Fleşforvard

Fleşforvard (ing. Flashforward) – hekayədəki normal xronoloji ardıcıllığın kənarına çıxaraq, gələcək zamanda baş verəcək və baş verməsi gözlənilən bir hadisənin göstərilməsi. Hekayə nəqletmə texnikası olan fleşforvard ədəbiyyat, kino və televiziya kimi bir çox sahələrdə istifadə olunur.[1]

Fleşforvard səhnələrinə gələcəkdə olması gözlənilən, arzulanan və ya xəyal edilən hadisələrin göstərilməsi üçün tez-tez istifadə olunur. İstifadə edilməsinin əsas məqsədi oxucu/izləyicidə maraq oyatmaq və "Nələr oldu?", "İşlər necə oldu da bu nöqtəyə gəlib çıxdı?" kimi suallar verməsini təmin etməkdir. Beləliklə, oxucu/izləyici heç bir detalı qaçırmamaq və əlaqələri tapmaq üçün mövcud zamanı diqqətlə izləyəcəkdir. Fleşforvard texnikasının digər bir istifadə məqsədi isə oxucu/izləyiciyə yeni bir baxış bucağı qazandırmaqdır. Bu, sevilməyən personajı simpatik hala gətirmək və ya personajların etdikləri seçimlərin ehtimal olunan nəticələrini göstərmək surətilə hadisələri dərinləşdirmək kimi məqsədlər üçün də istifadə oluna bilər.[1]

  • "Bir Milad nəğməsi"Çarlz Dikkensin bu romanında baş qəhrəman Ebenezer Skruc ölümündən sonra baş verəcək hadisələrə şahidlik etməkdədir.
  • "Ölüm zonası"Stiven Kinqin bu romanında başına gələn bir avtomobil qəzasından sonra xüsusi qabiliyyət əldə edən Con Smit gələcəyi görməyə başlayır (bir siyasətçi ilə əllə görüşdükdən sonra nüvə müharibəsini görməsi kimi).
  • "Demonla qaçmaq"Terri Bruksun "Söz və vakum" seriyasına aid bu romanındakı Con Ross personajı yuxularında gələcəyi (eləcə də, keçmişi) görə bilir.
  • "Xanım Cin Brodinin çiçəklənmə vaxtı"Muriyel Spark bu romanında tez-tez fleşforvard texnikasından istifadə etmişdir. Roman 1930-cu illərin Edinburqunda 10 yaşlı Sendi, Roz, Meri, Cenni və Yunis adlı 6 qız şagirddən və müəllimləri Cin Brodidən bəhs edir. Ən əsas fleşforvardların birində uşaqlardan birinin xəyanət edərək Cin Brodinin müəllimlik karyerasının bitməsinə səbəbkar olmasına səbəb olur və bu, oxucunu şagirdin kim olması mövzusunda maraqlandırmasına səbəb olur.
  • "Qırğın Nömrə Beş"Kurt Vonnequtun bu romanında baş personaj Billi Pilqrim zamanda itərək həyatının keçmiş və gələcək hissələrini ziyarət edir. Gələcək səhnələrinin hər biri fleşforvarddır.
  • "Onlar atları da vururlar, elə deyil?"Sidni Pollakın bu filmində Robert Sivertonun həbsxanaya atılma səhnəsi fleşforvarddır. Məqsəd o vaxta qədər heç bir pis şey etməyən Robertin niyə bu vəziyyətə düşdüyü haqqında izləyicidə maraq oyatmaq idi.
  • "Şerlok Holms" – Qay Ritçinin 2009-cu il istehsalı bu filmində Şerlok Holmsun döyüş səhnələri zamanı həmlələri fleşforvard texnikası ilə qabaqcadan izləyicilərə çatdırılır. Məqsəd izləyicidə maraq oyatmaq deyil, personajın şəxsiyyətinin formalaşdırılmasında töhfə vermək idi.
  • "Terminator 2"Ceyms Kemeronun bu filmində fleşforvard səhnəsi kimi Skynet-in uğurlu olması vəziyyətində 2029-cu il göstərilmişdir.
  1. 1 2 "Geek Terminoloji – Flashforward Nedir?". Kahramangiller (türkcə). 31 oktyabr 2017. 2017-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 noyabr 2017.