Fuad Allahverdi oğlu Bağırov (3 noyabr 1991; Şirvan, Azərbaycan — 1 fevral 2022; Alagöllər, Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, Vətən müharibəsi iştirakçısı, şəhid.
Fuad Bağırov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Şirvan, Azərbaycan |
Vəfat tarixi | (30 yaşında) |
Vəfat yeri | Alagöllər, Kəlbəcər rayonu, Azərbaycan |
Dəfn yeri | Şirvan Şəhidlər Xiyabanı |
Vətəndaşlığı | Azərbaycan |
Atası | Allahverdi Bağırov |
Təhsili | Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2009—2022 |
Rütbəsi | Baş leytenant |
Döyüşlər | |
Təltifləri |
Fuad Bağırov 3 noyabr 1991-ci ildə Şirvan şəhərində anadan olmuşdur. 1998-2009-cu illərdə Mübariz İsrayılov adına Şirvan şəhər 18 nömrəli tam orta məktəbdə, 2009-2013-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil almışdır. Ailəli idi, 1 oğul və 1 qızı yadigar qaldı.
Fuad Bağırov 2013-cü ildə "leytenant" rütbəsində Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmətə başlamışdır.
2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başlamışdır. Tarixə Aprel döyüşləri olaraq yazılan döyüşlər zamanı Fuad Bağırov zabit olaraq döyüşlərdə iştirak etmişdir. Gecə döyüşləri zamanı Cəbrayıl rayonunun Lələtəpə istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Lələtəpə zirvəsi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmuşdur. Həmin döyüşlərdə Ermənistanın müdafiə naziri Seyran Ohanyan tərəfindən qurulan və Ermənistan Ordusunun "yenilməz Ohanyan xətti" olaraq tanınan müdafiə xətti 40 dəqiqə ərzində darmadağın edilmişdir.
Müharibədən sonra Fuad Bağırov qısa zamanda "baş leytenant" rütbəsinə yüksəlmişdir.
Azərbaycan Ordusunun baş leytenantı olan Fuad Bağırov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində rabitəçi olaraq iştirak etmişdir. Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur.
Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Fuad Bağırov "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.[1]
Fuad Bağırov müharibədən sonra Kəlbəcər rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmətinə davam etmişdir.
29 yanvar 2022-ci ildə Kəlbəcər rayonunun Alagöllər sahəsində hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən 3 hərbi qulluqçu ilə birgə itkin düşən[2] Fuad Bağırov 3 gün müddətində axtarılmış, onun axtarışı aidiyyəti qurumlar tərəfindən davam etdirilmişdir.[3] Onun nəşi 31 yanvar 2022-ci ildə tapılmış[4] və ertəsi gün Şirvan Şəhidlər Xiyabanında dəfn edilmişdir. Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi Anar Eyvazov Fuad Bağırova şəhid statusunun verildiyini açıqlamışdır.
Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.06.2022-ci il tarixli Sərəncamına əsasən Fuad Bağırov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[5]