Fatma Mehralıyeva

Fatma Mehrəliyeva Yusif qızı (4 iyun 1926, Quba4 yanvar 2000, Bakı) — xanəndə (lirik soprano), Azərbaycan SSR Əməkdar artisti (1956).[1]

Fatma Mehrəliyeva
Fatma Yusif qızı Mehrəliyeva
Ümumi məlumatlar
Doğum tarixi 4 iyun 1926(1926-06-04)
Doğum yeri
Vəfat tarixi 4 yanvar 2000(2000-01-04) (73 yaşında)
Vəfat yeri
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, xanəndə
Fəaliyyət illəri 1940—2000
Janrlar muğam, xalq mahnısı
Səs tembri lirik-soprano
Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1956

Fatma Mehrəliyeva 4 iyun 1926-cı ildə Qubada anadan olmuşdur. O, orta məktəbdə tədris olunan nəğmə dərslərində xüsusi fəallıq göstərərmiş. Bunun nəticəsi olaraq Fatma Mehrəliyeva müəllimlərinin təkidi ilə Bakı musiqi festivalında iştirak etmək üçün Bakıya getmiş və festivalda "Qubanın ağ alması" xalq mahnısını ifa etmişdir. On bir yaşlı Fatmanın ifası Üzeyir Hacıbəylinin diqqətini cəlb etmişdir. Bəstəkar Fatma Mehrəliyevanı himayəsinə götürərək yaxşı təhsil alması üçün hər cür şərait yaratmışdır. Belə ki, Fatma Mehrəliyeva 1938-ci ildə Üzeyir Hacıbəylinin təşəbbüsü ilə Bakıya gəlmişdir.[1]

Fatma Mehrəliyeva 1940-cı ildə Azərbaycan Dövlət Filarmoniyası nəzdindəki "Sazçı qızlar" ansamblında əmək fəaliyyətinə başlamışdır. Elə həmin ildə Azərbaycan Dövlət Filarmoniyasının solisti olmuş və geniş konsert proqramları ilə çıxış etmişdir.[1]

1941-1945-ci illərin Böyük Vətən müharibəsi zamanı cəbhədə hərbçilər qarşısında çıxış edən Fatma Mehrəliyeva Üzeyir Hacıbəylinin vətənpərvərlik mövzusunda yazdığı musiqi nümunələrini ifa etmişdir. Mehrəliyeva, həmçinin Musiqisi Üzeyir Hacıbəyovun sözləri Səməd Vurğunun olan "Şəfqət bacısı" mahnısının ilk ifaçısı olmuş, lakin həmin ifanın lent yazısı qalmamışdır.[1]

Fatma Mehrəliyeva muğam, xalq mahnı və təsniflərinin, eləcə də bəstəkar mahnılarının mahir ifaçısı kimi şöhrət qazanmışdır. Elə bu şöhrət sayəsində lirik soprano səsə malik olan müğənni 1945-ci ildə Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında çəkilən "Arşın mal alan" filmində Telli roluna çəkilmişdir. Yaratmış olduğu Telli obrazı Mehrəliyevanın yaradıcılığında böyük rol oynamışdır.[1]

Fatma Mehrəliyevanın oxuduğu muğamlar arasında "Kəsmə şikəstə"nin özünəməxsusi yeri olmuşdur. Belə ki, musiqişünas alim, professor Ramiz Zöhrabov "Zərbi muğamlar" kitabında "Kəsmə şikəstə"ni məhz Fatma Mehrəliyevanın ifasında nota köçürmüşdür. Bundan başqa, "Getmə dayan", "Olmaz-olmaz", "Ceyranım", "Qubanın ağ alması", "Azərbaycan maralı", "Ahu kimi", "Qaragilə", "Muğan qızı", "Lay-lay", "Unuda bilmirəm" və s. kimi xalq və bəstəkar mahnlarını oxuyan müğənni "Qatar" və "Segah-zabul" muğamlarını ifa edərək Azərbaycan musiqi mədəniyyətinə öz töhfələrini vermişdir.[1]

Fatma Mehrəliyeva 4 yanvar 2000-ci ildə vəfat etmişdir.[1]

Azərbaycan musiqi sənətindəki xidmətlərinə görə 1956-cı ildə respublikanın Əməkdar artisti adına layiq görülüb.[1]

  1. Arşın mal alan (film, 1945)
  2. Üzeyir ömrü (film, 1981)

Səs yazıları

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 3 4 5 6 7 8 Həmidə Nizamiqızı. "Fatma Mehrəliyeva dünyasına xəyali səfər" (Azərbaycan). medeniyyet.az. 7-12-2018 tarixində arxivləşdirilib.