Fırtınalar diyarı (film, 2014)

Fırtınalar diyarı (mac. Viharsarok, alm. Sturmland‎) — rejissor Adam Çasinin 2014-cü ildə, dram janrında çəkilmiş filmi. Baş rolda Andraş Sütö, Adam VarqaSebastian Urzendovski oynamışdırlar. Filmin təqdimatı ilk dəfə Almaniyanın Berlin şəhərində 8 fevral 2014-cü ildə keçirilən 64 Beynəlxalq Film Festivalında baş tutmuşdu[7].

Fırtınalar diyarı
mac. Viharsarok
Janr dram
Rejissor Adam Çasi
Prodüserlər Ester Dyarfaş
Yudet Çernai
Ssenari müəllifləri İvan Sabo
Adam Çasi
Baş rollarda Andraş Sütö
Adam Varqa
Sebastian Urzendovski
Operator Marsel Rev
Bəstəkar Çaba Kalotaş
Rəssamlar Nora Takaç
Klara Kaliç-Messaroş
Dorka Kiss
İstehsalçılar Proton Cinema
Café Film
Distribütor TLA Releasing[d], Netflix, iTunes[d]
İlk baxış tarixi 20 mart 2014[2][3][…], 27 noyabr 2014[4], 27 mart 2015[5], 8 fevral 2014[6]
Filmin növü tammetrajı bədii film
Müddət 105 dəq.
Büdcə 120 000 000 HUF
Ölkələr Almaniya Almaniya
Macarıstan Macarıstan
Dillər almanca, macarca
İl 8 fevral 2014 Berlin
20 mart 2014[1]
Rəng rəngli
IMDb ID2617828

"Fırtınalar diyarı" rejissor və ssenari müəllifi Adam Çasinin ilk tammetrajlı filmidir[7]; film utancaq və qətiyyətsiz gey futbolçunun ehtiraslı əlaqələrindən bəhs edir. Hekayə örtüyü arxasında, rejissor Adam Çasi müasir Macarıstanda olduqca sıx rast gəlinən "cinsi oriyentasiyasına görə ayrı-seçkilik" problemini ifşa edir[8]. Homoseksuallar adətən marjinalizasiya (təcrid olunma) və stiqmatizasiya (təhqir olunma) ilə üzləşdikləri üçün, tez-tez həmin ölkədə yaşayan ekstremist qrupların qurbanı olurlar[8].

Yaxşı aktyor oyunu və uğurlu vizual effektlərə malik olan filmdə[9], cütlüyün dərin düşünülmüş hissiyyatlığı o qədər yüksək təsvir edilir ki, bunun yalnız filmdə mümkün olacağını düşünürsən, lakin "Torpa" demək olar ki, düz yerə basmır — çox pis haldır ki, son səhnə bu qədər ümidsizlik ötürür: ssenaridə mövzuya aid elə faktlar verilir ki, sonda düşünürsən, nəyə görə finalda bu qədər mənəvi detallara yer verilir? Bütün bunlara baxmayaraq, Çasinin istək və homofobiyanı əks etdirən sərt draması xüsusi qeyd edilməyə və artxaus sevərlərin diqqətinə layiqdir[10]. Çasinin dərin emosional və vizual cəhətdən təsiredici gey filmi, Macarıstanın əzəmətli alleqorik kino ənənələrinə (məsələn rejissor Mikloş Yanço və İştvan Qaal kimi) kifayət qədər yaxın istiqamətlə gedir[7].

