Gülşən (balet)

GülşənSoltan Hacıbəyovun üçpərdəli, beşşəkilli baleti. Müasir mövzuya həsr olunmuş bu əsərdə insanların qarşılıqlı münasibətlərinə, əxlaqi keyfiyyətlərinə, estetik mövzulara toxunulmuşdur. Baletin musiqili səhnə kompozisiyası aydın və lakonikdir. Sevgi və məişət səhnələri ilə əmək mövzuları ayrılmaz vəhdətdə verilir.

Gülşən
Tipi Klassik
Bəstəkar Soltan Hacıbəyov
Xoreoqraf Qəmər Almaszadə, P. Abolimov, Soltan Dadaşov
Premyera
Orijinal ifaçılar Qəmər Almaszadə, Konstantin Bataşov, Yuri Kuznetsov
Personajlar Gülşən, Azad, Əhməd
Rəssam Ənvər Almaszadə

1950-ci ildə M. F. Axundov adına Opera və Balet Teatrının səhnəsində S. Hacıbəyovun müasir mövzuda yazdığı ilk Azərbaycan baleti — "Gülşən" tamaşaya qoyulur. 1952-ci ildə SSRİ Dövlət mükafatına layiq görülür. 1953-cü ildə "Gülşən" baleti Ə.Nəvai adına Daşkənd Böyük Teatrının səhnəsində tamaşaya qoyulur. Müəllif baletə yazdığı musiqi üzrə tərtib etdiyi "Gülşən" süitası böyük tirajla "Bruno" (Amerika) firması tərəfindən buraxılmış və geniş yayılmışdır.

Baletinin birinci redaksiyasında (Q. Almaszadənindir) bir sıra nöqsanlar var idi. Azərbaycan ədəbiyyatı və incəsənətinin Moskvada keçirilən ikinci dekadası ilə əlaqədar olaraq əsər ikinci dəfə redaktə edilir (Libretto Q. Almaszadə və P. Abolimovundur).