Fərəculla Helu

Fərəculla Helu (1906-26 iyun 1959) — Livan kommunisti, LKP-nın baş katibi.

Fərəculla Helu
ərəb. فرج الله الحلو
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Beyrut, Livan
Vəfat tarixi
Vəfat yeri
Fəaliyyəti siyasətçi

Fərəculla Helu 1906-cı ildə yoxsul kəndli ailəsində anadan olmuşdur. O zaman Livanın sadə adamlarının həyatı dözülməz dərəcədə ağır idi. Ölkə Osmanlı imperiyasının əyaləti idi. Xalq öz əməyinin bəhrəsini yerli feodallara və türk canişinlərinə verərdi. Minlərlə livanlı yurdundan didərgin düşüb, okeanın o tayına xoşbəxtlik axtarmağa gedərdi. Fərəcullanın iki böyük qardaşı da anaları ilə bərabər o taya gedir. Üç yaşlı Fərəculla böyük bacısının nəzarəti altında böyüyür.

Coşqun hadisələr ölkəni lərzəyə gətirir. Livan xalqı suriyalı qardaşları ilə ələlə verib, türk zülmünə qarşı mübarizə aparır. 1915-ci ildə Beyrutun mərkəzi meydanında, sonralar həlak olmuş Mübarizlər Meydanı adlandırılan yerdə Livan xalqının milli-azadlıq hərəkatının başçıları e'dam edilir. Fərəculla da, həyatlarını azadlıq yolunda qurban vermiş adamlar haqqında ilk dəfə onda eşidir.

Fərəcullanın uşaqlıq dövrü ağır və fərəhsiz keçir. Sonralar o, tərcumeyi-halında öz məktəb illəri haqqında belə yazır: «Evimizin lap yanında kənd məktəbi vardı, məni də kiçik yaşından dərsə getməyə məcbur etdilər. Ancaq bu, nə oxumaqdı! Sinifdə nə parta, nə də skamya vardı. Şagirdlər bütün günü quru yerdə otururdular.

İlk müəllimim yaxşı yadımdadır: tosqun, bəstəboy, cır səsli bir kənd ruhanisi idi. Sinifdə onun yeganə skamyası yanında həmişə bir yığın çubuğu hazır durardı, bunlarla fərsiz şagirdləri döyəclərdi. Divar dibində də falaqqa vardı. Lap çox günahı olan şagirdlərin əllərini falaqqaya salıb, çubuqla vurardı. Yalvar-yaxarın köməyi olmurdu. Bu məktəbdə mən fərli bir şey öyrənmədim, amma çubuqların «ləzzəti» heç vaxt yadımdan çıxmayacaq».

Birinci dünya müharibəsi illərində balaca Fərəculla Livan yoxsullarının qisməti olan bütün aclıq və məhrumiyyətlərə mə'ruz qalır. Ölkə aclıq keçirirdi. Ata, yanında qalmış dörd uşağı dolandırmaq üçün özünu oda-közə vururdu. Amerikadakı böyük oğlunun əməlli köməyi dəymirdi. Əmşid adlanan yerdə, Fərəcullanın keçdiyi yeni məktəbdə müəllim cavan olsa da, tədris üsulu və çubuqlar eynilə qalırdı. Ancaq Fərəculla böyük həvəslə oxuyurdu. Diribaş və fərasətli oğlan tezliklə diqqəti özünə cəlb etdi. Onu hətta konsertlər, tamaşalar təşkil edən, müsahibələr keçirən «məktəb cəmiyyəti»nin rəhbəri təyin etdilər. Fərəculla livanlıların şanlı keçmişi, ərəblərin səlibçilərə və türklərə qarşı qəhrəman mübarizəsi haqqında oxumağı və bu haqda yoldaşlarına danışmağı çox sevirdi.

Məktəbdə o, ilk dəfə olaraq şagirdlərin ictimai vəziyyətlərindəki fərqi bütün kəskinliyi ilə hiss etdi. Fərəculla xatiratında yazır ki, onların arasında bir varlı balası vardı. Bütün müəllimlər, hətta müdir də ona yaltaqlanırdı. Dərs ilinin qurtarması münasibətilə göstəriləcək tamaşada bu vecsiz gombula baş rol tapşırılanda, uşaqlar daha dözə bilmədilər və tə'til e'lan etdilər. Başçıları Fərəculla idi. O nəql edirdi: «Qalmaqal düşəcəyindən qorxan müdir bizə güzəştə getdi. Ancaq o vaxtdan mənə əyri-əyri baxmağa başladılar və dərsdə necə yaxşı cavab verdimsə qiymətimdən kəsdilər».[1]

Fəqət elə bir gün gəldi ki, Fərəculla məktəbdən ayrılmağa məcbur oldu. Böyük qardaşı Amerikadan məktub göndərdi, o yazırdı ki, işsiz qalmışdır və ailəyə daha kömək edə bilməyəcək. Fərəculla iş axtarmalı oldu. Nəhayət çətinliklə Bənias yaxınlığındakı malikanədə vergi siyahısı tutan qulluqçu yeri tapıldı. Amma Fərəculla orada çox işləmədi: qızmar günəş altında qəpik-quruş üçün ön dörd saat kənd təsərrüfatında çalışan fəhlələri müdafiə etdiyinə görə idarə müdiri onu işdən çıxartdı.

Bu müddətdə Livanda böyük dəyişikliklər baş verdi. Çoxəsrlik türk zülmündən yenicə qurtaran Livan, Fransanın müstəmləkəçilik əsarəti altına düşdü. 1920-ci ildə o, Fransanın mandatlı ərazisinə çevrildi.[2]