İstedadlı macar futbolçusu Sabolç, Almaniyanın futbol komandalarının birində oynayır. Əziyyətli məşqlərdən sonra, hamı onun necə təcrübəli oyunçuya çevrildiyinə şahid oldular. Həmçinin məhz Almaniyada onun seksual oyanışı baş verir. Qısa səhnə fraqmentlərində, biz komanda yoldaşlarının necə mehriban olduqlarını görürük — onlar birlikdə bədənlərinə tatu döydürürlər, heteroseksual porno video izləyirlər və həlledici matç qabağı öz sinirlərinə hakim olmağa çalışırlar. Matç zamanı rəqiblər qalib gəlirlər və komanda rəhbərliyi Sabolçu tənqid edir. Bundan kədərlənən Sabolç duş kabinəsində özünün yaxın dostu Bernard ilə dalaşır. Almaniyada qazandığı təcrübədən məyus qalan Sabolç yenidən Macarıstana qayıdır. Ancaq o xəyal qırıqlığı ilə qarşılaşacağından çəkinərək, futbol karyerasında əsas köməkçisi olan atasının evinə yox, babasının ona ölümündən qabaq vəsiyyət etdiyi yarımsökük və çöllükdə yerləşən evə köçür. Burada o arıçılıqla məşğul olmağa qərara alır. Həmçinin o özünün ən yaxın dostu Bernarda zəng edərək, Macarıstana həmişəlik köçdüyünü deyir və onu görmək istədiyini bildirir. Sabolç kənddə yaşayan Aron adlı gənc ustanı evin təmiri üçün çağırır, o isə daha 3 nəfər kənd sakini ilə birlikdə gələrək, onun motosikletini oğurlamağa çalışır. Sabolç onu yerə yıxaraq, motosikletin oğurlanmasına imkan vermir. Bununla belə, Sabolç Aronun bu hərəkətini bağışlayır və ona təklif etdiyi işin hələ də qüvvədə qaldığını bildirir; babasından miras qalmış evin damı artıq yararsız vəziyyətdə olduğundan, güclü yağış zamanı evin otaqlarını su basır. Aron onunla birgə işləməyə razı olduğunu bildirir. İki gənc tezliklə dostlaşırlar və bu əlaqələr zamanla daha da güclənir.

Aron günlərin birində, Sabolça birlikdə onun motosikletində gəzməyi təklif edir. Sabolç razılaşır və onlar tezliklə kimsəsiz bir yerə çatırlar və həmin bu yerdə həddindən artıq spirtli içkidən sərxoş və yorğun olan Aron yatmağa gərar verir. Sabolç onun yanında uzanaraq, ona masturbasiya edir. Səhər tezdən Sabolç heç nə olmamış kimi motosikleti ilə birlikdə həmin yerdən uzaqlaşır. Aron həmin gecə duyduğu şəhvət hisslərinin xaricində qalmaq üçün özünü sərxoşluq pərdəsi arxasında gizlətməyi üstün tutur, lakin Sabolça duyduğu hissləri gizlətməyin mümkünsüz olduğunu anlayan Aron, bütün daxili hissləri və maneələri gət edərək, onunla sevişir. Öz evinə geri qayıdarkən, Aron onun köməyinə möhtac qalan anasını görür və bu zaman o kənddə yaşayan keçmiş sevgilisini və homofob düşüncəli yerli gənclərlə yaşanacağı münaqişələri bir anlıq gözünün qarşısına gətirərək, hətta dini inancına görə də həmişə təzyiq altında olacağını anlayır və anasına hər şeyi etiraf edir. Bundan çox kədərlənən ana, təsadüfən qonşulara bu haqqda danışır və bundan sonra Aron və Sabolç vaxtaşırı kənddə yaşayan oğlanlar tərəfindən onlara edilən zorakılığa dözmək məcburiyyətində qalırlar.

Sabolçun yaxın dostu Bernardın qəfil ziyarəti, qısa müddətlik sakitliyə son qoyur. Bernard Almaniyada onunla olarkən ona duyduğu sevgi hisslərini gizlətdiyini bildirir və onu sevdiyini etiraf edir. Sevgi və nəvaziş hissləri ilə dolu romantik üçlüyün idilliyası tezliklə qısqanclıq və xarici qüvvələrin müdaxiləsinə məruz qalır.

Qarşılaşdığı yeni problemlərdən təngə gələn Bernard, ümidsizlik içərisində Sabolça onunla birlikdə Almaniyaya getməyi təklif etsə də, Sabolç imtina edərək, Aronu tək qoyacağı təqdirdə, kənd oğlanlarının onu incidəcəklərini söyləyir. Bu cavabdan inciyən Bernard onları tək qoyaraq çıxıb gedir. Sabolç artıq hər şeyin yaxşı olacağına inanır, lakin kəndlilərin bu əlaqələrə qarşı durması, Aronu çıxılmaz vəziyyətə gətirib çıxarır. Tələsik Sabolçun evinə gələn Aron, onu sevmədiyini, bu əlaqələrin isə yanlış olduğunu bildirir. Sabolç onunla yaşamaq istədiyini deyərək onunla sevişmək istəyir. Cibində gizlətdiyi bıcaq ilə, Aron Sabolçu qətlə yetirir və hadisə yerindən tez-tələsik uzaqlaşır.

