Bu səhifədə iş davam etməkdədir. |
Gülər Əhmədova işi, Gülərqeyt və ya Gülərgeyt — Azərbaycanda 2012-2013-cü illərdə Azərbaycan Milli Məclisi və Prezident Administrasiyası kimi yüksək vəzifələrdə çalışan dövlət qulluqçuları və müxtəlif səviyyəli dövlət məmurlarının iştirakı ilə baş vermiş siyasi korrupsiya qalmaqalı. 2012-ci il sentyabrın 25-də azərbaycanlı hüquqşünas və keçmiş universitet rektoru Elşad Abdullayevin 2005-ci il parlament seçkilərində Abdullayevə Milli Məclisdə deputat mandatı vermək üçün rüşvətlə danışıq aparan deputat Gülər Əhmədova ilə görüşünü əks etdirən videonu YouTube-da yerləşdirməsindən sonra alovlanıb. Digər məmurların və korrupsiya halları ilə bağlı bir sıra oxşar videoların daha sonra Abdullayev tərəfindən yerləşdirilməsindən, ardınca həmin videolarda olan şəxslərin bəzilərinin işdən çıxarılması, həbs edilməsi və öldürülməsindən sonra qalmaqal böyüyüb.[1]
"Gülərqeyt" adı ilk videoda görünən indiki deputat Gülər Əhmədovanın adından götürülüb. İlk videonun yayımlanmasının ertəsi günü Azərbaycan mediası tərəfindən Votergeyt qalmaqalına bənzədilərək Gülərqeyt adlandırılıb.[2] Daha sonra ingilisdilli media orqanlarında[3] və AŞPA-nın Hüquq Məsələləri və İnsan Haqları Komitəsinin korrupsiya hesabatında da istifadə edilib.[1] Buna baxmayaraq əksər videolar Gülər Əhmədova ilə bağlı yox, Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin oğurlanması ilə bağlıdır.
Hüquq elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi olan Elşad Abdullayev 1997–2010-cu illərdə fəaliyyət göstərən və son 4 ildə korrupsiya və qeyri-qanuni tələbə qəbulu faktları ilə bağlı Baş Prokurorluğun araşdırmasının mərkəzində olan Azərbaycan Beynəlxalq Universitetinin rektoru kimi tanınıb.[4] 2003-cü ildə Abdullayevin böyük qardaşı, Milli Təhlükəsizlik Nazirliyinin zabiti Mahir Abdullayev oğurlanıb və onun itkin düşməsini Hacı Məmmədovun başçılıq etdiyi dəstənin cinayətkar fəaliyyəti ilə əlaqələndirən dövlət araşdırması heç bir nəticə verməyib.
Elşad Abdullayev 2005-ci ildə hakim Yeni Azərbaycan Partiyasından Azərbaycan Milli Məclisinə deputatlığa namizəd olub. Onun təmsil etmək istədiyi II Binəqədi seçki dairəsi üzrə nəticələr etibarsız elan edilib və 2006-cı ildə təkrar seçki təyin edilib.[5] Lakin seçkiqabağı təşviqat zamanı potensial seçicilərə rüşvət verməkdə təqsirli bilinən Abdullayev namizədlikdən məhrum edilib.[6] Faktiki olaraq qalib gəldiyinə inanan Abdullayev daha sonra qardaşının oğurlanmasının arxasındakı həqiqəti (parlamentə seçilsəydi, əldə edə biləcəyinə inandığı məlumatlara) öyrənməsini istəməyən "müəyyən gücləri" günahlandırıb.[7] Onun sözlərinə görə, 2008-ci və 2009-cu illərdə adam oğurluğu ilə bağlı "cinayətkarlar dəstəsi" haqqında məlumat toplaya bilib və MTN və Baş Prokurorluğa təqdim edib.[8]
2012-ci il dekabrın 7-də "Azadlıq" radiosuna müsahibəsində Abdullayev Prezident Administrasiyasının təzyiqi ilə hələ 2006-cı ildə parlamentdə mandat qazanmaq planından vaz keçmək məcburiyyətində qaldığını bildirib. İddialara görə, Abdullayevə ABŞ səfirliyinin Azərbaycan hökumətindən müxalifət partiyasının namizədinə mandat qazanmaq şansının verilməsini tələb etdiyi bildirilib. Müsavat Partiyasının başqanı İsa Qəmbər, Abdullayevin təkrar hesablamalarına görə, "parlamentə buraxıla bilmədiyi" üçün, seçim Müsavatı təmsil edən Abdullayevin dairəsindən namizəd olmuş Arzu Səmədbəylinin üzərinə düşür. ABŞ-ın Azərbaycandakı səfirliyi bu iddiaları təkzib edib.[9]
2012-ci ilin sentyabrında Elşad Abdullayev açıqlama verərək 2005-ci ildə oğurlanmış qardaşının tapılması və qarşıdan gələn parlament seçkilərində Elşad Abdullayevin özünün hökumətdə yer alması müqabilində dövlət məmurlarının ondan tələb etdiyi 2 milyon ABŞ dolları məbləğində rüşvəti ödədiyini bildirib. Abdullayev bunu Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə ödədiyini və deputat Gülər Əhmədovanın vasitəçi olduğunu iddia edib. Abdullayev iddia edib ki, məmurlar heç vaxt razılaşmaya əməl etməyib və pulunu qaytarmayıblar. Bu ifadələrdən sonra Əhmədova Abdullayevi böhtan atmaqda ittiham edib.[10]
Buna cavab olaraq Elşad Abdullayev 25 sentyabr 2012-ci ildə YouTube-da ilk videoları paylaşıb. Videoda özü, deputat Gülər Əhmədova və onun dostu Sevinc Babayeva kabinetdə oturaraq 2005-ci il parlament seçkiləri ətrafında baş verənləri müzakirə ediblər. Əhmədovanın Abdullayevlə əvvəlcədən razılaşdığını və pul müqabilində ona hökumətdə yer vəd etdiyini xatırladıblar. Abdullayev 500 min ABŞ dolları təklif edir, lakin Əhmədova 1 milyon ABŞ dolları verməsini tələb edir. Söhbət zamanı Abdullayev bir neçə dəfə Əhmədovanın Ramiz Mehdiyevin rüşvət istəyən şəxs kimi adını çəkməsinə nail olmağa çalışır, lakin o, heç vaxt bunu açıq şəkildə təsdiq etmir.[11]
Video yerli mediada böyük səs-küyə səbəb olub. Əhmədova əvvəlcə videonun yalan olduğunu bildirib və ona əlavə şərh verməkdən imtina edib. Daha sonra o, videoda olduğunu etiraf edib, lakin qeyd edib ki, müzakirə olunan pul əslində Abdullayevin fəaliyyətini dayandırmış universitetinin tələbələrinə borcunun qaytarılması üçündür və həmin pulları müvafiq qaydada tələbələr arasında bölüşdürmək üçün həmin pulu ona verməsi üçün təzyiq göstərib.[12] O, "istintaqın aparılmasına mane olmamaq üçün" deputatlıqdan könüllü olaraq istefa verib.[13][14] Buna baxmayaraq, o, YAP üzvlərinin tənqid atəşinə məruz qalıb və buna son qoymaq üçün prezidentə (partiya sədrinə) müraciət etmək zərurəti hiss edib.[3] Abdullayev videonu dərc edəndən sonra ona təhdidlər gəldiyini bildirib.[8]