Fətəli xan Qovanlı-Qacar — İrəvan xanı Hüseynqulu xanın nəvəsi, Sərdarabad qalasının rəisi.[1] Həyatı haqqında mənbələrdə çox məlumat yoxdur.
Sərdarabad qalası İrəvan xanlığında ikinci böyük qalalardan olmuşdur. Qala 1815-ci ildə istifadəyə verilmişdi. II Rusiya-Qacar müharibəsi zamanı Sərdarabad qalasının rəisi idi. Müharibə dövründə, 1827-ci ildə qalaya Qafqazdakı rus qoşunlarının baş komandanı Paskeviçin əmri ilə K.X.Benkendorf Sərdarabad qalasına hücum etmişdi.[1]
Fətəli xanın başçılığı ilə qalada 3 min nəfərlik qarnizon və 22 top var idi. Sərdarabad qalasını qəfil həmlə ilə ələ keçirməyə çalışan general Benkendorf aprelin 16-da səhər 5 taqım və 4 topla qalaya hücum etsə də, yalnız axşam gizlicə qalaya yaxınlaşa bildi. Lakin qaladakılar rusların gəlişindən xəbər tutdular və onlara toplardan atəş açmaqla rusları geri otuzdurmağa nail oldular. Benkendorf qaladakıların könüllü təslim olması üçün qala rəisinin yanına elçi göndərdi.[1] Fətəli xan Benkendorfun bu tələbini rədd edərək "qalanı təslim etməkdənsə onun dağıntıları altında ölməyim yaxşıdı" cavabını verdi.[1] Benkendorf aprelin 16-dan 17-nə keçən gecə qalanı güclü top atəşinə tutmağı əmr etdi. Lakin qala qarnizonun əks zərbəsi nəticəsində heç bir nəticə əldə edilə bilmədi. Həmçinin aclıqdan əziyyət çəkən rus qoşunlarının ətraf kəndlərdən ərzaq toplamaq cəhdi də boşa çıxdı. Beləliklə, rus qoşunları aprelin 17-də Üçkilsə monastırına çəkildilər.[1]
1827-ci il avqustun 29-da Üçkilsədə toplaşan rus qoşunları bu dəfə Sərdarabad qalasını hədəf seçdilər. General Paskeviçin qalada çoxlu ərzaq ehtiyatının olması haqda məlumatı vardı və rus qoşunlarının gələcək yürüşünü təmin etmək üçün bu qalanın alınması zəruri idi. Sentyabrın 11-də general Paskeviç birləşmiş qüvvələrlə Sərdarabada doğru yürüşə başladı və səhəri gün qalaya yaxınlaşdı. Sentyabrın 18-də toplar qalanı bombardman etməyə başladılar.[2] Həmin gün qalaya 500 mərmi atıldı. Bombardman nəticəsində qalanın dördkünc qülləsi dağıdıldı. Aramsız atəşə məruz qalan müdafiəçilər sentyabrın 19-u saat 5-də təslim oldular. Paskeviçlə danışıqlara əsasən müdafiəçilərə təslim olmaq üçün 24 saat vaxt verildi. Sentyabrın 19-u axşam qaranlıqda Fətəli xan və Həsən xan başda olmaqla Sərdarabad qarnizonu qalanı tərk etdi. Beləliklə Sərdərabad qalası rus qoşunları tərəfindən tutuldu.[3][2]
Sərdarabadın işğalından sonra Fətəli xan Sərdarabad qarnizonu ilə birlikdə İrəvan qalasına çəkildi. 1827-ci ilin sentyabr-oktyabr arasında İrəvan qalasına hücuma keçən rus qoşunları Sərdarabad qalasının mühasirəsindəki kimi qaladağıdıcı toplardan istifadə etdilər. Oktyabr ayında İrəvan qalası tutuldu. Bir çox saray əyanları, sərkərdələr ilə birlikdə Fətəli xan da əsir alındı.[4] Mənbələrdə sonradan əsirlərin geri qaytarıldığı yazılır. Güman edilirki, Fətəli xan da bu əsirlərin arasında olmuşdur.