Eynulla Əliyev (tam adı: Əliyev Eynulla Dadaş oğlu; d. 1937, Bilgəh, Bakı, Azərbaycan SSR, SSRİ – ö. 2001, Özbəkistan) — Azərbaycan əsilli Özbəkistan rəssamı və heykəltaraşı.[1]
Eynulla Əliyev | |
---|---|
Əliyev Eynulla Dadaş oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Bilgəh, Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | |
Vəfat yeri | Özbəkistan |
Vətəndaşlığı | Özbəkistan |
Fəaliyyəti | rəssam |
Eynulla Əliyev 1937-ci ildə[1] Azərbaycanın paytaxtı Bakı şəhərinin Bilgəh kəndində anadan olmuşdur.[2]
Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində oxumuş, xalq rəssamı Tokay Məmmədovun sinfində təhsil almışdır.[2] Daha sonra Daşkəndə getmiş və ali təhsilini 1960-1966-cı illərdə A.N.Ostrovski adına Daşkənd Teatr İncəsənəti İnstitutunda almış, Heykəltaraşlıq fakültəsini bitirmişdir.[1] Təyinatla Səmərqənd şəhərində işləməyə göndərilmiş, ömrünün sonunadək burada yaşamış və yaratmışdır.[2]
2001-ci ildə Özbəkistan Respublikasında vəfat etmişdir.
Eynulla Əliyev Özbəkistanda keçirilmiş bir sıra sərgilərdə fəal iştirak emiş, 1968-ci ildə Özbəkistan Rəssamlar İttifaqının üzvü[1], 1969-cu ildə isə Özbəkistan Rəssamlar İttifaqının Səmərqənd filialının sədri seçilmiş[2] və 1986-cı ilə qədər ona rəhbərlik etmişdir.[3]
Heykəltaraş Eynulla Əliyev daş, mis, bürünc və ağacdan bir sıra unikal heykəllər yaratmışdır.[1] Daşkənd metropoliteninin 2 stansiyasının, bir sıra dövlət ictimai və elmi müəssiələrində, Daşkənd, Səmərqənd, Buxara, Nukus və digər şəhərlərin mehmanxanalarının dekorativ tərtibatının işlənməsində iştirak etmişdir.[1]
O, müəlliflər qrupunun tərkibində Daşkəndin Milli parkında ucaldılan görkəmli özbək şairi Əlişir Nəvainin abidəsinin hazırlanmasında fəal iştirakçı olmuşdur.[1]
Onun yaradıcılıq işləri ABŞ, Finlandiya və bir sıra MDB ölkələrinin, həmçinin Özbəkistanın 20-dən çox sərgilərində nümayiş olunmuşdur.[1]
27 sentyabr 2010-cu ildə Daşkənddə Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin binasının əsaslı təmir və bərpadan sonra açılışı zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistanın Baş naziri Şavkat Mirziyayev mədəniyyət mərkəzinin sərgi salonunda Eynulla Əliyevin əsərlərindən ibarət sərgiyə baxmışlar.[4]
Eynulla Əliyev Azadə Əliyeva ilə evli olmuşdur.[5] Onların qızı Yaqut Əliyeva da hazırda atasının işini davam etdirir.[3]