Metamorfik süxurlar

Kvarsit

Metamorfik süxurlar (yun. "metamorfozis - çevrilmə) — Yerin dərinliyində temperaturun, təziqin və kimyəvi şəraitin dəyişməsinin təsirindən çökməmaqmatik süxurların dəyişilmiş formalarıdır. Yer qabığını təşkil edən süxurların əsas hissəsi iki dəfə, bəzən bir neçə dəfə gah dərinliyə Yerin təkinə bataraq, gah da yuxarıya qalxaraq özlərinin ilkin formaşdığı şəraiti dəyişməli olurlar. Daha çox əhəngdaşları, gillər, bazaltlar və s. tanınmaz dərəcədə dəyişilirlər. Metamorfik süxurlar Yer səthinin 12 %-ni təşkil edir.[1]

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Məlumdur ki, plastik gil sobada bişirildikdə kərpicə, möhkəm əhəngə və ya çox bəzəkli, gözəl çini qablara çevrilir. Yerin təkində 30–60 km dərinlikdə yüksək temperatur (400 −900 °C) və çox yüksək təziq (on minlərlə atmosfer) şəraitində milyon illər ərzində yuxarıdan daxil olan yumşaq çöküntülərdə çevrilmələr gedir. Nəticədə kiçikdənəli yumşaq çöküntülər irikristallik (0,3 −1,0 sm ölçüdə dənələr) süxurlara, görünüşü o qədər də cazibədar olmayan əhəngdaşıları isə qədim sarayları bəzəyən müxtəlif rəngli nəcib mərmərlərə çevrilir. Ala-bəzək mərmər kolleksiyasını Moskva, Sank-Peterburq, qismən də Bakı metropolitenlərinin zallarında görmək olar Metamorfik süxurlara eyni zamanda südrənli-ağ və ya yaşıl nefrit, yasəmən rəngli çaroit, gözəlliyinə və rəngarəngliyinə görə təkrarolunmaz yaşəmlər aiddir. Kareliyadan gətirilmiş möhkəm qumdaşları ilə Sank-Peterburqun küçələri döşənmişdir. Bir çox qiymətli daşlar (yaqut, nəcib şpinel və b.) da mahiyyətcə metamorfik süxurlara aiddir.

Metamorfizmin tipləri

[redaktə | mənbəni redaktə et]

Sonuncu mövcud təsnifat belədir:[2]

Metamorfizm tipləri Metamorfik faktorlar
Yüklənmə metamorfizmi Təziqin artması, su məhlullarının sirkulyasiyası
İstilik metamorfizmi Temperaturun artımı
Hidrasiya metamormizmi Dağ süxurlarının su məhlulları ilə birgə təsiri
Dislokasiya metamorfizmi Tektonik deformasiya
Zərbə metamorfizmi Meteorit zərbəsi və güclü endogen partlayışlar

Tərkibi, teksturası və quruluşu

[redaktə | mənbəni redaktə et]
Mərmər

Süxurlarda olan su və ya qazlar metamorfik prosesləri sürətləndirir. Bu qazlar və məhlullar flüidlər adlanır (latınca "flüidis" — axıcı, mütəhərrik). Flüidlər sanki Yerin şirəsidir. Bu şirələr kimyəvi komponentlər və istilik daşıyaraq, Yerin təkində çox aktiv mineral çevrilmələrinin baş verməsinə səbəb olur. Süxurlarda flüidlər az olduqda metamorfik proseslər çox ləng gedir və süxurlarda ciddi dəyişilmələrin müşahidə olunması üçün milyon illər bəs etmir. Alimlər indiyədək süxurlarda dəyişilmələrə səbəb olan məhlulların və qazların mənbəyini tam aydınlığı ilə müəyyən edə bilməmişlər; hərçənd, əksər hallarda onların mənbəyi maqma hesab olunur. Yüksək temperaturlu qazların və məhlulların təsirindən dərinliklərdə temperaturun, təziqin dəyişməsilə süxurlar yenidən kristallaşaraq mineral tərkiblərini, dənələrinin ölüçülərini, qruluşunu və bir çox xassə və xüsusiyyətlərini dəyişirlər.[3]

Metamorfik süxurlar görkəminə (teksturuna) və rəngarəngliyinə görə fərqlənir. Bu fərq həm o süxirları təşkil edən mineralların müxtəlifliyindən, həm də temperatur müxtəlifliyindən və metamorfizm prosesinin zamanca uzun sürməsindən asılıdır. Başlıca süxurəmələgətirən minerallar maqmatik süxurlara nisbətən metamorfik süxurlarda daha çox olur. Metamorfizm zamanı bu və ya digər mineralların yaranması ilkin süxurun kimyəvi tərkibindən daha çox asılıdır. Məsələn, kianit, andaluzit, silimanit, stavrolit, kordiyerit, (Al2O3 komonentlərinin yüksək miqdarı ilə səciyyələnən silikat) mineralları tərkibində xeyli miqdarda alüminium olan gillərin, epidot, hornblend, plagioklaz, klinopiroksenlər (kalsiumla zəngin silikatlar) mineralları isə əsası tərkibli maqmatik süxurların metamorfizləşməsi hesabına əmələ gəlir.

