Fransa Direktoriyası

Direktoriya, Fransa Direktoriyası (fr. Directoire exécutif, französisch Le Directoire; 26 oktyabr 1795-24 dekabr 1799) Fransa inqilabından sonra Milli Konvent tərəfindən 1795-ci ildə qəbul edilmiş konstitusiyaya əsasən idarəetmə forması, beş nəfərdən ibarət (fr. membres du Directoire) icraedici orqan (Fransa Respublikası Konstitusiyası 1795, bənd 132). Direktoriya üzvülüyünə namizəd Beşyüzlər Şurası (fr. Conseil des Cinq-Cents) tərəfindən irəli sürülür və Ansionlar Şurası (fr. Le Conseil des Anciens Ağsaqqallar Şurası) tərəfindən 5 il müddətinə təkrar seçilməmək şərti ilə seçilir (Fransa Respublikası Konstitusiyası 1795, bəndlər 132, 133, 137 və 138) Direktoriya üzvü 40 yaşından yuxarı, Direktoriya üzvülərindən qohumu olmamaq şərti ilə, Qanunverici Korpusun üzvüləri və nazirlərdən seçilir (Fransa Respublikası Konstitusiyası 1795, bəndlər 135, 136, 139). Hər bir Direktoriya üzvü İcraedici Direktoriyanın prezidenti (fr. président du Directoire) olub (Fransa Respublikası Konstitusiyası 1795, bənd 141), eyni zamanda İcraedici Direktoriyanın katibi (fr. secrétaire du Directoire) seçilir (Fransa Respublikası Konstitusiyası 1795, bənd 143). Direktoriya iclaslarını Qanunverici Korpusda keçirir (Fransa Respublikası Konstitusiyası 1795, bənd 171). Direktoriya iclasının yetərsayı üçün 3 üzvünün iştirakı vacibdir (Fransa Respublikası Konstitusiyası 1795, bənd 142).

Fransa tarixi
Fransa dövlət gerbi
Bu məqalələr ölkə seriyasındandır
Tarixə qədərki Fransa
Antik Fransa
Roma Qalliyası (e.ə. 220481)
Orta əsrlər Fransası
Sülalələr:
Merovinqlər (481751)
Karolinqlər (751987)
Kapetinqlər (9871328)
Valua (13281589)
Burbonlar (15891792, 18141848)
İnqilaba qədərki Fransa
Yüzillik müharibə (1337-1453)
Jakeriya üsyanı (1358)
Nant razılaşması
Fransa mütləqiyyəti (16431789)
Müasir Fransa
Böyük Fransa inqilabı (17891799)
Yakobinlər (17931794)
Konvent (17921795) (Jirondistlər, Montanyarlar)
Əbukir dəniz döyüşü (1798)
Əbukir döyüşü (1799)
Fransa Direktoriyası
Birinci Fransa Respublikası (17921804)
Birinci imperiya (18041814)
Tilsit sülhü (1807)
Burbon restavrasiyası (18141830)
İyul monarxiyası (18301848)
İkinci Fransa Respublikası (18481852)
İkinci imperiya (18521870)
Üçüncü Fransa Respublikası (18701940)
Paris Kommunası (1871)
Dreyfus işi (1894-1906)
Vişi rejimi (19401944)
Fransa Respublikasının Müvəqqəti Hökuməti (19441946)
Dördüncü Fransa Respublikası (19461958)
Beşinci Fransa Respublikası (1958)

Fransa portalı

Direktoriya üzvüləri

[redaktə | mənbəni redaktə et]
Direktoriya üzvüləri

İlk seçkidə seçilmiş Direktoriya üzvləri:

  1. Luis Mari de Larevelyer-Lepo
  2. Şarl Lui Fransua Onore Leturner
  3. Jan Fransua Rebel
  4. Emmanuel Jozef Siyes
  5. Paul Jan Fransua Nikola Barras

