Geoloji xəritə - hər hansı bir sahənin geoloji quruluşunun topoqrafik xəritədə qrafik təsviri. Belə xəritələrdə şərti işarələrlə Yer səthinə çıxan müxtəlif geoloji yaşlı çökmə, püskürmə və metamorfik süxurlar, qırılma pozulmaları göstərilir. Maqmatik süxurlar tərkib və yaşına görə ayrılır. Geoloji xəritə miqyaslarına görə icmal (1:1000000-dan kiçik), kiçik (1:1000000 və 1:500000), orta (1:200000 və 1:100000), böyükmiqyaslı və ya mükəmməl (1:50000) və daha böyükmiqyaslı olur. İcmal geoloji xəritələr böyük əraziləri, qitə və bütün Yer kürəsi, digər xəritələr isə ayrı-ayrı region və rayonlar üçün tərtib edilir.