İllər keçirdi. Fərəculla indi kənd məktəbində müəllimlik edirdi. O öz xalqının taleyini düşünür, müstəmləkə ağalığına qarşı milli azadlıq mübarizəsinin çox ciddi məsələlərini irəli sürən Misir qəzet və jurnallarını oxuyurdu. 1925-ci ildə Suriyada imperializm əleyhinə qalxmış üsyana Fərəculla böyük hüsn-rəğbətlə yanaşdı. Müəllimlərlə, dostlarla mübahisələrində o, ərəblərin müstəqillik hüququnu qızğın müdafiə edirdi. Təhsilini davam etdirmək fikri Fərəculla Heluya rahatlıq vermirdi. 1929-cu ildə tale onun üzünə güldü: Xəmsə (Suriya) orta məktəbində aşağı siniflərdə ərəb dili müəllimi oldu, onun özü üçün də təhsilini davam etdirməyə imkan yarandı. İyirmi üç yaşlı Fərəculla Yenidən məktəb skamyası arxasında oturdu. Biliyə bütün varlığı ilə can atması, sə'y və inadı tezliklə ona təhsildə müvəffəqiyyət qazandırdı. Məhz bu zaman o, marksist ədəbiyyatı ilə tanış olmağa başladı. Sonralar Helu xatırlayırdı: «Mən öz həmpeşəm olan müəllimlərlə müxtəlif siyasi və ictimai problemləri müzakirə etməyə çalışırdım, lakin görürdüm ki, dərk edə bilmirlər». O vaxt o, öz-özündən soruşmuşdu:–«Yoxsa mən də məktəbi bitirəndə bunlar kimi olacağam?» Bu dövrdə Fərəculla Helunun gələcək həyat yolunu qəti müəyyənləşdirən hadisələr baş verdi. Onun əlinə tarixçi P.Şalın V.İ.Lenin haqqında məqaləsi çap edilmiş fransız həftəlik jurnalı keçdi. Fərəculla belə nəql edirdi: «Leninin həyat və fəaliyyətindən bəhs edən ilk hekayəni oxuyanda ürəyim həyəcznla döyündü. Başa düşdüm ki, hansı yolu seçməliyəm». O, Lenin haqqında yazılan məqaləni axıradək oxumaq üçün böyük çətinliklə fransız jurnalının pərakəndə nömrələrini yığdı. Helu yazırdı: «Mən yay tə'tili günlərində həmin jurnalları dönə-dönə oxudum, orada yazılanları tamam başa düşmək üçün xeyli vaxt lüğətləri araşdırdım. Bilmək istəyirdim ki, kommunist ideyalarını bizim ərəb ölkələrində necə yaymaq olar... Əsas məsələni başa düşmüşdüm. İnqilabçı üçün dözüm, mətanət və soyuqqanlılıq zəruridir. Bunlar Lenini fərqləndirən sifətlərdir». O gündən Fərəculla Helu həyatını Livan xalqının müstəmləkəçilərdən azad olması uğrunda inqilabi mübarizəyə həsr etməyə qəti qərar verdi. 30-cu illərin əvvəli Suriya və Livanda milli azadlıq və fəhlə hərəkatıkın yüksəlişi dövrü idi. Dünya iqtisadi böhranı zəhmətkeşlərin maddi vəziyyətini xeyli pisləşdirdi. Levant ölkələrində vətənpərvər qüvvələrin Fransa müstəmləkəçilərinin ağalığına qarşı narazılığı artırdı. 1931-ci ildə Fərəculla Helu Xəmsədə Suriya Kommunist Partiyası Dəməşq təşkilatı rəhbərlərindən Xalid Bəkdaşla görüşüb tanış oldu. Bu görüşdən sonra onlar ayrılmaz dost oldular. Elə həmin il Fərəculla Helu Suriya Kommunist Partiyası sıralarına daxil oldu, doğma Cübeyldə partiya özəyini yaratdı və onun katibi seçildi.

Livanda kommunist qrupları hələ 1924-cü ildə meydana gəlmişdi. Elə o ilin oktyabrında onlar birləşdi və Suriya Kommunist Partiyasını (SKP)[3] təşkil etdilər. 1925-ci ilin iyulunda, Suriyada imperialistlərə qarşı xalq üsyanı qalxanda kommunist partiyası qadağan edilmişdi. Onun rəhbərlərindən bir hissəsi həbs olunmuş, bir hissəsi isə uzağa sürgün edilmişdi. Lakin partiya gizli fəaliyyətə keçsə də, işini dayandırmamışdı.

Fransanın mandatı altında olmaq şərtilə müstəqil Livan dövlətinin yaradılması haqqındakı qərarı tanımaq istəmirdilər. O illərdə Suriya ilə Livanı vahid bir dövlət sayırdılar. 1930-cu ildə SKP-nin I qurultayı oldu. Kommunist partiyasının qurultayda qəbul olunan manifestində Suriya və Livanın milli istiqlaliyyəti uğrunda, fəhlə-kəndli hökuməti yaradılması uğrunda, fəhlə qanunvericiliyi uğrunda, torpaqların feodallardan və xaricilərdən alınıb kəndlilər arasında bölüşdürülməsi uğrunda mübarizə aparmaq vəzifələri qarşıya qoyulurdu. Fərəculla Helu kommunist partiyası sıralarına ağır vaxtda daxil oldu: partiyada rəhbərliyə soxulmuş, SKP-ni əsil inqilabi qüvvəyə çevirmək məqsədilə kütlə arasında aparılan işi gücləndirməyin zərurətini başa düşməyən opportunistlərə və təriqətçilərə qarşı mübarizə genişlənirdi. Xalid Bəkdaş, Nikola Şəuyi və Artin Madoyanla birlikdə Fərəculla Helu inqilabi mübarizədə ilk ciddi imtahandan keçdi. Partiya ona yad olan ünsürlərdən təmizləndi. Partiya, fəaliyyətinin ilk günlərindən Fərəculla Helu xalqla qırılmaz tellərlə bağlı olmuşdur. Cübeyldə özək təşkil etdikdən sonra partiya onu ölkənin başqa rayonlarına göndərdi. Beyrutda, Trablisdə, Hələbdə, Dəməşqdə, Livanın, Suriyanın başqa şəhər və kəndlərində fəhlə və kəndlilər onu yorulmaz, coşqun təbliğatçı kimi tanıdılar. Məhz bu illərdə Fərəculla Helunun qəlbində Suriya və Livan xalqlarının bütün ərəb xalqlarının müqəddəratlarının birliyinə, onların öz azadlıqları uğrunda birgə mübarizəsinin zəruriliyinə sarsılmaz inam yarandı.

XX əsrin 30-cu illərində Livanda fəhlə hərəkatı gücləndi. Kommunistlərin nəşr etdiyi «Səud əl-Əməl» («Əməyin səsi») adlı fəhlə qəzeti çıxmağa başladı. Kommunistlərin tə'siri ilə zəhmətkeşlər təkcə iqtisadi tələblərlə deyil, siyasi tələblərlə də çıxış etməyə başladılar. Belə ki, 1933-cü ildə mətbəə fəhlələri, tə'til mübarizəsi nəticəsində, öz həmkarlar ittifaqlarını leqallaşdırmaq hüququ qazandılar.

1934-cü ildə Fərəculla Helu ilk dəfə Sovet İttifaqına gəldi və Orta Asiya respublikalarını gəzdi. SSRİ-də sosializm quruculuğunun əzəməti ona böyük tə'sir bağışladı. Xüsusilə Orta Asiya xalqlarının nailiyyətləri onu heyran etdi. Helu öz təəssüratını 1937-ci ildə Beyrutda nəşr olunmuş «Yeni insanlar yeni dünya qururlar» kitabında ümumiləşdirdi. Fərəculla Helu həmişə mübarizənin qaynar ocağında olur, zəhmətkeşlərin hüquqlarını müdafiə məqsədilə, birinci növbədə fəhlə qanunvericiliyi və həmkarlar ittifatları azadlığını tə'min etmək uğrunda nümayişlər və başqa çıxışlar təşkil edirdi. 1934-cü ildə Suriya Kommunist Partiyasının gizli «Nidal Əş-Şəab» («Xalqın mübarizəsi») qəzeti çıxmağa başladı. Onun banilərindən və redaktorlarından biri Fərəculla Helu idi. 1935-ci ildə Helu SKP MK-nın üzvlüyünə seçildi.

1936-cı ildə Suriya və Livan milli azadlıq mübarizəsinin yeni yüksəlişi dövrünə qədəm qoydu. Yanvarın 20 də Dəməşqdə məşhur əlligünlük tə'til başlandı. Bu tə'til Fransa hökumətini məcbur etdi ki, ölkəyə istiqlaliyyət vermək barədə Suriya hökuməti ilə danışıqlara başlasın. Danışıq aparılacağı haqda belə bir və'd Livan hökumətinə də verildi. Fərəculla Helu, həmişəki kimi, mübarizənin ön xəttində idi. O Dəməşqə gəlib, fransız müstəmləkəçiləri əleyhinə kütləvi xalq çıxışlarının təşkili işinə fəal surətdə qoşuldu. Nümayişlərin birində Helu həbs olundu və iki həftəlik məhbusluqdan sonra silahlı nəzarətçilərlə Livana aparıldı. Fransa hökuməti Suriya ərazisində görünməyi Fərəcullaya qadağan etdi.

