Ebola

Ebola virusu

Ebola virusu — keçici Ebola hemorragik qızdırmasının[1] səbəbi olan virus.

Virus tər, qan, tüpürcək yolu ilə yayılır. Virusun qarşısını almaq üçün heç bir vaksin mövcud deyil. Xəstəliyin simptomları qızdırma, baş ağrısı, qusma və izhaldır. Bəzi insanlarda göz, qulaq və burun qanaxmaları müşahidə edilir [1].

Keçmişdə bu virusun yayılması 2012-ci ildə qeydə alınıb ki, həmin vaxt UqandaKonqoda 57 nəfər ölüb. 2007-ci ildə isə Konqoda virus 187 nəfərin həyatına son qoyub[1]. Virusun ən son yayılması 2018-ci ilin avqust ayında Konqo Demokratik Respublikasında qeydə alınıb.[2]

Ebola faktı 1976-cı ildə qeydə alınıb. Həmin il Sudanın Nzara bölgəsində və o zamankı Zairin Yambuku rayonunda (indiki Konqo Demokratik Respublikası) ilk virusa yoluxma halları aşkar edilib. Yeni epidemiyaya Yambuku yaxınlığındakı Ebola çayının adı verilib. Epidemiya, əsasən Mərkəzi və Qərbi Afrikanın tropik meşələrə yaxın kənd ərazilərində yayılmağa başlayıb. Sonuncu yayılma dalğası isə bu ilin martından etibarən Qərbi Afrika, xüsusilə Qvineya, Sierra Leone və Liberiyada başlanıb.[3]

"Ebola" virusu Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən “bəşər tarixinin ən qəddar virus xəstəliyi” adını alıb. Bu virusun beş müxtəlif tipi var və ona yoluxanların həyatda qalma şansı 25%-dən 90%-dək dəyişir. "Ebola" virusuna qarşı hələlik heç bir təsdiq edilmiş peyvənd növü mövcud deyil.[3]

Bu virus necə yayılır?

[redaktə | mənbəni redaktə et]

- "Ebola" virusu insanlara, əsasən qan və digər bədəndaxili mayelər, eləcə də həmin virusun daşıyıcısı olan heyvanlardan keçir. Yarasa, meymun və digər heyvan növləri bu virusun daşıyıcısı ola bilər;

- "Ebola" insandan insana qan və digər bədəndaxili mayelər və əlaqə yolu ilə keçir;

- Dəfn mərasimlərində ölü insana toxunmaq yolu ilə də "Ebola"ya yoluxmaq mümkündür;

- Virusun inkubasiya müddəti (infeksiyaya yoluxma anı ilə xəstəliyin əlamətlərinin müşahidə olunması arasındakı müddət - red.) iki gündən 21 gün arasında dəyişə bilir;

- İnsanlar qanlarında və daxili əzalarında bu virusu daşıdıqları müddət ərzində infeksiya daşıyıcısı hesab olunurlar [3]

Yoluxmanın əlamətləri nədir?

[redaktə | mənbəni redaktə et]

"Ebola"ya yoluxmanın ilkin əlamətləri bədən hərarətinin qəfil yüksəlməsi, əzələ ağrıları, ümumi halsızlıq, başağrısı və boğaz iltihabıdır. Növbəti mərhələdə xəstədə qusma, ishal, bədəndə səpki, böyrəkdə nasazlıq və qaraciyərin fəaliyyətində problemlər müşahidə olunur. Bəzi hallarda xəstədə daxili və xarici qanaxmalar da baş verə bilər.[3]

"Ebola"ya yoluxmamaq üçün nə etməli?

[redaktə | mənbəni redaktə et]

- Ferma və təsərrüfatları tez-tez təmizləmək və dezinfeksiya tədbirləri görmək;

- Heyvanlara yalnız əlcək və qoruyucu geyimlər geyindikdən sonra toxunmaq, ət məhsullarını yaxşıca qaynatdıqdan sonra yemək;

- Hər hansı heyvanın bu virusa yoluxduğu məlum olduqda dərhal ilkin təhlükəsizlik tədbirləri görmək, yoluxmuş heyvanları yaşayış yerlərindən təxliyə etmək;

- "Ebola"ya yoluxmuş insanlarla ünsiyyətdən çəkinmək və zəruri hallarda qoruyucu geyimlərdən istifadə etmək;

- Viruslu xəstələrin müalicəsindən və ziyarətindən sonra əlləri yaxşıca yumaq;

- Virusa yoluxma halı hiss edilən kimi dərhal aidiyyatı hökumət qurumlarına bu barədə məlumat vermək;

- Virus qurbanlarını dərhal təhlükəsiz şəraitdə dəfn etmək və cəsədə birbaşa toxunmaqdan çəkinmək [3]

Bu infeksion xəstəliyin müalicəsi üçün hansı işlər görülür?

[redaktə | mənbəni redaktə et]

Hazırda bu virusa qarşı bir neçə vaksin üzərində tədqiqat işləri görülsə də, onlardan hələlik heç biri dəqiq müalicə üçün təsdiqini tapmayıb.

“Zmapp” adlı vaksin iki amerikalı xəstə üzərində sınaqdan keçirilib və onların vəziyyətində yaxşılaşma müşahidə olunub. Lakin, həmin vaksin ispaniyalı xəstə üzərində təsirsiz olub və onun həyatını xilas etmək mümkün olmayıb. Bu səbəbdən bu vaksinin effektivliyi dəqiq təsdiqini tapmayıb. Buna baxmayaraq, ÜST eksperimental dərmanların istifadəsinə icazə verir.[3]

Xətəliyin kritik mərhələsini yaşayan xəstələr intensiv nəzarət altında saxlanılır. Sürətlə maye itirən xəstələrin orqanizminə elektrolit və damardaxili inyeksiya yolu ilə maye daxil edilir. ABŞ-nin dərman şirkətlərindən biri tərəfindən istehsal olunan “Zmapp” vaksinləri artıq Qərbi Afrikaya göndərilib. Şirkət rəhbərliyi dərmanlardan istifadənin pulsuz olduğunu bildirib.[3]

  1. 1 2 3 Dünyanı qorxuya salan dəhşətli xəstəlik barədə SON XƏBƏR Arxivləşdirilib 2016-03-10 at the Wayback Machine publika.az  (az.)
  2. "Ebola virusu geri qayıdır… – 28 ölü". 2021-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-23.
  3. 1 2 3 4 5 6 7 "Ebola" virusu haqqında nə bilirik? Arxivləşdirilib 2021-10-23 at the Wayback Machine salamnews.org  (az.)