Gal karvansarası

Gal karvansarası — Culfa rayonunun Gal kəndinin ərazisində orta əsrlərə aid tarixi-memarlıq abidəsi

Gal karvansarası
Gal karvansarayı
Ölkə  Azərbaycan
Şəhər Culfa
Üslubu Naxçıvan-Marağa memarlıq məktəbi

Coğrafi mövqeyi

[redaktə | mənbəni redaktə et]

Naxçıvan Muxtar Respublikasının Culfa rayonu ərazisində zəmanəmizədək qalıqları gəlib çatan karvansaralardan biri də Gal kəndinin şimal-şərq hissəsində yerləşən "İlandağ" yaşayış məskənində qalan karvansaradır.

Yerli əhali arasında bəzən "Nəbi qalası" da adlandırılan İlandağ yaşayış yerindən əldə olunan yerüstü materiallar onun XI–XVIII əsrlərdə fəaliyyət göstərməsini təsdiq edir. Yaşayış yerinin şərq tərəfindən Culfa-Gal-Şurut-Paradaş-Dərgəmilik-Nürgüt-Sisyan istiqamətində və əksinə uzanan karvan yolu keçir. Buna əsasən demək olar ki, şərti olaraq yaxınlıqdakı kəndin adı ilə Gal karvansarası adlandırdığımız bu karvansara həmin yolla şimala və cənuba doğru hərəkət edən insanlara və karvanlara xidmət etmişdir.

Memarlıq quruluşu

[redaktə | mənbəni redaktə et]

Bu karvansaranın divar qalıqlarının indiki vəziyyətdə hündürlüyü 3,5 metr, uzunluğu 12 metr, eni isə 7 metrdir. Hündür təpənin şərq yamacında inşa edilən karvansaranın divarları möhrədən hörülmüşdür.

"Şah Abbas gölü"

[redaktə | mənbəni redaktə et]

Bu karvansaradan təxminən 2 km şimal-şərq tərəfdə, Şurut kəndinə gedən yolun sağ tərəfində bir gölün və bəndinin qalıqları qalmaqdadır. Göl yerli əhali arasında "Şah Abbas gölü" adlandırılır. Adına əsasən demək olar ki, bu göl Səfəvi hökmdarı I Şah Abbasın dövründə inşa etdirilmişdir. Bu fakta əsasən ehtimal etmək olar ki, Gal karvansarası da I Şah Abbas dövründə (1587–1629-cu illər) inşa etdirilmişdir.

  • Hacıfəxrəddin Səfərli. Naxçıvanın türk-islam mədəniyyəti abidələri. Naxçıvan: "Əcəmi" Nəşriyyat Poliqrafiya Birliyi, 2017, 115 s.
  • İsayev E. Böyük İpək yolu və Naxçıvan. Bakı:Elm və təhsil, 2012, 214 s.
  • Naxçıvan abidələri ensiklopediyası, 2008, s. 199