Hüquqi antropologiya

Hüquqi antropologiya  — şifahi və ya yazılı hüquqları və ictimai həyat təcrübəsini təhlil edərək, hər bir tarixi sivilizasiya tipi üçün xarakterik olan insan varlığının hüquqiləşdirilməsi proseslərini araşdıran və insan icmaların sosial və hüquqi həyatının əsasını təşkil edən qanunauyğunluqları aydınlaşdırmağa çalışan elmi və təhsil intizamı[1].

Hüquqi antropologiyanın yaranma tarixi

[redaktə | mənbəni redaktə et]

Hüquqi antropologiya antropoloji elmlər içərisində nisbətən yeni, cavan sahələrdən hesab olunur. Hüquqi antropologiyanın bir elm kimi formalaşması tarixi mübahisəlidir. Belə ki, universitet təhsili sistemində hüquqi antropologiya keçən əsrin 90-cı illərindən tədris olunmağa başlayıb. İlk dəfə 1990-cı ildə Norbert Rulan tərəfindən Paris 7 universitetində tədris olunmuşdur. 1995-1996-cı tədris ilindən etibarən isə Rusiyadakı tədris olunmağa başlayıb. Hüquqi antropologiya hüquq və antropologiyanın qovşağında formalaşmış bir elm sahəsidir və müəyyən tədqiqatçılar onu sosial antropologiyanın bir sahəsi kimi də qəbul edirlər. Ümumilikdə hüquqi antropologiyanın müəyyən bir bilik sahəsi kimi ayrılması müxtəlif tədqiqatçılar tərəfindən müxtəlif cür qəbul olunur. Bu fənnin ilk dərsliyini yazan N.Rulan hüquqi antropologiyanın XVIII əsrin II yarısında formalaşmağa başladığını göstərmiş və fransız maarifçisi Jan Jak Russoalman filosofu İmmanuel Kantı bu sahənin ilkin yaradıcıları kimi vermişdir. Lakin, bir çox tədqiqatçılar hüquqi antropologiyanın yaranmasını qədim hüquq sistemlərinin daha doğrusu yazılı hüquq formalaşana qədər mövcud olmuş ictimai həyatın nizamlanması formalarının tədqiqat obyektinə çevrilməsi ilə əlaqələndirirlər. Belə yanaşma hüquqi antropologiyanın XIX əsrin ortalarında formalaşdığını söyləməyə əsas verir.

Bu sahədə ilk tədqiqatlar ingilis antropoloqu Henri Samner Menə məxsus olduğundan bu alimi də hüquqi antropologiyanın banisi hesab edirlər. Digər yanaşmaya görə isə əksər tədqiqatçılar hüquq məhvumu adı altında yalnız dövlətlə bağlı olan məcmuələşdirilmiş - yazılmış qanunları qəbul edirlər. Dövlətə qədərki insan cəmiyyətində mövcud olan daxili münasibətlərin tənzimlənməsi, ictimai həyatın nizamlanması qaydaları isə buraya şamil edilmir. Bu müstəvidən yanaşma hüquqi antropologiyanın yalnız XX əsrin 20-ci illərində yarandığını söyləməyə imkan verir. Belə ki, Avropa pozitivist hüququnun ənənəvi və arxaik cəmiyyətlərdə tətbiqinin və onların mövcud adət-ənənələrə uyğunlaşdırılmasının ilkin elmi izahı Bronislav Malinovski tərəfindən verilmişdir. Samner Men əsasən qədim hüququ öyrəndiyi halda, Malinovski ilk dəfə olaraq müasir dövrdə mövcud olan, ibtidai icma cəmiyyətində yaşayan, yəni yazılmamış qanunlarla idarə olunan cəmiyyətlərin hüquqi mövcudluğunu tədqiq etməyə, onların əsas xüsusiyyətlərini aydınlaşdırmağa çalışmışdır. Bunu əsas götürərək xüsusən də hüquqşünasların böyük qismi hüquqi antropologiyanın məhz bu dövrdə yarandığını, formalaşdığını göstərirlər. Beləliklə, XIX əsrin sonu XX əsrin əvvəllərində Samner Men öz oriyentasına görə təkamülçülərə, Malinovski isə funksionalistlərə məxsusdur. Bununla da faktiki olaraq hüquqi antropologiyanın təkamülçülər və funksionalistlər tərəfindən formalaşdırılması ideyası ortaya çıxır.

Hüquqi antropologiyanın predmeti

[redaktə | mənbəni redaktə et]

Ümumilikdə hüquqi antropologiyanın formalaşması haqqında mövcud olan fərqli fikirlər hüququn özünün mahiyyətinə olan fərqli düşüncələrlə bağlıdır. Bu səbəbdən də hüquqi antropologiyada bu elm sahəsinin nəyi öyrənməsi ilə, yəni predmeti ilə bağlı da yekdil fikir yoxdur. Hüquqi antropologiya iki elmin - hüquqşünaslıq və antropologiyanın qovşağında yerləşir. Bu iki sahənin birləşməsi XX əsrin 20-ci illərinə aiddir. Antropologiya insan və insan fəaliyyətinin nəticələrini, hüquqşünaslıq isə insan cəmiyyətinin idarə olunmasının qanunauyğunluqlarını öyrənir.

Hüquq sistemi özü 3 yerə bölünür:

  1. Adət hüququ - bu hüququn ilkin səviyyəsidir.
  2. Ənənəvi hüquq - müxtəlif cəmiyyətlərə xas olan hüquq sistemidir.
  3. Praqmatik hüquq - məcəllələşmiş hüquqdur. Bu hüquq sistemi Napalyonun vaxtında özünün zirvə nöqtəsinə çatmışdır.
  4. Praqmatik hüquq yalnız hüquqşünaslıq tərəfindən öyrənildiyi halda, adət hüququ və ənənəvi hüquq isə yalnız hüquqşünaslıq tərəfindən öyrənilə bilməz. Bu sistemlər insan cəmiyyətini öyrənən elm tərəfindən, yəni antropologiya tərəfindən öyrənilməlidir.

Hüquqşünaslar insan cəmiyyətini tarixən iki böyük dövrə bölürlər:

  • yazılmış hüquqa qədərki tarix
  • yazılmış hüquqdan sonrakı tarix.

Ümumiyyətlə XVII əsrdən bu günə qədər hüquqşünaslıqda qanunun özünün nə olması mübahisəlidir. Bu da bu sahədə müxtəlif fikirlərin mövcudluğuna gətirib çıxarmışdır. Əsas problem budur ki, “nəyi qanun hesab etmək olar?”. Uzun müddət belə hesab edirdilər ki, insan cəmiyyətlərində müəyyən qəbul olunmuş qaydalara riayət etmək məcburidir, əks halda cəza tətbiq olunmalıdır.

