Fransız klassisizmi

Klassisizmin təhsil sistemi başdan-başa antik dövrün və intibah incəsənətinin öyrənilməsini nəzərdə tuturdu. Yaradıcılıq prosesində əsas şərt – qanunlara riayət etmək, süjeti antik tarixdən və ya mifologiyadan götürmək oldu. Avropanın iri dövlətlərində, həmçinin Fransada mütləq hakimiyyətin bərqərar olduğu şəraitdə Fransız incəsənətinin novator ruhu parlaq şəkildə nəzərə çarpmağa başladı. XVII əsrdə mərkəzləşdirilmiş vahid milli dövlət yaratmaq üçün feodal pərakəndəliyinin qalıqlarına qarşı mübarizədə Fransa burjuaziyası müvəqqəti olaraq öz qüvvələrini Kral hakimiyyəti ilə birləşdirdi. Fransadakı mütləq monarxiya şəhərlərdə burjua üsuli-idarəsini Avropanın digər ölkələrinə nisbətən daha sürətlə tətbiq edir, manufakturaların çiçəklənməsinə şərait yaradırdı. Klassisizm – məhz mütləq monarxiya dövrünün məhsuludur. Mütləq monarxiyanın mədəni siyasəti və onun estetik doktrinası olan klassisizm sinfi xarakter daşıyırdı. Monarx sarayları bütün bədii qüvvələri mərkəzi təşkilata tabe etməyə can atırdı. İlk dəfə İtaliyada yaranan bu cür təşkilatlar humanist fikirli insanların könüllü birliyi olan Akademiyalar idi. 1634-cü ildə Parisdə, XIII Lüdovikin dövründə kardinal Rişelye ədəbiyyat və dil sahəsində rəsmi mərkəz olan Fransız akademiyasını yaratmaqla onları mütləq hakimiyyət alətinə çevirdi və klassisizm aparıcı üslub oldu. Bu, ilk növbədə, faciə janrında öz əksini tapdı. XVII əsrin II yarısında Fransada mütləqiyyət bərqərar oldu, feodalizm qalıqları yox edildi. Avropa mütləqiyyətinin zirvəsi sayılan Kral XIV Lüdovikin sarayı mədəni mərkəzə çevrildi. XIV Lüdovikin iqamətgahı olan Versal yeni zadəgan mədəniyyətinin mərkəzi oldu. 1648-ci ildə rəssamlıq və heykəltəraşlıq üzrə Kral Akademiyası, 1671-ci ildə isə Memarlıq Akademiyası yaradıldı. Fransa incəsənəti çiçəklənməyə başladı. Kral sarayının mədəniyyətə böyük təsiri oldüğündan XVII əsr Fransasını çox vaxt «XVI Lüdoviq üslubu» adlandırırlar. Bu üslub italyan barokkosuna bənzəməyən fransızsayağı barokkodur. Onun əsas xüsusiyyəti klassisizmlə sintezdə olmasıdır.

«Klassisizm» adını bu cərəyana XVIII əsrin sonu – XIX əsrin əvvəllərində romantizmin nümayəndələri vermişlər. Rüşeymləri intibah dövründə İtaliyada yaranan bu üslub Fransada şair Malerb və nasir Keyz de Balzak tərəfindən əsaslandırılıb. Şaplen, abbat Dubinyak, Bualo, Filebyen və b. fransız klassisizminin nümayəndələridir. Simon Buye Fransa saraylarında bu dövrdə rəsmi incəsənət olan barokkonun başçısı idi. Barokko ilə yanaşı klassisizm və pealizm də formalaşır. Məşhur rəssamlardan qrotesk ustası Kallo, Corc de La Tur, Lenen qardaşları realizm ənənələrini davam etdirir. N.Pussen Fransa təsviri sənətində klassisizm cərəyanının əsasını qoyur. Müasirləri içərisində yalnız mənzərə ustası Klod Lorrenin adı onunla yanaşı çəkilə bilər. XVII əsrdə Fransada rəssamlıq ədəbiyyat qədər xaricdəşöhrət tapmır. Təsviri sənətdə irəliləyiş etmək üçün Fransanın Bədii Akademiyasına virtuoz sənətin formal qaydalarını işləmək tapşırılır. O dövrün məşhur bədii tənqidçisi Frear de Şambre «Rəngkarlığın təkmilləşdirilməsi ideyası» (1662) əsərində incəsənətin kortəbii inkişafına qarşı çıxırdı. Təsvirin daha yaxşı metodlarını tapmaq üçün incəsənət tarixinin dəqiq təhlilinə nail olmaq lazım idi. Dahi Roce de Pil hər bir rəssamın müvəffəqiyyətini əks etdirən riyazi cədvəl də tərtib etmişdi. Fransız Akademiyası dahi rəssamlar və onların şagirdlərinin iştirakı ilə Luvrda Kral kolleksiyasından olan əsərləri təhlil edən iclaslar keçirirdi. Rəssamlardan Lebren bu işdə daha çox şöhrət qazanmışdı. O, Pussenin əsərlərini Frearın təklif etdiyi təsnifata uyğun təhlil edirdi. Təhlil zamanı Roce de Pilin «Rəssamların müqayisəsi» (1708) və Tetlenin «Qaydalar külliyatı» (1680) adlı əsərlərindən də istifadə edilirdi.

