Fuad İsgəndərov (tam adı:Fuad Eldar Oğlu İsgəndərov; d. 6 avqust 1961, Bakı, Azərbaycan SSR) — Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı və Lixtenşteyn Knyazlığında Fövqəladə və səlahiyyətli səfiri.
Fuad İsgəndərov | |
---|---|
26 iyul 2021[1] – Hal-hazırda | |
Əvvəlki | Xanım İbrahimova |
29 noyabr 2021 – Hal-hazırda [2] | |
Əvvəlki | Xanım İbrahimova |
25 sentyabr 2012 – 26 iyul 2021[1] | |
Sonrakı | Vaqif Sadıqov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 6 avqust 1961 (62 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | diplomat |
Vikianbarda əlaqəli mediafayllar |
O, bundan öncə Azərbaycan Respublikasının Belçika Krallığında fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda Azərbaycan Respublikasının Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı olmuşdur.[3][4]
Fuad İsgəndərov orta məktəbi müvəffəqiyyətlə bitirmişdir. Eyni ildə Kiyev Milli Universiteti Beynəlxalq Əlaqələr və Beynəlxalq Hüquq İnstitutuna qəbul edilmişdir. 1983-cü ildə həmin universitetin Beynəlxalq iqtisadi münasibətlər / İngilis dili üzrə tərcümə fakültəsini bitirmişdir. Bundan əlavə, o, müxtəlif təlim kurslarında iştirak etmişdir. 1999-cu ilin noyabr ayında Macarıstanın paytaxtı Budapeşt şəhərində Beynəlxalq Hüquq-Mühafizə Akademiyasının Böhranların idarə edilməsi üzrə ixtisasartırma təlim proqramına qoşulmuşdur.[5]
Daha sonra isə 2001-ci ildə ABŞ-nin Harvard universitetinin C.F. Kennedi İdarəçilik Məktəbinin Qara Dəniz ixtisasartırma proqramının iştirakçısı olmuşdur. 2002-ci ilin iyul ayında ABŞ Dövlət Departamenti, ABŞ Ədliyyə Nazirliyi tərəfindən təşkil edilən qanunvericilik üzrə icra kurslarında iştirak etmişdir. 2006-cı ilin yanvar ayında Corc Marşal adına Avropa Təhlükəsizlik Araşdırmaları Mərkəzinin Milli Hərbi Strategiya üzrə Seminarında iştirak etmişdir.[5]
Rus, ingilis və türk dillərində sərbəst danışır.[5]
Fuad İsgəndərov 1983–1986-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Siyasi iqtisadiyyat kafedrasında aspirant elmi işçi və dosent vəzifəsində çalışmışdır. Bundan əlavə, 1984–1985-ci illərdə Azərbaycan Dillər Universitetinin Tərcümə nəzəriyyəsi kafedrasında müəllim vəzifəsində fəaliyyət göstərib. Uzun müddətdən sonra o, 2000–2003-cü illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəlxalq hüquq kafedrasında müəllim vəzifəsində çalışmışdır.
Fuad İsgəndərov 1986–1995-ci illərdə hərbi xidmətdə olmuşdur. 1995-ci ilin aprel ayında Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin İnformasiya və təhlil idarəsinin rəisi vəzifəsində işə başlamışdır. 2002–2006-cı illərdə Azərbaycan Respublikasının milli təhlükəsizlik nazirinin müavini vəzifəsində çalışmışdır. 2006-cı ildə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, 2006–2007-ci illərdə isə Azərbaycan Respublikasının YUNESKO üzrə Milli Komissiyasının baş katibi olmuşdur.[5]
Fuad İsgəndərov 2007-ci ildən 2012-ci ilədək Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri olmuşdur. 2012-ci il sentyabrın 25-dən 26 iyul 2021-ci ilədək Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğunda fövqəladə və səlahiyyətli səfiri, Azərbaycan Respublikasının Avropa İttifaqı yanında Nümayəndəliyinin rəhbəri olmuşdur.[3][4] 26 iyul 2021 tarixindən Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı Fövqəladə və səlahiyyətli səfiridir.