Corc Fen (ing. George Fan; d. 1978) — ABŞ videooyun dizayneri. O, hazırda "All Yes Good" indie oyun studiyasının yaradıcı direktoru kimi çalışır. Fen "Insaniquarium" (2001), "Plants vs. Zombies" (2009; eyniadlı videooyun franşizasının əsasını qoydu), "Octogeddon" (2018) və "Hardhat Wombat" (2023) oyunlarının dizayneri olmuşdur. O, oyun dizaynerliyinə başlamazdan öncə təhsil aldığı Berkli Kaliforniya Universitetini 2000-ci ildə informatika elmi dərəcəsi ilə bitirmişdir. Məzun olandan sonra karyerasına "Arcade Planet"-in veb-saytı olan "Prizegames.com" üçün oyunlar hazırlamaqla başlamışdır. Nəhayət "Flying Bear Entertainment"-i təsis etmiş və Müstəqil Oyunlar Festivalında[ing.] finalçı olmuş "Insaniquarium" oyununu yaratmışdır. Daha sonra "Blizzard Entertainment"-də işləməyə başlamışdır. Eyni zamanda "PopCap Games[ing.]" üçün "Insaniquarium"-u daha da inkişaf etdirmiş və 2004-cü ildə oyunun "Deluks" versiyasını təqdim etmişdir.
Corc Fen | |
---|---|
ing. George Fan | |
| |
Doğum tarixi | 1978 |
Milliyyəti | Amerikan |
Təhsili | Berkli Kaliforniya Universiteti |
Fəaliyyəti |
videooyun dizayneri yaradıcı direktor |
Fəaliyyət illəri | 2000–hal-hazırda |
Tanınır |
Insaniquarium Plants vs. Zombies Octogeddon |
Daha sonra Fen "Blizzard"-dan ayrılmış və "Plants vs. Zombies"-i inkişaf etdirməyə başlamışdır. O, onu bir komanda ilə təmin edən "PopCap"-ın daimi işçisi olmuşdur. 2009-cu ildə buraxıldıqdan sonra "Plants vs. Zombies" "PopCap"in ən çox satılan oyunu olmuşdur. "Electronic Arts" 2011-ci ildə "PopCap Games"-ı satın almış və Fen EA-nın 2012-ci ildə "Plants vs. Zombies 2" üçün "ödə və qazan oyunu" modelini tətbiq etmə ideyasına qarşı çıxdığı üçün işdən çıxarılmışdır. O, "Octogeddon"-u inkişaf etdirməyə başlamış və oyunu 2012-ci ildə "Ludum Darer[ing.]" oyun müsabiqəsinə təqdim etmişdir. Fen Riç Verner və Kert Pfeffer ilə birlikdə "All Yes Good" adlı şirkət təsis etmiş və "Octogeddon"-u buraxıldığı 2018-ci ilə qədər daha da inkişaf etdirmişdir. O, daha sonra 26 oktyabr 2023-cü ildə buraxılmış "Hardhat Wombat"-i inkişaf etdirmişdir.
Fen 1978 təvəllüdlüdür.[1] O, qardaşı ilə birlikdə böyüyüb və onlar ataları ilə birgə yaşayıblar.[2][3] Berkli Kaliforniya Universitetində təhsil almış və 2000-ci ildə kompüter elmləri fakültəsini dərəcə ilə bitirmişdir.[1]
Fen ilk olaraq işə "Arcade Planet" şirkəti tərəfindən yaradılmış onlayn oyun portalı "Prizegames.com"[4] üçün Java videooyunları yaratmaqla başladı.[5] Fen veb-saytı "Chuck E. Cheese[ing.]"ın "onlayn versiyası" şəklində şərh etmişdir.[4] Onun tərtib etdiyi ilk videooyunu 2001-ci ildə buraxılmış "Wrath of the Gopher" adlı pazl oyunu idi.[6][7] O, "Destructoid"in baş redaktoru Kris Kartera demişdi ki, oyunu yaratmazdan əvvəl "Wrath of the Gopher"ın dizayneri olub-olmayacağından əmin deyildi.[4]
