Livan (ərəb. لبنان) və ya rəsmi adı ilə Livan Respublikası (ərəb. الجمهوريّة اللبنانيّة) — Yaxın Şərqdə dövlət. Şimal və şərqdən Suriya, cənubdan İsraillə həmsərhəddir. Qərbdən isə Aralıq dənizinə çıxışı vardır və bu dəniz vasitəsilə Kiprlə su sərhəddinə malikdir. Paytaxtı və ən böyük şəhəri Beyrut, ümumi sahəsi 10,452 kvadrat kilometrdir. Livanı bəzən Yaxın Şərqin İsveçrəsi də adlandırırlar.
Livan | |||||
---|---|---|---|---|---|
ərəb. الجمهوريّة اللبنانيّة | |||||
| |||||
Lebanon Passion for Living | |||||
Himn: "كلّنا للوطن" (Küllüna li-l-Vətən) |
|||||
Tarixi | |||||
• Elan | 26 Noyabr 1941 | ||||
• Tanınması | 22 Noyabr 1943 | ||||
Rəsmi dilləri | |||||
Paytaxt | Beyrut | ||||
İdarəetmə forması | parlament respublikası | ||||
Prezident | Mişel Övn | ||||
Baş Nazir | Nəcib Miqati | ||||
Parlamentin sədri | Nebih Berri | ||||
Sahəsi | Dünyada 166-cı | ||||
• Ümumi | 10452 km² | ||||
• Su sahəsi (%) | 1.8 | ||||
Əhalisi | |||||
• Əhali | 6 184 701 nəfər (112-ci) | ||||
• Sıxlıq | 560 nəf./km² (21-ci) | ||||
ÜDM (AQP) | |||||
• Ümumi | 81,122 milyard dollar (88-ci) | ||||
• Adambaşına | 17,986 dollar (80-ci) | ||||
ÜDM (nominal) | |||||
• Ümumi (2014 təxmini) | 49,919 milyard dollar (86-cı) | ||||
• Adambaşına | 11,068 dollar (71-ci) | ||||
İİİ (2015) | 0.763 | ||||
Valyuta | Livan funtu | ||||
İnternet domeni | .lb | ||||
ISO kodu | LB | ||||
BOK kodu | LBN | ||||
Telefon kodu | +961 | ||||
Saat qurşaqları | |||||
Nəqliyyatın yönü | sağ[d][2] | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Livan Respublikasının ərazisi 10.452 km² — dir .[3] Ərazisinin böyüklüyünə görə dünyada 161-ci yeri tutur. Şimal-şərqdəki Biqa vadisindən başqa bütün ərazisi dağlıq ərazilərdir. Asiya qitəsinin cənub-qərbində yerləşir. Şimal və şərqdən Suriya, cənubdan Fələstin və İsrail ilə həmsərhəddir. Qərb sərhədlərini Aralıq dənizinin suları yuyur. Livan əsrarəngiz təbiətə malikdir, onu Yaxın Şərqin İsveçrəsi, Aralıq dənizinin "incisi" adlandırırlar. Təbii şəraitinə görə ölkə ərazisini 4 təbii coğrafi rayona bölürlər: Sahil düzənliyi, Cəbəli-Lübnan (Livan) dağ massivi, Biqa çökəliyi, Cəbəlüş-Şərqi və Cəbəlüş-Şeyx dağları. Sahil xəttinin uzunluğu 225 km-dir. Paytaxtı Beyrut şəhəridir. Livan su ehtiyatları ilə zəngindir. Litani çayı quraqlıq cənub rayonları üçün əsas su mənbəyidir.
Livan qədim Sami dillərində Laban — ağ deməkdir. XVI əsrin əvvəllərindən Birinci dünya müharibəsinin sonunadək Livan Osmanlı İmperiyasının tərkibinə daxil olmuşdur. 1918-ci ilin payızında ingilis-fransız hərbi qüvvələri ölkəni işğal etmişdir. 1920-ci ildən Livan Fransanın mandatı altında olan ərazisi olmuşdur. 26 may 1926-cı ildə Fransanın ali komissarı Livanı Respublika elan etmiş, Livan konstitusiyasını bəyan etmişdir, lakin Fransa Livanın xarici əlaqələr və müdafiəsi üzərində nəzarət hüququnu özündə saxlamışdır. 22 noyabr 1943-cü ildə ölkənin suverenliyini məhdudlaşdıran Konstitusiyanın bəzi maddələrinə dəyişikliklər edildikdən sonra Livan rəsmi olaraq Respublika elan edilmişdir.