Xalq hərəkatının böyüməsi, Suriya ilə Livanın bütün milli antiimperialist qüvvələri ilə vahid cəbhə yaratmaq sahəsində Suriya Kommunist Partiyasının taktikası onun nüfuz və tə'sirinin artmasına səbəb olurdu. 1936-cı ildən Suriya Kommunist Partiyası əslində açıq fəaliyyət göstərirdi. Partiya nümayiş və mitinqlər keçirir, vərəqələr yayır, xalqa müraciətlər çap edir, həmkarlar ittifaqlarında fəal iş aparırdı. Onun rəhbərləri milli partiyaların görkəmli liderləri ilə, hökumət nümayəndələri ilə daim əlaqə saxlayırdılar.

1936-cı ilin noyabrında Fransa–Livan müqaviləsi bağlandı. Danışıqlara görə, müqavilə qüvvəyə mindiyi gündən üç il sonra Livan üzərində Fransa mandatı ləğv edilirdi. Dəfələrlə Livanın Baş naziri olmuş görkəmli dəvlət xadimi Riad Solh Fransa–Livan danışıqlarının müvəffəqiyyətlə qurtarmasında hökumətə yaxından kömək etdikləri üçün Livan Kommunist Partiyasının rəhbərlərinə camaat qarşısında öz təşəkkürünü bildirdi.

1937-ci ilin martında Dəməşqdə Suriya Kommunist Partiyasının milli konfransı keçirildi. Xalid Bəkdaş SKP MK-nın Baş katibi, Fərəculla Helu isə MK-nın katibi seçildi. Həmin il Helunun bilavasitə rəhbərliyi ilə kommunist partiyasının yarı leqal orqanı olan «Səud əş-Şəab» («Xalqın səsi») çıxmağa başladı. Qəzetin səhifələrində Helu əsil vətənpərvər və xalq kütlələrinin mənafeyinin ifadəçisi kimi çıxış edirdi: o, fransız mandatına son qoyulması uğrunda, milli azadlıq uğrunda mübarizə üçün bütün vətənpərvər qüvvələrin birləşməsi zərurəti haqqında yazır, demokratik, xüsusən həmkarlar ittifaqları azadlıqlarını tə'min etmək üçün fəhlə sinfi sıraları ilə bütün zəhmətkeşlərin birliyinin zərurətini başa salır, ərəb xalqlarını, dünyanın bütün xalqlarını hədələyən italyan-alman faşizmini ifşa edir, Suriya və Livandakı faşist agentlərinə–Antuan Sə'dinin Suriya millətçi partiyasının faşist əlaltılarına qarşı yorulmadan mübarizə aparırdı.

Fərəculla Helu Livanın görkəmli mütərəqqi ictimai xadimi me'mar Antuan Tabetlə bərabər 1939-cu ildə yaradılmış faşizm və nasizmlə mübarizə cəmiyyətinin təşkilatçısı idi. O, partiyanın adından İsgəndəriyyə nahiyəsinin 1937–1939-cu ildə Suriyadan zorla ayrılması barədə Fransa ilə Türkiyə gizli sövdələnşəsinə qarşı qətiyyətlə çıxış edirdi.

İkinci dünya müharibəsi qurtaran kimi fransız hakim dairələri Suriya və Livan kommunistlərinə divan tutmağa başladı. Hələ 1939-cu ilin yanvarında Fransa parlamenti Livanla (habelə Suriya ilə) mandatı ləğv etmək haqqında müqaviləni təsdiq etməkdən boyun qaçırdı. 1939-cu ilin sentyabrında Suriya ilə Livanın ali komissarı, Suriya Kommunist Partiyasının qadağan olunması və «Səud əş-Şəab» qəzetinin bağlanması haqqında dekret verdi. Kommunist partiyası gizli işə keçdi. Kommunistlərin çoxu həbs olundu. Başqa kommunistlərlə yanaşı, SKP MK-nın katibi Nikola Şəuyi və Fərəculla Helu da həbsə alındı. Xalid Bəkdaş ələ keçmədi. Məhkəmədə Fərəculla Helu öz partiyasını, onun vətənpərvərlik mövqelərini müdafiə edən qızğın nitq söylədi. O dedi: «Biz kommunistlər xalqımızın həyati mənafelərini qoruyan ən sadiq, ən mətin mübarizlərik. Əzab-işgəncəyə və məhkəmənin hökmünə baxmayaraq, biz öz ideallarımızı dəyişməyəcəyik. Faşizmin, təcavüzkarlığın və müharibənin bütün qara qüvvələrinin daim barışmaz düşməni olacağıq. Bizi Suriya və Livana istiqlaliyyət tələb etdiyimiz üçün, Sovet İttifaqının dostu olduğumuz üçün mühakimə edirlər. Sovet İttifaqı isə faşizmlə mübarizədə bəşəriyyətin ümidi və sarsılmaz dayağıdır». Məhkəmə Fərəculla Helunu və onun yoldaşlarını beş il həbs cəzasına və böyük məbləğdə pul cəriməsinə məhkum etdi.

1940-cı ilin iyununda Fransa təslim oldu. Suriya və Livandakı müstəmləkə orqanları Vişi hökumətinə tərəfdar olduqlarını bildirdilər. 1941-ci ilin iyulunda ingilis ordusu və «Döyüşən Fransa» qoşunları Suriya və Livandan Vişinin oyuncaq hakimlərini qovdular. Müharibənin antifaşist xarakteri, xalq kütlələrini öz tərəflərinə çəkmək cəhdi müttəfiqləri Levant ölkələrində müəyyən demokratik tədbirlər həyata keçirmək, kommunistləri həbsxanalardan buraxmaq məcburiyyətində qoydu.

Beyrutun, Bəabda və Beyd əd-Dinin qazamatlarında Fərəculla Helu, Nikola Şəuyi və başqa kommunistlər iyirmi iki ay əzab çəkdilər. Onlar artıq yeni qüvvə ilə partiya işinə başladılar. Helu partiya qəzetinin redaktorluğunu davam etdirdi. Faşizm və nasizmlə mübarizə cəmiyyətinin fəaliyyəti bərpa olundu. 1941-ci ildə o, bütün ərəb şərqində geniş şöhrət tapmış «Ət-Tariq» məcmuəsinin nəşrinə başladı. 1943-cü ildə Livan fəhlə və qulluqçuları həmkarlar ittifaqlarının ümumi Federasiyası təşkil olundu. Onun başında kommunist Mustafa Aris durdu. Suriya və Livanda Sozet İttifaqı ilə dostluq cəmiyyətləri yarandı. Fərəculla Helu sovet-ərəb dostluğuna dair, Hitlerizmə qarşı mübarizədə sovet xalqının böyük xidmətləri haqqında məqalələr çap etdirdi. Livan kommunistlərinin, mütərəqqi ictimai təşkilatlarının təşəbbusü ilə Livanda sovet döyüşçülərinə bağlama və vəsait toplanışı kampaniyası keçirildi. İkinci dünya müharibəsi illərində Livan xalğı istiqlaliyyət uğrunda mübarizəni gücləndirdi. Hələ 1941-ci ildə Levant ölkələrində «Döyüşən Fransa»nın baş nümayəndəsi tə'yin olunmuş general Katru Livanı və Suriyanı müstəqil e'lan etdi. 1943-cü ilin martında fransızlar konstitusiyanın qüvvəsini bərpa etməyə və parlamentə seçkilər keçirməyə razı oldular. 1943-cü ilin avqustunda parlament seçkilədində milli burjua-mülkədar dairələrinin nümayəndələri qələbə qazandılar, onların köməyi ilə Suriya və Livandan Fransanı sıxışdıracağına ümid bəsləyən İngiltərənin yardımından istifadə etdilər. Kommunistlər seçkilərdə bir neçə namizəd irəli sürdülər, lakin onlardan heç biri seçilmədi. Bununla belə, Dağ Livanından namizəd göstərilən Fərəculla Helu on iki min səs aldı.