Bu nöqteyi nəzərdən götürsək ilk qanunlar sinifli cəmiyyətlər yarandıqdan, yazılmış qanunlar formalaşdıqdan sonra yaranmışdır. Məsələn, hər hansısa bir əmələ görə azadlıqdan məhrum etmə və s. Lakin, cəmiyyətdə uzun bir dövr var ki, burada yazılmış qanunlar yoxdur. Ümumiyyətlə insan cəmiyyəti yarandıqdan sonra insanların fəaliyyətində müəyyən məhdudiyyətlər də mövcud olmuşdur. Belə ki, insan hər hansısa bir fəaliyyətlə məşğul olarkən müəyyən hərəkətlərə və ya düşüncə tərzinə görə məsuliyyət hiss etmişdir. Bu məsuliyyəti onda yaradan ətrafdakıların həmin hərəkətlərə yaxud düşüncə tərzinə olan reaksiyasıdır. Bunları müəyyən mənada əxlaqi qaydalar adlandırsaq da, elə deyil. Bu onunla bağlıdır ki, insan cəmiyyətinin yaranması qadağalarla başlayır və bu müxtəlif cəmiyyətlərdə müxtəlif şəkildə özünü göstərir.

Bununla da hüquqşünaslıqda belə bir sual yaranır: “Həmin bu qadağaları qanun hesab etmək olar ya yox?”. İbtidai icma cəmiyyətində mövcud olan bu qaydaları demək olar ki, heç kəs pozmur, baxmayaraq ki, bu dövrdə cəza yoxdur. Lakin, bizim cəmiyyətimizdə cəza olduğu halda insanlar mövcud qaydaları pozurlar. Bu da ona əsas verir ki, yazılmamış qanunlar yazılmış qanunlardan daha güclü mahiyyətə malikdir. Bu zaman isə belə bir sual ortaya çıxır: “Yazılmamış qanunların bu qədər gücü varsa, niyə onları qanun hesab etməyək?”. Beləliklə, elmdə mövcud olan ilk elmi baxışlara əsasən hüquqi antropologiya arxaik və ənənəvi cəmiyyətlərdə mövcud olan adət-ənənələr əsasında formalaşmış "adət hüququ"nu öyrənir.

Başqa sözlə hüquqi antropologiya primitiv cəmiyyətlərdə mövcud olan daxili nizamlanma qaydalarını tədqiq edir. Müasir cəmiyyətlərdə isə onların qalıqlarının ictimai həyata, insanların gündəlik davranışına təsirini tədqiq edir. Faktiki olaraq bu nöqteyi nəzərin tərəfdarları hüquqi düşüncənin ilkin çağlardan yazılmış qanunlar meydana gələnə qədərki tarixinin öyrənilməsini hüquqi antropologiyanın əsas vəzifəsi hesab edirlər və fənnin də hüquqi antropologiya adlandırılmasını təklif edirlər.

İkinci dünya müharibəsindən sonra hüquqşünaslıq sahəsində hüququn mahiyyəti ilə bağlı bir çox müddəalarda dəyişikliklər baş verdi. Bəzi tədqiqatçılar “adət hüququ”nun bir çox cəmiyyətlərdə yazılmış qanunlardan heç də az təsirli olmamasını nəzərə alaraq onların da hüquq məhvumu altında birləşdirilməsini təklif etdilər. Yəni, hüquq yalnız qanunlardan ibarət deyil, həmçinin, müəyyən adətlər, ənənələr də hüquq məhvumuna daxil edilməlidir. Bu nöqteyi-nəzərin tərəfdarlarları hüquqi antropologiyanın əsas predmeti kimi hüququn bir ictimai fenomen kimi insan mədəniyyətində tutduğu yerin tədqiqi olduğunu göstərirdilər. Belə ki, yer kürəsində mövcud olan və mövcud olmuş etnik toplumlar fərqli olduğu kimi mədəniyyətlər də fərqlidir və bu mədəniyyətlər sistemində insanların ictimai davranış qaydalarının tənzimlənməsi, sosial həyatın nizamlanması da fərqlidir.

Yəni, hüquqi antropologiyanın əsas predmeti hüquqi plüralizmin (müxtəlifliyin) öyrənilməsidir. Təsadüfi deyil ki, Norbert Rulanın “Hüquqi antropologiya” dərsliyinin əsas qayəsi Avropa mərkəzçilikdən, Avropa dəyərlər sistemindən uzaqlaşmaq, hüquqi plüralizmi qəbul etmək idi. Bəzi tədqiqatçılar göstərir ki, Yer kürəsində nə qədər insan cəmiyyəti varsa, bir o qədər də hüquq sistemi var. Bunların hamısı hüquqi plüralizmə görə eyni tərtibdə hesab olunur və eyni dəyərdə qəbul olunurlar. Bu səbəbdən də hüquqi antropologiyanın əsas vəzifələrindən biri də bütün bunları tədqiq etməkdir. İnsan cəmiyyətlərinin hər biri mövcudolma xüsusiyyətlərinə görə fərqlənsələr də, ümumi qayda-qanunlara əsaslanırlar. Həmin bu qanunauyğunluqların araşdırılması və ortaya çıxarılması əsas məsələlərdən biridir. Təsadüfi deyil ki, 1990-cı illərdən etibarən Avropanın bir çox ölkələrində, eyni zamanda bir sıra Şərq ölkələrində (Çin, Hindistan) hüquqi antropologiya ilə bağlı həm elmi, həm ictimai, həm də dövlət təşkilatları yaranmışdır. Günümüzdə hüquqi antropologiya ilə bağlı ən mühüm təşkilatlardan biri olan “Adət hüququ və hüquqi plüralizm üzrə beynəlxalq komissiya” (1997) fəaliyyət göstərir.

1997-ci ildən sonra isə hüquqi plüralizm üzrə müxtəlif dünya ölkələrində beynəlxalq konfranslar təşkil olunur. Ümumilikdə XX əsrin ortalarından hüquqi plüralizm özünə yer etmiş və ilk dəfə bu məsələləri ortaya çıxaran əslində Malinovski olmuşdur. Bu nöqteyi-nəzərdən - müxtəlif hüquq sistemlərinin eyni tərtibli olması nöqteyi-nəzərindən yanaşdıqda bəzi tədqiqatçılar hüquqi antropologiyanın əsasının Malinovskinin əsərlərində qoyulduğu göstərilir.