Siyes imtina etdiyinə görə onu Karno əvəz etmişdir. Bir il sonra Leturner Direktoriyanı tərk etdiyindən yerini Bartelemi tutur. 4 sentyabr 1797 ci ildə 18 fruktidor çevrilişindən sonra Bartelemi və Karno mühakim olunanlar sırasına düşdüklərindən Merlen və Fransua de Neşto ilə bir ildən sonra sonuncu Trelyar əvəz etmişdir. Daha bir il sonra Rebel 18 iyun 1799 cu ildə növbəti (30 prerial VII il) çevrilişdən sonra Trelyarın (13 ay sonra) seçkisi ləğv olunur, Larevelyer və Marlen istefa vermiş olurlar. Onları Qoye, Roje Dyuko və Mulen əvəz edirlər. Beləliklə 18 bryumer çevrilişinə qədər ilk Direktoriya üzvlərindən Siyes və Barras qalmış olur. 4 il ərzində Direktoriyanın tərkibi 13 üzv ilə dəyişmiş olur.

  1. Barras, Paul Jan Fransua Nikola (1755—1829); üzvülüyü 1795—1799
  2. Jan Fransua Rebel (1747—1807); üzvülüyü 1795—1799
  3. Luis Mari de Larevelyer-Lepo (1753—1824); üzvülüyü 1795—1799
  4. Lazar Nikola Karno (1753—1825); üzvülüyü 1795—1797
  5. Şarl Lui Fransua Onore Leturner (1751—1817); üzvülüyü 1795—1796
  6. Fransua Bartelemi (1750—1830); üzvülüyü 1796—1797
  7. Lui Nikola Nyofşato (1750/56 — 1823); üzvülüyü 1797—1799
  8. Filipp Antuan Merlen (1754—1838); üzvülüyü 1797—1799
  9. Trelyar, Jan-Batist (1741—1810); üzvülüyü 1798—1799
  10. Siyes, Emmanuel Jozef (1748—1836); üzvülüyü 1799
  11. Qoye, Lui Jerom (1746—1830); üzvülüyü 1799
  12. Mulen, Jan Fransua Oqyust (1752—1810); üzvülüyü 1799
  13. Dyuko, Pyer-Roje (1747—1816); üzvülüyü 1799

Fransada dövlət çevrilişi 1794-cü ilin termidor (iyul) ayının 9-da həyata keçirildiyi üçün hakimiyyəti ələ keçirən burjuaziya “termidor burjuaziyası” adlanırdı.Konventdə və hökumətdə termidorçular üstünlük təşkil edirdi. M.Robespyer hökumətinin devrilməsində iştirak etmiş sol yakobinçilərin çoxu Qvianaya sürgün edildi. 73 jirondist deputat Konventə qaytarıldı. Paris Kommunası ləğv edildi. 1794-cü ilin noyabrında Yakobin klubunun fəaliyyəti qadağan edildi. Yakobinçilər, xalq hərəkatının fəalları təqib edilirdi. Parisdə “qızıl gənclər” adlı silahlı dəstələr fəaliyyət göstərirdi. Lion, Nim və Marsel şəhərlərində yüzlərlə inqilab iştirakçısı ağ terrorun qurbanı oldu.

1794-cü ilin dekabrında Fransada “ərzaq maksimumu” ləğv edildi. Qiymətlər və inflyasiya artdı, əhalinin ərzaqla təchizatı pisləşdi. 1795-ci ilin yazında Paris əhalisi aclıqdan əziyyət çəkirdi. Əhali çörək mağazalarının qarşısında gecə növbələrinə dayanırdı. Fransada sosial təbəqələşmə daha da sürətləndi.

