El

Eltürklərin qurumudur. Yarımköçərilər əsaən el quruluşuna malik olurdular.

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Azərbaycan ellərində daxili bölgü bir düstura əsaslanırdı: eldən-evə. Bu düsturun ayrıntılarına varıb bildirək ki, el oymaqlara, oymaq tayfalara, tayfa tirələrə, tirə törəklərə, törək evlərə bölünürdü.

Özbəklərdə bu bölgü bir az fərqlidir. Onlarda ulus-el-boy-uruq ayrıntısı var. Vəfik paşanın lüğətində də bölgü bu cürdür. Həmin lüğətdə yazılır: «Ulus elə bölünür, el oymağa, oymaq boya, boy da uruğa ayrılır».

Ərəblərdə əşirətin şəb-qəbilə-əmarə-bətn-fəhz-fəsilə bölgüsü var.

Eli elxanlar, elbəyilər, minbaşılar, bəzi hallarda isə kələntərlər idarə edirdilər. Bəylərbəyilik dönəmində el başçılarının xan, sultan rütbələri olurdu. Adlarının önlərinə çox zaman əmir və yaxud mir ünvanları əlavə olunurdu.

Oymaqlara oymaqbəyi kimi kələntərlər, yüzbaşılar, tüşmallar və kədxudalar başçılıq edirdilər. Tayfalar, tirələr, törəklər isə ağsaqqalların nəzarətində idilər.

Evləri ailə başçıları idarə edirdilər. Evin başçısı olan kişi vəfat edərdisə və ya savaşda həlak olardısa bir qayda olaraq nəzarət böyük oğula keçirdi. Ailə və tüstü siyahılarında atasız evin başçısı böyük oğul göstərilirdi. Ər və oğulsuz ailələr el içində «başsız» adlanılırdı. Başsız ailələr el içində çox davam edə bilməzdi. Köç-düş yaşamı çətin olduğundan başsız ailələrə ağsaqqal vasitəsi ilə yiyə, hami tapılırdı. Arvad əlli yaşınadək olanda qaynına, qayın olmadıqda yaxınlarının birinə ərə verilirdi. Ailə malının parçalanmaması, bölünməməsi xatirinə eldə qohumluq nikahı üstünlük qazanmışdı. Qarabağda bəylərbəyilik və xanlıq dönəmində başsız ailələrdən vergi alınmırdı.

El əsasən qan qohumluğuna, sümük-süd ilişkilərinə bağlanan oymaqlardan təşkil olunurdu. Bəzən gücünü, qüdrətini itirən ellər oymaq biçimində daha möhtəşəm elin tərkibinə daxil olurdular. Bəzən isə oymaqlar güclənir, elin tərkibindən çıxıb müstəqil elə çevrilirdilər. Biz bilirik ki, Cavanşir eli öncə Anadoluda Caunqar adlanan böyük el-ulus olmuşdu. Sonra Qarabağ yaşamında gücünü itirib Otuziki elinin tərkibinə qatılmışdı. Daha sonralar isə durumunu, mövqeyini bərpa etmiş, özgür bir elə çevrilmişdi. Tərkibindəki Kəbirli oymağı da güclənib ayrılmışdı. XVII yüzildən bəri Kəbirli müstəqil bir qurum olmuşdu.

