Girokastra Milli Folklor Festivalı (alb. Festivali Folklorik Kombëtar i Gjirokastrës) ― Albaniyanın cənubunda yerıəşən Girokastra şəhərinin eyniadlı qalasında hər beş ildən bir keçirilən sənət festivalı. Festival ilk dəfə 1968-ci ildə baş tutmuşdur və Albaniya mədəniyyətinin ən vacib hadisəsi hesab olunur.[1] Festivalda Albaniya vətəndaşları, diaspora nümayəndələri və Balkanlardan və İtaliyanın cənubundan gələn insanlar alban ənənəvi musiqisi, geyimləri və rəqsləri nümayiş etdirirlər. Girokastra festivalı 1949-cu ildə Tirana şəhərində başlayan Folklor Festivalları ənənəsini təqib edir.[1][2]
Girokastra Milli Folklor Festivalından əvvəl 1949-cu ildə və daha sonra 25-27 noyabr 1959-cu illərdə Albaniyanın paytaxtı Tirana şəhərində "Milli Mahnı, Musiqi və Rəqs Festivalı" keçirilirdi.[2][2] On il sonra, 8-16 oktyabr 1968-ci ildə Albaniyanın kommunist lideri və Girokastrada doğulmuş Ənvər Xocanın doğum günü şərəfinə ilk "Milli Folklor Festivalı" keçirildi.[3] Festival hər beş ildən bir 1973, 1978, 1983 və 1988-ci illərdə təkrar təşkil olunurdu. Festival 1995-ci ildə Berat şəhərində keçirildi, 2000-ci ilin sentyabr ayından isə yenidən Girokastrada təşkil olunmağa başladı.[1]
Festival doqquzuncu dəfə 2009-cu ilin sentyabr ayında baş tutdu.[4] Festivalın qalibləri Şkoder vilayəti təmsilçiləri oldular, onlar ən yaxşı ümumi çıxışlarına görə birinci yeri tutdular, ən yaxşı fərdi çıxışlarda isə Şərif Dərvişi və Mifterin Uka hamını üstələdilər.[5]
Festivalın onuncu mövsümü 10–16 may 2015-ci ilə təsadüf etdi.[6] COVID-19 koronavirus pandemiyasına görə festivalın 11-ci mövsümü bir il sonraya, 2021-ci ilin 1-8 may tarixlərinə təxirə salındı.[7]