1795-ci ilin aprelin 1-də 10 min nəfər Paris zəhmətkeşi Konventin binasına hücüm edib dərhal aclığa qarşı tədbirlər görülməsini, 1793-cü il konstitusiyasının həyata keçirilməsini və həbs olunmuş vətənpərvərlərin azad edilməsini tələb etmişdi. Lakin silahsız xalqın çıxışı ordu tərəfindən asanlıqla yatırıldı. 1795-ci ilin mayın 20-də baş vermiş üsyanda Milli qvardiya batalyonları da iştirak etmişdi. Üsyançılar Konventin binasını ələ keçirmişdi. Konventdə qalan yakobinçilər üsyana rəhbərlik etməyə cəhd göstərdi. Hökumət Parisə 20 min nəfərlik qoşun gətirdi və üsyan yatırıldı. Ölümə məhkum edilən 36 nəfərdən 6-sı yakobinçilərin nümayəndəsi idi.

Termidorçu burjuaziya respublika quruluşunu qoruyub saxlamışdı. Ölkənin müxtəlif yerlərində baş verən royalist qiyamları hökumət qoşunları tərəfindən yatırılırdı.1795-ci ilin iyununda Bretana İngiltərə gəmilərindən çıxarılmış 748 mühacirdən ibarət desant (onlar ingilis əsgəri formasında idi) hökumət qoşunu tərəfindən məhv edildi. 1795-ci ilin oktyabrın 4-də 20 min nəfər silahlı kral tərəfdarı Konventin binasına hücum etdi. Royalist qiyamı N.Bonapartın başçılıq etdiyi hökumət qoşunları tərəfindən yatırıldı.

Fransa ordusu koalisiya qoşunlarına qarşı hərbi əməliyyatları davam etdirirdi. Hərbi əməliyyatlar qonşu ölkələrin ərazisində aparılırdı. 1795-ci ilin yanvarında Polşanın üçüncü bölüşdürülməsindən sonra Avstriya ilə Prussiya arasında ziddiyyətlərin kəskinləşməsi Fransanın xeyrinə idi. 1795-ci ilin aprelin 5-də Fransa ilə Prussiya arasında imzalanmış Bazel sülhünə görə Reyn çayının sol sahilində yerləşən alman torpaqları Fransaya verildi. 1795-ci ilin iyulunda Fransa İspaniya ilə sülh müqaviləsi imzaladı, Hollandiya respublikası Fransadan asılı oldu. 1795-ci ilin oktyabrında Belçika yenidən Fransaya birləşdirildi.

1795-ci ilin avqustunda Konvent Fransanın yeni konstitusiyasını qəbul etdi. Konstitusiyaya görə ölkənin Qanunverici Korpusu 500-lər Şurasından və Ağsaqqallar Şurasından ibarət idi. Ağsaqqallar Şurasının 250 üzvü 40 yaşdan yuxarı olmalı idi. Seçkilər ikimərhələli olub yaş və əmlak senzinə əsaslanırdı. Ölkədə seçicilərin sayı cəmi 30 min nəfər idi. Ali icra orqanı Qanunverici Korpus tərəfindən seçilən 5 nəfərdən ibarət Direktoriya idi.

1795-ci ilin oktyabrın 25-də Konvent öz fəaliyyətini dayandırdı, ölkəni yeni hakimiyyət orqanları idarə etməyə başladı. Qanunverici Korpus üzvlərinin 60%-i termidorçu burjuaziyanı təmsil edirdi. Direktoriyanın fəal üzvlərindən biri 9 termidor çevrilişini təşkil etmiş Barras idi. Direktoriya dövründə müxtəlif maliyyə əməliyyatları nəticəsində burjuaziyanın sərvəti daha da artdı.

