Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Gürcü-osetin münaqişəsi - XX əsrdə gürcü və osetin xalqları arasında başlamış və çoxsaylı qurbanlara gətirib çıxaran münaqişədir. Münaqişə 1989-cu ildə alovlanıb və Cənubi Osetiya müharibəsi (1991-1992) ilə nəticələnib. 2008-ci ildə baş vermiş Rusiya-Gürcüstan müharibəsi (2008) səbəblərindən biri də gürcü-osetin münaqişəsi olmuşdur.
Gürcü-osetin münaqişəsi | |||
---|---|---|---|
Tarix | 1989-indiyə qədər | ||
Yeri | |||
Nəticəsi | Gürcüstan Cənubi Osetiya MV-ni itirdi | ||
Münaqişə tərəfləri | |||
|
|||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Gürcü-osetin münasibətləri qədim tarixə malikdir. Bu iki xalq arasında münasibətlər IX-XII əsrlərdə siyasi və hərbi səbəblərlə əlaqədar intensivləşmişdir. XI əsrdən etibarən Gürcüstan və Osetiyanın hakim dairələri arasında əlaqələri möhkəmləndirmək məqsədilə orta əsrlərdə tərəflərin qarşılıqlı dəstək və əməkdaşlığını təmin edən sülalə nigahları sürətləndi. Məsələn, I Georgi (1014-1027) Osetin şahzadəsi Aldayla evlənmişdi, onun qardaşı IV Baqrat (1027-1072) osetin çarının qızı Dorqolelinin bacısı ilə evləndir. XI əsrdə tərtib edilmiş gürcü yazılı mənbələri e.ə I minilliyin 2-ci yarısından başayaraq, xüsusilə yadelli işğalçılarla birgə mübarizədə ifadə olunan gürcü-osetin siyasi və hərbi əməkdaşlığı haqqında məlumat verir. XI əsr gürcü tarixçisinin verdiyi məlumata görə gürcülər müstəqilliyə e.ə III əsrdə eqris və osetinlərin köməyi ilə nail oldular.
Osetinlər əsasən Şimali Qafqazda məskunlaşmışdılar. Əksəriyyət etibarilə xaçpərəst idilər. Lakin onların bir qismi sonradan islamı qəbul etmişdi. Müsəlman təbəqə özlüyündə separat hərəkatda elə də fəal iştirak etmədi. Çünki bu etnoqrafik qrupun osetinlər arasında öz mövqeləri belə arzuolunan deyildi.
Osetinlərin cənuba doğru intensiv hərəkəti isə monqol işğalları ilə bağlı olmuşdur. Monqollardan qorunmaq məqsədilə osetinlərin bir hissəsi düzən ərazilərdən Gürcüstanın uca dağlıq ərazilərinə mühacirət etmişdilər. Osetinlər Qafqazın digər xalqları ilə yanaşı, Gürcüstanda vahid feodal monarxiyasının qurulmasında fəal iştirak etmişdilər. XII əsrin əvvəllərindən osetinlər Gürcüstandan vassal asılılığına keçmişdir. XIII əsrin sonunda Gürcüstan məskunlaşmış osetinlər feodal Gürcüstanın tərkibinə onun bir hissəsi kimi daxil oldular. Şərqi Gürcüstanın şimal rayonlarında öz tarixi taleyini gürcü xalqının tarixi ilə sıx bağlayan cənub-osetin etnik qrupunun rüşeymi olan daimi osetin əhalisi formalaşdı.
XVIII əsrin 70-ci illərində Kartlidə osetinlər daha da çoxaldılar. 1850-ci ildən osetinləri Şido Kartliyə kütləvi miqrasiyası başladı. Maraqlı məqamlardan biri də osetinlər Rusiya ilə bu imperiya Qafqaz irəliləyəndən onunla daim müttəfiqlik münasibətlərin olmalarıdır. Daha dəqiq desək, osetinlərin xristian hissəsi rusların müttəfiqliyini qəbul etmişdi. Müsəlman osetinlər isə Qafqaz dağlılarının antirus hərəkatında fəal iştirakçı olmuşdular. Bu dövrdə güclənən Rusiya bölgə xalqlarını öz maraqlarına uyğun olaraq miqrasiyaya təhrik edirdi. Təhrik olunan miqrasiya milli münasibətlərin xaricdən idarə olunmasına zəmin kimi çıxış edə bilərdi.
