Erməni Beli müharibəsi — Osmanlı ilə Bizans imperiyası arasında baş vermiş olan müharibədir.
Erməni Beli müharibəsi | |||
---|---|---|---|
Bizans-Osmanlı müharibələri | |||
Tarix | 1282 və ya 1283 | ||
Yeri | Həmzəbəy, İnəgöl, Erməni Beli ərazisi | ||
Nəticəsi | Bizans qəti bir nəticə əldə edə bilmədi. I Osman İnəgöl qalasının ələ keçirilməsinin vacibliyini başa düşdü | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
|
Qayı tayfası Ərtoğrul Qazinin hakimiyyəti altında Söyüd və Domaniç ərazilərində yaşayırdı. Bu dövrdə xüsusilə Biləcik Təkfuru ilə çox yaxşı əlaqələr yaradılmışdı. Bu yaxşı münasibətlər Ərtoğrul Qazinin 1281-ci ildəki ölümündən sonra Qayı tayfasının başçısı olmuş olan Osman Qazinin dövründə də davam etdirilmişdir. Qayılar qışda Söyüddə, yayda isə Domaniçdə yaşayırdılar. Yayda Söyüddən Domaniçə gedərkən qiymətli və ağır əşyalarını Biləcik Təkfuruna əmanət etdilər. Müqaviləyə əsasən, bu əşyaları qadınlar və silahsız gənclər qoyurdular. Bunun müqabilində Təkfura hədiyyələr verilirdi. Bu səfərlər zamanı Qayı tayfasının düşməni olan İnəgöl Təkfuru onların yollarını kəsir, insanların əşyalarına və heyvanlarına ziyan vururdu. Bununla da kifayətlənməyib, digər təkfurları da I Osmana qarşı müharibəyə təhrik edirdi.
I Osman Qayı boyunun bəyi olduqdan sonra birinci iş olaraq 1284-cü ildə 120-yə yaxın süvarisi ilə bərabər İnəgöl düzənliyinin şimalında yerləşən və o illərdə “Cəbəl-i Ərməniyyə” adı ilə tanınan Əxi dağının ətrafında yoxlama (kəşfiyyat) səfərinə çıxmışdır. Osman bəyin təşkil edəcəyi bu kəşfiyyat səfərini eşidən İnəgöl təkfuru Nikola, Osmanlı mənbələrində “Erməni-Beli” adlandırılan müasir Həmzəbəy boğazında yerləşən, Dəlikli Qayanın ətrafında onun üçün pusqu hazırlamışdır. Pusqudan xilas olmaq üçün ərazidə baş vermiş olan ilk qarşıdurma zamanı Osman bəyin böyük qardaşı olan Savcı bəyin oğlu Bayhoca öldürülmüşdür. Qayı qoşunu müvəffəqiyyətli hücumla düşmən mühasirəsini yararaq qaçmağa nail olmuş və düşməni öz ölüləri və yaralıları ilə baş-başa buraxmışdır.[1]
Erməni Beli hücumu və Bayhocanın öldürülməsindən sonra Samsa çavuş, İnəgöl təkfuru Nikolaya yerini göstərmək və onu zərərsizləşdirmək üçün Bakacak təpəsinin yaxınlığında yerləşən Qara Təkin qalasının ona verilməsini xahiş etmişdirsə də, Osman bəy müəyyənləşdirmiş olduğu strategiyaya müvafiq olaraq onun bu təklifini qəbul etməmişdir. Bizans ordusu döyüşdən heç bir nəticə əldə edə bilməmişdir. Erməni Beli hücumu və Bayhocanın ölümü İnəgölün alınması istiqamətində atılmış olan ilk addımlardan biri olmuşdur. Bu müharibə Osmanlı imperiyasının yaradılmasından əvvəlki ilk müharibə olmuşdur.[2]