Gülşən Əkbərova (5 mart 1953, Bakı) — Azərbaycan Respublikasının əməkdar artisti (2006), ssenari müəllifi, aparıcı, redaktor, Azərbaycan televiziyasının ilk diktor-jurnalisti.
Gülşən Əkbərova | |
---|---|
Doğum tarixi | 5 mart 1953 (71 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | diktor, televiziya aparıcısı, ssenarist |
Mükafatları |
Əkbərova Gülşən Məmməd qızı 1953-cü il martın 5-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. Atası əslən Ordubadlı yazıçı-jurnalist Məmməd Əkbər 50 il Azərbaycan mətbuatında şərəflə, vicdanla xidmət edib.
Gülşən Əkbərova 1960-cı ildə Bakıdakı Qırmızı Əmək Bayrağı ordenli 190 nörmrəli orta məktəbə qəbul edilib. Həmin ildə paralel olaraq Bakıdakı 1 nömrəli musiqi məktəbinin fortepiano sinfinə də daxil olur və 1968-ci ildə orta musiqi təhsilini müvəffəqiyyətlə başa vurur.1970-ci ildə 190 nömrəli orta məktəbi fərqlənmə ilə bitirib, S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika fakültəsinə daxil olub. Uşaqlıqdan əhatəsində böyüdüyü ədəbi mühit, söz-sənət ab-havası onu atasının yolunu davam etdirməyə təhrik etdi.
Telejurnalistikaya sonsuz həvəsi elə ilk tələbəlik illərindən onu televiziyaya bağlayır. 17 yaşından ştatdankənar müxbir kimi ilk qələm təcrübəsini o zaman televiziyada hazırlanan "İlham", "Sabahın ustaları", "Dostluq", "Efirdə gənclik" verilişlərində sınamağa başlayır. 1971–1975-ci illərdə müəllifi və aparıcısı olduğu "Yaşıdlarım", "Romans axşamı", Azərbaycan televiziyasının ilk canlı şou proqramı "Tələbə klubu" az vaxtda ona populyarlıq gətirdi.
1975-ci ildə jurnalistika fakültəsində ali təhsilini müvəffəqiyyətlə başa vuran Gülşən Əkbərova, Azərbaycan Dövlət Teleradio Verilişləri komitəsinin tələbnaməsinə əsasən təyinatla 1975-ci il aprelin 1-də Azərbaycan televiziyasına işə götürülür. Təəccüblü olsa da onun ilk iş yeri televiziyanın diktorlar şöbəsində oldu. O zaman jurnalist ixtisasıyla ştatda baş yer olmadığından televiziyanın rəhbərliyi Gülşən Əkbərovanın tələbəlik dövründəki 5 illik efir təcrübəsini nəzərə alaraq onu müsabiqəsiz diktorlar qrupuna daxil edir. O, yeni sənətin – diktorluğun incəliklərinə yiyələndikcə tamşaçı auditoriyası qarşısındakı böyük məsuliyyətini anlayır və çalışqanlığıyla ali dərəcəli diktor səviyyəsinə çatır.
Bununla yanaşı televiziyadakı fəaliyyəti dövründə sevimli sənəti jurnalistika ilə bilavasitə məşğul olub. Diktorluq və jurnalistika sənət yolunun ayrılmaz qollarıtək paralel olaraq bir-birini tamamlayıb. Müxtəlif vaxtlarda "Musiqi verilişləri" baş redaksiyasında, "Xəbərlər" baş redaksiyasında redaktor, müxbir, şərhçi kimi fəaliyyət göstərib. Eləcə də uzun illər "Xəbərlər" proqramının aparıcı diktorlarından biri kimi dövlət əhəmiyyətli rəsmi materialları, fərman və sərəncamaları xalqa təqdim edib, bayram nümayışlərində, hərbi paradlarda canlı yayınla kamera qarşısında reportajlar aparıb.
Onun müəllif və aparıcısı olduğu "Sənət sevincləri", "Sənətkar ömrü", "Dünya bir pəncərədir" silsiləsindən ədəbi-bədii proqramları, eləcə də Azərbaycanın iqtisadi, ictimai və mədəni həyatını əks etdirən (1975–1995-ci illər) reportajlar Azərbaycan Televiziyasının Qızıl Fondunda saxlanılır.
Gülşən Əkbərova Azərbaycan Televiziyasının ilk dirtor-jurnalistidir. 1979-cu ildən Azərbaycan jurnalistlər birliyinin üzvüdür.
Prezident İlham Əliyevin 2006-cı il noyabrın 4-də imzaladığı sərəncamla Azərbaycan televiziyası və radiosunun inkişafındakı xidmətlərinə görə Gülşən Məmməd qızı Əkbərovaya "Əməkdar artist" fəxri adı verilmişdir.
O, hazırda Azərbaycan Televiziyasının "Mədəniyyət" kanalında böyük redaktor vəzifəsində çalışır. Gənc aparıcılarla, jurnalistlərlə işləyir, peşəkar təcrübəsini onlarla paylaşır. Eləcə də Azərbaycantelefilm yaradıcılıq birliyində tərcüməçi kimi fəaliyyət göstərir. 40-dək bədii və sənədli filmi dilimizə çevirib. Həmçinin peşəkar diktor kimi televiziyada hazırlanan ədəbi-bədii verilişləri, televiziya filmlərini səsləndirir.
Gülşən Əkbərova Azərbaycantelefilmin 1972-ci ildə çəkdiyi "Bu günə olan tərcümeyi-halım" televiziya filmində gənc jurnalist qismində çəkilib. Sumqayıt şəhərinin yaranmasının 25 illiyinə həsr olunan bu film 1973-cü ildə Kiyevdə keçirilən televiziya filmlərinin I ümumittifaq müsabiqəsində 1-ci diploma layiq görülüb. Filmin ssenari müəllifi Nadejda İsmayılova, rejissoru Nazim Zeynalovdur.
Gülşən Əkbərova 1973-cü ildə kinorejissor Gülbəniz Əzimzadənin ekranlaşdırdığı "Nəğmə dərsi" filmində epizodik müəllimə rolunda, 2003-cü ildə "Məhəllə" filmində epizodik diktor rolunda çəkilib.
Gülşən Əkbərova ailəlidir. 2 övladı var.