Ferdinand de Sössür (fr. Ferdinand de Saussure; 26 noyabr 1857[1][2][…], Cenevrə, İsveçrə[3] – 22 fevral 1913[4][1][…]) – tanınmış İsveçrə alimi, dilçisi, semiologiya və struktur dilçiliyin banisi. XX əsrin dilçiliyinin "atası" adlandırılan F. de Sössürün ideyaları XX əsr humanitar fikrə böyük təsir göstərmiş və strukturalizmin yaranmasına səbəb olmuşdur. Əsas əsəri - F.de Sössür "Ümumi dilçilik kursu" (fr) "Cours de linguistique générale"
Ferdinand de Sössür | |
---|---|
Ferdinand-Monjen de Sössür | |
Doğum tarixi | |
Doğum yeri | İsveçrə, Cenevrə şəhəri |
Vəfat tarixi | (55 yaşında) |
Vəfat yeri | İsveçrə, Cenevrə şəhəri |
Milliyyəti | isveç |
Elm sahəsi | dilçilik |
İş yerləri |
|
Təhsili |
|
Tanınmış yetirmələri | A.Seşe, Ş.Balli |
Vikianbarda əlaqəli mediafayllar |
Ferdinand-Monjen de Sössür (Saussure, 1857-1913) 26 noyabr 1857-ci ildə İsveçrənin Cenevrə şəhərində anadan olmuşdur. Sössürlər ailəsi mənşəcə fransızdır. Sössürün ulu babası XVI əsrdə dini müharibələr zamanı Lotaringiyanın Sössür-sür Mozelot şəhərindən İsveçrəyə köçmüşdür. F. de Sössür bu ailədən çıxmış ilk dilçi deyildir. Onun ulu babası Nikola de Sössür (1709-1791) Deni Didronun ensiklopediyasında əməkdaşlıq etmişdi. Ulu babası Oras-Benedikt de Sössür (1740-1799) təsviri geologiyanın banisi Cenevrə universitetində naturfəlsəfi kafedranın professoru olmuşdur. Minerologiyada iki termin – sössürit və sössüritləşmə onun adı ilə adlandırılmışdır. Sössürün babası Nikola-Teodor de Sössür (1767-1845) məşhur kimyaçı, fizik, geoloq və fizioloq olmuşdur; bitkilərin karbon qazını udub oksigen buraxmalarını o kəşf etmişdir. Nikola-Teodorun bacısı Albertina-Adriyenna de Sössür (1766-1841) fransız yazıçısı de Stal və məşhur dilçi Adolf Pikte ilə dostluq etmiş, “Mütərəqqi tərbiyə” adlı əsər yazmışdır. F.de Sössürün böyük əmisi Teodor de Sössür (1824-1903) artilleriya polkovniki və məşhur ictimai xadim olmuş, dilçilik məsələləri ilə də maraqlanmış, fransız dili və xüsusi adların orfoqrafiya haqqında iki əsər yazmışdır. F.de Sössürün atası Anri de Sössür (1929-1905) bütün ömrünü geologiyaya həsr etmişdir. F.de Sössürün qardaşları elm aləmində tanınmış sima olmuşlar. Leopold de Sössür (1866-1932) vyetnam və Çin dilləri, habelə qədim Çin astronomiyası üzrə mütəxəssis, Rene de Sössür (1868-1932) riyaziyyat üzrə mütəxəssis olmuş, habelə təbii və süni dillər problemi haqqında bir sıra əsərlər yazmışdır. Onun qardaşlarından təkcə biri – Oras de Sössür (1859-1926) elmlə maraqlanmamış, portretist və peyzajist rəssam olmuşdur; onun F.de Sössürün yağlı boya ilə çəkdiyi şəkli indi də durur.
F.de Sössürün elmi təxəyyülünün müəyyənləşməsində A.Piktenin böyük rolu olmuşdur. Sössürün uşaqlıq illərində Pixte Cenevrə yaxınlığından yaşayırdı. Sössürün qoca dilçi ilə söhbətləri onda dilçiliyə həvəs oyatmışdı (Pixte dilçilik palentologiyasının banisidir). Pikte Sössürün təkcə dilçilik görüşlərinin deyil, həm də fəlsəfi görüşlərinin formalaşmasında böyük rolu oynamışdır (Pikte Hegelin dosur olmuşdur). Sössürün antinomiyalarının formalaşmasında Hegelin görüşlərinin (Pikte vasitəsilə) təsiri az olmamışdır.