1796-1797-ci illərdə  Fransada pul islahatı keçirildi, dəyərdən düşmüş kağız pullar əvəzinə dövriyyəyə metal pullar buraxıldı. Əhalinin maddi vəziyyəti pisləşdi, onların inqilabın yekunlarından narazılığı artdı. Bu şəraitdə ölkədə “Bərabərlik naminə qəsd” adlı hərəkat başlandı. Hərəkata başçılıq edən Baböf “Xalq tribunu” adlı qəzetin redaktoru idi. O xalqın iqtisadi vəziyyətinin yaxşılaşması tərəfdarı olub radikal sosial ideyaların, o cümlədən kommunizm ideyalarının fəal təbliğatçısı idi. Q.Baböfün dünyagörüşünün formalaşmasına Yakobin diktaturası böyük təsir göstərmişdi. “Bərabərlik naminə qəsd” hərəkatının məqsədi inqilab yolu ilə ölkədə kommunizm cəmiyyəti yaratmaq idi. “Kamil bərabərlik” cəmiyyətinin əsasını təşkil edən milli icmada xüsusi mülkiyyət olmamalı, bütün vətəndaşlar ictimai faydalı əməklə məşğul olmalı idi. İstehsal olunmuş məhsullar ümumi anbarlara yığılıb ciddi bərabərlik əsasında bölünməli idi. Ölkəyə lazım olan məhsulların miqdarını dövlət müəyyən etməli, işin növü və ixtisaslar üzrə işçi qüvvəsini bölməli idi. “Kamil bərabərlik” cəmiyyətinə keçid dövründə ölkədə zəhmətkeşlərin inqilabi diktaturası yaradılmalı idi. Fransada hələ sənaye çevrilişi başlanmamışdı, ona görə bərabərçilər kommunizmi aqrar və sənətkarlıq cəmiyyəti kimi təsəvvür edirdilər.

1796-cı ilin yazında Q.Baböfün tərəfdarları üsyana hazırlaşmaq üçün gizli İctimai Nicat Direktoriyası adlı təşkilat yaratdılar. Təşkilatın üzvləri fəhlələr və əsgərlər arasında iş aparırdı və xüsusi Hərbi komitə yaratmışdı. 1796-cı ilin mayında hərəkatın rəhbərləri həbs edildi. 1797-ci ilin mayında hərəkata rəhbərlik edən Baböf və Dante edam edildi.

Direktoriya rejiminin ilk illəri Fransanın koalisiyaya qarşı uğurları ilə səciyyəvi idi. Fransa ticarət və müstəmləkə sahəsində İngiltərənin rəqabətini zəiflətməyə və yeni ərazilər işğal etməyə çalışırdı. 1796-cı ilin aprelində Fransa hökuməti N.Bonapartın başçılığı altında Şimali İtaliyaya qoşun göndərdi. Fransa qoşunları əvvəlcə Pyemont ordusunu, mayın 10-da Avstriya ordusunu məğlub etdi və mayın 15-də Milana daxil oldu.

1796-cı ilin noyabrında Arkol döyüşündə, 1797-ci ilin yanvarında Rivoli döyüşündə Avstriya qoşunlarını məğlub edən Fransa ordusu Avstriya ərazisinə daxil oldu. 1797-ci ilin oktyabrın 17-də Kampo-Formio yaxınlığında Avstriya ilə Fransa arasında sülh müqaviləsi imzalandı. Avstriya Belçikanın və Reynin sol sahilinin Fransa tərəfindən işğalını tanıdı. Venetsiya respublikası Avstriya ilə Fransa arasında bölündü: Venetsiya, İstriya və Dalmatsiya Avstriyaya, İonik adaları Fransaya verildi. Şimali və Mərkəzi İtaliyada Fransadan asılı respublikalar yaradıldı. Fransa generallarının İtaliya ərazisində topladığı təzminatın bir hissəsi Parisə göndərildi. İtaliya muzeylərində olan qiymətli əşyalar Fransaya aparılırdı. İsveçrədə Fransadan asılı respublika yaradıldı, Cenevrə şəhəri Fransaya birləşdirildi.

Kampo-Formio sülhünün imzalanması ilə Fransaya qarşı yaradılmış birinci koalisiya dağıldı. Yalnız İngiltərə dənizdə müharibəni davam etdirirdi. Direktoriya Britaniya adalarına desant çıxartmaq haqqında hərbiçilərin təklifini qəbul etmədi.