Bəzi tədqiqatçılar hüquqi antropologiyanın predmetinin yazılmamış qanunların tədqiqi olduğunu göstərirlər. Yazılmamış qanun dedikdə, yalnız adət hüququ nəzərdə tutulmur. İnsan cəmiyyəti əqidə, mənafe və s. əsasında birləşmiş insan toplumlarından ibarətdir. Bu toplumların böyük bir qisminin özünün daxili tənzimlənmə qaydaları vardır. Məsələn, mafiya, futbol fan-klubları, müxtəlif dini-siyasi ordenlər, hətta ayrı-ayrı firmalar və s. özünəməxsus daxili münasibətlərin nizamlanma qaydalarına malikdir. Bunun tipik nümunəsi kimi biz cəzaçəkmə müəssisəsində mövcud olan daxili qaydaları göstərə bilərik. Bir çox hallarda məhz bu yazılmamış qanunlar mövcud hüquqdan cəmiyyətin ictimai həyatına daha güclü təsir göstərir. Bəzi tədqiqatçıların fikrinə görə hüquqi antropologiyanın əsas vəzifəsi məhz bu xüsusiyyətlərin tədqiqidir. Yəni, yazılmamış, lakin insanların həyatında mühüm rol oynayan bütün hüquqi gerçəkliklərin öyrənilməsidir. Faktiki olaraq müasir dövrdə hüquqi antropologiya sahəsində əsas tədqiqatlar məhz bu istiqamətdə aparılır. Bütün bu deyilənləri biz ümumiləşdirərək, deyə bilərik ki, hüquqi antropologiya hər bir cəmiyyətə xas olan hüquqiləşmə proseslərini və onların daxili məntiqini açmağa, izah etməyə çalışır və insan cəmiyyətinin ilkin pillələrində insanların davranışlarını tənzimləyən qaydaları, adətləri, ənənələri və s. öyrənir. Yəni, faktiki olaraq, insan mədəniyyətinin tərkib hissəsi kimi xalq ruhunda, adətlərdə, folklorda, ayinlərdə maddiləşmiş tənzimlənmə xüsusiyyətlərini tədqiq edir. Hüquqi mədəniyyət insan mədəniyyətinin tərkib hissələrindən biridir. Sonuncu mənada hüquqi antropologiya bir çox tədqiqatçılar tərəfindən hüquqi antropologiya yox, hüququn antropologiyası kimi təqdim olunur.

Hüquqi antropologiyanın hüquqşünaslıqdan fərqi bunlardır:

  1. Hüquqşünaslıq birinci növbədə yazılmış qanunlar, onların formalaşdırdığı qaydalar və həmin qaydaların riayət olunması mexanizmini tədqiq edir. Hüquqi antropologiya isə diqqəti adət hüququ və ənənəvi hüquqa yönəldir.
  2. Hüquqşünaslıq hüququ bir substansiya kimi, hüquqi antropologiya isə mədəniyyətin tərkib hissəsi kimi öyrənir.
  3. Hüquqi antropologiya hüququ mədəniyyət fenomeni kimi öyrəndiyi üçün o, cəzalandırma, məcburetmə mexanizmlərinə və s. diqqət yetirmir. Hüquqşünaslıqda isə bu əksinədir. Ümumən hüquqşünaslıqda iki əsas anlayış var: cinayət və cəza.

Hüquqi antropologiyanın tədqiqat metodları

[redaktə | mənbəni redaktə et]

Faktiki olaraq burada antropologiyanın tədqiqat metodlarından (ekspedisiyalar, təcrübələr, müqayisələr, ümumiləşdirmələr və s.) istifadə olunur. Bu xüsusən də, arxaik və ənənəvi cəmiyyətlərdə mövcud olan hüquqi normaları müəyyən etmək üçün gərəklidir. Hüquqi antropologiyanın hüquqşünaslığın və antropologiyanın qovşağında yaranmasına baxmayaraq, onun tədqiqat metodları içərisində sosial-mədəni antropologiyanın tədqiqat metodları daha mühüm yer tutur. Hüquqi antropologiya adi hüquq sistemini həm ictimai, həm də mədəni müstəvidə tədqiq etdiyindən burada istifadə olunan əsas metodlardan biri müqayisəli-tarixi metoddur. Bu tədqiqat strategiyası ictimai proses kimi hüququn mənşəyi haqqında təsəvvürlərin təkmilləşdirilməsinə imkan yaradır. Yəni, bu problemlər yalnız tarixi müstəvidən deyil, müasir materiallar əsasında nəzərdən keçirilir. İkincisi hüquqi antropologiya hüquqi mədəniyyətlərin öyrənilməsinə istiqamətlənib. Burada da yalnız etnik adət hüquqi deyil, bütövlükdə cəmiyyətin nizamlanma və tənzimlənmə qaydaları tədqiq olunur. Hüquqi antropologiyanın əsas tədqiqat metodu isə daxili - içəridən müşahidə metodudur.

Hüquqi antropologiya və digər elmlər

[redaktə | mənbəni redaktə et]

Hüququn sosiologiyası. Hüquqi antropologiyanın digər elmlərlə əlaqəsini öyrənərkən ən birincisi burada “hüququn sosiologiyası”nın adını çəkmək lazımdır. Ümumiyyətlə hüquqi antropologiya XIX əsrdə formalaşanda bu elmi hüquqi antropologiya yox, müxtəlif şəkillərdə adlandırırdılar: hüququn sosiologiyası, müqayisəli hüquqşünaslıq, hüquqi etnologiya və s. Çünki, bu dövrdə hüquqi antropologiya anlayışı yox idi. Hüquqi antropologiya yalnız XX əsrin II yarısında elmi termin kimi formalaşmışdır. Hüququn sosiologiyası müasir cəmiyyətlərdə mövcud olan praqmatik hüququn insan cəmiyyətində mövcudluğunun əsaslarını öyrənir. Hüquqi antropologiya isə qədim, arxaik, ənənəvi cəmiyyətlərdə mövcud olan hüququ öyrənir. Hüquqi antropologiya daha çox Fransada tədris olunur və fransızlar hüquqi antropologiya ilə hüququn sosiologiyasını bir elmin iki səviyyəsi hesab edirlər. Həqiqətən də istər hüquqi antropologiya, istərsə də hüquqi sosiologiya arasında çox böyük bağlılıqlar vardır. Hətta bəzi hallarda belə müəyyənləşdirmək olmur ki, bu və ya digər tədqiqatı hansı elm sahəsinə şamil etmək lazımdır. Bir sözlə hüququn sosiologiyası cansız, ruhsuz hüququ öyrənir. Hüquqi antropologiya isə canlı hüququ öyrənir. Hüquqi antropologiyanın canlılığı ondadır ki, ənənəvi-arxaik cəmiyyətlərdə hansısa qayda pozulduqda bu nəinki cinayət, hətta günah belə sayılmır. Lakin, kolifikasiya edilmiş hüquqda qayda pozuntusu cinayət hesab olunur. Hüququn sosiologiyası hüququn insan cəmiyyətlərində mövcud olması mexanizmlərini tədqiq edir. İstər insanların şüurunda, istər fəaliyyətində, istərsə də insanların qarşılıqlı münasibətlərində.