1873-1886-cı illərdə Gürcüstanın dağlarında məskunlaşan osetinlər dağlardan düzənlərə doğru üz tutdular. Gürcüstanın Telavi, Tianeti, Borçalı və Şorapan qəzalarında osetinlər çoxaldı. XIX əsrin 90-cı illərində Gürcüstanda vəba epidemiyası səbəbindən miqrasiya bir qədər dayanır. Artıq XX əsrin əvvəllərinə doğru osetinlər bütün Gürcüstan ərazisinə yayılırlar.
Statistik hesablamar onu göstərir ki, XX əsrin 20-30-cu illərində Gürcüstanda yerli gürcü əhalinin sayı azalmağa başlayır. Məsələn, 1922-ci ildə gürcülər əhalinin 74,7%-ni təşkil edirdisə, 1926-cı ildə bu rəqəm 70,9%-ə düşdü. 1936-cı ildə bu rəqəm bir qədər də aşağı düşərək 64,6%-ə enmişdi. Yerli gürcü əhalisinin faiz nisbətinin azalmasının səbəblərindən biri də gürcülərdə təbii artımın zəifləməsi idi.
Əvvəlcə Çar Rusiyası, daha sonra isə Sovet Rusiyası gürcülərin sayının azaldılması siyasətini yürüdürdü. Bu isə gürcü əhalisinin narazılıqlarına səbəb olurdu. Gürcülərin iqtisadi-siyasi maraqlarının təminatında çətinliklər yaranırdı. Lakin mərkəzi hakimiyyət köçkünlərə hər cür güzəştlər edirdi. Rus hakimiyyətinin bu cür yanaşması gürcülərlə osetinlər arasında toqquşmalara gətirib çıxarırdı. Gürcülər özləri ilə müqayisədə osetinlərə fərqli münasibətin göstərilməsinə qısqanclıqla yanaşırdılar. Rusiyanın bu siyasətində məqsəd Cənubi Qafqazda xalqların mərkəzə qarşı birləşməsinin qarşısını almaq idi.
1922-ci ilin 20 aprelində Cənubi Osetiya Gürcüstan SSR tərkibində Muxtar Vilayət statusunu əldə etdi. Amma Şimali Osetiyada isə vəziyyət tamamilə başqa istiqamətdə inkişaf etdi. Şimali Osetiya ancaq 1936-cı ildə MSSR statusunu aldı. Şimali Osetiyaya muxtar respublika statusunun verilməsi Cənubi Osetiya separatçıları üçün potensial bir bəhanə idi. Lakin gürcülər hətta bu cür statusa belə razı deyildilər. Gürcüləri xüsusilə Sxinvalinin və onun ətrafındakı kəndlərin Cənubi Osetiyaya verilməsi qıcıqlandırdı. 1923-cü ildə gürcüləri narahat edən daha bir addım atıldı. Cənubi Osetiya daxilində dövlət dili osetin dili elan olundu.
SSRİ-nin mövcudluğu zamanında milli münqaşilər nəzarət olunacaq həddə qədər Moskva tərəfindən "rəğbətləndirilirdi". Dövləti zəiflədəcək həddə çatdıqda isə müdaxilə olunurdu. Çünki sovet hakimiyyətinə onun qüdrətinə təsir edən deyil, daxili narazılıqları zəiflədən münaqişələr lazım idi. Lakin SSRİ-nin süqutuna doğru vəziyyətdə dəyişikliklər baş verdi. Xarici qüvvənin dəstəklədiyi osetin separatizmi Gürcüstan üçün müşkül bir məsələ kimi yenidən gündəmə gəldi. Müasir tarixdə Cənubi Osetiyada baş verən hadisələrin başlanğıcı 1989-cu ilə gedib çıxır. Cənubi Osetiya osetinlərinin separat təbliğata uymalarının bir sıra səbəbləri vardır. Belə ki, Şimali Osetiya Rusiyanın tərkibində daha geniş statusa malik olmuş və buna görə iqtisadi inkişafda cənubdan xeyli irəli getmişdi. Burada çoxməqsədli siyasətin izləri də özünü göstərirdi. Cənubi Osetiya separatçıları cənub və şimal arasındakı bu fərqlərdən öz məqsədləri üçün istifadə edirdilər. Həmin il Cənubi Osetiyada yaranan "Xalq Cəbhəsi" ilk öncə Muxtar Respublika statusu əldə etmək tələbi ilə çıxış etsə də, sonradan Şimali Osetiya ilə