Fen java oyunları ilə maraqlanarkən "PopCap Games"ı kəşf etdi və oyun kitabxanasını bəyəndi.[4] 2001-ci ildə Tayson Henderson ilə bərabər "FishTank" adlı bir "virtual ev heyvanı" növündə videooyunu üstündə çalışmaq məqsədilə Kaliforniyada "Flying Bear Entertainment"ı qurdu.[1] Fen "girilməsi asan, amma çox dərin bir şeyə açılan" bir oyun yaratmaq istədi.[8] "Flying Bear Entertainment" java əsaslı olan oyunu 31 avqust 2001-ci ildə "Insaniquarium" adı ilə ödənişsiz oyun kimi yayımladı.[7] O, oyunla 2002-ci ildə Müstəqil Oyunlar Festivalında[ing.] iştirak etmiş və finalist olmuşdur.[4] 2002 GDC[ing.]-da finalist stendində "PopCap Games" ona "Insaniquarium"u endirilə bilən bir oyun etmək üçün dəstək olmağı təklif etdi.[9] "Insaniquarium" "oyun dizaynında innovasiya" kateqoriyasında qalib gəldi.[10]
Həmin vaxtı Fen "Blizzard Entertainment"də iş axtarırdı. Blizzard Fenə onlarla işləmədiyi vaxtlarda "Insaniquarium" üzərində işləməyə icazə verirdi.[9] O dövrdə Fen müstəqil video oyun dizayneri olduğu üçün bəzi musiqiləri bəstələməklə yanaşı, "Insaniquarium"un proqramlaşdırılması və dizaynının əksəriyyətini təkbaşına yerinə yetirməyə məcbur olmuşdur.[11] Yayımçısı "PopCap Games" olan "Insaniquarium" 2004-cü ildə "Insaniquarium: Deluxe"[a] adı ilə PC üçün təqdim edilmiş və kritik və mali uğurlarla qarşılanmışdır.[13] Oyunun 2006-cı ilə qədər PC-də 20 milyon nüsxəsi satılmış[14] və 13 aprel 2006-cı ildə ABŞ-də, 29 iyun 2006-cı ildə Avropada[15] "Glu Mobile" tərəfindən mobil telefon versiyası buraxılmışdır.[16] Oyun həmçinin 6 avqust 2008-ci ildə Palm OS və Windows Mobile telefonları və fərdi cib kompüterləri üçün təqdim edilmişdir.[17]
Fen iki il yarım Blizzardda çalışdı.[9] Bu müddət ərzində o, süni intelekt proqramlaşdırması və "Diablo III" üçün oyundakı düşmən personajların dizaynını tərtib etməklə vəzifələndirildi.[6][18] Fen "Insaniquarium"un təqdim olunmasından qısa bir vaxt sonra proqramçıdan daha çox dizayner olduğunun fərqinə vardı. O, Blizzardda dizayner olmağa çalışmış, ancaq digər işçiləri öz fikirlərinə inandırmaqda çətinlik çəkmişdir. Bu da onu daha kiçik komandalarda işləməsi seçimini etməsi qənaətinə götürmüşdür.[9]
Fen müstəqil oyun dizayneri olmaq üçün Blizzarddan bir illiyinə ayrılmışdır.[9] O, nəhayət sonda yeni bir oyun yaratmaq üçün "Insaniquarium" və "Warcraft III" proyektlərdən ilham almışdır.[19] O, iki ekranlı Nintendo DS üçün "Insaniquarium"un müdafiə yönümlü versiyasını yaratmağı düşünmüşdür.[9] Lakin o, "Warcraft III" qala müdafiəsi oyununu oynadıqdan sonra bitkilərin daha yaxşı müdafiə strukturları yaradıb-yarada bilməyəcəyi ilə maraqlanmağa başlamışdır. Beləcə qala müdafiəsi janrına yeni konseptlər gətirmək istəmiş və müdafiə strukturlarını görməzdən gələn və onlara məhəl qoymayan düşmənlər fikirləşmiş, bu da oyunda yol zolaqlarının istifadəsinə gətirib çıxartmışdır.[6][11] Öncədən "Insaniquarium"dakı yadplanetlilər olması planlanan düşmənlər oyunu digər bitki oyunlardan fərqli hala gətirmək üçün zombilərə dönüşdürülmüşdür.[6] Oyun əsərinin adı "Weedlings" olsa da, düşmənlərin yadplanetlilərdən zombilərə çevrilməsindən sonra adı dəyişdirilərək "Plants vs. Zombies" adlandırılmışdır.[6][9]