1943-cü ildə Livan müstəqil Respublikası yarandığı vaxtdan müsəlman və xristian icması liderləri arasında saziş imzalandı. Bu sazişə əsasən prezident xristian maqonitlər arasından seçilir. Baş nazir yalnız sünnü müsəlman, parlamentin sədri isə şiə müsəlman olmalıdır. 31 dekabr 1946-cı ildə Fransa hərbi qüvvələrinin Livanın ərazisindən tamamilə çıxarılması başa çatmışdır. 1978-ci il martın 19-da İsrail qoşunlarının Livana müdaxiləsindən sonra 16 iyun 2000-ci ildə BMT Təhlükəsizlik Şurası tərəfindən 425 saylı qərar qəbul edilmiş və bu qərar əsasında ölkənin cənub rayonlarına BMT-nin müvəqqəti qüvvələri yerləşdirilmişdir. 1982-ci ilin yayında İsrail təcavüzü nəticəsində Livan ərazisinin bir hissəsi işğal edilmişdir. Həmin ərazilər 1985-ci ilin iyun ayına qədər işğal altında olmuşdur. BMT Təhlükəsizlik Şurasının 425 saylı qətnaməsinə uyğun olaraq Livan ilə İsrail arasında BMT kartoqrafları tərəfindən sərhəd bölgüsü həyata keçirilmiş, İsrail qoşunları Livan ərazilərini tərk etmiş və "Mavi xətt" — təhlükəsizlik zonası yaradılmışdır. Livan və Suriya Şiba fermasının İsrail nəzarətində qalması ilə bağlı qeyd olunan sərhəd bölgüsünə etiraz etsələr də, BMT TŞ qətnaməsini qəbul etmişlər.
2005-ci ilin may ayında Səəd Həriri Misir və İordaniyanın İsrail ilə separatçı sülh müqaviləsi bağlamasına baxmayaraq, Livanın İsrail ilə sülh müqaviləsi imzalayan son ərəb dövləti olacağını bəyan etmişdir. Ölkədə mövcud olan xristian qüvvələr konfessional (din üzərində qurulmuş) sistemin əsaslarının qorunması üçün çalışır və yalnız bəzi xırda islahatlara tərəfdardır. Xristian hərbi siyasi təşkilatlarının aparıcısı – "Livan qüvvələri"dir. Əsasən maruni burjuaziyasının, həmçinin, xristian burjuaziyasının qüvvələrini əks etdirən "Kətaib" (Falanqa) partiyası da ənənəvi nüfuza malikdir. Livanda müsəlman qruplaşmalar da fəaliyyət göstərir. Onlardan ən nüfuzlusu İran təmayüllü şiə təşkilatı olan Hizbullahdır.[4]
2007-ci ilin sonuna olan rəsmi təxminə əsasən ölkə əhalisi 3.759.136 nəfərdir.[5] 2005-ci ilə olan məlumaata əsasən Livanda 116.214 nəfər erməni yaşamaqdadır.[6] Onların 88.601 nəfəri qreqoryan, 20.259 nəfəri katolik, 7.354 nəfəri isə protestantdır.[6] Erməni toplumu Livan parlamentində 6 qriqoryan millət vəkili ilə təmsil olunur.[6] Livanın şimalında 10 min nəfər Türkmən də məskunlaşmışdır.[7]
Xristianlığın hələ birinci minilliyin I və II əsrinin əvvələrində yayıldığı Livanda əhalinin yarıdan çoxu müsəlman, az hissəsi isə xristiandır. Livan müsəlmanları (İslam VII əsrin ortalarında ölkəyə daxil olmağa başlayıb) sünnü (26%), şiəyə (27%) və dürziyə (7%) bölünür. Az sayda nüseyrilər də mövcuddur. Sünnülər əsasən Şimali Livanda və Beyrutda, onların ətraf ərazilərində, şiələr cənubi Livanda və Biqa vadisində, dürzilər — Livanın dağlıq ərazilərində yaşayırlar.