Aşağı temperaturlu metamorfik süxurlar, adətən, kiçikdənəli olur. Bu ondan irəli gəlir ki, aşağı temperaturlu proseslərdə mineralların kristallaşma sürəti kəskin aşağı düşür, lakin minerallar arasında kristallaşma sürətinə görə "çempionlar" vardır (məsələn, qranatlar və stavrolit). Bu minerallar başqalarından daha tez böyüyür və onların dənələri süxurların ümumi fonunda ölçülərinə görə seçilir. Belə mineral dənələr porfiroblastlar adlandırılır.

Metamorfik süxurlarda tünd rəngli mineralların iynəvari kristalları, bir qayda olaraq, eyni bir istiqamətdə uzanır (məkanca səmtlənir). Bu cür səmtlənmə mineraləmələgəlmə proseslərində süxurda baş verən daxili gərginliklə əlaqədardır. Kristallar çalışır ki, gərginliyin istiqamətinə perpendikulyar vəziyyət tutsunlar. Əgər süxurda tünd rəngli minerallar çoxdursa, həmin süxur nazik lövhələrə parçalanır.

Yüksək temperaturlu proseslərdə flüidlərin təsirindən çox vaxt ilkin süxurların kimyəvi tərkibi, deməli, həm də mineral tərkibi dəyişir. Primitiv şəkildə qavranılmış olsa da, belə proseslər metamorfizmdən fərqli olaraq metasomatik proseslər adlanır, əmələ gəlmiş süxurlara isə metasomatitlər deyilir.[4]

Məsələyə daha dəqiq yanaşsaq, metamorfik proseslər zamanı, bir qayda olaraq, süxurlarda baş verən dəyişilmələr temperaturun (termal metamorfizm) və təziqin (dinamometamorfizm) təsirindən yaranır. İlkin süxurlarda yalnız mineroloji dəyişilmələr baş verir, kimyəvi tərkibi, demək olar ki, çox cüzi dəyişilməyə məruz qalır.

Metasomatik proseslər mütləq müxtəlif dərəcədə filizdaşıyan müxtəlif temperaturlu hidrotermal məhlulların ilkin süxurlara təsirindən baş verir və bu zaman ilkin süxurların həm mineroloji, həm də kimyəvi tərkibləri köklü şəkildə dəyişilməyə məruz qalır. Metasomatik proseslər mütləq az və ya çox dərəcədə faydalı qazıntıların əmələ gəlməsilə müşahidə olunur. Metamorfik və metasomatik süxurların bəzi əmələgəlmə məqamlarında hələ də qaranlıq məsələlər mövcuddur.

Ən geniş yayılmış metamorfik süxurlar

[redaktə | mənbəni redaktə et]

Onalar ədətən, açıq rəngli süxurlar olaraq qeyri-düzgün formalı kvars dənələrindən ibarətdir. Onlar qumdaşlarının və çimərlikdəkilərə bənzər qumların metamorfizmləşməsi nəticəsində əmələ gəlmişdir. Yerin dərinliklərinə düşərək, qumlar bir neçə milyon ildən sonra möhkəm və gözəl süxurlara çevrilə bilər. Kvarsitlərin bəzi növləri bəzək və üzlük daşları kimi istifadə olunur, lakin onların əsas kütləsi inşaat çınqıllarının hazırlanmasına sərf olunur, metallurgiyada (flüs filizləri əridərkən əlavə kimi) və şüşə istehsalında işlədilir. Dəmirli kvarsitlər cesplitlər adlandırılır (ingiliscə "jasper" — yəşəm və yunanca "litos — daş).

Bu kvarsitlərin tərkibində xeyli miqdarda dəmir oksidləri (maqnetithematit) olduğuna görə onlar qiymətli dəmir filizi hesab olunur. Dünyanın ən böyük dəmirli kvarsitlər yataqları Kursk Maqnit Anomaliyası (KMA), Ukraynada Krivoy Roq, Braziliyada Minas-Jeraysdır. Cespilitlər adı kvarsitlərdən tünd-boz, tünd-qonur və ya qırmızımtıl rənglərlə fərqlənir. Cespilitlər həm də bəzək daşları kimi istifadə olunur.

Qneys

Qneyslər zolaqlı metamorfik süxurlardı. Adətən, açıq rəngli kvars və plagioklaz zolaqları mika (biotit), amfibol, piroksen və başqa mineralların tünd rəngli zolaqları ilə növbələşir. Qneyslər Yerdə məlum olan süxurlardan ən qədimidir. Onlar Yer qabığının qədim əyalətlərində geniş əraziləri tutur.[5]

Şist

İncə təbəqəli süxurlardı. Onların tərkibində xeyli miqdarda vərəqvari dartılmış formalı rəngli minerallar (mikalar, amfibollar və s.) iştirak etdiyinə görə asanlıqla nazık lövhələrə parçalanır.[6] Şistlər həm çökmə, həm də maqmatik süxurların hesabına əmələ gəlir. Adi gillər metamorfizmə uğrayaraq tərkibində qranat, stavrolit və muskovit olan çox gözəl şistlərə çevrilir.

