Georgi Vanyan (9 may 1963[1], Qaraçinar, Qasım İsmayılov rayonu – 15 oktyabr 2021, Tbilisi) — erməni sülh aktivisti və Qafqaz Sülh Təşəbbüsləri Mərkəzinin sədri.
Georgi Vanyan | |
---|---|
Doğum tarixi | 9 may 1963[1] |
Doğum yeri | |
Vəfat tarixi | 15 oktyabr 2021 (58 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | COVID-19 |
Təhsili |
|
Fəaliyyəti | teatr aktyoru, sülh aktivisti |
9 may 1963-cü ildə Qasım İsmayılov rayonunun (indiki Goranboy) Qaraçinar kəndində anadan olub.[2] Abovyan şəhərindəki 7 saylı orta məktəbdə oxuyub. 1981-1983-cü illərdə hərbi xidmətdə olub. 1986-1991-ci illərdə İrəvan Dövlət Teatr və Kinematoqrafiya İnstitutunda dram teatrının rejissoru, teatr və kino aktyoru ixtisası üzrə təhsil alıb.[3]
1984-1994-cü illərdə İrəvan Dövlət Pantomima Teatrı, "İrəvan" teatrında, "Armenfilm" film studiyasında və "Hamazqayın" teatrında aktyor kimi çalışıb. 1989-1992-ci illərdə "Mxitar Sebastatsi" tədris kompleksində müəllim, metodist, estetika kursunun rəhbəri və direktorlar şurasının üzvü olub. 1992-1994-cü illərdə "AR-İrəvan Tatron" teatrının yaradıcısı və bədii rəhbəri olub.[3] Ədəbi-bədii "Arar" aylıq nəşrinin təsisçisi və baş redaktoru idi. 1995-1997-ci illərdə Ermənistan Mədəniyyət Nazirliyi yanında "Arar" Teatr və Nəşriyyat Kompleksinin direktoru vəzifəsində çalışıb. 1995-ci ildə Ermənistan parlament seçkilərində deputatlığa namizəd olub. 1997-2005-ci illərdə İrəvanda 61 saylı orta məktəbin direktoru olub. 1989-2004-cü illərdə küçə uşaqları və uşaq fahişəliyi problemləri, qaçqın və sağlamlıq imkanları məhdud uşaqların adaptasiyası problemləri ilə məşğul olub.[3]
1998-ci il fevralın 3-də Nor Uqi (Yeni Yol) partiyasının üzvü, 1999-cu ildə partiya şurasının üzvü və sədr müavini olub. 1998-ci il prezident seçkilərində Aşot Bleyanın təşviqat qərargahına rəhbərlik edib. 1999-2001-ci illərdə "Siyasi Məhbus Aşot Bleyanın Müdafiəsi üzrə İctimai Şura"nın təsisçisi və sədri olub.[3]
2000-ci ildə Ermənistan parlamentinə edilən silahlı hücumdan sonra keçirilmiş təkrar seçkilərdə deputatlığa namizəd olub. Seçkilərə bir gün qalmış namizədliyini geri götürüb və boykot çağırışı edib. 2001-ci ildə Aşot Bleyan azadlığa çıxdıqdan sonra partiyanı tərk edib. 2002-ci ildə siyasi fəaliyyətini dayandırıb.[3]
2002-ci ildən Qafqaz Sülhməramlı Təşəbbüslər Mərkəzini təsis edib.[4]
Vanyan tez-tez millətçilər tərəfindən xain damğası alıb və onun təşəbbüsləri etirazlara səbəb olub. 2007-ci ildə İrəvanda dövlət məktəbində Azərbaycan günləri təşkil edib. Tədbir Azərbaycana hər hansı güzəştə qarşı çıxan kiçik bir qrup milliyətçi blogger tərəfindən qısa müddətdə pozulub.[5] 2011-ci ildə Vanyan Gürcüstanın Ermənistan və Azərbaycanla sərhədindən bir neçə kilometr aralıda yerləşən kənd olan Təkəlidə sülh mərkəzi açıb.[6][7] Layihə Azərbaycan və Gürcüstandakı digər vətəndaş cəmiyyəti fəalları, mədəniyyət xadimləri və jurnalistlərdən ibarət kiçik qrup tərəfindən dəstəklənib.[8] O, keçmiş teatr direktoru kimi Gürcüstanda "Təkəli İncəsənət Festivalı və Münaqişələrin Transformasiyası"nı təşkil edib.[9]
2012-ci ilin aprelində Vanyan Ermənistanın ikinci ən böyük şəhəri Gümrüdə Azərbaycan filmləri festivalı təşkil etməyə cəhd edib, lakin onlarla etirazçı festivalın keçirildiyi məkanı bağladıqdan sonra ləğv etməli olub. Tədbir Vanyanın Qafqaz Sülh Təşəbbüsləri Mərkəzi tərəfindən təşkil olunub və ABŞ və Böyük Britaniyanın İrəvandakı səfirliklərinin dəstəyi ilə keçiriləcəkdi.[10]
8 noyabr 2020-ci ildə, İkinci Qarabağ müharibəsi zamanı o, Facebook-da Azərbaycanla dialoqa çağıran paylaşıma görə Ermənistan polisi tərəfindən cərimələnib. Vanyan yazıb ki, Ermənistan "öz vətəndaşlarına qarşı cinayətlər həddini çoxdan keçib". O "qələbədən danışan bu cinayət cəfəngiyyatını dayandırmağa" çağırıb: "heç kim qonşuya qalib gəlmir, heç kim qonşunu tapdalamır, heç kim qonşunu məhv etmir. İnsan qonşusu ilə danışır və eyni dildə danışmaq bacarığı tapana, qarşılıqlı anlaşma əldə olunana qədər danışmağa davam edir."[11]
2021-ci ilin fevralında Vanyan Emin Milli ilə birlikdə Ermənistan və Azərbaycan arasında vətəndaş cəmiyyətinin rəhbərliyi altında barışığa çağırıb.[12] Vanyan 15 oktyabr 2021-ci ildə COVID-19-dan vəfat edib.[13]