Livanın yeni parlamenti və hökumət siyasi müstəqilliyə birdəfəlik nail olmaq üçün mübarizəyə qoşuldu. Geniş xalq təbəqələri onlara tərəfdar çıxdı. Partiyanın tapşırığı ilə Fərəculla Helu istiqlaliyyət uğrunda mübarizə üçün qüvvələri birləşdirmək məqsədilə müxtəlif milli partiyaların nümayəndələri ilə əlaqəyə girdi. Siyasi partiya və təşkilatların Milli konqresi yaradıldı; Fərəculla Helu burada kommunist partiyasını təmsil edirdi. 1943-cü il noyabrın 22-də Livan xalqı ölkənin müstəqilliyini məhdudlaşdıran axırıncı şərtlərin ləğvinə Fransanı razı sala bildi. Yeni dövr–Livan torpağından Fransa və ingilis qoşunlarının çıxarılması uğrunda, ölkəyə öz ağalığını zorla qəbul etdirməyə çalışan İngiltərənin fitnələrinə qarşı mübarizə dövrü başlandı.

1943-cü il dekabrın 31-dən 1944-cü il yanvarın 2-dək Beyrutda Suriya Kommunist Partiyasının II qurultayı keçirildi. Qurultayda hörmətli qonaqlar arasında Livan hökumətinin nümayəndəsi Həbib Əbu Şəhla da vardı, bu da Livan xalqının milli azadlıq mübarizəsində kommunist partiyasının böyük xidmətlərinin rəsmən e'tiraf olunduğuna sübut idi. Təşkilat məsələləri haqqında mə'ruzəçi Fərəculla Helu idi. Qurultay Suriya Kommunist Partiyası ilə yanaşı müstəqil Livan Kommunist Partiyası (LKP) yaratmaq barədə qərar qəbul etdi. Fərəculla Helu LKP MK-nın katibi seçildi.

Livan xalqının xarici qoşunları ölkədən çıxarmaq uğrunda milli-azadlıq hərəkatının genişləndiyi 1944–1946-cı illərdə Livan Kommunist Partiyası xalq qüvvələrini birləşdirmək yolunda dönmədən çalışırdı. 1945-ci ilin mayında fransız hakim dairələri Suriyanın istiqlaliyyəti uğrunda mərd mübarizlərə silahlı divan tutanda, artilleriya və hava qüvvələri Dəməşqin dinc əhalisi üstünə od yağdıranda LKP Suriya xalqı ilə həmrə'ylik kampaniyasının əsas təşkilatçısı idi. Böyük e'tiraz əlaməti olan güclü tə'tillər və nümayişlər bütün Livanı bürüdü. Kommunist partiyası müstəmləkəçilərə qarşı mübarizə üçün döyüşən gənclər drujinalarının yaradılmasında fəal iştirak edirdi.

Xalq kütlələrinin təzyiqi altında 1945-ci ilin yayında Fransa, Suriya və Livanın 25 min əsgərindən ibarət olan xüsusi qoşun hissələrini Suriya və Livan hökumətlərinin sərəncamına verdi. Sovet İttifaqının köməyi ilə Təhlükəsizlik Şurasında müstəmləkəçilərin Suriya və Livanda qalmaq müddətini uzatmaq cəhdləri boşa çıxandan sonra 1946-cı ilin əvvəlində həmin ölkələrdən xarici qoşunlar çıxarılmağa başladı və bu proses 1946-cı il dekabrın 31-də qurtardı.

Livan xalqı öz müstəqil həyatına ağır şəraitdə qədəm qoydu: ölkənin iqtisadiyyatında fransız müstəmləkəçilərinin ağalığı davam edir, Livanda öz nüfuzlarını bərpa etmək istəyən amerikan və ingilis inhisarlarının fitnələri artırdı. Livan iqtisadiyyatına xarici müdaxilə bütün kapital qoyuluşunun 90 faizini təşkil edirdi. Livan hökumətinin başında komprador burjuaziyasının, feodalların, nüfuzlu ruhani dairələrinin nümayəndələri dururdu. Livanın xarici kapitaldan asıdı vəziyyətdə qalması onların mənafeyinə uyğun idi, bu adamlar əvvəlki kimi qərb aləmi ilə ərəb ölkələri arasında alış-veriş dəllalları rolunu oynamağa çalışırdılar.

Ölkənin iqtisadiyyatında xarici kapitalın hökmranlığı əleyhinə, milli sənayenin inkişafı və zəhmətkeşlərin həyat şəraitini yaxşılaşdırmaq uğrunda xalq kütlələrinin hərəkatı amansızcasına yatırılırdı. 1946-cı ilin iyununda «Reji de taba» tütün inhisarı tə'tilçi fəhlələrinin nümayişi gülləbaran edilmişdi. Hökumət siyasətini ifşa edən «Səud əş-Şəab» qəzeti hakim orqanların əmri ilə müvəqqəti olaraq bağlanmışdı... 1946-cı il ərzində bu qəzetin buraxılması uç dəfə qadağan edilmişdi. Kommunist partiyasının və başqa mütərəqqi təşkilatların keçirdiyi mitinq və iclaslara polis getdikcə daha tez-tez mane olurdu. Ərəb Şərqində imperialistlərin fitnələrinə qarşı bəyannamə ilə çıxış etdikləri üçün həmin ilin dekabrında Livan və Suriya Kommunist Partiyası rəhbərlərinin mühakiməsi oldu.

Riad Solhun başçılıq etdiyi yeni Livan hökuməti ağır iqtisadi vəziyyət üçün məs'uliyyəti ölkənin mütərəqqi qüvvələrinin boynuna atmağa cəhd göstərdi. 1947-ci il noyabrın 25-də Solh parlamentdə antikommunist bəyanatla çıxış etdi. Bu, irticaçı mətbuatda antikommunist kampaniyanın başlanması üçün bir işarə oldu. Həmin məqsədlə Fələstin məsələsi ilə əlaqədar olaraq kəskinləşən beynəlxalq böhrandan geniş istifadə edildi. 1948-ci il yanvarın 8-də polis və mürtəce millətçi ünsürlər kommunist partiyasının binasına basqın etdilər. Partiyanın fəaliyyətini qadağan edən fərman verildi. Hökumət «Səud əş-Şəab» qəzetinin nəşrini qəti qadağan etdi.

1948-ci ildən Suriya və Livan kommunist partiyaları gizli fəaliyyət şəraitində yenidən mütəşəkkil surətdə birləşib, Suriya və Livan Kommunist Partiyasını (SLKP) yaratdılar. Fərəculla Helu partiyanın rəhbər təşkilatlarının üzvü oldu. O, Xalid Bəkdaş, Nikola Şəuyi, Suriya və Livan kommunistlərinin sınanmış başqa rəhbərləri ilə birlikdə partiyanı möhkəmlətmək yolunda çalışırdı.