1798-ci ilin mayında Fransa hökuməti Osmanlı imperiyasının müstəmləkəsi olan Misirə 38 min əsgər və zabit göndərdi. Misir Hindistana aparan yolun üzərində əlverişli mövqedə yerləşirdi. Fransanın məqsədi Yaxın Şərqdə İngiltərənin mövqeyini zəiflətmək idi. N.Bonapartın başçılıq etdiyi Fransa qoşunları Qahirə yaxınlığında Misir paşasının qoşunlarını məğlub edib Suriyaya doğru hərəkət etdi. Suriyada məğlub olan Napoleon əsgərlərinin 1/3-ni itirdi. Admiral Nelsonun başçılıq etdiyi İngiltərə eskadrası Misirin Abukir limanında dayanmış Fransa gəmilərini batırdı.

1798-ci ildə Fransaya qarşı İngiltərə, Rusiya, Avstriya, İsveç, Türkiyə və Neopolitanın iştirakı ilə ikinci koalisiya yaradıldı. 1799-cu ilin yayında A.Suvorovun başçılığı altında Rusiya və Avstriya qoşunları Şimali İtaliyada Fransa ordusunu məğlub etdi. Admiral F.Uşakovun başçılıq etdiyi Rusiya eskadrası İonik adalarını Fransa işğalından azad etdi. 1799-cu ilin payızında Rusiya öz qoşunlarını İtaliya ərazisindən çıxartdı. Fransa yenidən Şimali İtaliyanı işğal etdi. Müharibə Fransada daxili siyasi vəziyyətə böyük təsir göstərdi.

Direktoriya dövrü Fransada iqtisadi və siyasi vəziyyətin qeyri-sabitliyi ilə fərqlənirdi. İstehsal edilən sənaye məhsulunun həcmi 1789-cu il səviyyəsinin 60%-nə bərabər idi. Xarici ticarətin həcmi 50% azalmışdı. İqtisadi vəziyyətin pisləşməsi aparılan müharibələr, İngiltərənin dənizdən Fransanı mühasirəyə alması, dəniz ticarətinin zəifləməsi və ağır maliyyə böhranı ilə bağlı idi.

Xalqın narazılığının artması burjuaziyanı narahat edirdi. Hökumət yakobinçilərə, royalistlərə və respublikaçılara qarşı mübarizə aparırdı. 1797-ci ildə Qanunverici Korpusda monarxiya tərəfdarlarının sayı artdı. İnqilab dövründə Fransada zadəganlara və ruhanilərə qarşı qəbul edildmiş qanunlar ləğv olundu, respublika klubları  bağlandı.

1797-ci ilin sentyabrın 4-də Direktoriya İngiltərə və mühacirlər tərəfindən hazırlanmış qəsdin qarşısını almaq məqsədilə çevriliş etdi. Qanunverici Korpusda royalistləri təmsil edən 177 deputatın səlahiyyətləri ləğv edildi, mühacirətdən qayıdan zadəganlara və ruhanilərə qarşı cəza tədbirləri gücləndirildi. 1798-ci ilin yazında Qanunverici Korpusa seçkidə respublikaçı demokratlar üstünlük qazandı. Bu hadisədən narahat olan Direktoriya  “yakobin qəsdinin” qarşısını almaq adı ilə 106 sol deputatın mandatını ləğv etdi.

“Yelləncək siyasəti” Direktoriya rejiminin zəifliyini göstərirdi. Ölkədə Direktoriyanın sosial bazası zəifləmişdi.Sabitliyi təmin etmədiyinə görə burjuaziyanın çox hissəsi Direktoriyadan narazı idi.

