Erato dəstəsi (erm. Էրատո ջոկատ) — Ermənistan Quru Qoşunlarının hərbi hissəsi. Ermənistan Silahlı Qüvvələri zəminində yaradılmış ilk qadınlardan ibarət hərbi hissədir. Azərbaycan ilə Ermənistan arasında baş verən qarşıdurmalardan sonra yaradılmış və ilk növbədə İkinci Qarabağ müharibəsi dövründə fəaliyyət göstərmişdir.
1990-cı illərin əvvəllərində baş vermiş Birinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən ən azı 115 qadının döyüş tapşırıqlarında iştirak etdiyi haqqında məlumat mövcuddur. 2013-cü ildə Ermənistandakı hərbi akademiyalarda ilk dəfə qadınların iştirakına icazə verilmişdir. Armenak Xanperyants adına Hərbi Aviasiya Universiteti həmin il 5 qadını qəbul etmiş, növbəti il isə Vazgen Sarkisyan adına Hərb Universiteti də oxşar qərar almışdır.[1]
2020-ci ilin avqust ayında Ermənistanın hazırkı Baş Naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Hakobyan, Qondarma Dağlıq Qarabağ Respublikasından olan qadınlarla bir həftəlik döyüş hazırlığı proqramı keçmişdir.[2] Bu, 2020-ci ilin iyul ayında, Azərbaycan–Ermənistan sərhədində baş verən Tovuz döyüşlərinə bir cavab idi. Hakobyan daha sonra 18–27 yaş arası qadınlar üçün 45 günlük könüllü bir təhsil proqramı yaratmışdır. Proqramın başa çatması ilə iştirak edənlər rəsmi olaraq silahlı qüvvələrə qoşula bilər.[1]
27 sentyabrda İkinci Qarabağ müharibəsi başlamışdır. Oktyabr ayının axırlarında Hakobyan Ermənistan krallığını idarə edən Arşakilər sülaləsindən olan çariça Eratonun şərəfinə "Erato dəstəsi" adlandırılan, 13 qadın əsgərdən ibarət bir taqım böyüklüyündə hərbi hissə yaratmışdır.[3][4][5] Hərbi hissə yaradılmasından sonra döyüş hazırlığı keçmişdir.[6][7] Noyabr ayının əvvəlində qiymətləndirmədən sonra bölmə Ermənistan Müdafiə Nazirliyi tərəfindən döyüşə hazır qiymətləndirilmişdir.[1]
9 noyabrda imzalanan atəşkəs bəyannaməsindən sonra dəstə məsuliyyət bölgələrində keşik çəkməyə başlamışdır. Hərbi hissədə xidmət edənlərin peşəkar hərbi təhsil almaları üçün İrəvana aparılmaq planları mövcuddur.[8][9]