri üzrə gizli tədqiqatlar aparılıb və nəticələri xüsusi kitablara yazılıb. Bu qiymətli elm xəzinəsi isə gizli birliyin fəaliyyət göstərdiyi əsas bölgədə - Orenburq çöllərində və Samara quberniyasının cənubunda yerləşir. Fransız diplomat bu haqda özünün Rusiya inqilabı öncəsi məhdud sayda çap etdirdiyi "Atəş udanlar" kitabında iddia edir. Samaralı diyarşünas O.V. Ratnik bu məlumatlarla maraqlanıb, gizli təşkilatın əsas "qərargahı"nın yerini tapmağa çalışmışdı. Lakin o, Orenburq çöllərində arxeoloqların maraqlı bir kurqan tapdıqları haqqında məlumatdan başqa heç nə əldə edə bilmədi. Kurqanın tarixi e.ə. III minilliyin sonu, II minilliyin əvvəlinə aid idi. Qəbirdə yaşlı kişi skeleti, yanında misdən xeyli sayda əşya, qılınc və xarici görünüşündən qədim hindlilərin tufan allahının silahına bənzəyən toppuz vardı. "Doqquz naməlum"un Orenburq-Samara bağlılığına tarixçi-etnoqraf Kirill Serebrenitskinin qeydlərində də rast gəlinir. O, qeyd edir ki, Orenburq çöllərində qədimdən sirli güclərə sahib olan tərki-dünya həyat sürən "sülalə" yaşayıb.

Doqquz naməlumun doqquz müqəddəs kitabı

[redaktə | mənbəni redaktə et]

Hindistan polisində 25 il xidmət etmiş Talbot Mendi 1927-ci ildə yarı roman, yarı araşdırma olan kitab nəşr etdirir. Kitabda qeyd olunur ki, "Doqquz naməlum" realda mövcuddur. Onun fikrinə görə, gizli birliyin hər bir üzvü elmin bu və ya digər sahəsinə həsr edilmiş kitabın qoruyucusudur. Dolayısı ilə, elm və texnika haqqında gizli saxlanan 9 ədəd kitab var və bu kitablar davamlı olaraq yenilənir.

Birinci kitab təbliğata və psixoloji müharibələr aparmağın metodlarına həsr olunub. Mendi qeyd edir ki, bütün elmlərin ən təhlükəlisi budur. Bu elm kütlələrin şüuruna nəzarət haqqındadır və bu da bütün dünyanı idarə etmək imkanı verir.
İkinci kitab insanın əsəb sistemi haqqındadır. Burada insan orqanizmində əsəb cərəyanı axınına necə nəzarət etmək, insanı bir toxunuşla necə öldürmək və diriltmək haqqında ətraflı təsvir var.
Üçüncü kitab mikro və makro biologiyaya həsr olunub.
Dördüncü kitab kimya haqqındadır. Burada metalların qarşılıqlı çevrilməsi və transmutasiyası haqqında danışılır. Əgər burada iddia doğrudursa, deməli, orta əsrlərdə əlkimyaçıların qurğuşunu qızıla çevirməyi öyrənmək cəhdləri əsassız olmayıb.
Beşinci kitab yerdəki və fövqəladə, reallıqdan uzaq rabitə vasitələri haqqındadır.
Altıncı kitab fizika və riyaziyyata həsr olunub. Burada əsasən cazibənin sirləri haqqında məlumatlar var.
Yeddinci kitab günəş, elektrik işığı və s. haqqındadır.
Səkkizinci kitab kosmoqoniya və kosmosun inkişaf qanunlarından bəhs edir.
Doqquzuncu kitab sosiologiyaya həsr olunub və cəmiyyətin təkamül qanunları haqqındadır. Buradakı məlumatlar cəmiyyətin təkamülünü, inkişaf mərhələlərini və sönməsini əvvəldən görməyə imkan verir.