Siyasi antropologiya. Hüquqi antropologiyanın ən yaxın təmasda olduğu elmlərdən biri də siyasi antropologiyadır. Siyasi anrtopologiya bir elm kimi sosial antropologiyadan təxminən 30 il əvvəl yaranmışdır. Evans Priçard və Maykl Fyortes 1947-ci ildə “Afrikanın siyasi sistemləri” adlı əsəri ilə siyasi antropologiyanın əsasını qoymuşdur. Siyasi antropologiya arxaik və ənənəvi cəmiyyətlərdə siyasi təsisatları öyrənir. Hüquqi antropologiya isə həmin siyasi təsisatların doğurduğu qayda qanunları. Bu səbəbdən bəzi hallarda bu iki elmi bir-birindən ayırmaq çətinləşir. Belə ki, eyni gerçəkliyi, eyni predmeti iki rakursdan - hakimiyyət rakursundan siyasi antropologiya, tənzimlənmə (nizamlanma) rakursundan isə hüquqi antropologiya öyrənir. Hər iki fənni birləşdirən əsas anlayış isə “ictimai norma” anlayışıdır. Belə ki, hakimiyyət də, hüquq da ictimai normalara əsaslanır.

Etnoqrafiya. Hüquqi antropologiya üçün önəmli olan materialları toplayır. Marko Polo 1295-ci ildə Venesiyaya qayıtdıqdan sonra onun yazdığı “Marko Polonun kitabı” (1298) adlı əsərini yalanlayan minə qədər kitab yazılmışdır.

Hüquqi antropologiyanın inkişaf tarixi

[redaktə | mənbəni redaktə et]

Hüquqi antropologiyanın yaranmasının ilkin şərtləri

[redaktə | mənbəni redaktə et]

Hüquqi antropologiyanın bir elm sahəsi kimi formalaşması müxtəlif tədqiqatçılar tərəfindən XIX əsrin sonu yaxud XX əsrin ilk yarısı kimi qəbul edilir. Lakin, bu o demək deyil ki, bu sahədə bu və ya digər fikirlər, ideyalar ondan əvvəlki dövrdə olmamışdır. Əslində Hüquqi antropologiyanın formalaşması məhz onun yaranmasına qədər mövcud olan fikirlərin ümumiləşdirilməsi nəticəsində baş vermişdir. Hüquqi antropologiyanı ilk dəfə tədris edən Norbert Rulan belə hesab edirdi ki, hüquqi antropologiyanın ilkin problemlərinin meydana gəlməsi qədim dövrdə yazılmış hüququn ilkin formalarının yaranması ilə eyni vaxtda baş vermişdir. Məhz ən qədim dövrlərdə, İkiçayarasında, Misirdə ilkin hüquqi kodekslərin (məcəllələrin) hazırlanması işində mövcud adət-ənənələrin, cəmiyyətdə əsrlər boyu formalaşmış nizamlama mexanizmlərinin, tənzimləmə qaydalarının öyrənilməsi prosesi gedmiş və onun nəticəsində də ilkin hüquqi kodekslər formalaşmışdır. Uzun müddət bu və ya digər cəmiyyətdə digərlərində mövcud olmuş qaydalara yanaşma fərqli olmuş, onların düzgün olub-olmaması problemi qoyulmuşdur. Yalnız Böyük coğrafi kəşflərdən sonra cəmiyyətin daxili nizamının tənzim olunmasında mövcud olan qaydalara münasibət problemi ortalığa çıxmışdır. Belə ki, XVI əsrdə Amerika hindularının, xüsusilə də mərkəzi Amerika hindularının həyat tərzinin öyrənilməsi, onların adət-ənənələrinin tədqiq edilməsi ilə bağlı olaraq bu cəmiyyətlərdə mövcud olan nizamlama qaydalarının hansı formada qəbul edilməsi problemi ortaya çıxır.

Amerika hindularının ən böyük müdafiəçilərindən biri həmin dövrdə yaşamış Dieqo de Las Kasas olmuşdur. Əslən ispan olan de Las Kasas işğalçılara qarşı çıxmış və “Amerikalıların tarixi” əsərində göstərmişdir ki, amerika hindularını vəhşi adlandıranlara cavab olaraq bildiririk ki, bu insanların şəhərləri, kəndləri kralları, siyasi sistemləri və idarə edənləri mövcuddur. Bu xalqların yaratdığı təsisatlar Avropada mövcud olan təsisatlardan daha yaxşı və işlərini daha düzgün qurmuş formada fəaliyyət göstərir. Hər halda amerika hinduları öz yaşayış tərzlərinə görə bizdən heç də aşağı səviyyədə deyillər. Ümumiyyətlə bu dövrdə ilk dəfə hüquqda plüralizmin yaranması problemi meydana gəlmişdir. Elə həmin dövrdə təqribən XVI-XVII əsrlərdə hüquqşünaslıqda hüququn əsasları, təbiəti haqqında ilk konsepsiya irəli sürüldü. Bu konsepsiya “yus naturale humanare” (insanların təbii hüququ) konsepsiyası idi. Bu konsepsiya insan azadlığını, insan şəxsiyyətini mövcud normalara qarşı qoyurdu və göstərirdi ki, müəyyən hallarda hüquq normaları adət-ənənələrə qarşı çıxmamalı, insanların həyat tərzlərini və yaşama xüsusiyyətlərini məhdud çərçivəyə salmamalıdır.

XVI əsrdə formalaşan bu ideyalar XVII əsrdə müasir hüquqşünaslığın banilərindən hesab olunan Hüqo Xoratse tərəfindən daha da inkişaf etdirilmişdir. Onun əsas əsəri “Müharibə və sülh hüququ haqqında” əsəridir. Həmin bu əsərində o göstərirdi ki, yazılmış hüquqla yanaşı bəşəriyyət tarixində mövcud olan müxtəlif digər tənzimlənmə və nizamlanma qaydaları da mühüm əhəmiyyət kəsb edir və onlara xüsusi diqqət vermək lazımdır. Xoratse onları nəzərdən keçirəndə qeyd edirdi ki, biz yalnız mövcud olan qayda-qanunlar çərçivəsində qalmamalıyıq. Yəni, pozitivist düşüncə tərzindən kənarlaşmaq lazımdır. Məhz ilk dəfə olaraq Hüqo Xoratse pozitivist düşüncə tərzinə qarşı çıxış etmişdir. Əslində bu konsepsiyalar hüquqşünaslıqda irəli sürülən fikirlərdir. Hüquqla antropologiyanın qovşağında isə ilk dəfə olaraq konsepsiya irəli sürən XVII əsrdə alman mütəfəkkiri Samuel de Puffendorf olmuşdur. S.Puffendorf Didro və Russonun sələfi hesab olunur. Məhz onun ideyalarını Didro, Russo və digər Fransa maarifçiləri davam etdirmişdir. Puffendorfun əsas əsəri “İnsanların və təbiətin hüququ” əsəridir. Bu əsərində ilk dəfə olaraq o, insanların cəmiyyəttə nizamlama qaydalarının xüsusiyyətlərini araşdırmışdır. Onun bu əsəri elmi olmasına baxmayaraq dövrünün bestselleri idi. Belə ki, Puffendorfun yaşadığı dövrdə yalnız Almaniyada həmin kitabın 16 nəşri olmuşdur. Bu əsərin əsas mahiyyəti ondan ibarət idi ki, Puffendorf ilk dəfə olaraq bu əsərində “hüquqi şəxsiyyət” anlayışını irəli sürür və burada əxlaqi normalarla hüquqi qaydaların qarşılıqlı əlaqəsini, xüsusiyyətlərini aydınlaşdırır. O göstərirdi ki, hüquqi qaydalar məcburetməyə, cəzalanmaya əsaslandığı halda onların gücü əxlaqi dəyərlərin gücündən azdır.