F.de Sössür 14 yaşında intellectual qabiliyyətini göstərmişdir [5]. 1872-ci ildə 15 yaşlı Sössür dilin ümumi sisteminin tədqiqinə həsr edilmiş bir əsər yazır: müəllif öz xatirələrində bir yerdə onu “Dillər haqqında tərbiyə”, başqa yerdə “Dilin ümumi sistemi” adlandırır. Əsər bizə çatmamışdır, lakin Ş.Balli onu əlində tutmuş və iki dəfə (Sössür haqqında nekroloqda və “Dil və həyat” əsərində) ondan sitat gətirmişdir. Məktəb illərində Sössür yunan və latın dillərindən əlavə sankrit dilini də öyrənir. 1873-cü ildə 16 yaşlı gimnazist Sössür hind-Avropa dillərində burun sonantı haqqında fərziyyə irəli sürür, lakin bunu uşaq əyləncəsi sayıb elan etmir; üç il sonra Bruqman analoji kəşfini elan edir.
1875-ci ildə Sössür Cenevrə universitetinə daxil olur, fizika və kimya üzrə mütəxəssis olmağa hazırlaşır; dilçilik və hind-Avropa dilləri ilə məşğul olmağa, demək olar ki, vaxtı qalmır. O, 1877-ci ildə “Hind-Avropa (ulu) dilində müxtəlif a haqqında” adlı əsər yazır; bu əsərdə burun sonantı haqqında bir söz belə yoxdur. “Memuar”da Sössür yazır ki, Boppun qrammatikasını oxuduqdan sonra o, burun sonantı fikrindən əl çəkmişdi. Bruqmanın kəşfindən sonra buna heyifsilənmişdi. Ümumiyyətlə, Sössürdə öz yazdıqlarına laqeyd qalmaq xasiyyəti var idi: gəncliyində o, burun sonantı fərziyyəsindən əl çəkmiş, yaşlı vaxtında “Ümumi dilçilik kursu”nu çap etməkdən imtina etmişdi, onun arxivində anaqramlar haqqında 99 dəftər, “Kurs” haqqında üç nazik dəftər vardır.
1876-cı ilin oktyabr ayında Sössür Cenevrəni tərk edib Leypsiq şəhərinə gəlir. Sössürün təhsilini davam etdirməsi üçün Leypsiq universiteti təsadüfi seçilmişdi. Ancaq məhz bu dövrdə Leypsiq şəhərində dilçilərin güclü özəyi formalaşmaqda idi. Bopp məktəbinin son nümayəndəsi Georq Kursius öz yaradıcılığını başa vurmaqda idi, yeni cərəyanın ilk nümayəndəsi Avqust Leskin (1840-1916) Leypsiq universitetində slavyan filologiyası kafedrasına rəhbərlik edirdi. Məhz burada 1878-ci ildə Bruqman və Osthoq yeni qrammatiklərin manifestini elan edir. 1878-ci ilin dekabrında Sössür “Hind-Avropa dillərində saitlərin ilkin sistemi haqqında memuar” adlı əsərini yazır. Sössür bu əsərdə bütöv bir sistemi – saitlər sistemini tədqiq edir. “Memuar” Sössürü dilçilik klassikləri ilə bir sıraya keçirdi. Bu əsər öz dövrünü 50 il qabaqladı. Sössürün bu əsərdə irəli sürdüyü sonant koeffisienti (əmsalı) 1927-ci ildə Y.Kuriloviç tərəfindən parlaq surətdə sübut edildi və “larinqal nəzəriyyəsi” adını aldı.
1878-ci ildə Sössür universiteti bitirir və Berlinə gedir. 1979-ilin sonunda Leypsiqə qayıdır. 1880-ci ilin fevralında “Sanskrit dilində mütləq yiyəlik hal” adlı doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edir. 1880-ci ilin dekabrında Parisə gedir və Paris dilçilik cəmiyyətinin işində fəal iştirak edir. 1882-ci il dekabrın 16-da cəmiyyətin katibinin müavini seçilir. 1881-ci ilin 30 oktyabrında Ali təhsil məktəbinə işə qəbul olunur və noyabrın 5-dən mühazirələrə başlayır. 1881-87-ci illərdə qot və quxarı alman dillərindən, 1887-88-ci illərdə yunan və latın dillərinin müqayisəli qrammatikasında, 1888-89-cu illərdə litva dilindən kurslar aparır. 1889-1890-cı illərdə xəstəliyi ilə əlaqədar olaraq məzuniyyət götürüb Cenevrəyə qayıdır. Fransa qanunlarına görə xarici təbəələr kafedra müdiri ola bilməzdilər. Buna görə də ona Fransaya qayıtdıqdan sonra vətəndaşlığı qəbul etməyi təklif etdilər, o, bu təklifi rədd edir və 1891-ci ildə həmişəlik Cenevrəyə qayıdır[6].