Göründüyü kimi, o dövrdə təsviri sənət müəyyən kodekslərə məruz qalır, rəssam qarşısında əsərin ideyası və süjeti ilə əlaqədar müəyyən şərtlər qoyulurdu. Buna görə də hər cür alleqoriyalar yüksək qiymətləndirilirdi, çünki bunlarda az və ya çox dərəcədə şərti götürülmüş həyat obrazları bilavasitə ümümi ideyaları ifadə edirdi. Ən «yüksək» janr – tarixi janr idi. Bura antik mifologiya, məşhur bədii əsərlərin süjetləri, Bibliya və s. süjetlər aid idi. Portret, peyzaj, real həyat səhnələri «kiçik janrlar» sayılırdı, məsələn, natürmort ən əhəmiyyətsiz janr hesab olunurdu. Obrazların ifadəliliyi daha dəqiq təhlil edilməyə başladı. Lebren poza, mimika və jestlərin insanın daxili aləmini düzgün ifadə edə bilməsi ilə əlaqədar bir sıra qaydalar işləyib hazırladı. Bədənin proporsiyası antik kanonlara uyğun olmalı idi. Lebren və Filebyen hesab edirdilər ki, rəngkarlıqda rəsm koloritdən üstün olmalıdır. Real həyat cizgiləri yalnız ikinci dərəcəli personajlara aid ola bilər, məsələn, nökərlərə, əsgərlərə və s. Fiqurların düzülüşü və hərəkəti əsas məqsədə tabe olmalıdır. Təsadüfi, özünəməxsus, real həyat cizgiləri əsas – rasional fikirdən yayındıran, boş təfərrüat sayılırdı.

Məşhur rəssamlar və sənət nəzəriyyəçtlərini birləşdirən Akademiyalar əsasən mütərəqqi əhəmiyyətə malik olsalar da, rəsmi klassisizm çərçivəsində milli mədəniyyət müəyyən məhdudiyyətə məruz qalırdı. Antik dövrdə, xüsusən Roma nümunələrinə pərəstiş uzaq keçmişdən qalan nağıl və əsatirləri bir çox orta əsr adətlərini, milli ənənələri saxlamış əsl xalq sənəti yolunda bir maneə kimi görünürdü. Saraylar və dövlət məmurlarından asılılıq bədii yaradıcılığın azad inkişafına mane olur, hər cür özbaşınalıq və azad təşəbbüs boğulur, dövlət insandan təcrid olunmuş varlığa çevrilirdi. Borc – insanın əxlaqının əsası sayılırdı. İnsan, gücü çatmadığı qüvvələr tərəfindən məhdudlaşdırılan müəyyən yad norma və qaydalara tabe olmalı idi.

