Fəlsəfə tarixi antik dövrdən bu günə qədər fəlsəfənin inkişaf yolunu, strategiyasını, filosofların fəlsəfi nəzəriyyələrini, sistemlərini, baxışlarını öyrənir. Fəlsəfə tarixinin subyekti fəlsəfə tarixçisidir. Fəlsəfə tarixi tarixi inkişaf müddətində müəyyən mərhələlərdən keçmiş, çoxsaylı müstəqil düşüncələr, ideyalar, nəzəriyyələrlə zənginləşmişdir. Fəlsəfə tarixçisi tarixşünaslıq elminin də məsələyə yanaşma üslub və metodlarından, kriteriyalarından çıxış edərək Fəlsəfə tarixini öyrənir.
Antik dövrdən bu yana Fəlsəfə tarixi fəlsəfəni dövrlərə və yerlərə bölərək mərhələli şəkildə tədqiq edir. İlk fəlsəfi fikirlərin yaranıb inkişaf etdiyi qədim Şərq dünyası olmuşdur. Bu baxımdan fəlsəfə tarixçisi Şərq düşüncələrinə dövr və məkan prizmalarından yanaşaraq mövzunu Qədim Şərq fəlsəfəsi adı altında tədqiq edir.
Lakin fəlsəfənin beşiyi hesab olunan Şərq dünyası ilə bərabər fəlsəfi düşüncələrin sistemləşdirilməsində və zənginləşdirilməsində əhəməiyyətli yerə və rola malik Antik fəlsəfənin (Qədim yunan - roma fəlsəfəsi)də adını çəkmək mümkündür. Qədim dövrdən etibarən fəlsəfə müəyyən dövrlərə və bölgələrə ayrılaraq araşdırılmış, tədqiq olunmuşdur.