Fərid Novruzi (azərb. Fərid Əlibəy oğlu Novruzi) - Novco şirkətlər qrupunun rəhbəri, Azərbaycan Çimərlik Futbol Federasiyasının prezidenti və səyyah-alpinist.
Fərid Novruzi | |
---|---|
azərb. Fərid Əlibəy oğlu Novruzi | |
| |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
Təhsili |
Memarlıq və İnşaat Universiteti Qərb Universiteti |
Fəaliyyəti | sahibkar, səyyah, bloger |
Fərid Əlibəy oğlu Novruzi 24 fevral 1977-ci ildə Bakı şəhərində anadan olub. O, məşhur arxitektor, Azərbaycan Respublikasının əməkdar memarı Əlibəy Novruzinin oğludur. Fərid Novruzi 1993-cü ildə 150 saylı məktəbi bitirmişdir. Həmin il Memarlıq və İnşaat Universitetində Memarlıq fakultəsinə qəbul olmuş, 1998-ci ildə isə bakalavr dərəcəsinə yiyələnmişdir. 2000-2002-ci illərdə isə Qərb Universitetində MBA dərəcəsi almışdır. Ailəlidir, yeddi övladı var.[1]
Fərid Novruzinin qurucusu olduğu Novco şirkətlər qrupu 1994-cü ildə yaradılmışdır, bu onun memarlıq fəaliyyəti ilə bağlı idi. 1999-cu ildə isə Bakıda ilk mağazasını açmışdır. Hazırda bu şirkətlər qrupunun Azərbaycan, Gürcüstan, Türkiyə və Özbəkistanda 50-dən çox mağazası fəaliyyət göstərir. 2008-ci ildən Azərbaycan Çimərlik Futbol Federasiyasının prezidentidir. [2]
2022-ci ildən isə Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyasının (AFRA) idarə heyətinin sədridir.
Fərid Novruzi 2010-cu ildən aktiv səyahət edir və səyyah kimi 100-ə yaxın ölkədə olub. Azərbaycandan yeganə şəxsdir ki, 60 min km məsafə qət edərək təyyarəsiz dünyanı dövr edib. Bu iki mərhələli səyahət pandemiya dövründə 2020 və 2021-ci illərdə baş verib. Səfər 6 qitə, 40 ölkəni əhatə etməklə ümumilikdə 158 gün davam edib. Nəqliyyat kimi gəmi, avtobus, avtomobildən istifadə olunub.[3] 2022-ci ilin noyabr ayında Fərid Novruzi bu səyahəti haqqında "Nuhun gəmisi" adlı kitabını təqdim edib (ISBN: 9789952563092). Kitab dünya səyahəti vaxtı onun başına gələn olduqca maraqlı və gözlənilməz macəralardan bəhs edir.
Novruzi eyni zamanda alpinistdir. O, ümimilikdə iyirmidən çox zirvədə olub. Qalxdığı ən hündür yüksəklik Boliviyada Uyano Potosi dağlarındadır - 6.088 metr. İkinci yerdə 5.895 metr olan Kilimancaro dağı, Nepalda 5.550 metrlik Kala Patthar, Ekvadorda 5.140 metr olan İlnitze Norte, Türkiyədə 5.167 metrlik Ağrıdağdır. 2020-ci ildən Azərbaycan Turizm Blogerləri Assosiasiyasının sədrinin müavinidir.
Vətən müharibəsi dövründə bir video sosial şəbəkələrdə məşhurlaşmışdı. Videoda Hadrut qəsəbəsini fəth edən əsgər Mersedes markalı iki qapılı, kupe avtomobili görür və deyir ki, bu avtomobil mənim xəyalımdır”. Bundan bir neçə gün sonra Fərid Novruzi öz Facebook hesabında avtomobili aldığı və əsgər eve qayıdandan sonra ona təqdim edəcəyini bildirmişdi. Belə də oldu. Avtomobilin nömrəsinin seriyası simvolik olaraq Xocavənd rayonun seriyası olan 028 ilə idi.[4]