Uzun müddət (1941–1947-ci illərdə) faktiki leqal fəaliyyətdən sonra gizli iş şəraitinə keçilməsi partiya daxilində müəyyən çətinliklərin yaranmasına səbəb oldu. Əsasən ziyalılardan və xırda burjua dairələrindən olan partiya üzvlərinin bir hissəsi irticanın hücumundan qorxub çəkindi. Bu adamlar ozlərinin yeni şəraitdə inqilabi iş aparmağa qabil olmadıqlarını göstərdilər. Partiyanın rəhbərliyi Haşım əl Amin, Qədri Gələci, Rəşad İsa, Emiliya Faris İbrahim kimi xadimlərdən qətiyyətlə yaxa qurtarıb, onları partiyadan xaric etdi.

Suriyada Hüsni əz Zaimin hərbi diktaturası dövründə (1949-cu ilin mart–avqust ayları) terrora baxmayaraq, kommunist partiyası, «Transarabien payplayn kompani» konsesiyasına Suriya ərazisi boyu Səudiyyə Ərəbistanından neft kəməri çəkilməsinə imkan verən bu diktatorun ABŞ ilə dilbirliyini ifşa etdi. Çoxlu həbslərə baxmayaraq, partiya kütlələr arasında iş aparır və öz nüfuzunu gücləndirirdi.

Partiya öz sıralarını opportunistlərdən, səbatsız ünsürlərdən təmizlədi və mübarizlik qüdrətini artırdı. Bu zaman marksist ədəbiyyatın bir sıra nümunələri ərəb dilinə tərcümə olunub, nəşr edildi. Partiya Suriyanın Məclisi Müəssisanına seçkilər kampaniyasında (1949-cu ilin oktyabrında) iştirak etdi, demokratik konstitusiyanın layihəsini işləyib hazırladı və onu kütlə arasında geniş təbliğ etdi. Seçkiqabağı kampaniyanın gedişində, 1947-ci ilin axırından 1948-ci ilin əvvəlinədək davam edən cəza tədbirlərindən sonra, ilk dəfə olaraq, partiya kütlələr arasında açıq iş aparmağa başladı.

1951-ci ilin yanvarında kütlələr arasında işi genişləndirmək sahəsində partiya yeni mühüm addım atdı. SLKP MK-nın geniş plenumunda Mərkəzi Komitənin Baş katibi Xalid Bəkdaş fəhlə və kəndliləri partiyaya cəlb etməyin zərurəti haqqında mə'ruzə ilə çıxış etdi. Plenum belə nəticəyə gəldi ki, milli-demokratik inqilabın qələbəsinə doğru yeganə yol–öz ətrafında bütün zəhmətkeşləri, eləcə də milli burjuaziyanın xeyli hissəsini birləşdirən partiyanın rəhbərliyi altında fəhlə sinfi ilə kəndlilərin mübariz ittifaqıdır.

1951-ci ilin axırında Suriyada yaranmış Şişəklinin diktator idarə üsulu kommunist partiyasının fəaliyyətini zəiflətmədi. Partiya kəndlilər içərisində xüsusilə fəal işləyirdi. Cəzirə və Lətaki rayonlarında kəndli qurultayları keçirildi, kəndlilər üçün xüsusi qəzetlərin nəşrinə başlandı. Partiya Dəməşq, Hələb, Xəmsə, Bənias və başqa şəhərlərdəki fəhlə tə'tillərinə rəhbərlik edirdi.

Livanda kommunist partiyası, Amerika imperializminə uymuş Bişər əl-Hurinin (1949-cu ildə o, ikinci dəfə Livanın prezidenti seçilmişdi) satqın idarə üsulunu qətiyyətlə pisləyir, 1952-ci ilin sentyabrında bu diktaturanın devrilməsinə gətirib çıxaran xalq hərəkatında fəal iştirak edirdi. Partiya, prezident Bişər əl-Hurini əvəz etmiş Kamil Şamunun da idarə üsulunu kəskin tənqidə tutdu. Kamil Şamun zəhmətkeş kütlələrin vəziyyətini yaxşılaşdırmaq və'dlərindən heç birini yerinə yetirməmişdi və özü də Livanın siyasətini komprador burjuaziyasının, feodalların mənafeyinə tabe etmək, ölkəni imperialist dövlətlərdən asılı saxlamaq yolunu davam etdirirdi. 1953-cü ilin sonu, 1954-cü ilin əvvəlində diktator Şişəklinin idarə üsuluna qarşı Suriya xalqının müqaviməti xeyli artdı. Livanda da demokratik hərəkat fəallaşdı. 1954-cü ilin yanvarında Sultan əl-Ətraşın başçılığı altında Suriya druzları üsyan etdilər. Üsyanın silah gücü ilə yatırılması diktatura əleyhinə geniş xalq hərəkatının başlanmasına səbəb oldu. Bu şəraitdə Suriya və Livan Kommunist Partiyası 1954-cü ilin yanvar və fevral aylarında hər iki ölkədə, Suriya və Livanda milli demokratik hökumətlər yaradılması uğrunda mübarizə üçün geniş milli cəbhədə birləşməyə çağıran bəyanat e'lan etdi. Bununla bərabər partiya bildirirdi ki, kommunistlər belə demokratik hökumətlərə tərəfdar olsalar da, özlərinin o hökumətdə iştiraklarını vacib saymırlar.

1954-cü ilin fevralında Suriyada Şişəklinin diktator üsuli-idarəsi devrildi, hökumət başına, əsasən İngiltərə və İraqa meyl edən iri burjuaziya və mülkədarlığın nümayəndələri keçdi. Ancaq hakim dairələrölkədə müəyyən demokratik tədbirlər görməyə məçbur oldular, konstitusiya qüvvəyə mindi; ikiillik fasilədən sonra, 1949-cu ildə seçilmiş parlament fəaliyyətini bərpa etdi. Yeni parlament seçkilərinə hazırlıq başlandı. Kommunist partiyası kütlələr arasında açıq iş aparmaq imkanı tapdı.

Bu dövrdə Fərəculla Helu yenə Suriyada idi. O, Dəməşq, Xəmsə və Hələbdə demokratik həmkarlar ittifaqları təşkiliidə iştirak edir, partiyanı zəhmətkeş kütlələrlə əlaqəni möhkəmlətmək, milli antiimperialist cəbhə yaratmaq xəttini ardıcıllıqla yeridirdi.

Açıq nizamnaməsi olmayan kommunist partiyası parlament seçkilərində, bütün başqa milli partiya və təşkilatları öz ətrafında birləşməyə çağıran Suriya Milli ittifaqı adından çıxış etdi. Partiyanın Mərkəzi Komitəsinin işləyib hazırladığı seçkiqabağı məramnamədə imperialistlərin hər hansı hərbi ittifaqlarını və layihələrini rədd etmək tələbləri, mill»i istiqlaliyyət və sülh uğrunda mübarizə aparai vətənpərvər xarici siyasət yeritmək, aqrar islahatı keçirmək, fəhlələr üçün səkkiz saatlıq iş günü müəyyən etmək və demokratik həmkarlar ittifaqları yaratmaq hüququna nail olmaq kimi ciddi tələblər irəli sürülürdü. 1954-cü ilin parlament seçkiləri Suriya xalqının milli şüurunun yüksəlişini nümayiş etdirdi. Suriyanın sülhsevər müstəqil xarici siyasətinə, ölkə daxilində mütərəqqi islahatlar keçirməyə tərəfdar olan namizədlər daha çox səs aldılar. Suriya və Livan KP MK-nın Baş katibi Xalid Bəkdaş Dəməşq şəhərindən deputat seçildi. Ümumiyyətlə kommunist namizədlər əlli mindən çox səs aldılar. Seçkilərə yekun vuran Suriya və Livan KP MK-sı bildirdi ki, «Partiyamız seçki kampaniyasında mühum qələbə qazanaraq, öz qüvvələrini artırmış və ölkədə siyasi nüfuzunu genişləndirmişdir». Seçki kampaniyası zamanı Dəməşqdə olan Fərəculla Helu bütün Partiya sənədlərinin işlənib hazırlanmasında bilavasitə iştirak edir, yazdığı məqalələrində Suriya üçün bu mühüm dövrdə partiyanın siyasətini izah edirdi.

