Ördəktutan qızılquş və ya sərçəçalan (lat. Falco columbarius) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü. Bioloji xüsusiyyətlərini tam əks etdirmədiyini və ölçücə kiçik olan bu quşun təbiətdə ördək ovlanması faktının yanlış olduğunu əsas götürərək, sərçəkimilərə aid kiçik quşlarla qidalanan bu qızlıquş növünün adı Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutu tərəfindən 2019-cu ildə sərçəçalan kimi dəyişdirilib.
Ördəktutan qızılquş | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Sinif: İnfrasinif: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Ördəktutan qızılquş |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Qızılquşlar fəsiləsinin kiçik nümayəndələrindən biridir. Qanadları qısadır. Üst tərəfi və başı tünd-göy, alt tərəfi isə cizgili ağımtıl-kürəndir. Quyruğu köndələn zolaqlıdır. Dişisinin bel tərəfi qonurdur.
Avropa, Asiya və Şimali Amerikada yayılıb. Qışlamaq üçün Afrikaya köçür. Azərbaycanda aran və dağətəyi rayonlarda olur. Buraya qışlamaq üçün gəlir və buradan miqrant populyasiyası da keçir. Payız köçü sentyabrda-noyabrda, yaz köçməsi isə mart-apreldə olur.
Ətrafı açıq sahə ilə əhatə olunmuş seyrək meşələrdə yaşayır. Geniş və sıx qaranlıq meşə massivindən qaçır. Ördəktutan adlanmasına baxmayaraq əsas yemi xırda quşlar (titrəkquyruq, sərçə, torağay, cüllüt, sığırçın və s.) və siçanabənzər gəmiricilərdir. Şikarını alçaqdan uçmaqla (belibağlı kimi) axtarır, yerdən və havadan çalıb götürür. Bəzən ağacvari Şorəngə kolunun dibində gizlənib şikarını pusmaqla ovlayır.
XX əsrin ortalarına qədər Kür-Araz və Lənkəran düzənliyində, xüsusən də Qızılağac körfəzi ətrafında çoxsaylı qışlayıb. 1970-ci illərdən başlayaraq Aran və Tuqay meşələrinin kəskin transformasiyası, zərərli quş bilib tələf edilməsi, texnosferin genişlənməsi və səs-küyün çoxalması, yem obyektlərinin azalması və zəhərlənməsi ilə sayı kəskin azalaraq Qırmızı Kitaba düşüb. XX əsrin axırında yanvar-fevral aylarında cəmi 60 quş, bundan 10 il sonra isə 35 quş sayılıb.
Ovlanması qadağandır. Qızılağac və Qarayazı Dövlət Təbiət Qoruqlarında, Şirvan, Ağgöl Milli Parklarında və digər Milli Parklarda qorunub saxlanılır. CİTES, Bern və Bonn konvensiyalarına daxildir.