birləşmək tələbləri də oldu. 26 aprel 1990-cı ildə SSRİ Ali Soveti muxtariyyətlərin statusunun artırılmasına dair qərar qəbul etdi. Bu hər yerdə olduğu kimi osetin separatçılarını da cəsarətləndirdi. Mərkəzi sovet hökuməti mərkəzdənqaçma meyllərinin önlənməsi üçün müttəfiq respublikalarının öz daxillərində separatçılıq ocaqları formalaşdırırdı. Cənubi Osetiya separatçıları özlərinə milli müqavimət siması qazandırmaq üçün siyasi cəhətdən təşkilatlanmaq və muxtar parlamentə seçkilərdə iştirak etmək qərarına gəlmişdilər. Yerli partiyaların seprat ideya daşıyıcısı olduğunu bilən Gürcüstan Ali Soveti onların parlament seçkilərində iştirakını qadağan edən qərar qəbul etdi. Cənubi Osetiya Muxtar Vilayəti bunun ardınca 1990-cı il sentyabrın 20-də öz müstəqilliyini elan etdi və "Cənubi Osetiya Demokratik Sovet Respublikası" elan edildi. Həmin ilin dekabrında Cənubi Osetiyada Gürcüstanın izni olmadan Ali Sovetə seçkilər keçirildi. Buna qədər 10 oktyabr 1990-cı ildə sovet hökuməti Cənubi Osetiya fövqəladə vəziyyət elan etmişdi. Separatçıların fəaliyyətinə cavab olaraq Gürcüstan Cənubi Osetiyanın muxtariyyətini 11 dekabrda ləğv etdi.
Artıq münaqişə silahlı radikal qərarlar mərhələsinə keçmişdi. Gürcüstan hakimiyyəti başda prezident Zviad Qamsaxurdiya olmaqla osetinlərin separatizminə kəskin reaksiya göstərdi. Qamsaxurdiya dövründə Gürcüstanda şovinizm dövlət siyasəti səviyyəsinə gətirilmişdi. Məhz onun zamanında "Gürcüstan gürcülər üçün" şüarı səslənməyə başlamışdı. Qamsaxurdiya bir siyasi dissident keçmişinə malik olduğu üçün ilk əvvəl xalqı qarşısında yaxşı durumda idi.
Hadisələrin bu səpkidə inkişafı isə 1991-ci ilin əvvəllərində hərbi əməliyyatlara gətirib çıxardı. 6 yanvar 1991-ci ildə gürcü milisinin dəstələri Cənubi Osetiyaya daxil oldu. Gürcü tərəfinin radikal qərarları sırasına osetinlərin rəhbəri T.Kulumbeqovun həbsi də daxil idi. Osetinlər gürcülərin bu hərəkətindən sonra 17 mart 1991-ci il referendumunda SSRİ-nin saxlanılmasına səs verərək gürcülərin müstəqillik mövqeyinə müxaliflik etdilər. Bir gün sonra isə osetinlər tərəfindən 4 günahsız gürcü kəndlisinin öldürülməsi vəziyyəti bir qədər də gərginləşdirdi. Gürcülər kütləvi şəkildə öz doğma yerlərindən qovulmağa başladılar.
Münaqişə özünün silahlı toqquşma fazasına qədəm qoydu. Gürcüstan Cənubi Osetiyaya hərbi birləşmələr göndərdi. Gürcü hərbi birlikləri Sxinvaliyə qədər irəlilədilər. Amma hərbi əməliyyatların gedişində istər Qafqaz Dağlıları Konfederasiyası, istərsə də Rusiya osetinlərə yardım göstərirdi. Rusiyanın hərbi yardımı hətta o səviyyəyə çatmışdı ki, 1992-ci ilin iyununda Rusiya baş naziri Rutskoy rus aviasiyasına gürcü birləşmələrini atəşə tutmaq əmri verdi. Eyni zamanda Gürcüstan prezidenti Eduard Şevardnadzeyə zəng vuraraq Sxinvalidən çıxmayacağı təqdirdə Tbilisinin bombalanacağı təhdidini dilə gətirdi. Belə olan təqdirdə gürcülər ərazi bütövlüyünü silah gücünə bərpa edə bilməyərək Soçi razılaşmasına getməyə məvbur oldular. Danışıqların başlanmasının gürcü tərəfi üçün də xeyri oldu. Ən azı ona görə ki, Gürcüstan iki cəbhədə separatçılarla mübarizə aparacaq qüvvəyə malik deyildi.