Əgər İntibah dövründə İtaliyada təsviri sənət öndə gedirdisə, klassisizm dövründə Fransada bədii ədəbiyyat, xüsusən dramaturgiya aparıcı rol oynayırdı. Teatrmemarlıq ikinci yerdə dayanırdı. Klassisizm estetikasının həm nəzəri, həm də praktik cəhətdən yaradıcıları – Dekart fəlsəfəsi, Kornel («Melita», «Dul qadın», «Kral meydançası», «Komik illüziya», «Sid», «Edip»), Rasin(«Andromaxa», «Fedra», «Bayazit»), Molyer («Ərlər məktəbi», «Tartüf», «Yalançı xəstə», «Don Cuan») dramaturgiyası, Bualonun poetikası olur. Fransa klassisizmi ən çox Roma incəsənətinin – Vergilinin «Eneidasını», Terensinin komediyalarını, Horatsinin satiralarını, Senekanın faciələrini təqlid edir. Klassisizmə görə, hətta təbiətin özü antik lada uyğun dəyişdirilməli idi. «Antik» dedikdə isə, əsasən Roma bədii mədəniyyəti nəzərdə tutulurdu, çünki o, yunan incəsənətinə nisbətən mütləq monarxiyanın ideallarını daha yaxşı tərənnüm edirdi. Məsələn, Kornelin müsbət qəhrəmanları Avqust və Horatsidir. O, Roma və Bizans tarixinə aid süjetlərə üstünlük verirdi. Rasin də öz faciələrində Roma tarixinə aid materiallara müraciət edir (məsələn, «Britanik», «Berenik»), lakin bununla yanaşı o, yunan tarixinə də maraq göstərir («Fedra», «Andromaxa», «İfigeniya»). Kornel aə Rasin tənqidi çıxışlarında və ön sözlərində dramaturci material əsasında klassisizmin estetik prinsiplərini işləyir.

Öz əsərlərinin tənqidi təhlili ilə məşğul olan dahi fransız dramaturqu Kornel dram nəzəriyyəsinə aid bir sıra kiçik həcmli traktatların da müəllifidir. Sələfləri kimi o da Aristotelin «Poetika»sını şərh edərək, dram sənətinin formal qanunlarını tədqiq etməyə çalışır. Aristotel tərəfindən göstərilən, tragik süjetin 2 əsas prinsipləri olan həqiqətəbənzərlik və zərurət içərisində sonuncuya üstünlük verir. Antik ənənələr qarşısında səcdə etməsinə baxmayaraq, Kornel klassik faciəyə hadisələri çevik inkişafda verən ispan dramının da mühüm elementlərini gətirməyə nail olur.

XVII əsr faciəsi qəhrəmanlıq fəaliyyəti ilə bağlıdır. Burada nə lirika, nə də fəlsəfi düşüncələr yoxdur. Faciə qəhrəmanları çox vaxt bu işə öz arzularının əksinə olaraq qoşulmuşlar. Lakin hadisələr xüsusi qaydalara əsasən açılır. 1630-cu ildən başlayaraq faciə əsərlərindən 3 vəhdət qanununa – zaman, məkan və hərəkətin vəhdətinə riayət olunması tələb edilirdi.

Klassisizmin ən məşhur nəzəriyyəçisi, bu cərəyanın prinsiplərini işləmiş Nikola Bualodur. O öz nəzəriyyəsini «Poeziya sənəti» adlı traktatında, şer dili ilə şərh edib. Bualonu da müəyyən mənada karteziançı adlandırmaq olar. O, Dekart fəlsəfəsindən qidalanaraq incəsənətdə əqlin rolunu yüksək qiymətləndirir. Onun fikrincə, əqli başlanğıc hiss və təxəyyüldən üstün olmalıdır. «Poeziya sənəti» (1674) dörd hissədən ibarətdir. Birinci hissədəşairin vəzifəsindən, mənəvi məsuliyyətindən, poetik sənətə yiyələnməyin zəruriliyindən söhbət açılır. İkinci hissədə lirik janrlar: oda, elegiya, ballada, epiqramma, idilliya analiz edilir. Üçüncü hissədə faciə və komediya janrlarından, dördüncü hissədəşairdən, yaradıcılığın etik problemlərindən danışılır. Bualo antik dövrü, mifologiyanı örnək kimi qəbul etməyi tələb edir. Bualo gözəlliyin obyektiv əsasa malik olmasını söyləsə də, mənbəyini mənəvi varlıqla bağlayır. Ona görə də sənət əsəri təbiətdən yüksəkdə dayanır. Təbiət incəsənətə nümunə ola bilməz. O, təbiəti təqlid etməyə çağırsa da, hesab edir ki, təbiət öz ilkin qabalığından azad olmalı, əqlin fəaliyyəti ilə nizamlanmalıdır. Həqiqətdən kənarda gözəllik yoxdur. Gözəlliyə emosiyalarla yox, ağılla çatırlar. Anlaşılmaz şeylər gözəl ola bilməz. Dini, xristian süjetlər irrasional olduğu üçün incəsənətdən çıxarılmalıdır. Hadisələr vahid zamanda, 24 saat ərzində baş verməlidir. Buna görə də təsvir edilən xarakter dəyişməməlidir, inkişafda verilməlidir. Bualo bu tələblərə riayət etmədiyinə görə ispan dramaturqu Lope de Veqanı tənqid edir, öz dövrünün bədii təcrübəsini isə təqdirəlayiq hesab edir. Doğrudan da Molyerin xarakterləri statikdir, məsələn, Qarpaqon əvvəldən axıra kimi xəsis, Tartüf ikiüzlü və riyakar olaraq qalır.