Fen əvvəlcə "Plants vs. Zombies" üzərində müstəqil şəkildə işləmişdir.[20] "PopCap Games"a qoşulmasının ona ən yaxşı oyunu yaratmağa kömək edəcəyinə inandıqdan sonra şirkətin daimi işçisi olmağa qərar vermişdir.[9] PopCap Fenin də içində yer aldığı, sırası ilə proqramçı, rəssam və bəstəkar rollarını üstlənən Tod Sempl, Riç Verner və Laura Şiqiharadan ibarət bir komanda qurmuşdur. Fen həmçinin oyunun tyutorial personajı olan Devid Röhrlın adını daşıyan "Crazy Dave" (azərb. Çılğın Deyv) personajını da səsləndirəcəkdi.[11] "Plants vs Zombies"in ərsəyə gəlməsi üç il yarım vaxt çəkdi.[20] "Plants vs. Zombies" "Insaniquarium" və "Warcraft III"dan başqa, arkade oyunu "Tapper",[11] kart oyunu "Magic: the Gathering"[6] və "Swiss Family Robinson"[20] filmindən də ilham almışdır. İnkişafın kritik aspekti oyunun təsadüfi və sərt oyunlar arasında balanslaşdırılmış şəkildə dizayn edilməsi idi.[6][21][22]
"Plants vs. Zombies" 5 may 2009-cu ildə PC və Mac OS X üçün buraxılmışdır.[23] Oyun Metacritic tərəfindən ümumi 100 üstündən 87 bal alaraq tənqidçilərdən müsbət rəy almışdır.[24] Çox keçmədən PopCap Games tərəfindən inkişaf etdirilən ən çox satılan videooyun oldu.[25][26][27] PopCapın Asiya/Pasifik bölməsinin vitse-prezidenti Ceyms Qvertzman 2010 "GDC China" konfransında etdiyi bir təqdimatda oyunun beynəlxalq miqyasda 1,5 milyon nüsxəsinin satıldığını açıqlamışdır.[28] "Plants vs. Zombies" iOS, Xbox 360 və Nintendo DS da daxil olmaqla müxtəlif platformalara da daşınmışdır.[29]
Fenin PopCap üçün dizayn etdiyi ləğv edilən, yaxud elan edilməyən müxtəlif başqa başqa layihələri də var idi. Bunlardan biri "Yeti Train" adlı rol oyunu idi,[4] 2009-cu ildə PopCap tərəfindən bu oyunun ticarət markasının təqdim edilməsinin ardından[30] yeni bir franşiza halına gələcəyi söhbətləri dolaşdı, ancaq 2011-ci ilin martında PopCap SEO-su Devid Roberts yeni franşizalar yayımlama planlarının olmadığını qeyd etdi.[31] İstehsalda olan bir başqa oyun Full Contact Bingo idi.[32]
12 iyul 2011-ci ildə PopCap və aktivləri "Electronic Arts" (EA) tərəfindən 750 milyon dollara satın alınmışdır.[33] EA "Plants vs. Zombies"i böyük bir franşiza olaraq təsvir etmiş, sikvelində freemium modelindən istifadə etməyə başlamışdır, bu da Fenin "Plants vs. Zombies"ə olan marağını itirməsinə səbəb olmuşdur. "Kotaku"dan Ceyson Şrayerə görə, EA PopCapı əməliyyatlarla pulsuz oynanıla bilən oyunlar hazırlamağa istiqamətləndirdikdə "Fen artıq bura uyğun deyildi.".[32] 21 avqust 2012-ci ildə PopCapın 50 işçisi Sietl studiyasını tərk etmiş, və ya işdən çıxarılmışdır. Dublindəki studiyaları ilə birlikdə Şanxay və Fenin də o sıralar çalışdığı San-Mateo studiyaları da bağlanmışdır.[32][34] Fen bu müddət ərzində PopCapın idarə heyətinin aylarla davam edən müzakirələrindən sonra işdən çıxarılmışdır. Fenin EA-nın freemium modelinə qarşı çıxdığına görə işdən qovulması ilə bağlı yayılan söylənti "The Binding of Isaac" və "Isaac and Super Meat Boy" videooyunlarının yaradıcısı Edmund Makmillenin bir açıqlamasına əsaslanmışdır. Fen bu fikrin doğru olub-olmaması barədə ictimaiyyətə açıqlama verməkdən imtina etmişdir.[32][35]
