Həbibulla bəy Şahtaxtinski (9 sentyabr 1900, Şahtaxtı, Naxçıvan qəzası – 22 sentyabr 1986, Bakı) — kimyaçı (analitik və qeyri-üzvi kimya), kimya elmləri doktoru (1949), prof. (1950), Azərbaycan SSR Milli EA akademiki (1967). Azərbaycan SSR əməkdar elm xadimi (1974).
Həbibulla Şahtaxtinski | |
---|---|
Həbibulla Şahtaxtinski Bəxşəli oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Şahtaxtı, Naxçıvan qəzası, İrəvan quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | (86 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Dəfn yeri | Bakı |
Vətəndaşlığı |
Rusiya imperiyası→ AXC→ SSRİ |
Həyat yoldaşı | Leyla xanım |
Uşaqları |
oğlanları: Məhəmməd Şahtaxtinski; qızları: Elmira Şahtaxtinskaya |
Atası | Baxşəli ağa Şahtaxtinski |
Milliyyəti | azərbaycanlı |
Mükafatları |
|
Azərb. Dövlət Universitetinin (indiki BDU) tibb fakültəsini (1926) və Azərb. Politexnik İnstitutunun kimya-texnologiya fakültəsini (1930) bitirmişdir. 1930-1972 illərdə respublikanın ali məktəblərində dərs demiş, Politexnik institutunda miqdari kimyəvi analiz kafedrasının, Azərb. Sənaye İnstitutunda (indiki Neft Akademiyası) analitik kimya kafedrasının müdiri olmuşdur (1937-59). 1959-86 illərdə Azərb. EA Qeyri-Üzvi və Fiziki Kimya İnstitutunda mineral maddələr texnologiyası laboratoriyasının müdiri işləmişdir. Əsas elmi tədqiqatları analitik və qeyri-üzvi kimya texnologiyasının nəzəri və təcrübi problemlərinə həsr edilmişdir. H.Şahtaxtinski analitik kimya elmində yeni səhifə açan "Yodometriyanın arsenat metodu" mövzusunda geniş elmi tədqiqatlar aparmış və bir çox elementlərin analitik təyini üçün yeni arsenat-yodometrik üsul vermiş, Azərbaycanın faydalı qazıntı sərvətlərindən alunitin, dəmir filizinin, titanlı dəniz qumunun, tərkibində faydalı komponentlər olan polimetal filizlərin kompleks emalı üçün orijinal texnoloji sxemlər işləyib hazırlamış, bunların birinin laboratoriya qurğularında və yarımsənaye miqyasında sınaqdan keçirilməsinə nail olmuşdur. H.Şahtaxtinskinin rəhbərliyi ilə metallurgiya zavodlarının tullantı qazlarından konversiya olunmuş təbii qazla elementar kükürdün alınması üzrə iş başa çatdırılmış və istehsalata tətbiq olunması tövsiyə edilmişdir. H.Şahtaxtinski kimya fənnini respublikada ilk dəfə tədris edənlərdən biridir. Onun 1937 ildə çapdan çıxmış "Miqdari kimyəvi analiz" dərsliyi sonralar (1953) da nəşr olunmuş və bu günədək ali məktəb tələbə və müəllimlərinin istifadə etdiyi ən qiymətli vəsaitdir.
Baxşəli ağanın o biri oğlanları - Nemətulla bəy, Ətaulla bəy və Həbi bulla bəy Azərbaycan elmində çox böyük xidmətlər göstərmişlər. Onların üçü də Bəhmən Mirzənin nəvələri olan 3 bacıyla - Zəhra, Ziba və Leyla xanımlarla ailə qurmuşlar. Leyla xanım (25.12.1906- 5.03.1995) Həbibulla ağa Şahtaxtinski ilə ailə qurmuşdur[1]
H.Şahtaxtinski 7 monoqrafiya və dərsliyin, 380-dən çox məqalə və digər elmi əsərin müəllifidir. Yüksək ixtisaslı kadrların hazırlanmasında mühüm xidməti var. H.Şahtaxtinskinin rəhbərliyi ilə 3 elmlər doktoru, 35 fəlsəfə doktoru yetişdirilib.
H.Şahtaxtinski Azərbaycan "Əməkdar elm xadimi" (1974) adına layiq görülmüş, "Oktyabr inqilabı" ordeni (1971) və bir sıra medallarla təltif olunmuşdur.