Ginkgo biloba

İkidilim ginkqo (lat. Ginkgo biloba) — bitkilər aləminin ginkqofitlər şöbəsinin ginkqoopsidlər sinfinin ginkqotoxumlular dəstəsinin ginkqokimilər fəsiləsinin ginkqo cinsinə aid bitki növü.

İkidilim ginkqo
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təxminən 1730-cu ildə ikiayalı ginkqo Qərbi Avropaya, 50 ildən sonra isə Şimali Amerikaya gətirilmişdir. İkidilim ginkqonun elmi adını Karl Linney vermişdir. İngiltərə bağçılarından biri bu bitkini təbiətşünas Linneyə göndərmiş, 1771-ci ildə isə Linney bu bitkini "Ginkqo biloba" adı ilə elmi ədəbiyyata daxil etmişdir. Qədimdən ginkqo ağacları müqəddəs ağac kimi Yaponiyada, ÇindəKoreyada qədim kilsələri əhatə edən bir çox parklarda becərilirdi. Hündürlüyü 40 m-ə çatan ikievli bitkidir.

Ginkqonun gövdəsi cavan yaşlarında boz, yaşlandıqca boz-qəhvəyi rəngdə olub, çətiri aşağıdan oval, yuxarıdan enli seyrəkdir. Budaqları parlaq, açıq sarı, narıncıdır, gövdənin qabığı isə tünd-narıncı rəngdə olub, üzərində çatlar vardır. Ginkqonun bir çox iynəyarpaqlılardan əsas fərqi bu bitkidən qatranın əmələ gəlməsidir. Ginkqonun yarpaqları ikitipli zoğlarda tezböyüyən, uzunsov, təpə zoğlarında və yavaş böyüyən, qısa zoğlarda yerləşir. Ginkqonun yarpaqları çoxsaylı damarcıqlarla əhatə olunmuş, ikiayalı, yelpikvarı, dərivarı lövhəcikdən ibarətdir və bəzi qıjıların yarpaqlarına bənzəyir. Yarpaq ayasının uzunluğu 10 sm, eni isə 10-12 sm-dir, yayda tünd-yaşıl, payızda açıq-sarı rəngdə olur. Yarpaq saplağı 8-10 sm uzunluqdadır. Erkəkcikli çiçəklər sırğaçiçək qurupunda toplanmış və erkəkcikləri bir-birindən aralıdır. İki açıq yumurtacıq şəklində olan dişi çiçəkləri nazik, uzun ayaqcıqlarda yerləşir. May-iyun aylarında çiçəkləyir. Meyvəsi yumurtavaridir, xaricdən şirəli-lətli, daxildən bərk təbəqə ilə örtülüdür, sentyabr-oktyabr aylarında yetişir. Yetişmiş toxumların uzunluğu 2 sm olub, sarı rəngdədir. Ginkqo toxumlarla və qələmlərlə asanlıqla çoxalır və yaşıllaşdırma üçün prespektivli bitki sayılır. İşıq, istisevən, havanın çirklənməsinə, göbələk və virus xəstəliklərinə davamlıdır, həşəratlarla az zədələnir. Azərbaycanda ikidilim ginkqo ağacı Lənkəran, Balakən, Zaqatala, Şəki və Abşeronda mədəni şəraitdə becərilir.