1954–1957-ci illərdə Suriya və Livan Kommunist Partiyası hər iki ölkənin xalqı arasında geniş miqyasda iş aparırdı. Livanda onun fəaliyyəti hər şeydən əvvəl Livanı bütünlüklə Amerika imperializmindən asılı etməyə çalışan hakim dairələrin mənfur siyasətinin ifşasına yönəldilmişdi. Suriyada imperializm əleyhinə mübarizəni gücləndirmək, ölkə daxilində mütərəqqi islahatlar keçirmək məqsədilə kütlələrlə əlaqə saxlamaq üçün kommunist partiyasının imkanı daha çox idi. Partiyanın parlameitdə Xalid Bəkdaş kimi deputata malik olması çox mühüm fakt idi. Bəkdaş özünə xas olan natiqlik istedadı ilə parlament tribunasını Suriya kommunistlərinin ideyalarını geniş yaymaq, imperializmi və daxili irticanı ifşa etmək üçün bir vasitəyə çevirdi.

Həmin dövrdə kommunist partiyasının fəal iştirakı ilə Suriyanın milli-demokratik qüvvələri, hökuməti Türkiyə–İraq bloku, Bağdad paktı kimi hərbi imperialist ittifaqlarına qoşulmaqdan rəsmi imtina etməyə, «Eyzenhaver doktrinası»nı rədd etməyə məcbur edə bildilər. Hökumət xarici siyasət sahəsində müstəqil antiimperialist siyasət mövqeyinə keçdi. Suriya Bandunq konfransının iştirakçısı oldu və beynəlxalq münasibətlərdə Bandunq prinsiplərini ardıcıllıqla həyata keçirən bir ölkə kimi tanındı. Suriyanın Sovet İttifaqı ilə və başqa sosialist ölkələri ilə münasibəti hüquq bərabərliyi, qarşılıqlı fayda əsasında inkişaf edirdi.

1956-cı ilin aprel-may aylarında Dəməşqdə Suriya və Livan Kommunist Partiyası Mərkəzi Komitəsinin geniş plenumu çağırıldı. Plenum qeyd etdi ki, Suriyada yaranmış şərait, müstəqil xarİci siyasətin davam etdirilib möhkəmləndirilməsi, ölkənin daxilində mütərəqqi demokratik tədbirlərin həyata keçirilməsi, əsaslı islahatlar üçün əlverişli imkanlar yaratmışdır; bu imkanlar Suriyanın sosializmə doğru dinc inkişaf yoluna çıxması üçün zəmin yarada bilər. Plenum Sov.İKP XX qurultayının qərarlarına yüksək qiymət verdi, marksizm-leninizm nəzəriyyəsini yaradıcılıqla inkişaf etdirməkdə onların böyük tarixi əhəmnyyətini göstərdi. 1957-ci ilin noyabrında partiya Fərəculla Helunu öz nümayəndə hey'əti tərkibində Böyük Oktyabr sosialist inqilabının 40 illiyi bayramında, kommunist və fəhlə partiyaları nümayəndələrinin müşavirəsində iştirak etmək üçün Moskvaya göndərdi. Suriya və Livan kommunistləri adından çıxış edən Fərəculla Helu Suriyanın iqtisadi inkişafına və imperialist təcavüzü təhlükəsini dəf etməkdə göstərdiyi təmənnasız yardım üçün Sovet İttifaqına ürəkdən təşəkkürünü bildirdi. O, dedi: «Yer üzündə elə bir qüvvə yoxdur ki, Sovet İttifaqı ilə Suriya xalqının dostluğunu poza bilsin. Ölkəmizin bütün vətənpərvərləri, partiya mənsubiyyətlərindən və vəziyyətlərindən asılı olmayaraq, əmindirlər ki, bu dostluq Suriyanın öz istiqlaliyyətini qoruyub saxlaması və onun irəliləməsi işində müstəsna əhəmiyyətə malikdir». 1956-cı ilin sonunda Suriyada milli birlik hökuməti yaradıldı; onu, parlamentdə kommunist partiyası nümayəndələrinin də daxil olduğu milli cəbhə müdafiə etdi. Milli cəbhə yaratmaq haqqında kommunist partiyasının xətti belə həyata keçirildi. Suriyanın müstəqil milli-demokratik inkişafı üçün gözəl perspektivlər açılırdı.

Suriya kommunistlərinin siyasəti xalqın əksər hissəsinin mənafeyinə uyğun gəlirdi. Milli antiimperialist cəbhə yaratmaq və ölkənin müstəqilliyini möhkəmlətmək üçün onlar bütün vətənpərvər, antiimperialist qüvvələrlə, o cümlədən milli burjuaziya ilə əməkdaşlıq siyasəti yeridirdilər. Ancaq Suriya hakim dairələrinin müəyyən hissəsi imperialist təbliğatının tə'siri altında və öz sinfi məqsədlərinin məhdudluğu uzündən xalq kütlələrinin artan fəallığının qarşısını almaq, demokratik qüvvələrə zərbə endirmək üçün yollar aramağa başladı. Suriya hakim dairələri dövlətlərin tam Qovuşması əsasında Misirlə birləşmək yolunu seçdilər ki, bu da Suriyada bütün siyasi partiyaların buraxılmasına gətirib çıxaracaqdı. 1958-ci ilin fevralında Birləşmiş Ərəb Respublikasının yaradıldığı e'lan olundu.

Suriya və Livan KP MK-nın 1958-ci ilin yanvarında keçirilən plenumu qeyd etdi ki, ərəb xalqının birliyə can atması mütərəqqi mahiyyət daşıyır, çünki o, ərəb xalqlarının tarixi inkişafının gedişindən doğan bir haldır. Plenumun qərarında deyilirdi ki, fəqət imperialist dövlətlərin ərəb xalqlarını sün'i surətdə uzun müddət bir-birindən ayırması nəticəsində bu xalqların hər birinin həyatında, aydındır ki, müəyyən spesifik xüsusiyyətlərin yaranmasına gətirib çıxartdı. Bunlar da vahid ərəb dövlətinin təşkilində nəzərə alınmalıdır. Birləşmənin möhkəmliyi üçün, bir tərəfdən bu prosesi imperializm əleyhinə ərəb xalqlarının birgə mübarizəsinin davamı əsasında, digər tərəfdən isə tam könüllülük əsasında, hər xalqın demokratik hüquqları və nailiyyətləri qorunub saxlanılmaqla, birliyə daxil olan hər ölkənin obyektiv şəraiti hesaba alınmaqla həyata keçirmək lazımdır. Yalnız belə halda yaranmış yeni dövlət imperializmin və daxili irticanın hücumlarına davam gətirə bilər. Suriya və Livan Kommunist Partiyasının Mərkəzi Komitəsi bunu nəzərə alıb, Suriya ilə Misir arasındakı ittifaqı mahiyyətcə təqdir edərək, Suriya hökumətini bu ittifaqın forması barədə qəti qərarı qəbul etməzdən əvvəl, göstərilən məsələni hərtərəfli öyrənməyə çağırdı. Lakin kommunist partiyası rəhbərliyinin ədalətli və ağıllı təkliflərini Suriyanın hakim dairələri qəsdən hesaba almırdılar[4].