Sössür Cenevrəyə qayıtdıqda onun 34 yaşı vardı. O, Cenevrədə xüsusi olaraq onun üçün təşkil edilmiş hind-Avropa dillərinin və sanskrit dilinin tarixi və müqayisəli qrammatikası kafedrasında ekstraordinar professor vəzifəsini tutur, 1896-cı ildə ordinar professor olur. Onun mühazirə oxuduğu fənləri saysaq, böyük bir siyahı alınar. Bunu da qeyd etmək lazımdır ki, bu fənlər hər dərs ili dəyişirdi. Bundan əlavə o, german dillərindən və sanskrit dilində mühazirələr oxumuşdur. Bu dövrdə o, heç bir əsər yazmamışdır.
1906-cı ildə Vertqeymer ölür. 1907-ci ilin fevralında Sössür onun yerini tutur, universitetdə ümumi dilçilik kafedrasına rəhbərlik edir və bu fəndən mühazirə deməyə başlayır. Məzh bu mühazirələr Seşe və Balli tərəfindən onun ölümündən sonra çap edilmişdir.
Sössür 1912-ci ildə xəstələnir və dərs ilini başa vura bilmir, o yeni dərs ilində də mühazirələrə başlamır. 1913-cü ilin 22 fevralında vəfat etmişdir. Ölümündən sonra onun ardıcılları Ş.Balli və A.Seşe onun mühazirələri əsasında “Ümumi dilçilik kursu” adlı əsərini nəşr edirlər. Sössür bütün ömrü boyu belə bir əsər yazmaq arzusunda olmuş, lakin bunu gücü çatmayan bir iş hesab etmiş, hətta tələbələrinə demişdi ki, belə bir əsər yazmaq üçün özünü hələ hazır saymır.
“Ümumi dilçilik kursu” müəllifinə dünya şöhrəti qazandırdı. Bu əsər dilçilik elmində XX əsrin daxil olduğunu elan etdi. Bu əsər dünyanın bir sıra dillərinə tərcümə edilmişdir. Mübaliğəsiz demək olar ki, müasir dilçilikdə elə bir cərəyan yoxdur ki, onun yaranmasında Sössürün “Ümumi dilçilik kursu”əsərinin təsiri hiss edilməsin.
Sössürün dilçilik konsepsiyasında mühüm yeri dil və nitqi qarşılaşdırması, bir-birindən fərqləndirməsi tutur. Dil və nitqin münasibəti problemini ilk dəfə Sössür irəli sürmüşdü. Sössür dil, nitq və dil fəaliyyətini fərqləndirmək üçün üç fransız terminini - la langue, la parole, la langage terminlərini dilçiliyə daxil edir. Sössür insanın danışmaq qabiliyyətini, bacarığını bütövlükdə nitq fəaliyyəti (langage) adlandırır. Ümumi fenomen olan nitq fəaliyyəti daxilən dil (langue) və nitq (parole) deyə iki yerə ayrılır. Müəllif nitq aktını nitq hesab edir. Dil anlayışı (langue) ümumiyyətlə dil fəaliyyəti anlayışı (langage) ilə uyğun gəlir. Dil dil fəaliyyətinin yalnız müəyyən bir hissəsidir.
Sössürün dili nitq fəaliyyətindən ayırması onun insan haqqında biliklər sistemində yerini müəyyənləşdirməyə gətirdi. Sössür dili işarə sistemi hesab edir. Dil fikir ifadə edən işarələr sistemidir, həm də semiotik sistemlərdən ən mühümüdür. Sössür birinci dilçidir ki, semiologiya haqqında məsələ qaldırdı. Semiologiya cəmiyyətin həyatında işarələrin fəaliyyətini öyrənir. Semiotika sosial psixologiyanın və ümumi psixologiyanın bir hissəsi olmalıdır.