Personajlar və aktyorlar

[redaktə | mənbəni redaktə et]

"Fırtınalar diyarı" əbədi olaraq yeni şəxsiyyətin araşdırılmasına və homofobiyanın fəthi və təhdidi prizmasına əsaslanan bir filmdir[8]. Çasi qəhrəmanlarının şəxsiyyətini təsvir etmək üçün təhlükəsiz yoldan istifadə edir. Onlar hər ikisi hazırda yaşadıqları vəziyyətin içində itiblər, aydındır ki, onlar özlərini şəxsiyyətlərinin kiçik bir hissəsində itiriblər, buna görə də onlar özlərini inkişaf etdirməyə, daha yetgin və təkmil hiss etməyə çalışırlar. Buna görə də, Çasi bu "səyahəti" həm olduqca simvolik, həm də məzmunlu reallıqdan uzaqlaşmamaq şərti ilə təsvir etməyi düşünürdü. Bu arzunu reallaşdırmaq məqsədilə, filmin rejissoru ssenari müəllifi İvan Sabo ilə birlikdə filmin ssenarisini də yazmağa başlayır. Onlar filmi ümumilikdə bibley səhnələri ilə dolu dərin və alleqorik dini janrda yaratmağı qərara alırlar.

  • Sabolç (və ya sadəcə Sabi) — asanlıqla düşmüş mələk və ya hətta qeyb olmuş oğul kimi təsvir edilə bilər. O atasının qəzəbinə baxmayaraq, köhnə peşəsindən imtina etməyə və arıçı olmağa çalışır. Sabolç öz cinsi oriyentasiyasından utanmır və bunu Arona açıq şəkildə bildirir, o hətta onu kilsənin qarşısında hər gün gözləyir və bu Aronu çox utandırır.
  • Aron — öz komplekslərindən azad olmağa cəhd göstərən sadə kəndlidir. Kənddə yaşayan bir qızla münasibətləri olsa da, bu çox uzun sürmədi. Onun anası yataq xəstəsidir və tez-tez huşunu itirir. Aronun anası oğlunu çox sevir və onun hər bir səhvini bağışlayır. Aron vaxtaşırı kilsəyə getdiyindən, keşişin sadə və mömin insanlara nə dediyini diqqətlə dinləyir. Sabolçla rastlaşmaqdan öncə Aronun kənd oğlanları ilə yaxşı və dost münasibətləri var idi; adətən onlar yığışaraq futbol oynayırdılar. Aronun homoseksual olduğunu anası bildikdən sonra, onlara bir gün qonaq gələn Sabolçu evə buraxmaqdan imtina edir və kənd sakinlərinin köhnə fikirli olduqlarını ona bildirir.
  • Bernard — Sabolçla ilk dəfə Almaniyada tanış olub. Onlar tezliklə dostlaşırlar, Bernard öz dostuna sevgi hissləri duyur, lakin futbol komandasında oynadığına görə, bunu açıq şəkildə ona etiraf edə bilmir. Sabolçun zəngindən sonra, Bernard həmin dəqiqə onun yaşadığı kəndə gəlir. Aron Sabolçun evində yeni oğlanı görən kimi, çox hirslənir və Bernardın yanında Sabolçu ehtirasla öpür. Bernard öz futbol yoldaşını sevdiyindən, onun başqası ilə qalmasına razı ola bilmir. O qəti sürətdə Sabolçun onunla getməyini istəyir.
Filmin nümayişindən sonra, Adam Çasi və Andraş Sütönun müsahibəsi
Sebastian Urzendovski filmdə Bernard rolunu ifa etmişdi
Aktyor Rol
Andraş Sütö Sabolç
Sebastian Urzendovski Bernard
Adam Varqa Aron
Otto Layoş Horvat Sabolçun atası
Enikö Börçök Aronun anası
Tebi Zita Brigi
Uve Lauer məşqçi
Mikloş Refi həkim
Sabolç Fabian Tomi
Qabor Harşay keşiş
Kriştof Horvat Fritsi
Jolt Nyari Miki
Mixel Viktor Yürgen

Homoseksualizm adətən peşəkar futbolda böyük maneəyə çevrilir: məsələn keçmiş futbol ulduzu Tomas Hitslşperger kaminq-aut etdikdən sonra (yəni homoseksualist olduğunu bildirdikdən sonra), komandanın bütün homofob düşüncəli oyunçuları ona qarşı çıxmışdılar. Cəmiyyətin xüsusilə arxaik hissəsi, futbol oyununun "əsl kişilərə" aid olduğunu düşünürlər və buna görə də bunun əksini edən oyunçular böyük risk və yan təsirlərlə qarşılaşırlar.

