Gəncənin mühasirəsi — 1734-cü ildə Səfəvi-Osmanlı müharibəsi (1730-1736) çərçivəsində Gəncə şəhərini Osmanlılardan geri almasıyla nəticələnən toqquşma.
Gəncənin mühasirəsi | |||
---|---|---|---|
Səfəvi-Osmanlı müharibəsi (1730-1736) | |||
Tarix | 3 noyabr 1734 - 9 iyul 1735 | ||
Yeri | Gəncə | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
İtkilər | |||
|
|||
|
Nadir xan Əfşar Qafqazda Osmanlı təsrini aradan qaldırmaq üçün 1734-cü ildə Şimali Azərbaycana daxil oldu. Nadir xanın qoşunları 1734-cü ildə Şamaxıya daxil olduqdan sonra, noyabr 3-də Gəncəyə çatdılar.[2]
Gəncə qalası iki divarla və üç xəndəklə əhatə olunmuşdu. Qala daxilində Osmanlı qüvvələrindən başqa Krım xanlığından göndərilmiş tatar dəstəsi də var idi. Nadirin yaxınlaşması xəbəri eşidiləndə Gəncə şəhəri boşaldıldı və hamı qala daxilinə daşındı. Eyni zamanda qala daxilində uzun sürən mühasirəyə davam gətirmək üçün hərbi hazırlığa başlandı.[2]
Nadir şah əvvəlcə diplomatik yolla qalanın təslim olunmasını istəsə də buna nail ola bilmədi. Qala 4 ay mühasirədə saxlanılsa da Nadir xanın topxanası zəif olduğu üçün qalanın alınması çətinləşirdi. Bu vaxt Səfəvi və Çar Rusiyası arasında imzalanacaq Gəncə sülh müqaviləsinə görə Nadir xanın düşərgəsində olan knyaz Sergey Qolitsin Nadirə kömək təklif etdi və onun razılığından sonra Rusiyanın Dağıstandakı qoşunlarının komandanı general Luvaşov xeyli ağır top göndərdi.[1]
Bu vaxt Nadir xan Qarsda olan Osmanlı paşası Abdulla Köprülünün Gəncəyə hərəkəti və ya Gəncə qalasına yardımı ilə bağlı məlumatlar almağa başladı. Belə olduqda qoşunun bir hissəsini Gəncənin mühasirəsi üçün saxlayan Nadir xan 1735-ci ilin Novruz bayramından bir neçə gün sonra Qarsa yollanıb oranı mühasirəyə aldı. O, 25 may 1735-də Arpaçayı keçərək Qarsın cənub-şərqinə çəkildi. İrəvan yaxınlığındakı Bağavars (Yağavərd) boğazında 18 iyun 1735-də baş vermiş döyüşdə Nadir xan qalib gəldi. Döyüşdə Abdulla paşa, Osmanlı sultanının kürəkəni Mustafa paşa və 50 min Osmanlı əsgəri həlak oldular.[1]
Nadir xan döyüşdən sonra yenidən Qarsa doğru hərəkətə başladı və qalanı mühasirəyə aldı. Bu müddət ərzində Qars hakimi Nadirlə əlaqələr yaratmağa, onu Qarsın mühasirəsindən çəkindirməyə çalışdı. Amma Nadir bu mühasirəni Osmanlı sarayı Gəncə, İrəvan və Tiflis qalalarını təhvil verməyə razı olduqdan sonra dayandırdı. Osmanlı sarayı ilə əldə edilən razılaşmanın nəticəsi kimi də 1735-ci il iyulun 9-da Gəncə, avqustun 12-də Tiflis və oktyabrın 3-də isə İrəvan Osmanlı qüvvələri tərəfindən tərk edildi.[3]