Eşq və ölüm (balet)

Eşq və ölüm — bəstəkar Polad Bülbüloğlunun Dədə Qorqud dastanının motivləri əsasında yaratdığı balet. İlk dəfə 2005-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Vyana Balet Akademiyasının professoru, baletmeyster Vakil Usmanov tərəfindən səhnəyə qoyulub.[1] Elə 2005-ci ildə Akademik Opera və Balet Teatrının balet truppası həmin tamaşanı Mariinski adına Sankt-Peterburq Akademik Opera və Balet Teatrında, daha sonra Moskvada Böyük Teatrın səhnəsində nümayiş etdirilib. 2010-cu ildə isə xoreoqraf Nadejda Malıqinanın təşəbbüsü ilə “Eşq və ölüm” baleti Yekaterinburq Dövlət Opera və Balet Teatrında səhnəyə qoyulub. 2011-ci ildə Yekaterinburq teatrı bu tamaşanı Dövlət Akademik Böyük Teatrının səhnəsində, sonra isə Türkiyənin Ankara şəhərində göstərib. Ümumiyyətlə, bu baletdən ayrı-ayrı musiqi parçaları hər il keçirilən Münhen opera sənəti festivalında musiqi rəhbəri Korneliya Kerssenbrofkun idarəsi ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestri tərəfindən ifa olunur.[2]

Eşq və ölüm
Tipi Klassik
Bəstəkar Polad Bülbüloğlu
Xoreoqraf Vakil Usmanov
Yaradılıb Dədə Qorqud dastanının motivləri əsasında
Premyera

Hər bir sənətkarın elə bir əsəri vardır ki, onun yaradıcılığının ən yüksək notuna çevirlir və həmin sənətkarın dünyagörüşü, istəkləri, fikirləri və işlərini özündə toplayır.  Mənim bəstəkarlıq bioqrafiyamda belə mənalı və əhəmiyyətli addım yeni baletin yaranması oldu. Burada mən musiqi, plastika və rəqsin dili ilə azərbaycanlıların mənəvi dünyasını nümayiş etdirməyə çalışmışam. Şərq melizmlərinin ətri, qədim Azərbaycan musiqi alətlərinin tembr boyaları və ritmləri, milli rəqs janrına aid şəkil və hərəkətləri ilə zəngin olan musiqi bir tərəfdən Qərb simfonizmi, digər tərəfdən isə müasir dövrün səhnə yenilikləri ilə ahəngdar vəhdət təşkil edir.

                                                                                                                                                                                             Polad Bülbül oğlu

               Müasir dövrümüzdə fəaliyyət göstərən görkəmli bəstəkarlarımızdan biri də Polad Bülbül oğludur. O, öz original dəst-xəti ilə seçilən bəstəkardır. Belə ki, çoxlu sayda gözəl mahnıların müəllifi kimi tanınan Polad Bülbül oğlu həmçinin, iri həmcli əsərlər ilə çıxış edərək simfonik təfəkkürlü bəstəkar da olmasını bir daha sübut edir.

“Eşq və Ölüm” baleti ilə Polad Bülbül oğlu rus balet ənənələrinin ( P.Çaykovski, S.Prokofyev, İ.Stravinski) və Azərbaycan klassik balet ənənələrinin (Q.Qarayev, F.Əmirov, A.Məlikov) davamçısı kimi çıxış etmişdir və bu baletilə o, doğrudan da çox böyük peşəkarlıqla simfonik musiqi yazmağa qadir bir bəstəkar olduğunu təsdiq etdi.

Polad Bülbül oğlu bu balet üzərində iki il işləmişdir. Bəstəkar baletin yaranması haqqında belə qeyd edir: “Azərbaycanda xalqımızın və bütün türk dünyasının görkəmli dastanı – “Kitabi – Dədə Qorqud” dastanının 1300 illiyi qeyd edilirdi…. Mən də bununla əlaqədar samballı bir əsər yaratmaq fikrində idim. Bizim sənətimizdə əsas odur ki, bu ideyanı fikirləşib hiss edəsən, qalanları isə artıq bəstəkarlıq texnikasına həvalə edilməlidir”.