Xristian qanadlarından ən böyüyü marunilərdir (əhalinin 23 %). Maruni dini təriqətinin inancı əvvəllər diofizitlik və monofizitlik arasında orta mövqe tutan monofelistlik idi. İsa Məsihin ikili təbiətini etiraf edən monofelitlər, eyni zamanda qeyd edirdilər ki, ikili təbiət vahid iradə təcəssüm etdirirdi. XVI əsrin sonlarında Maruni Kilsəsi özünün müstəqil təşkilatçılığını və köhnə mərasimlərini saxlamayaraq Roma katoltikliyinin ehkamlarını qəbul etdi və Roma ilə birgə uniyaya daxil oldu. İndi marunilərə bütün Livanda rast gəlmək mümkündür, lakin onlar əsasən Cəbəli-Lübnanda məskunlaşıblar.
Sayına görə sonrakı xristian qanadı rumi ortodokslardır (əhalinin 7 %-i). Livanın pravoslav əhalisi qonşu Suriyanın pravoslav əhalisi ilə birgə avtotekfal Antioxiya Pravoslav Kilsəsinə malikdirlər. Rumi ortodoksların yarısı Şimali Livanda, dörddə bir hissəsi Cəbəli-Lübnanda məskunlaşıb. Ortodoks kilsəsinin rəhbərliyində daxili çəkişmələr nəticəsində XVIII əsrin əvvəllərində Roma Papasının hakimiyyətini tanıyan bir qrup rumi ortodokslardan ayrıldı. Bu qrup (melkit katoliklər adlanırdı) rumi katolik kilsəsini yaratdı (ölkə əhalisinin 5% aiddir). Marunilərdən və rumi katoliklərdən başqa ölkədə erməni-katoliklər (25 min nəfər), latın ənənəli katoliklər (20 min nəfər, əsasən əcnəbilər), süryani katoliklər (18 min nəfər), xaldo-katoliklər (6 min nəfər) də vardır.
Livanda az sayda süryani ortodokslar (10 min nəfər) və nəsturilər yaşayır.
Livanda yaşayan ermənilərin əksəriyyəti erməni-qriqoryanlardır (əhalinin 5%-i). Bütün erməni-qriqoryan əhalinin yarısı Beyrut və onun ətraf rayonlarında cəmləşib. Bundan başqa, ermənilər arasında erməni-katoliklərə (19 min nəfər) və protestantlara (sonuncular Yaxın Şərqdə erməni yevangelist kilsələri Birliyinə birləşiblər) da rast gəlmək mümkündür.
Livanda protestantların ümumi sayı 16 min nəfərdir. Onların əksəriyyəti xarici vətəndaşlardır. Yaxın Şərqdə erməni Yevangelist Kilsələri Birliyinin üzvlərindən başqa, presviterianlar, anqlikanlar, baptistlər, nazarilər, yeddinci günün adventistləri, Yehovanın şahidləri və s. vardır. Livanda iudaizm tərəfdarlarına da rast gəlmək olar (0,4 %).
Ölkənin iqtisadiyyatının sənaye və kənd təsərrüfatı sektorları inkişaf etməmiş, lakin ticarət, turizm və bank sahələrində Livan yüksək nailiyyətlər əldə etmişdir. İqtisadiyyatın əksər sahələrində xarici kapital geniş yer tutur. Milli gəlirin, təxminən, 15%-i sənayenin payına düşür. İstehsalın böyük bir hissəsini ənənəvi sahələrdən olan tekstil, yeyinti, tikinti materialları və neft emalı sahələri təşkil edir. Ölkənin milli gəlirinin 10%-i kənd təsərrüfatına aiddir. Əsas ərzaq məhsulları xaricdən idxal edilir. Azərbaycan ilə Livan arasında idxal 37.3 min ABŞ dolları, ixrac isə 17589.9 min ABŞ dolları təşkil edir (2009-cu il). Xarici ticarət və turizm iqtisadiyyatın çox mühüm sahələrindən biridir.