Rejissor Adam Çasi öz yeni filmində bu stereotipləri qırmaq məqsədilə, cəmiyyətin ən həssas mövzusu üzərində çalışmağa başladı. Onun qəhrəmanı atasının yolu ilə getmək və məşhur idmançı olmaq üçün yad bir ölkəyə gəlir. Qəzəbli məşqçi onun istedadını görsə də, hərkətlərinin çox yumşaq, qadınsayağı olduğunu bildirir. Bununla yanaşı, rejissor bütün klişeləri gəbil edərək, həyatda öz yollarını axtarmaq istəyən insanları olduqca təbii təsvir edir.

Tənqidçilərin mövqeyi

[redaktə | mənbəni redaktə et]

Hələ 2013-cü ilin əvvəllərində, Macarıstanın film sənayesi demək olarki, uçuruma doğru yönəlmişdi. Ənənvi olaraq hər il keçirilən Macar Film həftəsi ləğv edilmişdi. Bir il ərzində macar kinoindustriyası tərəfindən bir dənə belə film Beynəlxalq kinovestivallara çıxarılmadığından, kinematoqraflar və yerli film sənayeçiləri sarsıntıdan "lent parçalarını gəmirirdilər". Bunun səbəbini bir sıra ekspertlər, Baş nazir Viktor Orbanın film sənayesinin inkişafına hər il ayrılan maliyyə vəsaitlərin kəskin azaltmasında görürdülər[11].

2014-cü il isə Macarıstan üçün uğurlu oldu. Rejissor Adam Çasi üzərində artıq uzun müddət çalışdığı yeni filmin təqdimatını məhz Berlinale kinofestivalında edəcəyini bildirdi. Məlum olduğu kimi, bu cür kinofestivallar dünyanın ən məşhur kinematoqrafçılarını və potensial istehsalçıları bir araya toplayır. Adam Çasinin "Fırtınalar diyarı" filmi Berlinale kinofestivalında nümayiş edildikdən sonra, bir çox partnyorların və maliyyə dəstəyi ilə məşğul olan şəxslərin marağına səbəb olmuşdu. Filmin son məqamında göstərilən cinayət hadisəsi, uşaqlıq çağından yeniyetmə dövrünə sıçrayış və bununla parallel olaraq yaranan zorakılıq hissi — yəni qısası, dram janrına bir xas olmayan bütün bu yeniliklər, rejissor Adam Çasinin təcrübəli ssenari müəllifi İvan Sabo ilə birgə əməkdaşlığının təcəssümü idi[11].

Əgər Marsel Revə Çasinin zəngin təxəyyülünü dolğun formada əks etdirən zəngin kinematoqrafiya istedadı olmasaydı, Çasiinin idillik kənd sevgi üçbucağı banal drama kimi görünərdi, lakin bu heç də o demək deyil ki, məhz bu janrda çəkilmiş filmlər üçün xarakterik olan simvolikadan bu filmdə istifadə edilməmişdir[12]. Fırtınalar diyarı filminin bir sıra kəskin və ifadəli, hətta toxunulmaqla duyulan görünüşlərə malik olmasına baxmayaraq, baş qəhrəmanların həddindən artıq qəhr edici əlaqələri, eləcə də kulminasiya nöqtəsində baş qəhrəmanın qəflətən təlafı və ardından filmin sonu tam olaraq inkişaf edilməmişdir. Son nəticədə Fırtınalar diyarı — Şərqi Avropadakı homofobiya haqqında bəhs edən daha bir filmdir. Göstərilən çağdaş problemlər isə, nəticə etibarı ilə ondan öncəki filmlərdə də əks etdirilmişdir. Bununla belə, həm bu, həm də ondan bir öncə polşalı rejissor Tomaş Vasilevski tərəfindən ekranizasiya olunmuş "Üzən göydələnlər" filmində çox incə bir şəkildə testosteron ilə gidalanan idman dünyasındakı paradoksal homofobiyaya eyham vurulur. Güvənli şəkildə qadağan olunmuş arzular haqqda olan əxlaqsız nağıl və hekayələrdə olduğu kimi, Çasi təqdirəlayiq şəkildə açıq pornoqrafiyaya keçməmək şərti ilə, hətta ən sevimsiz uzaq macar kəndində belə baş verən seksual əlaqələr mövzusunu çəkinmədən göstərir[12].