Əsərin novatorluğu ilk əvvəl sujetin seçimi ilə bağlıdır. P.Bülbül oğlu burada ilk dəfə olaraq “Kitabi – Dədə – Qorqud” dastanının sujetinə müraciət edərək, dastanın mövzusunu iri həcmli musiqili – səhnə əsərinə çevirmişdir. Qeyd etdiyimiz kimi, “Eşq və ölüm” baleti məşhur “Kitabi – Dədə Qorqud” dastanının motivləri əsasında qələmə alınıb, həyat və ölüm, əbədi məhəbbət, dostluq, xəyanət kimi əbədi mövzulardan bəhs edir. Baletin məzmunu belədir: Azər və Baycan adlı qəhrəmanlar biri-birilərini sevirlər, amma Yalıncıq adlı personaj da qıza biganə deyil. Oğlanlar qızın sevgisi uğrunda döyüşürlər. Baycan sonda Azəri seçir. Amma onların səadəti çox sürmür. Ölkəyə yağılar daxil olur və nakam sevgi yaşayanYalıncıq xəyanətə əl atır. Azər və Baycan əsir düşürlər və ən sonda ölürlər.

“Eşq və Ölüm” baleti bir tərəfdən milli məzmundaşısa da, digər tərəfdən əsl sənət sərhəd tanımadığı kimi dünyəvi xarakter daşıyır. Yəni, burada olan iki gənc qəhrəmanın biri-birinə olan məhəbbəti bütün dünya xalqları üçün doğmadır.

Həmçinin, qeyd etmək istərdim ki, baletdə eşq və ölüm simvolik personajlardır. Sevgiləri naminə öz həyatlarını qurban vermiş iki gəncin faciəvi hekayəsində məhəbbət qalib gəlir. Əsas qəhrəmanların yəni, Azər və Baycanın sevgisinin qələbə çalması həmçinin, Azərbaycan dövlətinin hər zaman qələbə çalaraq yaşaması anlamına gəlir.

Baletin musiqisi parlaq və işıqlıdır. Burada müxtəlif anlar tərənnüm olunmuşdur:

  • səmimi lirika – əsas qəhrəmanların təsviri;
  • ritmik-elastik – cəngavərlərin obrazının təsviri;
  • zəhmli türkürpədici anlar – ümidsiz qəddarlıqla xromatik meyllərin barışması.

Milli köklərimizlə bağlı olan qeyri-adi melodizm və gözəl orkestrləşdirmə bəstəkar yaradıcılığının güclü tərəfini tərənnüm edir. Baletin kompozisiyasında 3 əsas musiqili-dramaturji plan vardır:

  • Birincisi fərdi plan – yəni, Azər, Baycan, Qara Məlik, Şirxan, Hərəm sahibəsi obrazlarının individual təsviri.
  • İkincisi lokal plan – Oğuz obasının və Qıpçaq elinin təsviri.
  • Üçüncüsü isə fantastik plan – daha dəqiq desək Ölüm obrazsının təsviri.

Proloqda “eşq” və “ölüm” obraz-sferası qarşı-qarşıya qoyulur. Həmçinin, proloq ekspozisiya xarakteri daşıyaraq Azər obrazının təsvirinə xidmət edir.

Baletin I pərdəsində Oğuz elinin təsvirinə geniş yer verilir. Bu əsasən ikinci səhnə – yəni, kütləvi səhnə olan “Oğuz obası” səhnəsi və üçüncü səhnə – “Yallı”da öz əksini tapır. “Yallı” səhnəsində bəstəkar xalq oyun-rəqs janrımıza aid edilən Yallı melodiyasından istifadə etmişdir.  Bu səhnənin musiqisində formayaradıcı amil kimi Yallı oyun-rəqsinin üç hissəli forması səciyyəvi rol oynayır.

Baletin “Adajio” səhnəsində əsərin iki əsas qəhrəmanı olan – Azər və Baycanın dueti verilir. Birinci duet – əsasən qəhrəmanların şıltaq xarakterinin təsviridir. İkinci duetdə isə, qəhrəmanların biri-birinə olan saf məhəbbət hissləri təcəssümünü tapır.

İkinci pərdə “Eşq və Ölüm” baletinin kulminasiyası hesab olunur. Burada nəinki drammatik, həmçinin, lirik-psixoloji xətt zirvəyə çatır və bu da ikili kulminasiyaya gətirib çıxarır.

Baletin ən yadda qalan surətlərindən biri də qara geyimli və ağ sifətli ölümdür. Burada ölüm obrazı fəlsəfi xətti təşkil edir. “Ölüm” mənfi obrazlara üstünlük verərək onlarla münasibət qurur. Əsərdə olan müsbət qəhrəmanlar isə “Ölüm”lə sonuncu səhnəyədək uğurla mübarizə aparırlar.  “Oğuz igidləri” səhnəsində uçan qarğaların qara kölgələri qəhrəmanların cansız vücudları üzərində əksini tapır və bu da tamaşaçılara zəhmli-tükürpədici anlar yaşadır.