Sössür yazır ki, dili başqa ictimai hadisələrdən onun işarəvi səciyyəsi fərqləndirir, “dil fikir ifadə edən işarələr sistemidir” [7]. İşarə sözünün ikimənalı dərk edilməsini aradan qaldırmaq üçün Sössür bir-birini nəzərdə tutan və eyni zamanda qarşılıqlı şəkildə qarşılaşdıran hər üç məfhumu öz adları ilə adlandırmağı təklif edir. O, təklif edir ki, işarə (signe) sözü bütövlükdə ifadə etmək üçün saxlansın, məfhum və akustik obraz terminləri isə uyğun olaraq işarələnən (signifie) və işarələyən (sifnificant) terminləri ilə əvəz edilsin. Sössür yazır ki, sonuncu iki terminin üstünlüyü ondadır ki, o, həm öz aralarında mövcud olan qarşılaşdırmanı, həm də bütöv və bütövün hissələri arasındakı qarşılaşdırmanı nəzərə çarpdırır, qeyd edir [8]. Dil işarəsinin ixtiyariliyindən danışarkən Sössür işarənin fasiləsizliyi və dəyişkənliyi prinsipi ilə yanaşı işarənin dəyişməzliyi, sabitliyi prinsipi də şərh edir. O yazır ki, əgər ifadə etdiyi məfhuma münasibətdə işarələyən seçimdə sərbəstdirsə, ondan istifadə edən dil kollektivinə münasibətdə azad deyildir [9]. Bu kollektivdən fikrini soruşmadan, dilin seçdiyi işarələyən başqası ilə əvəz edilə bilməz. Ziddiyyətli görünə bilən bu faktı, “məcburi gediş” adlandırmaq olar. Elə bir dilə deyirlər: “Seç!”, elə buradaca əlavə edirlər: “...o, işarəni yox, bax, bu işarəni!” Sössür dildə qəfil dəyişikliyin baş verməməsinin dörd səbəbini göstərir: 1. İşarənin ixtiyariliyi. 2. İşarənin çoxluğu. 3. Sistemin olduqca mürəkkəb səciyyəsi. 4. Hər handı dil innovasiyasına kollektiv ətalətin müqaviməti [10]. Sössürün dilçilik təliminin ana xətti olan dil işarəsi problemi təbii şəkildə dil sisteminin ünsürləri məsələsi ilə əlaqələnir. Dil sisteminin ilkin ünsürlərini o, entite “mahiyyət”, fakt, hadisə” və unite “vahid, hissə” terminləri ilə adlandırır. O, vahid termini ilə real şəkildə müşahidə edilən nitq zənciri seqmentləriniə, fakt termini ilə dil fəaliyyəti hadisələrini adlandırır.
Müasir dilçilik elmində elə bir məktəb və cərəyan yoxdur ki, Sössürün ideyalarının təsirindən kənarda qalsın, sosiolinqvistika və struktur dilçilik cərəyanları isə Sössür ideyalarının tam nüfuzu altında yaranmış və formalaşmışdır. Ferdinand de Sössürün dilçilik elminin inkişafında xidmətlərini belə xülasə etmək olar: 1. Dilçilik tarixində Sössür dilin çoxüzvü olmasını dərk edən ilk tədqiqatçılarından biri olmuşdur. O, başa düşürdü ki, dil bir yox, bir neçə obyekti ehtiva edir. 2. F.de Sössür xarici və daxili dilçiliyi qarşılaşdırır. Sössür göstərirdi ki, dilin daxili quruluşu ilə onun xarici mövcudluğu şəraiti arasında heç bir üzvü, zəruri və bilavasitə əlaqə yoxdur. 3. Dilin sinxron və diaxron öyrənilməsi ideyası Sössür irəli sürmüşdür. O qeyd edir ki, dilin tarixini bilmədən onun daxili mexanizmini öyrənmək və izah etmək olar. 4. F.de Sössür nitq fəaliyyətini dil “langue” və nitqə “parole” ayırırdı. Nitq dilin işlədilməsi nəticəsidir, ayrıca danışma aktının nəticəsidir. Nitq fərdidir, xəttidir, fiziki səciyyələnir. Dil həmin dil kollektivinin bütün üzvləri üçün məcburi olan bir-biri ilə qarşılıqlı əlaqələnmiş işarələrin sistemidir. 5. F.de Sössür dil vahidləri arasında əlaqələrin iki şəklində göstərir: sintaqmatik və assosiativ əlaqələr. Birinci əlaqə dilin sintaqmatik oxunda, yəni nitq axınında vahidlərin bilavasitə yaxınlığına görə assosiasiyası nəticəsində, ikinci əlaqə dilin paradiqmatik oxunda vahidlərin assosiativ oxşarlığı nəticəsində təzahür edir.