Skarn

Bu ad İsveç dilində "skarn" sözündən götürülmüşdür. Fəhlələr Lonqban yatağında boş, lazımsız süxurları "skarn" adlandırmışlar. Buna səbəb yatağı öyrənən İsveç alimi Ternebomun təmasyanı maqmatik və karbonat süxurlarının hamısını "skarn" adlandırması olmuşdur. Skarnlar tərkibindəki mineralların (piroksen, epidot və s.) rəngindən asılı olaraq yaşılımtıl və ya qonuru rənglərdə olur.

Skarnlar metasomatik yolla, yəni yüksək temperaturlu maqmatogen (hidrotermal) məhlulların təsirindən alümosilikat süxurları ilə karbonat süxurlarının bilavasitə təmas zonasında əmələ gəlir. Skarn proseslərinin nəticəsində skarn metasomatitlər və onların içərisində dəmir, mis, polimetal, qalay, volfram, kobalt, nikel yataqlarə əmələ gəlir. Azərbaycanın Daşkəsən skarn-dəmir filizi (kobalt minerallaşması ilə) yatağı Qafqazda unikal yataqdır.

Qreyzen

Qreyzenlər filiz tərkibli metasomatik süxurlardı. Termin çox qədimdir. Alman mədənçiləri tərkibində kassiterit mineralı (qalay daşı) olan kiçikdənəli süxurları qreyzen adlandırmışlar. Elmi ədəbiyyatda bu termini ilk dəfə alman alimi A. Q. Verner işlətmişdir. Hazırda qreyzen dedikdə kvars-muskovit çölşpatları metasomatik süxurlar başa düşülür. Açıq rəngli bu metasomatitlərdə gah kvars, gah çölşpatları, gah da muskovit üstünlük təşkil edir. Bu metasomatitlərdə bəzən topaz, beril və başqa minerallar iştirak edir. Qreyzenlərlə qalay, volfram və başqa nadir metal yataqları əlaqədar olur.

Onların metamorfik süxurlar sırasında xüsusi yeri var. Bu süxurlar dərinlikdə çox yüksək temperatur və olduqca böyük təziq şəraitlərində yaranır. Eklogitlər tünd-qırmızı maqneziumlu qranatdan (piropdan) və almaya-yaşıl klinopiroksendən (omfasitdən) ibarətdir. Bəzi alimlərin fikrincə, Yerin mantiyası məhs bu süxurlardan ibarətdir.

Adlandırılması

[redaktə | mənbəni redaktə et]

Metamorfik və metasomatik süxurlar, adətən, mineral tərkibinə görə təsnif edilir. Əgər kvars mütləq üstünlük təşkil edirsə, belə süxurlara kvarsitlər deyilir. Ancaq çölşpatları başqa minerallardan çıxdursa, süxurlara qneys adı verilir. Süxurda kvars və çölşpatları azdırsa və tərkibi əsasən rəngli minerallardan (amfibol, piroksen, mika və s.) təşkildirsə, süxurlara şist adı verilir.

Metamorfik süxurlar yalnız klasitdən ibarət olduqda mərmər adlandırılır. Adətən süxurların adları onları təşkil edən mineralların adları ilə ifadə olunur. Məsələn, biotit və amfiboldan ibarət olan metamorfik süxur biotit-amfibol şistlər, muskovit tərkibli kvarsitlərə muskovit kvarsitləri, çölşpatlarından, kvarsdan və klinopiroksendənibarət olan süxurlara isə klinopirosenli qneyslər və s. deyilir.

  1. Wilkinson, Bruce H.; McElroy, Brandon J.; Kesler, Stephen E.; Peters, Shanan E.; Rothman, Edward D. "Global geologic maps are tectonic speedometers – Rates of rock cycling from area-age frequencies". Geological Society of America Bulletin. 121 (5–6). 2008: 760–79. doi:10.1130/B26457.1. 2016-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-23.
  2. Афанасьева М. А., Бардина Н. Ю., Богатиков О. А. и др. Петрография и петрология магматических, метаморфических и метасоматических горных пород. — М.: Логос, 2001. — 768 с.
  3. Коржинский Д. С. Физико-химические основы парагенезисов минералов. — М.: АН СССР, 1957. — 184 с.
  4. Zharikov V.A.; Pertsev N.N.; Rusinov V.L.; Callegari E.; Fettes D.J. "9. Metasomatism and metasomatic rocks". Recommendations by the IUGS Subcommission on the Systematics of Metamorphic Rocks: Web version 01.02.07. British Geological Survey. (#cite_web_url); (#accessdate_missing_url)
  5. "ГНЕЙС – метаморфическая горная порода". 2021-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-23.
  6. "Schist definition". Dictionary of Geology. 2022-07-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-07-12.
  • Uşaqlar üçün ensiklopediya, Geologiya. Bakı.2008. Şərq-qərb. səh: 407–411

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]