Elmira Həbibulla qızı Şahtaxtinskaya (25 oktyabr 1930, Bakı – 13 oktyabr 1996, Moskva) — Azərbaycan SSR xalq rəssamı və əməkdar incəsənət xadimi.[1]
Elmira Şahtaxtinskaya | |
---|---|
Elmira Həbibulla qızı Şahtaxtinskaya | |
| |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | (65 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | Fəxri xiyaban |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Həyat yoldaşı | Oqtay Sadıqzadə |
Uşağı | |
Atası | Həbibulla bəy Şahtaxtinski |
Fəaliyyəti | rəssam |
Təhsili |
|
Janrlar | portret, peyzaj |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Elmira Şahtaxtinskaya 25 oktyabr 1930-cu ildə Bakı şəhərində doğulmuşdur. Orta təhsilini Bakı şəhərində almış, daha sonra Əzim Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbini (indiki Rəssamlıq Akademiyası, 1950) və V. İ. Surikov adına Moskva Rəssamlıq İnstitutunu[1] (1956) bitirmişdir. 13 oktyabr 1996-cı ildə Moskvada vəfat etmiş, Bakıda Fəxri xiyabanda dəfn olunmuşdur.[2]
Elmira Şahtaxtinskaya daha çox plakat və dəzgah rəsmlərinin müəllifi kimi şöhrət tapmışdır.[1] XX əsrin 70-ci illərində "Azərbaycan qədim mədəniyyət diyarıdır" plakat silsiləsini, Azərbaycanın elm, ədəbiyyat və incəsənət xadimlərinin portretlər qalereyasını, dəzgah rəsmləri və akvarellərindən "Çexoslovakiyada" (1957), "Sosialist Bakısı" seriyası (1958–1959), "Bolqarıstanda" (1963), "Qutablar" (1963) və "Novruz bayramı" (1970) tablolarını yaratmışdır.[2] Moskva (1957), Kaunas (1967) və s. şəhərlərdə fərdi sərgisi nümayiş etdirilmişdir.[1]
Rəssamın yaradıcılığında sülh və xalqlar dostluğu, əmək mövzusu əhəmiyyətli yer tutur. 70-ci illərdə çəkdiyi "Azərbaycan qədim mədəniyyət diyarıdır" plakatlar silsiləsində Azərbaycanın orta əsrlərdə yaşayıb yaratmış elm və mədəniyyət xadimlərinin (Nəsirəddin Tusi, Məhsəti Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Əcəmi Naxçıvani, Sultan Məhəmməd və başqaları), 70–80-ci illərdə isə müasir sənətkarların (Üzeyir Hacıbəyli, Hüseyn Cavid, Səməd Vurğun, Səttar Bəhlulzadə, Qara Qarayev, Fikrət Əmirov və başqaları) portretlərini yaratmışdır.[3]
E.Şahtaxtinskaya "Şərəf nişanı" ordeni ilə təltif edilmiş, 1963-cü ildə əməkdar incəsənət xadimi[1], 1977-ci ildə isə Azərbaycanın xalq rəssamı adına layiq görülmüşdür.[4]