Əxlaqi dəyərlər cəzalanmaya əsaslanmasa da, onlar insanların daxili, mənəvi xüsusiyyətləri ilə bağlıdır. Bu insanın özünü və ətrafındakıları bilavasitə qoruması, mühafizə etməsi ilə bağlıdır. Bu qaydalar ona görə yaranmayıb ki, insan cəmiyyətini yaxşı etsinlər. Bu əxlaqı qaydalar ona görə yaranıb ki, insanların təhlükəsizliyini təmin etsinlər. Bu səbəbdən də tarixən çövcud olmuş adət-ənənələr daha çox mühafizə olunur və onlara daha çox riayət olunur. Amma yazılmış qanunlar bu keyfiyyətlərə malik deyil. Puffendorf yazırdı ki, hər bir insanın özü ilə münasibətdə əsas vəzifəsi ondan ibarətdir ki, o, özünün həyatı və ruhu haqqında düşünsün. Bu xüsusiyyətlər də bilavasitə insanların əxlaqi dəyərlərinin formalaşmasına səbəb olur. Puffendorf iki əsas hüquqi normanı bir-birindən ayırırdı: yazılmış qanunlar və tarixən mövcud olmuş davranış qaydaları. Bunları bir-birlərinə qarşı qoyanda birincilərin ikincilərə nisbətən daha üstün olduğunu göstərirdi.

Yeni dövrdə hüquqi antropologiyanın inkişaf xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

XVIII əsrdə ümumiyyətlə bütün elm sahələrində tədqiqatların çərçivəsi genişlənir, xüsusən də onların nəzəri bazası qüvvətlənir. Məhz ilk dəfə XVIII əsrdə insan özünü ali qüvvəyə qarşı qoyur. Eyni zamanda Avropa tarixində Allahın olub olmaması məsələsi ortaya qoyulur. Bu vaxta qədər uzun əsrlər boyu dini dünyagörüşünün hökmran olması, insanların bütün həyatına hakim kəsilməsi nəticəsində əxlaqi dəyərlər hamısı dinlə əlaqələndirilirdi. XVIII əsrdə ilk dəfə buna qarşı çıxıldı və göstərilirdi ki, həmin bu əxlaqi dəyərlər, insanlararası münasibətlərin qurulmasının mexanizmləri və s. insanların birgəyaşayış formalarının özünün doğurduğu təzahürlərdir. Yəni, bunların dini dünyagörüşü ilə bağlılığı yoxdur. İnsan düşüncə tərzinin bir forması kimi mövcud olan hüquqi düşüncə tərzi də məhz insanların həyat şəraiti nəticəsində formalaşmış reallıqdır. Həmin dövrdə yaşamış fransız maarifçisi Holbax yazırdı ki, insan cəmiyyətində mövcud olan əxlaqi qaydalar özləri Allahın şəxsi düşmənləridir.

O göstərirdi ki, insanın ilahi xüsusiyyəti yox, insanın təbii xüsusiyyəti, onun rasional bilikləri insanların həyat tərzini dəyişdirir. İnsanların cəmiyyət daxilində yeniliklər etməsinə, onların həyatlarının qayəsinin dəyişməsinə gətirib çıxarır. Helvetse 1857-ci ildə yazdığı “Dərrakə haqqında” əsərində göstərirdi ki, hər bir insanın fəaliyyətinin, əməllərinin əsasında onun şəxsi maraqları durur. Helvetse yazırdı ki, biz nə qədər də əxlaqi dəyərlərdən danışsaq, nə qədər də ətrafımızda olan yüksək meyyarlardan söhbət etsək, küçəyə çıxan kimi bizim qarşımıza çıxan ilkin xüsusiyyət insanların şəxsi maraqlarıdır. Bir sözlə insanları fəaliyyətə sövq edən, insanları nəyisə etməyə vadar edən onların şəxsi maraqlarıdır. Amma biz şəxsi maraqları yalnız varlanmaq, şöhrət sahibi olmaq mənasında anlamamalıyıq. İnsanın yaşaması üçün öz şəxsi maraqlarını üstün tutması vacibdir. Bir sözlə insanları şedevrlər yaratmağa və insanları dünyanın ən pis cinayətlərini etməyə vadar edən tək şey insanların şəxsi maraqlarıdır. Bunları etmədən, bu cür yaşamadan insan olmaq belə mümkün deyil. Helvetsenin bu fikirləri onun müasirləri üçün əxlaqsızlıq kimi, cəmiyyətin əsaslarını dağıtmaq kimi görsənirdi. Helvetse deyirdi ki, mən heç nəyi kəşf etmirəm, sadəcə olaraq ətrafımızda olanları göstərirəm. Helvetse onu da qeyd edirdi ki, insanların şəxsi maraqları onların özlərinin yaratdığı bir şey deyil. Bunu ana təbiət onlara bəxş etmişdir. Şəxsi maraqlar deyildikdə sadəcə invidual maraqlar nəzərdə tutulmur. Məsələn, müharibədə ölümə gedənlər bunu ona görə etmir ki, ölmək istəyirlər. Onlar ona görə ölümə gedirlər ki, kimisə qorusunlar, kiminsə həyatını təmin etsinlər.

Bunun özü də şəxsi maraqdır. Bu mənada Helvetsi göstərirdi ki, insanların hamısının müəyyən təlabatları var. Bu tələbatların təmin olunması həmin maraqları doğurur. O maraqlar da bizim fəaliyyətimizi yönəldir və bizim ağlımızı, şüurumuzu inkişaf elətdirir. Helvetsinin bu ideyaları özünün bitmiş şəkildə ifadəsini Monteskyönün “Qanunların ruhu” əsərində tapmışdır. Monteskyö ilk dəfə bu əsərində hakimiyyətin bölgüsü prinsipini ifadə etmiçdir. O göstərirdi ki, cəmiyyətin daha yaxşı idarə edilməsi üçün hakimiyyət müxtəlif qüvvələr arasında bölünməlidir ki, onların heç birisi hakimiyyətdən öz maraqları üçün istifadə edə bilməsinlər. Monteskyö göstərirdi ki, cəmiyyətdə mövcud olan bütün qaydalar, davranış xüsusiyuətləri bu və ya digər formada insanların şəxsi maraqlarından törəyir və onların şəxsi maraqlarının tam şəkildə ifadə olunmasına yönəlmişdir.

