Feterston əsir düşərgəsi

Feterston əsir düşərgəsində yaponlar üçün qoyulmuş xatirə lövhəsi. Lövhənin üzərində yapon dilində XVII əsrə aid hayku yazılmışdır.

Feterston əsir düşərgəsi (ing. Featherston prisoner of war camp) – İkinci dünya müharibəsi zamanı əsir düşən yapon əsgərlər üçün Yeni Zelandiyanın Feterston qəsəbəsində yaradılmış əsir düşərgəsi. Burada 800-dən yapon əsir saxlanılmışdır. Onların çoxu Cənubi Sakit okeanda əsir düşən yapon əsgərlər idi.

Əsir düşərgəsi 1943-cü ildə baş vermiş Feterston insidentinə görə tanınır. Yaponlarla mühafizəçilər arasında baş verən qarşıdurma zamanı mühafizəçilər əsirlərə atəş açmış, nəticədə, 48 yapon ölmüşdür.

Tarixi[redaktə | mənbəni redaktə et]

Feterston əsir düşərgəsi 1942-ci ilin sentyabrında ABŞ ordusunun tələbi ilə Feterston qəsəbəsində yaradılmış və yapon əsirlər üçün nəzərdə tutulmuşdur.[1] 1942–43-cü illərdə Yeni Zelandiya hökuməti Quadalkanaldan 868 yapon əsir qəbul etmişdir.[1] Onlar Feterston əsir düşərgəsinə gətirilmiş və burada alaqlama, əkinçilik, mebel hazırlama kimi işlərdə işlədilmişdirlər.[1] Bir çoxu öz taleləri ilə barışsa da, bəzi əsirlər intihar etməyə cəhd etmişdirlər.[1]

25 fevral 1943-cü ildə 240 yapon əsirdən ibarət qrup kompaundlarından çıxmayaraq işləməyəcəklərini bildirmiş və tətil elan etmişdir.[1] Silahlı mühafizəçilər içəriyə daxil olsalar da, yaponlar çıxmaqdan imtina etmişdirlər.[1] Düşərgənin adyutantı əsirlərdən biri olan leytenant Adaçini vurmuş və bunu görən yaponlar mühafizəçilərə hücum etmişdirlər.[1] Atəş əmri verilməməsinə baxmayaraq, mühafizəçilər onlara daş atan yaponlara tüfəngpulemyot tapançalarla atəş açmağa başlamışdırlar.[1] Otuz saniyə çəkən atışmadan sonra 31-i dərhal, 17-si daha sonra olmaqla 48 yapon ölmüş, 74 yapon isə yaralanmışdır.[1] Yeni Zelandiya tərəfindən isə bir nəfər ölmüş, 6 nəfər isə yaralanmışdır.[1]

İnsidentlə bağlı baş tutan hərbi məhkəmə Yeni Zelandiyanın tərəfini dəstəkləmiş, Yaponiya hökuməti məhkəmənin qərarını tanımamışdır.[1]

İrs[redaktə | mənbəni redaktə et]

Müharibədən sonra Feterstona qayıdan ilk keçmiş müharibə əsiri 1974-cü ildə düşərgə ərazisinə gələrək ölən yaponlar üçün büxur yandırmışdır.[1] Yaponiya hökumətinin dəstəyi ilə 1976-cı ildə düşərgə ərazisində memorial yaradılmışdır.[1] Ərazidə yerləşdirilmiş xatirə lövhəsinin üzərində yapon və ingilis dillərində Matsuo Başoya aid hayku yazılıb:[1]

" Seyr et yay otlaqlarını
Geriyə qalan tək şey
Döyüşçülərin arzuları
"

Vinsent Osullivan insident haqqında "Şuriken" adlı pyes yazmış, bu əsər 1983-cü ildə tamaşaya qoyulmuşdur.[1] 2002-ci ildə rəssam Robin Vayt düşərgə haqqında 12 paneldən ibarət işini sərgiləmişdir.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 Copland, Tessa. "Featherston prisoner of war camp". Te Ara - the Encyclopedia of New Zealand (ingiliscə). 2022-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 avqust 2022.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]