Fen 2012-ci ilin 21 avqustunda işdən çıxarıldığı üçün "PopCap Games"dan ayrıldıqdan sonra həmin ildə Ludum Dare[ing.] Game Jam üçün arkade tərzi döyüş oyunu "Octogeddon"u yaratmışdır.[36][37] Bu, inkişaf etdiricilərin müəyyən bir mövzu daxilində qısa müddətdə bir oyun yaratması ehtiyacı olan hakaton növü videooyun idi. Ludum Deyr üçün bu, 48 saat idi. 2012-ci ilin mövzusu "təkamül" idi; Fen oktapodun zamanla silah halına gətirilmiş üzvlər qazanmasını təmin edərək "Octogeddon"u bu temaya uyğun şəkildə dizayn etmişdir.[38] Oyun jamda müsbət reaksiyalarla qarşılanmış və Fenə oyun üzərində daha çox çalışması üçün ilham vermişdir.[37] O, "Plants vs. Zombies"in rəssamı Riç Verner və oyunun Xbox 360 portunun proqramçısı Kert Pfeffer ilə birlikdə müstəqil videooyun şirkəti "All Yes Good"u təsis etmişdir.[39]
Fen "Octogeddon" üzərində dizayner, Verner rəssam, Preffer də proqramlaşdırıcı kimi çalışmışdır.[40] Oyunun saundtrekini Cimmi Hinson təmin etmişdir.[4] "Octogeddon" 8 fevral 2018-ci ildə rəqəmsal videooyun paylama platforması Steamda təqdim edilmişdir.[41] Oyun Metakritikdə 100 üzərindən 82 bal alaraq müsbət qarşılanmışdır.[42] Oyunun 16 may 2019-cu ildə Nintendo Svitç videooyun konsolu versiyası yayımlanmışdır.[43] Fen hazırda şirkətin yaradıcı direktoru kimi çalışır.[44]
Fen Kaliforniyada yaşayır, o, kollec təhsili üçün Berkli Kaliforniya Universitetinə getmiş,[1][8] "Plants vs. Zombies" oyununun inkişafı zaman San-Fransiskoya yerləşmişdir.[2][9] 21 avqust 2012-ci ildə işdən qovulana qədər "PopCap Games"ın Kaliforniyada yerləşən San-Mateo studiyasında çalışımışdır.[32] Hal-hazırda "All Yes Good"un mərkəzi Redvud Şores, Kaliforniyada yerləşir.[44] Onun sevgilisi Laura Şiqihara "Plants vs. Zombies"in bəstəkarıdır.[6] Fenin hobbiləri arasında "Magic: The Gathering" oynamaq və leqo düzəltmək yer alır.[2] O, "Magic: The Gathering" əsas oyun dəstlərindən Magic 2015 üçün Genesis Hydra kartını dizayn etmişdir.[45][46]
Oyun | Yayımlanma tarixi | Janr | Rolu | İnkişaf etdirən | Yayımlayan | İst. |
---|---|---|---|---|---|---|
Wrath of the Gopher | 2001 | Pazl | Dizayner | Arcade Planet | Arcade Planet | [4][6][7] |
Insaniquarium | 31 avqust 2001[b] | Virtual ev heyvanı | Dizayner, proqramçı, bəstəkar | Flying Bear Entertainment | PopCap Games[c] | [7][12][47] |
Plants vs. Zombies | 5 may 2009 | Qala müdafiəsi, strategiya |
Dizayner | PopCap Games | PopCap Games | [48][49] |
Diablo III | 15 may 2012[d] | Rol oyunu | Süni intelekt proqramlaşdırıcısı, düşmən dizayneri | Blizzard Entertainment | Blizzard Entertainment | [6][50] |
Octogeddon | 8 fevral 2018 | Döyüş | Dizayner | All Yes Good | All Yes Good | [37][51] |
Hardhat Wombat | 2023 | Pazl | Dizayner | All Yes Good | All Yes Good | [52][53] |
Oyun | Yayımlanma tarixi | janr | İnkişaf etdirən | Yayımlayan | Funksiyası |
---|---|---|---|---|---|
Plants vs. Zombies 2 | 9 iyul 2013 | Qala müdafiəsi, strategiya | PopCap Games | Electronic Arts | Xüsusi təşəkkürlər |