Həmçinin bu qayda-qanunların formalaşmasına ətraf mühit, relyef, iqlim şəraiti, insanların say dinamikası və s. müəyyən qədər təsir göstərir. Bütün bunların nəticəsində insanların davranışını müəyyənləşdirən, insan cəmiyyətini idarə edən qaydalar yaranır. Yəni, qayda və qanunlar öz-özlərinə yaranmırlar. Onların yaranması müəyyən amillərlə bağlıdır və müəyyən şərtlərlə əlaqəlidir. İnsanlar bu qayda qanunlarını elə qura bilərlər ki, həyatlarını yaxşı qursunlar, yaxud həyatlarını cəhənnəmə çevirsinlər. Bununla da Monteskyö göstərirdi ki, insanlar yaxşı cəmiyyət qurmaq üçün hakimiyyəti devirməlidirlər. Heç bir qrupun mənafeyini, şəxsi maraqlarını, digər bir qrupun mənafeyindən, şəxsi maraqlarından üstün tutmamalıdır. Son nəticədə onun bu ideyaları hakimiyyətin bölgüsünə gətirib çıxarır. Yəni, “qanunların ruhu” ondan ibarət olmalıdır ki, insanlar həyatlarını yaxşı qura bilsinlər. Ümumiyyətlə XVIII əsrdə irəli sürülən bu mülahizələr son nəticədə Jan Jak Russonun əsərlərində özünün kamil formasına çatdırıldı.

Jan Jak Russo və hüquqi antropologiya

[redaktə | mənbəni redaktə et]

Fransada antropologiyanın banisi kimi Jan Jak Russonu götürürlər. Russonun XVIII-XIX əsrlərdə bəşəriyyətin fikir tarixinə təsiri həddən artıq güclüdür. Ümumiyyətlə həmin dövrdə iki mütəfəkkirin təsiri həddən artıq güclü olmuşdur: Russo və İ.Kant. Kant həddən artıq çətin üslubda yazdığı üçün onu asanlıqla başa düşmək olmurdu. Kantdan fərqli olaraq Russo hətta ən çətin fikirləri belə asanlıqla ifadə edirdi. Onun antropologiya üçün ən mühüm əsərlərindən biri “Bərabərsizliyin mənşəyi haqqında düşüncələr” əsəridir. Digər əsəri isə “İctimai müqavilə” əsəridir. Russonun antropoloji ideyalarını irəli sürdüyü əsərlərdən biri də “Tənha xəyalpərəstin səərgüzəştləri” əsəridir. Jan Jak Russo hüquqi antropologiya sahəsində ayrıca bir əsər yazmamış, hər hansı konsepsiya irəli sürməmişdir. Lakin, onun irəli sürdüyü antropoloji ideyaların bəziləri hüquqi antropologiyanın predmeti ilə bağlıdır. “Bərabərsizliyin mənşəyi haqqında düşüncələr” əsərində o göstərirdi ki, insanlar müxtəlif bölgələrdə müxtəlif həyat tərzi keçirirlər. Lakin, bizim Avropamızda kifayət qədər varlı olan elə bir adam tapmaq mümkün deyil ki, öz var-dövlətindən 20 min ayırıb başqa bir cəmiyyətin həyat şəraitini öyrənsin. Bizim heç birimiz həmin müxtəlif həyat tərzlərini başa düşmək üçün səy göstərmirik. Həmin fərqlər bizim üçün ən yaxşı halda ekzotik həyat tərzi kimi görsənir və onun mahiyyətinə varmağa çalışmırıq. Digər insanların niyə belə yaşadığını anlamaq üçün ilk növbədə insan özünü başa düşməlidir.

İnsan özünə başqası kimi yanaşmalıdır. Çünki, ətrafda mövcud olan insanların bizə oxşamadığını biz bilirik. Bu və ya digər həyat prosesində digər insanlar niyə bizim kimi deyil, başqa formada hərəkət etdiyini biz başa düşə bilmirik. Ona görə başa düşə bilmirik ki, özümüzə özgəsi kimi yanaşa bilmirik. Bu o deməkdir ki, özümüz başqalaşmamalıyıq, başqası niyə o formada fəaliyyət göstərir onun mahiyyətini başa düşməyə çalışmalıyıq. Əgər biz bunu öz cəmiyyətimiz daxilində edə bilsək, digər cəmiyyətlərdə olan qayda-qanunları, xüsusiyyətləri də başa düşə bilərik. Russo deyirdi ki, adamları öyrənmək üçün ətrafımıza baxmaq kifayətdir. Amma insanları öyrənmək üçün ətrafa baxmaq kifayət deyil. İnsanları öyrənmək üçün biz çox qabağa baxmalıyıq. İnsanların keyfiyyətlərini aşkara çıxara bilmək üçün biz ilk növbədə fərqli xüsusiyyətləri görməliyik. O fərqliliklərin ümumilikdə toplamı insanın keyfiyyətlərini ortaya çıxarır. Ümumiyyətlə “adam” və “insan” fərqli anlayışlardır. Adam insanın fərdi xüsusiyyətlərini ehtiva edir (atalar sözü - alim olmaq asandır, adam olmaq çətindir). İnsan deyildikdə isə insanın mövcud olduğu bioloji növdən söhbət gedir. Russonun qeyd etdiyi “biz özümüzü başqalaşdırmalıyıq” fikrinə qarşılıq indi antropologiyada onun tam tərsi deyilir. Son 40-50 ildə olan antropoloji tədqiqatlarda göstərirlər ki, antropoloq özgələşməlidir. Yəni, antropoloq öyrəndiyi cəmiyyətin üzvlərindən birinə çevrilməyi bacarmalıdır.

Əgər antropoloq onu edə bilmirsə, onun tədqiqatı həqiqəti özündə ehtiva etmir (təsviredici antropologiya, Klifford Girds). Russo “Bərabərsizliyin mənşəyi haqqında düşüncələr” əsərində göstərirdi ki, bərabərsizliyin yaranmasının əsas səbəbi kimi maddi maraqları götürür. O bildirirdi ki, insanlar təbiətdən ayrıldıqdan sonra ilk əvvəl özləri ilə heyvanlar arasındakı fərqləri gördülər. Amma bizi fərqləndirən xüsusiyyətlərdən daha çox yaxınlaşdıran xüsusiyyətlər var ki, onları görmək lazımdır. Əgər biz o xüsusiyyətləri görsəydik, müasir dövrümüzdə mövcud olan bəlaların çoxusu olmayacaqdı. Burada söhbət ondan gedir ki, bizim cəmiyyətdə yaratdığımız qayda-qanunların böyük bir qismi bu və ya digər ictimai qrupların maraqlarına yönəlmişdir. Oxşar xüsusiyyətləri görsəydik həmin maraqlar olmayacaqdı. Russo bildirirdi ki, heyvanlarla insanlar arasında ən mühüm ortaq cəhət onların hissetmə qabiliyyətinə malik olmasıdır. Məsələn, bitkilərdə hissiyat yoxdur. Russo hissiyatı araşdırdıqdan sonra biz müəyyən xüsusiyyətləri, müəyyən əlamətləri öyrənib dərk edə bilərik.