1958-ci ilin noyabrında Suriya və Livan KP Mərkəzi Komitəsinin plenumu keçirildi. Şəraitin dəyişməsi və Birləşmiş Ərəb Respublikasının yaradılması ilə əlaqədar olaraq plenum Suriya və Livan Kommunist Partiyasının iki partiyaya, Suriya və Livan partiyalarına ayrılması haqqında qərar qəbul etdi. Livan Kommunist Partiyası Mərkəzi Komitəsinin üç nəfərdən ibarət katibliyi seçildi. LKP MK-nın katiblərindən biri Fərəculla Helu oldu. BƏR yaranan vaxtdan Fərəculla Helu Dəməşqdə Suriya və Livan KP MK-nın 1958-ci il yanvar plenumunun sənədlərinin işlənib hazırlanmasnşda bilavasitə iştirak etdi. 1958-ci ilin mayında Livan xalqının imperialistlər əleyhinə üsyan qaldırdığı vaxt partiya onu Beyruta göndərdi. Fərəculla Helunun iştirakı ilə, Amerika müdaxiləsinə qarşı mübarizə aparmaq üçün Livan vətənpərvərlərinin hərbi drujinaları yaradıldı. Livan sahillərinə çıxarılan müdaxiləçilər silah gücünə imperialist ruhlu Şamun-Malik üsuli-idarəsini müdafiə etmək məqsədi güdürdülər. Partiya Livan xalqına vərəqə və çağırışlarla müraciət edərək, Amerika müdaxiləçilərini Livan torpağından qovmağa çağırırdı. 1958-ci ilin sonunda Helu Dəməşqə qayıtdı. O, Suriya və Livan Kommunist Partiyası Mərkəzi Komitəsinin noyabr plenumunda iştirak etdi, Suriyada partiya qadağan olunduqdan sonra onun gizli fəaliyyətini nizama saldı. 1959-cu ilin əvvəlində Helu müəyyən müddətə Beyruta gəldi. 1959-cu il iyunun 25-də Fərəculla Helu partiya işi üçün gizli surətdə Dəməşqə gəldi. Adi ehtiyat tədbirlərinə riayət edərək, gizli mənzilə yollandı. O vaxtdan bəri onu bir daha görən olmadı. Fərəculla Helunun həbs olunma xəbəri tezliklə Suriyaya, Livana, sonra da bütün dünyaya yayıldı. Qəzetlər yazırdı ki, Fərəcullaya işgəncə verilir və onun həyatı təhlükədədir. Beyrutda Fərəculla Helunu Beynəlxalq müdafiə komitəsi yaradıldı. Buraya sovet ictimai təşkilatlarının nümayəndələri–SSRİ Elmlər Akademiyasının müxbir üzvü Y.A.Korovin və şair Rəsul Həmzətov, görkəmli tərəqqipərvər ictimai xadimlər–İtaliya parlamentinin deputatı Mario Berlinquer, abbat Jan Bulye (Fransa), hindli vəkil Daniel Lətifi, İsveç həkimi İon Takman, argentinalı vakil Enrike Fialyo, Livanın bir sıra görkəmli ictİmai xadimi daxil oldu. Forəculla Helunu xilas etmək uğrunda geniş beynəlxalq kampaniya iki il davam etdi. Dəməşqdən bir-birinə zidd xəbərlər yayılırdı; guya Fərəculla Helunu küçədə polis maşınında görüblər, guya o, Məzzə həbsxanasındadır... 1961-ci ilin mayında Livan Kommunist Partiyası rəhbərliyinə dəqiq mə'lum oldu ki, Fərəculla Helu Dəməşqdə, axtarış şö'bəsinin divarları arasında ona verilən vəhşicəsinə işgəncələrdən həlak olmuşdur. Bu haqda məlumat 1961-ci il mayın 28-də e'lan edilmişdi. Bir il keçmiş, Suriya 1961-ci ilin sentyabrında BƏR-in tərkibindən çıxandan sonra Livan ictimaiyyətinin və Fərəculla Helunun qohumlarının tələbi ilə Suriya hökuməti bu işi yoxladı. Təhqiqat materialları bunu sübut etdi. Kommunist partiyasının keçmiş üzvlərindən olan satqın Sübhi əl-Xəbl 1959-cu ilin əvvəlində Dəməşq xəfiyyəsinə partiyanın gizli mənzilini və parolunu xəbər vermişdi. Tez oraya gizli polis xəfiyyələri göndərildi. 1959-cu il iyunun 25-də axşam saat səkkizə yaxın Fərəculla Helu mənzilin qapısına yaxınlaşmışdı. Elə o dəqiqə həbs olunub Rauda küçəsindəki axtarış şöbəsinə göndərilmişdi. İlk dindirməni axtarış şö'bəsinin başçılarından olan Nahəsən Zəkkar aparırdı. O, saxta lütfkarlıqla Heluya bir fincan qəhvə təklif etdi və siyasətdən söhbət açdı. Sonra Fərəculladan tapılmış bir dəstə açara işarə edərək soruşdu: – Bu açarlar sizdə haradandır və hansı qapıların açarlarıdır? Fərəculla susurdu. Zindanban yenə də ondan söz almaq istəyir, partiya üzvlərinin görüşləri və gizli mənzillər barədə suallar verir, Suriya kommunistlərinin fəaliyyətindən danışmağı tələb edirdi. Helu bu suallara cavab verməkdən qəti boyun qaçırdı. Onda Zəkkarın əmri ilə gözətçilər Helunu döyməyə başladılar. Lakin Fərəcullanın dilindən bir kəlmə də çıxmadı. Cəhdlərinin boşa çıxdığını görən Zəkkar öz başçısını, Suriya gizli polis idarəsi siyasi şö'bəsinin rəisi Əbdülvahab əl-Xətibi çağırtdırdı. Bu qəddar cəllad sevincini gizlədə bilmədi: – Afərin, uşaqlar! Bu gün ovumuz qiyamət olub. Xətib istintaqı davam etdirdi. Fərəculla əvvəlki kimi susurdu. Vəhşiləşmiş Xətib özü döyməyə başladı, sonra da onu əlaltılarının pəncəsinə verdi. Ancaq bir nəticə hasil olmadı. Köməyə partiyaya xəyanət etmiş və xəfiyyə idarəsinə «ekspert» sifətilə qulluğa girmiş xain Rafiq Rida çağırıldı. O, Fərəcullaya partiya işləri barədə hamısını açıb danışmış, yoldaşları ələ verməyi və kommunist görüşlərindən imtina etmək kağızına qol çəkməyi məsləhət gördü. O dedi: – İnad eləmək faydasızdır, Fərəculla, məni birinci il deyil ki, tanıyırsan, axı sənə xeyrxahlıq arzu edirəm. Hər şey haqqında açıq danış, partiyadan çıxmaq haqqında ərizəyə qol çək, biz də səni buraxaq. Fərəculla rəzil xainin üzünə tüpürdü: – Sus, alçaq! Qardaşlarımı ələ verməyə məni məcbur edə bilməzsiniz. Ölərəm, ancaq öz ideallarımdan, ömrümün otuz ilini həsr etdiyim əqidədən imtina etmərəm! Kommunist idim, kommunistliyimdə də qalacağam! Əzab-işgəncə yenidən başlandı. Fərəculla Helu bütün əziyyətlərə mərdliklə dözürdü. İşgəncə verilən vaxt orada olan axtarış şö'bəsinin əməkdaşlarından biri Xətibi xəbərdar etdi ki, məhbusun cibindən ürək xəstəliyi dərmanı tapılıb, bəlkə bir az ehtiyatlı olmaq lazımdır. Lakin vəhşiləşmiş cəlladlar işgəncəyə ara vermədilər. Səhərə yaxın qəzəbdən və faydasız cəhdlərdən yorulmuş Əbdülvahab əl-Xətib necə olursa-olsun Fərəculla Heludan heç olmazsa bəzi məlumatları almağı əmr edərək, evinə getdi. İşgəncəni yeni cəllad Vacih Əntaqi apardı. Lakin heç bir qüvvə kommunist Fərəculla Helunun mətin iradəsini qıra bilmədi. 1959-cu il iyunun 26-da səhər saat 7-də, on saatlıq dəhşətli əzab-əziyyətdən sonra bu mərd insanın böyük qəlbi döyünməkdən qaldı.