Münaqişənin silahlı mərhələsi 24 iyun 1992-ci ildə Soçi şəhərində atəşkəs haqqında razılıq əldə olunana qədər davam etdi. Danışıqlarda Gürcüstan, Şimali və Cənubi Osetiya və Rusiya nümayəndələri iştirak etdilər. Həmin sazişin şərtlərinə əsasən 28 iyun 1992-ci il tarixindən tərəflər atəşi dayandırmalı idilər.
14 sentyabr 1993-cü ildə Cənubi Osetiyanın iqtisadi infrastrukturunun bərpası ilə əlaqədar Rusiya-Gürcüstan hökumətlərarası sazişi imzalandı. Həmin sazişdə planlaşdırılırdı ki, 1993-1997-ci illər ərzində hər iki tərəf Cənubi Osetiyanın bərpa edilməsi üçün vəsait ayıracaq. Lakin faktiki olaraq bu saziş yerinə yetirilmədi. Osetin tərəfi gürcüləri vəsait ayırmamaqda ittiham edirdi. Ancaq faktiki olaraq Gürcüstanın o zamankı iqtisadi durumu bu vəsaitlərin ayrılmasını imkansız edirdi. Bu sazişdən 7 il keçdikdən sonra Rusiya və Gürcüstan arasında analoji bir saziş imzalansa da onun aqibəti birincidən heç nə ilə seçilmədi.
1994-cü ildə gürcü-osetin münaqişəsində fəaliyyət göstərən sülhməramlıların əsasnaməsi təsdiqləndi. Qarışıq qüvvələrin komandanı Rusiya idi. 1995-ci ilin oktyabrında Şimali Osetiyanın paytaxtında gürcü, Rusiya və hər iki osetin tərəflərinin və ATƏTin nümayəndələrinin iştirakı ilə protokol imzalandı. Bu sənədlərin imzalanmasında vasitəçi kimi iştirak edən Rusiya əslində gürcülərin çıxılmazlığından istifadə edirdi.
2003-cü ildə Gürcüstanda baş verən Narıncı İnqilab sonrası vəziyyət daha da gərginləşdi. Mixail Saakaşvili hakimiyyətinin yürütdüyü Qərbyönümlü siyasət və NATO-nun şərqə doğru genişlənməsi Rusiyanı narahat edirdi. Cənubi Osetiya və Abxaziya sakinlərinə Rusiya pasportları verilməsi sürətlənirdi. Bu, əslində Rusiyanın planlarından xəbər verirdi. Ruslar ilk əvvəl Saakaşvilinin mövqeyində dəyişikliklər etməyə çalışsalar da onun qərb meylinin güclü olduğunu görüb separatçılara siyasi və diplomatik dəstəklərini artırdılar. Qərbin dəstəyini hiss edən Gürcüstan prezidenti 31 may 2004-cü ildə osetin-gürcü münaqişə zonasına daxili qoşun birləşmələrini göndərir. 2004-cü ilin iyul ayında münaqişə zonasında atəşkəs tez-tez pozulmağa başlayır. 9-10 avqust tarixlərində artıq artilleriya səsləri eşidilməyə başlayır. Bununla belə gürcülər rusların da iştirakı ilə danışıqları davam etdirirlər. Avqustun 14-dən 15-ə keçən gecə gürcü tərəfdən Zurab Jvaniya və osetin tərəfdən Eduard Kokoytı atəşin dayandırılması haqqında sazişi imzalayırlar.
Gürcüstan rəsmilərinin bəyanatlarında rusların Transqafqaz yolu ilə osetin separatçılarına yardım göstərdikləri haqqında fikirlər səslənirdi. Bunun əsas tutaraq 19 avqust 2004-cü ildə gürcü hərbi birləşmələri bu yolun yaxınlığındakı bir kəndi tutdular. Lakin gürcülər bu irəliləyişlərini davam etdirə bilmədilər. ATƏT və Rusiyanın təzyiqləri nəticəsində gürcülər öz qoşunlarını Cənubi Osetiya yaxınlığından geri çəkdilər.