O, “Tənha xəyalpərəstin sərgüzəştləri” əsərində insan cəmiyyətinin necə dəyişməsi, hansı formada yaxşılaşması ideyalarını irəli sürmüşdür. Russo yazırdı ki, mən digərləri üzərində hökmranlıq edən dövlətlərə nifrət edirəm. Eyni zamanda digər insanlar üzərində hökmranlıq edən insanlara da. İnsanların hüquqları onların doğulması ilə müəyyən olunur və o, bunu “təbii hüquq” adlandırır. Amma Russo “İctimai müqavilə” əsərində isə göstərir ki, insan cəmiyyətinin mövcud olması müəyyən qisim insanların digər qisim insanlarla eyni səviyyədə olmamasını tələb edir. Bu ideyaların içərisində hüquqi antropologiya ilə bağlı olan əsas məqamlar bunlardır:

1. J.J.Russo göstərirdi ki, təbiət insanlara müəyyən təlabatlar vermişdir və həmin təlabatlar insanlarda müəyyən maraqlar, mənafelər doğurur. O mənafelər də insanların birgəyaşayış qaydalarını müəyyənləşdirir. Məhz birinci növbədə həmin maraqları tədqiq etmək lazımdır. Onların əsasında da cəmiyyətdə müəyyən xüsusiyyətləri qorumaq lazımdır.

Hüquqi antropologiyanın formalaşmasının başa çatması

[redaktə | mənbəni redaktə et]

XVIII əsrin sonuna qədər hüquqi antropologiya ümumi antropologiyanın tərkibində gedir, yalnız bir nəfərdən başqa - Lafito. Lafito XVII əsrdə Amerikaya köçür və orada Amerika himdularının həyatını öyrəndikdən sonra “Amerika hindularının həyatı qədim insanların həyatı ilə müqayisədə” adlı əsərini yazır. Həmin əsərində Lafito göstərirdi ki, irokezlərdə mövcud olan qaydalar, adətlər, ənənələr indi də var. Amma biz 1500 il Avropada qədimə getsək, eyni həyat tərzini orada da görə bilərik. Qədim yunanların və romalıların ilkin yazılı mənbələrində verdikləri həyat tərzi elə bil ki, irokezlər tərəfindən götürülmüşdür. Bu onu göstərir ki, insan cəmiyyəti müəyyən pillələrlə inkişaf edir amma orada əsas odur ki, adət, ənənə hansı rolu cəmiyyətdə oynayır. Lafito bunu müqayisə edir. O, bir də Avropa ölkələrində verilmiş qayda-qanunları müqayisə edir. XVII əsrdə kodekslər əsasən xristian dini (Bibliya) əsasında yazılırdı. Müqayisə zamanı Lafito irokezlərdə həyat tərzinin necə qurulduğunu təsvir edir və göstərir ki, heç bir irokez heç bir halda ata babalarının qoyduğu qaydaları pozmur. Adət-ənənə yaxşı da olsa, pis də olsa onlar üçün müqəddəsdir. Amma biz istər Bibliya, istərsə də başqa dinlərin əsasında qanunların yazılmasından asılı olmayaraq gündəlik həyatımızda bütün qaydaları pozuruq. Lafito bunun səbəblərini aydınlaşdıranda belə bir nəticəyə gəlir ki, irokezlərdə bunun baş verməməsinin bir səbəbi varsa, o da irokezlərin mövcud olduğu tarixi şəraitdir. Bu və ya digər formada cəmiyyətin mövcudluğu tarixi şəraitlə bağlıdır. Belə ki, mövcud tarixi şərait irokezlərdə indi, Avropada isə 1500 il əvvəl yetişmişdir.

Hüquqi antropologiyanın bir elm kimi formalaşması

[redaktə | mənbəni redaktə et]

Antropologiya və müstəmləkəçilik, etnomərkəzlilik

[redaktə | mənbəni redaktə et]

Antropologiyada hüquqi antropologiyanın antropoloji bilik sistemində formalaşmasında əsas amillərdən biri kimi müstəmləkəçilik və müstəmləkə əsarətində olan ərazilərin idarə olunması probleminin durduğunu qeyd edirlər. Qədim Roma dövründən başlayaraq Avropada müəyyən bir hüquq mədəniyyəti formalaşmışdı. Bu hüquq mədəniyyəti Avropa düşüncə tərzinin bütün səviyyələrində əsas hakim mövqe tuturdu. Norbert Rulon yazır ki, qədim Roma hüququnu yazılmış dərrakə kimi qəbul edən avropalılar bu baxışdan kənara çıxa bilmirdilər. Digər adətlər, ənənələr, inamlar sistemini qəbul edə bilmirdilər. Təsadüfi deyil ki, Avropa səyyahların böyük bir qismi ənənəvi və arxaik cəmiyyətlərdə yaşayan tayfa və qəbilələrin dinsiz, imansız olduğunu göstərirdilər. Çünki, öz dini baxışlarına uyğun olan gerçəklikləri onların içərisində tapa bilmirdilər. İnsanların öz dünya baxışları və yaşayış tərzlərindən kənarda olan gerçəklikləri qəbul edə bilməməsi etnomərkəzlilik adlanır. Etnomərkəzlilik ictimai həyatın müxtəlif bölgələrdə məskunlaşmış insan qruplarının normal münasibətlər yaratmasında, xüsusən, böyük coğrafi kəşflərdən sonra müəyyən maniyələr törədirdi. XVI əsrdən başlayaraq Avropa dövlətləri tərəfindən Amerika, Asiya və Afrikada müstəmləkələrin əldə olunması onların idarə edilməsi problemini ortaya qoydu. Bir çox antropoloqlar və hüquqşünaslar hüquqi antropologiyanın yaranması zərurətinin məhz bununla bağlı olmasını göstərirdilər. Belə ki, müstəmləkələrin idarə olunması prosesində Avropa qanunlarının, Avropa hüquqi düşüncə tərzinin kifayət qədər səmərəli olmaması aydınlaşdırıldı.