Klassisizmdə tipik obrazlar fərdi cəhətlərə malik deyillər, tipikləşmə üsulu XVII əsr fəlsəfəsi və təbiətşünaslığı ilə həmahəng olub, metafizik xarakter daşıyır. Bu, bilavasitə mütləq borcu yerinə yetirmək üçün şəxsi mənafeyi ümumiyə tabe etməyi tələb edən klassisist dünyagörüşünün xüsusiyyətlərindən irəli gəlirdi. Klassisistlər şəxsiyyətə pərəstiş prinsipini əsas tutur, kralları əsər qəhrəmanı edir, xalqa isə yalnız «aşağı janr»da-komediyada yer verirdilər ki, bu da tarixi ziddiyyətləri daha düzgün təsvir etməyə mane olurdu. Bu hal Bualoya xas idi. Klassisitlər eyni zamanda incəsənətdə mühüm ideyaların – vətənpərvərlik, borc hissi, eqoist hisslərə üstün gəlmək, qəhrəmanlıq və s.-nin təcəssümünü təbliğ edirdilər. Klassisitlərin normaları nə qədər doqmatik olsa da, onların çoxu bu gün də öz əhəmiyyətini itirməmişdir. Məsələn, tipin xarakteristikasının aydın olması, incəsənətin növ və janrlarına, faciəvilik və komikliyə hədd qoyulması, əsərin kompozisiyasının ahəngdar olması, dilin aydınlığı və ardıcıllığı, təsvir edilənin inandırıcı və həqiqətəbənzər olması tələbləri. Bu tələblər doqmatik bəzək-düzəkdən təmizləndikdən sonra rasional məna əldə edir. Hətta üç vəhdət prinsipində də rasional məzmun yox deyil.

Klassisizmdə janrların iyerarxik bölgüsünə görə «yüksək janrlara» faciə, epopeya, oda, tarix, mifologiya, dini təsvir və s., «aşağı» janrlara isə komediya, satira, təmsil və s. aiddir.

Bədii ədəbiyyatda (Fransada P.Kornelin, C.Rasinin, Volterin faciələri, Molyerin komediyaları, N.Bualonun poema və satiraları, Lafontenin təmsilləri; Almaniyada F.Şiller və Hötenin Veymar dövrü, Rusiyada M.Lomonosovun və Dercavinin odaları, Sumarokovun faciələri) əsas rolu etik kolliziyalar, tipik obrazlar oynayır.

Fransız klassisizmi digər ölkələrin incəsənəti və sənət nəzəriyyəsinə güclü təsir göstərib: İngiltərədə Drayden, Almaniyada Qotşed, İtaliyada Alfyeri, Rusiyada Lomonosov, Fonvizin və b. buna misaldır. Hər bir ölkədə klassisizm doktrinası milli xüsusiyyətlərə uyğun olaraq mənaca dəyişikliyə uğrayırdı.

Mədəniyyət tarixi və nəzəriyyəsi. Ali məktəblər üçün dərslik. Bakı, 2010