Elman Məmmədov (kimyaçı)

Məmmədov Elman İdris oğlu (1948, Zarağan, Qutqaşen rayonu) — kimya elmləri doktoru (1992), professor (1994), Gəncə Dövlət Universitetinin rektoru (2006).

Elman Məmmədov
Şəxsi məlumatlar
Doğum tarixi 1948
Doğum yeri
Partiya
Fəaliyyəti siyasətçi
Elmi fəaliyyəti
Elmi dərəcəsi kimya elmləri doktoru (1992)
Elmi adı professor (1994)

Elman Məmmədov 1948-ci ildə Azərbaycanın Qəbələ rayonunun Zarağan kəndində qulluqçu ailəsində anadan olub. 1954-cü ildə Çarxana kənd ibtidai məktəbinə daxil olmuş, 1965-ci ildə Zarağan kənd orta məktəbini Qızıl medalla bitirərək, S. M. Kirov adına ADU-nun (indiki Bakı Dövlət Universiteti) kimya fakültəsinə qəbul olunmuşdur.

1970-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirmiş və 1971-ci ildə Ç. İldırım adına AzPİ-nin (indiki Azərbaycan Texniki Universiteti) "Analitik kimya və kimya texnologiyası" kafedrasında aspiranturaya daxil olmuşdur. Aspiranturanı bitirdikdən sonra Azərbaycan Təhsil Nazirliyinin göndərişi ilə həmin kafedrada baş laborant vəzifəsinə götürülmüş, 1975-ci ilin yanvar ayından kimya elmləri namizədidir, həmin ilin mart ayından assistent vəzifəsinə təyin olunmuşdur. 1977-ci ildə Ç. İldırım adına AzPİ-nin Kirovabad filialına (indiki Azərbaycan Texnologiya Universiteti, Gəncə şəhəri) keçirilmişdir.

1984-cü ildə "Kimya" kafedrasında dosent vəzifəsini tutmuş, 1991/97-ci illərdə həmin kafedranın müdiri işləyib. 1997-ci ilin sentyabr ayından Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında baş mütəxəssis vəzifəsinə təyin olunmuş və həmin ilin noyabr ayından TQDK nəzdində olan "Abituriyent" hazırlıq kursunun rəhbəri vəzifəsinə keçirilmişdir. 2001/2006-cı illərdə Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin direktoru işləmişdir. 25 sentyabr 2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Gəncə Dövlət Universitetinin rektoru təyin olunmuşdur.

1992-ci ilin mart ayında müdafiə edərək kimya elmləri doktoru elmi dərəcəsi almış, 1994-cü ilin fevral ayından professordur. 70-dən çox elmi əsərin, o cümlədən 7 müəlliflik şəhadətnaməsinin, 1 dərsliyin, 5 dərs vəsaitinin və 2 metodik göstərişin müəllifidir. Respublika məktəblərinin VIII sinif şagirdlələri üçün 2004-cü ildə buraxılış alternativ "Kimya" dərsliyinin müəllifidir.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Uşaqlar üçün "Kimya" ensiklopediyasını rus dilindən tərcümə edib.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]