Şimali İtaliyadakı hərbi uğursuzluqlar Direktoriyanın böhranını sürətləndirdi.Müxalifət həm də ikinci koalisiya qoşunlarının Fransaya hücum etməsindən narahat idi. Royalist qiyamlarının sayı artdı. İri burjuaziya həm xalq hərəkatının, həm də monarxiyanın bərpası uğrunda mübarizənin qarşısını almağa qadir olan güclü hakimiyyət yaradılmasını tələb edirdi.

İri burjuaziya ordunun köməyi ilə Direktoriya rejimini devirmək üçün plan hazırladı. Dövlət çevrilişinə general N.Bonapart başçılıq etməli idi. 1799-cu ilin noyabrın 9-da N.Bonapartın göstərişi ilə Qanunverici Korpusun iclası şəhərin kənarında yerləşən Sen-Klu qəsəbəsinə keçirildi. Noyabrın 10-da 500-lər Şurasının iclasına gələn N.Bonapart deputatları Sen-Kluya getməyə məcbur etdi. 500-lər Şurası Direktoriyanın ləğvi və hakimiyyətin N.Bonapart başda olmaqla üç konsula keçməsi haqqında qərar qəbul etdi. Qanunverici Korpusun palatalarının əvəzinə konstitusiya hazırlamaq üçün iki komissiya yaradıldı. Konstitusiya layihəsi plebisitdə təsdiq edilməli idi.

1799-cu ilin dekabrında Fransanın yeni konstitusiyası qəbul edildi. İcra hakimiyyəti geniş səlahiyyətləri olan üç konsula məxsus idi. N.Bonapart birinci konsul idi. Birinci konsul 10 ilə seçilirdi. 21 yaşlı bütün kişilərə seçki hüququ verildi. Seçkilər ikimərhələli idi. Belə ki, seçicilər deputatlığa namizədləri seçirdi, sonra hökumət onların arasından həm yerli idarə, həm də ali qanunverici orqanın üzvlərini seçirdi. Qanunverici hakimiyyəti təmsil edən Dövlət Şurası, Tribunat və Qanunverici Korpus icra hakimiyyətindən asılı idi. Qanun layihələri həmin orqanlardan keçib Senata daxil olurdu. Senatın üzvlərini Napoleon təyin edirdi, sonra qanunu birinci konsul təsdiq etməli idi. Qanunvericilik təşəbbüsü hökumətə məxsus idi. Konstitusiyaya görə birinci konsul qanun layihəsini birbaşa Senata təqdim edə bilərdi.

Fransada Napoleonun şəxsi hakimiyyət rejimi qurulmuş, eyni zamanda inqilabın əsas nailiyyətləri saxlanılmışdı. Konstitusiya inqilab nəticəsində torpaq ələ keçirənlərin hüquqlarını təsdiq etmişdi. Yeni konstitusiya plebisitdə bəyənildi. 1802-ci ildə keçirilən plebisitdən sonra birinci konsul vəzifəsi ömürlük oldu. Birinci konsul varis təyin etmək, Qanunverici Korpusu buraxmaq, sülh müqavilələrini təsdiq etmək hüququna malik idi. 1802-ci ildə Napoleonun ad günü milli bayram elan edildi, 1803-cü ildə  dövriyyəyə üzərində onun əksi olan pul buraxıldı.

Səlahiyyətləri

[redaktə | mənbəni redaktə et]
  • Silahlı qüvvələrə rəhbərlik (Fransa Respublikası Konstitusiyası 1795, bənd 144);
  • Ali baş komandan təyin etmək (Fransa Respublikası Konstitusiyası 1795, bənd 146);
  • Nazirləri təyin etmək (Fransa Respublikası Konstitusiyası 1795, bənd 148);
  • Birbaşa vergi yığanların təyini (Fransa Respublikası Konstitusiyası 1795, bənd 153);
  • Dolayı vergi yığan idarənin rəisinin təyini (fr. chef aux régies des contributions indirectes)(Fransa Respublikası Konstitusiyası 1795, bənd 154);
  • Milli məhəllə administrasiyasını təyin etmək (fr. l’administration des domaines nationaux) (elə orada);