Faizlər razılaşması — dördüncü Moskva konfransı zamanı əldə olunan, İkinci dünya müharibəsindən sonra cənub-şərqi Avropa regionunun hansı nüfuz dairələrinə bölünəcəyini müəyyən edən Çörçill-Stalin razılaşmasıdır. Bu razılaşma ictimaiyyətə Çörçill tərəfindən açıqlanmışdı. Ruzvelti konfransda təmsil edən ABŞ səfiri Averel Herriman bu xüsusi müzakirələrdən kənarda saxlanılmışdı.[2][3]
1944-cü il oktyabrın 9-da Moskva konfransında görüşən Çörçill və Stalin Avropanın nüfuz dairələrinə bölünməsini müzakirə edirlər. Burada Vinston Çörçill təklif edir ki, Rumıniyanın 90%-i və Bolqarıstanın 75%-i SSRİ-yə, Yunanıstanın 90%-i Böyük Britaniyaya verilsin, Yuqoslaviya ilə Macarıstan isə yarı-yarıya bölüşdürülsün. Təklif Stalinə tərcümə olunarkən, Çörçill bir kağıza bölüşdürmə faizlərini qeyd edir və kağızı Stalinə ötürür.[2][4][5][6][7] Təklif tərcümə olunduqdan sonra Çörçill:
"Milyonların taleyini müəyyən edəcək olan bu cür məsələləri belə ayaqüstü həll etməyimiz gələcəkdə mənfi qarşılana bilər, kağızı yandıraq" — deyir, lakin Stalin "Yox, səndə qalsın" — deyə cavab verir.
Çörçill bu sənədi naughty document-yaramaz sənəd adlandırırdı.[5]
İki ölkənin xarici işlər nazirləri 10, 11 oktyabr tarixlərində bölüşdürmə barəsində qərara gəlirlər. Sonda Sovet İttifaqının Bolqarıstan və Macarıstandakı payı 80% olaraq dəyişdirilir, digər faizlərə toxunulmur.
Stalin razılaşmaya uyğun olaraq, vətəndaş müharibəsi edən yunan kommunistlərinə kömək etmir. ABŞ və Böyük Britaniyadan yardım alan yunan hökuməti vətəndaş müharibəsindən qalib çıxır.[8]
Hələ 1944-cü ildə bağlanacaq olan bu müqavilənin ilkin layihəsi, 1943-cü ildə ispan diktator Fransisko Frankonun gizli birliyinin əlinə keçəndə ortaya çıxmışdı. Bu hadisəni İspaniyanın xarici işlər naziri General Cordana 1943-cü il Barselonadakı məşhur nitqi zamanı açıqlamışdı.[9]
Ölkələr | Sovet İttifaqı | Böyük Britaniya |
---|---|---|
Bolqarıstan | 75% | 25% |
Yunanıstan | 10% | 90% |
Macarıstan | 50% | 50% |
Rumıniya | 90% | 10% |
Yuqoslaviya | 50% | 50% |