Euphorbiaceae

Südləyənkimilər (lat. Euphorbiaceae) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinə aid bitki fəsiləsi.

Südləyənkimilər
Elmi təsnifat
Beynəlxalq elmi adı

Südləyənkimilər fəsiləsinə əsasən Afrika, Cənubi Amerika və Cənubi və Cənub Şərqi Asiyanın tropik və subtropik zonalarında yayılan 300-ə qədər cins daxildir. Həyat formaları son dərəcə rəngarəngdir. Ağac kol və lianlarla yanaşı kaktuslara bənzəyən gövdəli sukkulentlər, su bitkiləri və otlar da təsadüf edilirlər. Fəsilənin nümayəndələrinin təqribən 3-də 1-də, bəzən zəhərli olan südəbənzər şirə (lateks) vardır. Yarpaqlar növbəlidir, bəzən qarşılıqlı və ya topa şəklində yerləşmişlər, sadədirlər, nadirən mürəkkəb olub, yarpaqaltlığına malikdirlər, bəzən də tikanlara çevrilmişlər. Çiçəklər ayrıcinslidir, aktinomorfdur, çətirşəkilli süpürgəyəbənzər və ya sünbülşəkilli çiçəkqrupunda toplanmışlar. Birevli və ya ikievli bitkilərdir. Çiçəkyanlığı zəif inkişaf etmişdir, əksərən kasacığabənzərdir, nadirən ikiqatdır, beşüzvlüdür. Erkək çiçəklərdə erkəkciklərin sayı birdən qeyri-müəyyən saya qədərdir. Dişi çiçəyin gineseyi bitişmiş 3 ədəd meyvəyarpağından təşkil olunmuşdur, sütuncuqlar sərbəstdir və ya əsasında bitişmişlər, əksərən ikidilimlidirlər, hər sütüncuqda 1 neçə dişicikağızı ola bilər. Meyvəsi senokarpdır. Toxumlar xeyli iridir,zəngin endospermə və düzquruluşlu rüşeymə malikdirlər.

Fəsilənin nümayəndələrindən Braziliya heveyasını (Hevea brasiliensis) və südləyənin (Euphorbia) çox sayda növlərini göstərmək olar. Braziliya heveyasının südəbənzər şirəsindən kauçuk alırlar, südləyənin növləri isə bəzək bitkisi kimi bəzən becərilirlər. Gənəgərçək və sekurineqa bitkiləri tibbi əhəmiyyətə malikdirlər.