“Ölüm” obrazının musiqi materialı, melodika və orkestrləşməsi əsər boyu dəyişilməz olaraq qalır və hər dəfə səslənərkən daha qəddar boyalar alır. Bu obrazın musiqi materialı dinamik hərəkətlidir və sonsuz sayda dəyişkən tonuslu və ekspressiv epizodlardan  təşkil olunmuşdur. Bu əsərin bir önəmli ideyasını dinləyicilərin diqqətinə çatdırır: “Ölüm qaçılmazdır, lakin, məhəbbət əbədidir”.

P.Bülbüloğlu “Eşq və ölüm” baletində leytmotiv metodundan geniş istifadə etmişdir. Bu leytmövzularda bəstəkar Azərbaycan muğamlarından istifadə etmişdir. Üstünlük Bayatı-Şiraz muğamına verilmişdir və əsas qəhrəmanların çıxışında bu leytmövzu keçir . Məsələn: 1-ci pərdənin ilk nömrəsində Azərin daşdan doğulması, Azərin əsirliyə getməsi, Azərin Şirxanla döyüşü, “Məlik və Baycan” səhnəsində və s.

Qeyd etdiyimiz leytmotivlər əsərdə əsas leytmotiv rolunu oynayır. Baletdə dramaturji inkişaf prosesində bu leytmotivlər qarşılaşdırılır və dəyişikliklərə uğrayır. Həmçinin, bəstəkar “Eşq və ölüm” baletində lirik qadın obrazı olan Baycanın təsviri zamanı leytmotiv kompleksindən istifadə etmişdir. Buna misal olaraq biz birinci məhəbbət mövzusunu göstərə bilərik. Bu original mövzu gözəl və mahnıvari melodiyası ilə seçilir:

“Eşq və ölüm” baletinin demək olar ki, bütün tamaşaları uğurlu olmuş və ilk tamaşasından artıq dinləyicilər tərəfindən sevilmişdir. Baletin ilk tamaşası bildiyimiz kimi, 2005-ci ildə Azərbaycan  Dövlət Akademik  Opera və Balet  teatrında baş tutmuş və  Vyana Balet Akademiyasının professoru, baletmeyster Vakil Usmanov tərəfindən səhnələşdirilmişdir.  Elə həmin ildə Akademik Opera və Balet teatrının balet truppası bu baleti  Mariinski  adına Sankt-Peterburq Akademik Opera və Balet teatrında, daha sonra Moskvada «Большой» teatrın səhnəsində nümayiş etdirir. 2010-cu ildə isə xoreoqraf Nadejda Malıqinanın təşəbbüsü ilə “Eşq və ölüm” baleti Yekaterinburq Dövlət Opera və Balet teatrında səhnəyə qoyulur. 2011-ci ildə Yekaterinburq teatrı bu tamaşanı «Большой» teatrın səhnəsində, sonra isə Türkiyənin Ankara şəhərində nümayiş etdirir. Qeyd edək ki, 2015-ci ildə Bakıda Akademik Opera və Balet teatrında “Eşq və Ölüm” baletinin bəstəkarın 70 illik yubileyi ilə əlaqədar artıq bir yeni quruluşda premyerası baştutmuşdur. Bundan əlavə, bu baletdən ayrı-ayrı musiqi parçaları isə hər il keçirilən Münhen opera sənəti festivalında musiqi rəhbəri Korneliya Kerssenbrofkun idarəsi ilə Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının simfonik orkestri tərəfindən ifa olunur. Bu da baletin həm musiqisinin, həm ideya konsepsiyasının necə orijinal olmasını bir daha sübut edir.

Aydan BABAYEVA

Azərbaycan Milli Konservatoriyasının magistrantı və AMK-nın nəzdində “Elmi tədqiqat laboratoriyası”nın əməkdaşı.

  • Şafieva K. P. Bülbüloğlunun «Eşq və Ölüm» baletinin leytmotiv sistemi. – Gənc tədqiqatçılar. 1-2(35), 2008, s.185-187.
  • Ю.Мартьянов. «Коммерсантъ» №21(4321), 06.02.2010.
  • В.Н.Холопова. Учебное пособие. 2-е изд., испр.— СПб.: Издательство «Лань», 2001. 496 с. (Учебники для вузов. Специальная литература).

Saytoqrafiya:

http://www.dissonanze.az/2016/04/01/polad-bulbul-oglunun-esq-v%C9%99-olum-baletinin-musiqi-uslubu-ve-obrazlar-alemi/[ölü keçid]

  1. Bakıda Polad Bülbüloğlunun “Eşq və ölüm” baletinin tamaşası keçiriləcək[ölü keçid]
  2. "Opera və Balet Teatrının rəsmi saytı - P. Bülbüloğlunun "Eşq və Ölüm" baleti Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində Yekaterinburq teatrının balet truppasının ifasında". 2019-09-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-26.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]