Sıx və səfalı geniş bucaqlı mənzərələrdən geniş planla çəkilmiş intim səhnələrə olan keçidi Çasi tədricən təsvir edir. O, cismani tamahkarlıq və şorgöz baxışlardan imtina edərək, cinsi əlaqənin və seksual qarşılaşmaların yalnız incə məqamlarını vurğulamağa çalışır[12].

Mükafat[13]
Mükafat Kateqoriya Resipient Nəticə
Çikaqo Beynəlxalq Film Festivalı Film seyircilərinin simpatiyası mükafatı Adam Çasi Namizəd
Berlin Beynəlxalq Film festivalı Ən yaxşı tammetrajlı debyut film Adam Çasi Namizəd
Sarayevo Film Festivalı[14][15] Ən yaxşı film kateqoriyası üzrə "Sarayevonun ürəyi" mükafatı Adam Çasi Namizəd
Taypey Film Festivalı Beynəlxalq "Yeni istedad" müsabiqəsində müsiflər heyətinin xüsusi mükafatı Adam Çasi Qazandı
Uşaq və gənclər üçün Zlin Beynəlxalq Film Festivalı[16] Ən yaxşı Avropa filmi Adam Çasi Namizəd

Film həmçinin bir çox festivallarda da iştirak etmiş və bir sıra mükafatlar qazanmışdı.

  • Mardi Gras Film təşkilatçıları 19 fevraldan — 5 mart tarixinə kimi Sidney şəhərində keçirilən Gey və Lezbiyanların festivalı çərçivəsində QİÇS-lə mübarizə aksiyasını düzənləmiş və festivalın açılış günündə macar filminin nümayişinə nail olmuşdular[17]. Fırtınalar diyarı filmi həmçinin noyabr tarixində Avstraliyanın paytaxtı Kamberra şəhərində yerləşən məşhur "Dendy Opera Quays" kinoteatrında da nümayiş olunmuşdu.

Festivalda nümayişin ardından, "The Hollywood Reporter" qəzeti film haqqında bu cür yazmışdı: Bu böyük bir dram əsəridir. Onun üstüörtülü melaxoliasında və bəzi seksual səhnə məqamlarında insanda özünüdərk etmə hissi yaranır[18].

  • 9 oktyabr 2014-cü ildə İrlandiyanın Kardiff şəhərində keçirilən Iris Prize Festivalında, film bir çox kinotənqidçilər tərəfindən müsbət qarşılaşmışdı[19].
  1. "LAND OF STORMS" (ingilis). Cineuropa. 2014-05-23. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-06-02.
  2. http://www.imdb.com/title/tt2474310/.
  3. http://nmhh.hu/dokumentum/166259/premierfilmek_forgalmi_adatai_2014.xlsx.
  4. IMDb (ing.). 1990.
  5. http://lumiere.obs.coe.int/web/film_info/?id=47081.
  6. filmportal.de. 2005.
  7. 1 2 3 Viharsarok/Land of Storms Arxivləşdirilib 2014-02-22 at the Wayback Machine. 64th Berlin International Film Festival.
  8. 1 2 3 Vassilis Economou. "A deeply emotional and visually impressive drama by Ádám Császi, that exposes the issue of homophobia in modern day Hungary". 20th Sarajevo Film Festival. August 26, 2014. October 26, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 26, 2014.
  9. "Arany Medve Wendersnek". 2015-07-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-03-13.
  10. Jay Weissberg. "Berlin Film Review: 'Land of Storms'- Adam Csaszi's confidently directed gay love story boasts exceptional performances and evocative visuals". Variety Editions. February 20, 2014. May 11, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: Februar 21 2014.
  11. 1 2 "Quo vadis ungarischer Film?". 2015-02-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-03-12.
  12. 1 2 3 "Berlin 2014: 'Land of Storms' review". 2021-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-13.
  13. "Arxivlənmiş surət". 2019-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-12.
  14. Három fiú szerelme – Szarajevóban versenyez a Viharsarok [ölü keçid]
  15. "V Sarajevu se jutri začenja jubilejni, 20. filmski festival". 2023-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-13.
  16. "Zlínský festival pro děti a mládež s polskými a queer filmy". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-13.
  17. "Mardi Gras Film Festival dates announced". 2015-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-13.
  18. "Gay drama Land of Storms iscoming to Sydney & Canberra". 2014-12-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-03-13.
  19. "Filmfest FESTIVAL PROGRAMME 2014". 2023-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-13.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]