Əskidən el quruluşuna malik olan türklər birlikdə yaşayır, birlikdə savaşır, birlikdə savınırdılar. Sonralar türklər yaratdıqları böyük dövlətlərə «el» dedilər. Əski türk qaynaqlarında yazılır: «Türk xaqanı Ötükən ormanında otursa eldə sıxıntı olmaz…». «Eli olan bir bodun idim, indi elim harda?..» «el qılınc ilə alınır, qələm ilə idarə olunur…». El-dövlət, kün-xalq idi. Indi də dilimizdə el-gün ifadəsi var. Dövlət el adlanan dönəmdə oymaqbirliyi ulus adlanırdı. Lap sonralar isə qonar-köçərlər oymaq birliyini «el» adlandırdılar. El qutsal qurum, müqəddəs birlik idi. El əhli istər obalıqla, istərsə də təkbaşına təəssübçəkən olmalıydı. Elə xəyanət edənlər, dönük çıxanlar bağışlanmırdı. Ən yaxşı halda eldən dışqar edilir, qovulurdu. Qovulanlar el tərəfindən himayə olunmur, ümumi məsləhətə çağırılmırdı. Oymaq-türk sözüdür. Oğuşmaq-ailələr birliyi deməkdir. Monqollar aymaq deyirlər. Əbülqazi Bahadur xan kitabında yazır ki, oymaq monqol sözüdür, anlamı isə uruqdur.[1] El əhli özünü nişan verəndə öncə oymağını bildirirdi. Soyad da beləcə yazılırdı. Sarıcalı-Cavanşir, Veysəlli-Otuziki, Qərvənd-Kəbirli, Fuğanlı-Cəbrayıllı və sairə. Tayfa-ərəb sözüdür. Əski türklər tayfaya uruq deyirdilər. Uruq—əski türk lüğətlərində «toxum», «nəsil», «ailə», «soy» anlamında açıqlanır. Uruq sözünə qədim yazılarda, kitabələrdə ürcah olunur. Dədə Qorqud kitabında Qanlı qoca oğlu Qanturalı sevgilisi Selcan xatına öygü deyərkən söyləyir: «Aslan uruğu, sultan qızı…»

Kül təkinin şərəfinə qoyulmuş abidədə yazılır: «Türk xalqı, ölək, uruqsuz olaq,--deyirmiş…» Tirə-türk sözüdür. Erkən türk qurumlarında işlənən «tirə» termini toplum, yığnaq anlamlarını ifadə edirdi. Əski monqollar tirəyə «şilə» deyirdilər. Əski mancurlar isə toplantı, yığnaq, qurultay mənasında «dzira», «cirə» sözlərini işlədirdilər. Hazırda tayfa quruluşunu saxlayan əfqanlar qurultay anlamında əski türk termini olan «cirgə» sözünü qullanırlar. Türk qurumlarında tirələri irkinlər idarə edirdilər. Irkinlərin yardımçıları tarxanlar idilər. Sonra türk bəyləri öz adlarını atıb özgə adını tutanda tirə başçıları çincə səngin adlanmağa başladı.

El-oymaq əhalisi əsasən oba biçimində yaşayırdılar. Obalar mövsümdən asılı olaraq qışlaqlara, yazlaqlara, yaylaqlara və güzləklərə köçürdülər. Obalara əsasən yüzbaşılar və kədxudalar başçılıq edirdilər. Xanlıq dönəmində bir obanın eyni zamanda həm yüzbaşısı, həm də kədxudası ola bilirdi. Onlardan başqa obada çavuş (onbaşı), dəllək, molla kimi vəzifələr vardı. Bu vəzifəni tutanlar vergidən azad olunurdular. Oba adı Mahmud Qaşqariyə görə, qəbilə, Şeyx Süleymaniyə görə, kiçik çadır, çadır camaatı, Şəmsəddin Samiyə görə isə bir neçə bölgüyə ayrılan böyük və uca köçəri çadırı. Biz bilirik ki, oba və yurd ilkin anlamda çadıra, evə deyilib. Türkün vətən sevgisi evindən başlayır.

Elin xəlifəsi də ola bilirdi. Xəlifə—Səfəviyyə təriqətinin mürşidləri tərəfindən şəcərə (fərman) ilə təyin olunan dini-dünyəvi vəzifə idi. Xəlifələr elin nizam-intizamına, dini qayda-qanunlara riayət edilməsinə və digər işlərə cavablı sayılırdılar.

El adamları bir-birilərini «elli», «eloğlu», «elqızı» adlandırırdılar. Səfirə, sülh-barış adamına, qıza ərə getmək üçün tələbli adama «elçi» deyirdilər. Elə yanıb-dönəni «el adamı, eldar» kimi tanıyırdılar.

  • Ənvər Çingizoğlu, Fazil Baxşəliyev, Qarabağın el və obaları, Bakı, "Şuşa", 2007, səh.62-65.
  1. Əbülqazi Bahadır xan. Şəcərei-tərakimə. Bakı-2002. səh. 70.