Qatillərin öz cinayətlərinin izini itirmə cəhdlərini üzə çıxaran istintaq sənədlərini nifrət hissi duymadan oxumaq mümkün deyil. Fərəculla Helunun meyitini axtarış şö'bəsinin binasında gizlətmişdilər ki, nə dustaqlar, nə də qulluqçular onu tapa bilməsinlər. Cəlladlar sonra necə hərəkət edəcəkləri barədə məsləhətləşməyə başlamışlar. Onlar Birləşmiş Ərəb Respublikası Suriya rayonunun daxili işlər naziri Sərraca zəng vurub əhvalatı ona danışmışlar. Sərrac isə susmağı və cinayətin izini itirmək üçün tədbir görməyi əmr etmişdi. Gecə Fərəculla Helunun meyiti gizlincə şəhər kənarına aparıldı və Dəhr Salman kəndi yaxınlığında cəlladlardan birinin malikanəsi yanında basdırıldı. Lakin Fərəcullanın ölüsü də canilərin ürəyinə qorxu salırdı. Məzara gizlincə nəzarət edirdilər. Bütün dünyada Fərəculla Helunu müdafiə kampaniyası başlananda əmr gəldi: bütün izləri itirməli, Helunun qəbrini məhv etməli. Qorxaq cəlladlar əmri sevinclə yerinə yetirdilər.

Bir neçə gündən sonra Qahirədən daxili işlər naziri Sərraca Fərəculla Helu haqqında rəsmi sorğu gəldi. O, «təhqiqat apardı» və BƏR hökumətinə bildirdi ki, «Fərəculla Helu adlı şəxsə Suriyaya gəlmək qadağandır, o, Suriya ərazisiidə görünməyib və hazırda da orada yoxdur». Rəsmi uydurma belə yarandı; onun köməyi ilə bu vəhşi qətlin günahkarları öz çiiayətlərinin məs'uliyyətindən yaxa qurtarmaq umidində idilər. İndi isə onlar tamam ifşa olunmuşlar. 1961-ci il iyunun 1-dən 4–dək, Fərəculla Helunun öldürülməsi barədə mə'lumat e'lan edildikdən sonra bütun Livan xalqı qəzəbindən coşub-daşırdı. Minlərlə adam Fərəculla Helunun evinə axışıb, onun yetim qalmış ailəsinə–arvadına və üç balaca qızına başsağlığı verdi. Helunun qara parça ilə haşiyələnmiş şəkli yanında onlarca gül hörgüsü qoyuldu. Parlament deputatları, görkəmli ictimai xadimlər, yazıçılar, jurnalistlər, din xadimləri, Fərzculla Helunun saysız-hesabsız dostları, silahdaşları Dəməşqdə baş vermiş cinayətə qarşı qəzəbli e'tirazlarını ifadə etmək və uğrunda Helunun həyatını qurban verdiyi işlə həmrəy olduqlarını bildirmək üçün onun evinə gəlirdilər.

Moskvadan Livan Kommunist Partiyası Mərkəzi Komitəsinin adına Fərəculla Helunun həlak olması ilə əlaqədar Sov.İKP MK-dan başsağlığı göndərilmişdi. Dünyanın hər guşəsindən teleqramla minlərcə başsağlığı gəlirdi. Yulius Fuçikin dul qadını Helunun həyat yoldaşına yazırdı: «Mənim ərim yadelli cəlladın əli ilə öldürüldü. O, insanların azadlığı və xoşbəxtliyi yolunda vuruşduğu üçün məhv oldu. Onun heç qırx yaşı da yox idi. Mənim kədərim həmişəlik mənimlə qalacaq, ancaq bilirəm ki, ərim nahaq yerə həlak olmayıb. Çox hörmətli xanım Helu, mən əminəm ki, sizin ərinizin qəhrəmancasına ölümü bütün dünyanın xeyirxah adamlarının çoxunun gözünü açacaq, kədər və qəzəbin güclü dalğası bu dəhşətli cinayət üçün məs'uliyyət daşıyanların üstünə töküləcək». Ərinin şəkli yanında, minlərlə adamın qarşısında Virciniya Helu unudulmaz and içdi: «Fərəculla, mənə inan, mən sənin xalqına, sənin yoldaşlarına, mənə sevməyi öyrətdiyin idealına sadiq qalacağam. Mən sənin üç uşağını elə tərbiyə edəcəyəm ki, onlar sənə, sənin idealına layiq olsunlar. Səni bir daha yad etmək üçün buraya toplaşan camaat qarşısında and içirəm ki, öz həyatımı və uşaqlarının həyatını, ömrünü verdiyin məqsəd uğrunda həsr edəcəyəm». Livanın, Suriyanın kommunistləri, bütün dünyanın kommunistləri və tərəqqipərvər adamları kommunizm ideyaları uğrunda, öz xalqının, yer üzünün bütün xalqlarının işıqlı gələcəyi uğrunda yenilməz mübariz Fərəculla Helunun xatirəsini əbədi yad edəcəkdir.

  • Mübarizəyə həsr edilmiş ömür. Azərbaycan Dövlət Nəşriyyatı, Bakı–1967, səh. 180-191.
  1. Rumyantsev V.P. Fərəculla Helu, Nəşriyyat: "Azərnəşr", "Bakı", 1966. Səhifə: 58.
  2. "Arxivlənmiş surət". 2013-08-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-19.
  3. Kommunistlər, habelə Suriyada və Livanda milli azadlıq hərəkatının digər nümayəndələri
  4. Hadisələrin sonrakı inkişafı Suriya və Livan Kommunist Partiyasının dediklərinin əsaslı olduğunu göstərdi. İki il yarımdan sonra, BƏR-də keçirilən ictimai-iqtisadi islahatlar Suriya feodallarının və iri burjuaziyanın mənafeyinə zidd gələndə, onlar demokratik qüvvələrin təşkilat pozğunluğu şəraitində, imperialistlərin və ərəb irticasının köməyilə Suriyada asanlıqla dövlət çevrilişi etdilər və onun Birləşmiş Ərəb Respublikası tərkibindən çıxmasına (1961-ci ilin sentyabrı) nail oldular.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]