Fərrux Məmmədnəbi oğlu Zeynalov (4 may 1942, Bilgəh – 13 yanvar 2022) — Azərbaycanın dövlət və siyasi xadimi, Azərbaycan Respublikasının material ehtiyatları naziri (1992–1997), iqtisad elmləri namizədi.
Fərrux Zeynalov | |
---|---|
29 may 1992 – 24 iyun 1997 | |
Əvvəlki | Aydın Əzizbəyov (Dövlət Maddi-Texniki Təchizat Komitəsinin sədri kimi) |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 4 may 1942 |
Doğum yeri | |
Vəfat tarixi | 13 yanvar 2022 (79 yaşında) |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
|
|
Təltifləri |
Fərrux Məmmədnəbi oğlu Zeynalov 1942-ci il mayın 4-də Bakı şəhəri Lenin rayonunun Bilgəh qəsəbəsində anadan olmuşdur. 1959-cu ildə qəsəbə orta məktəbini, 1963-cü ildə Yüngül Sənaye Texnikumunu, 1969-cu ildə isə Çingiz İldırım Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) tikiş məmulatının texnologiyası fakültəsini bitirmişdir. 1985-ci ildə namizədlik dissertasiyası müdafiə edərək, iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır.
İlk əmək fəaliyyətinə Bakı Şəhər Əhaliyə Məişət Xidməti İdarəsində fəhlə kimi başlayan Fərrux Zeynalov sonradan həmin idarədə dərzi, biçici, istehsalat müdiri vəzifələrində çalışmışdır. 1975–83-cü illərdə "Paltarların fərdi tikişi və təmiri" fabrikasının direktoru, 1983–1987-ci illərdə Bakı Şəhər Əhaliyə Məişət Xidməti İdarəsinin rəisi vəzifələrində işləmişdir. 1987–1992-ci illərdə Nəriman Nərimanov adına Bakı Trikotaj İstehsalat Birliyinin, Azərbaycan Maddi-Texniki Təchizat Komitəsi "Azəryüngülyeyintisənaye" Birliyinin, "Azərtoxucutəchizatsatış" firmasının baş direktoru vəzifələrində çalışmışdır. Respublika müstəqillik qazandıqdan sonra Fərrux Zeynalov 1992–1997-ci illərdə Azərbaycan Respublikasının Material Ehtiyatları Naziri vəzifəsində (nazirlik ləğv olunana kimi) işləmişdir. 1999–2005-ci illərdə "Güvən" şirkətinin baş direktoru vəzifələrində çalışmışdır.
Evlidir, 3 övladı var. Oğlu Əziz Zeynalov Nəsimi bələdiyyəsinin sədridir.
"Bilgəh: səfalı yurdun layiqli övladları" adlı kitabın müəllifi idi. Rus dilini bilirdi.
Bitərəf idi.
XVII və XVIII çağırış Bakı Şəhər Xalq Deputatları Sovetinin, XII çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir.
26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının tərkibinə daxil edilmişdir[1].
2005-ci il noyabrın 6-da 27 saylı Sabunçu ikinci seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Təbii ehtiyatlar, Energetika və ekologiya məsələləri daimi komissiyasının üzvü olmuşdur. Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Belçika, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olmuşdur.
MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü və Büdcəyə nəzarət komissiyası sədrinin müavini olmuşdur.
Fərrux Zeynalov SSRİnin bir sıra orden və medallarına, "Azərbaycan SSR əməkdar kommunal və əhaliyə məişət xidməti işçisi" fəxri adına layiq görülmüşdür. SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin qızıl medalı ilə təltif olunmuşdur. Azərbaycan Respublikası Əsilzadələr Məclisinin üzvü olmuşdur.