Ümumiyyətlə, antropologiyada klassik təkamülçülüyün əksər nümayəndələri müstəmləkəçiliyə haqq qazandırır, bu prosesin ibtidai tayfa və qəbilələrin tezliklə sivilizasiya yoluna qədəm qoymasında əhəmiyyətli olduğunu vurğulayırdılar. Hətta müasir Qərb antropologiya tarixində antropologiyanın özünü müstəmləkəçiliyin övladı adlandırırdılar. Belə ki, antropologiya müstəmləkələrdə ictimai qayda qanunların və sosial sülhün yaradılmasında bir alət rolunu oynayırdı. Belə ki, ənənəvi cəmiyyətlərin daha dərin tədqiq edilməsi onlar üzərində hökmranlığı bir o qədər sadələşdirirdi. Çox qəribədir ki, antropoloqlar heç birisi müstəmləkə adminstrasiyasında işləməmiş və xidmət göstərməmişlər. Çox böyük müstəmləkə imperiyasına malik olan Böyük Britaniya bu imperiyanın idarə olunmasında tətbiqi antropologiyaya daha çox üstünlük verirdi. Müstəmləkələrin idarə olunmasında istifadə etdikləri əsas metod “bil vasitə idarəçilik” metodu idi. Faktiki olaraq antropoloqların əldə etdikləri biliklər və irəli sürdüyü tövsiyələr müstəmləkə idarəçiliyinin təkmilləşdirilməsində əsas vasitələrdən olmuşdur. Xüsusən də, müstəmləkə əsarətində olan xalq, tayfa qəbilələrin daxili tənzimlənmə, birgəyaşayış və davranış qaydalarının tədqiq olunması bu prosesdə xüsusi əhəmiyyətə malik olmuşdur. Təsadüfi deyil ki, Britaniya imperiyası ayrı-ayrı müstəmləkələrin idarə olunma sistemlərinin yaradılmasında ilk növbədə yerli xüsusiyyətlərin nəzərə alınmasına fikir verirdi.

Adət hüququnun antropologiyada öyrənilməyə başlanması

[redaktə | mənbəni redaktə et]

Hüquqi antropologiyanın formalaşması əsasən iki dövrə bölünür:

  • birinci dövr — ilkin hüquqi antropoloji görüşlərin yaranması;
  • ikinci dövr — hüquqi antropologiyanın sistematik biliklər sisteminə çevrilməsi.

Hüquqi antropologiyanın ilkin görüşlərinin formalaşmasını bəzi tədqiqatçılar, o cümlədən də Norbert Rulan antik dövrdə sosial ədalətlə bağlı olan görüşlərin yaranması ilə əlaqələndirirdi. Xüsusən də, qədim Yunanıstan və Romada formalaşmış təbii hüquq konsepsiyası ilə əlaqələndirirdilər. Bu konsepsiyanın yaranmasında yunan sofistlər fəlsəfi məktəbi və xüsusən də, Protaqorun böyük rolu olmuşdur. Həmin bu ideyaların təbiət hüquqi ilə bağlı ideyaların inkişafında fransız maarifçiləri, xüsusən də Monteskyönün rolu böyük olmuşdur. Monteskyö özünün yaşadığı cəmiyyətdən fərqli olan cəmiyyətlərin həyat təcrübəsini öyrənməyin mühüm əhəmiyyətə malik olduğunu göstərən ilk avropalılardandır. Monteskyö qeyd edirdi ki, hüquq cəmiyyətin təşkili ilə bağlı olan sosioloji sistemin tərkib hissəsidir. Öz mahiyyətinə görə o müxtəlifdir və mövcud olduğu cəmiyyətlər, tarixi zaman vә yerləşdiyi məkanla bağlı olaraq formasını dəyişir. Hüquqla cəmiyyətin qarşılıqlı əlaqələrindən bəhs edəndə Monteskyö göstərir ki, müxtəlif cəmiyyətlər arasında hüquq mübadilə ilə mümkün deyil. Yalnız çox yaxın cəmiyyətlərdə bu baş verir. Belə ki, müasir hüququ antropologiyada da bu əsas müddəalardan biri hesab olunur. O, həmişə qeyd edirdi ki, hüququn inkişafı, müxtəlif formalarda olması cəmiyyətin ictimai tərəqqisi ilə deyil, müxtəlif iqlim şərtləri, relyef, cəmiyyətlərin demoqrafiyası və s. kimi şərtlərlə bağlıdır. Hüququn dəyişməsi mənbələrinin müəyyən edilməsinə münasibət də ilk dəfə Monteskyö tərəfindən bildirilmişdir. Onun ideyaları müasir dövrdə dövlət hakimiyyətinin əsas prinsiplərindən hesab olunur. Onun ideyaları Fransa ensiklopediyası vasitәsilә geniş yayılmış və ümumiyyətlə Qərb siyasi və hüquqi mədəniyyətinə böyük təsir göstərmişdir.

Artıq XIX əsrdə hüquqi antropologiya formalaşır. Lakin, qeyd olunmalıdır ki, bu dövrdə o müxtəlif adlar altında məlum idi. Bir çox hallarda onu müqayisəli hüquqşünaslıq yaxud komporativ hüquqşünaslıq, hüquqi arxeologiya, hüquqi etnologiya və s. kimi adlandırırdılar. Hüquqi etnologiya termini isə ilk dəfə 1890-cı ildә Emil Postun nəşr etdirdiyi “Etnoloji hüquqşünaslığın əsasları” monoqrafiyasında işlənmişdi. Hüquqi antropologiyanın bir fənn kimi formalaşmasında 1861-ci il xüsusi tarix hesab edilir. Məhz bu ildə Ştutqartda İohan Baxovenin “Ana hüququ” əsəri və Londonda Henri Corc Samner Meynin “Qədim hüquq” əsəri nəşr olundu. Ümumiyyətlə Meynin əsəri hüquqi antropologiyanın tam formalaşdığını ifadə edən bir əsər kimi qəbul edilir. 1865-ci ildə Mak Lennanın “İbtidai nikah”, 1871-ci ildə Morqanın “İnsan ailəsində qohumluq və qudalıq”, 1875-ci ildə Meynin “Təsisatların ən qədim tarixi” əsərləri hüquqi antropologiyanın bir elm kimi formalaşdığını, tamamilə yeni bir təlim və tədris sahəsi kimi meydana gəldiyini göstərir. Əsasən bu sahə İngiltərə, Almaniya və Rusiyada inkişaf edirdi. Rusiyada hüquqi antropologiyanın inkişafında Mixail Maksim Maksimoviç Kavalevskinin əsərləri mühüm rol oynamışdır. Samner Meyn London və Kembricdə mülki hüquqdan dərs deyirdi. 1869-cu ildən isə Oxfordda müqayisəli və tarixi hüquqşünaslıq sahəsində ilk professor olmuşdur. Eyni zamanda o, müstəmləkə adminstriasiyalarında da işləmiş, xüsusən Hindistanın idarə şurasının üzvü və Hindistan hüququnun məcəllələşdirilməsi komissiyasının sədri olmuşdur. Faktiki olaraq bu səbəbdən onun bütün tədqiqatlarında əsas istifadə olunan materiallar Hindistan və İrlandiya ilə bağlıdır. Hindistanda ailə və mülkiyyət münasibətlərinin tədqiqi ilə o, hüquqi təsisatların dəyişkənliyini və inkişafını izləməyə çalışır. Onun əsərlərində iki əsas ideyanı biz xüsusi göstərə bilərik. “Qədim hüquq və adət” əsərində o hüququn təkamülünün 3 mərhələdən keçdiyini göstərir. Birinci mərhələ insanlar elə fikirləşirlər ki, qanunlar və qaydalar onlara Allahlar tərəfindən verilmişdir. Hindistanda vedalar və s. İkinci mərhələdə hüquq adәtlәrlә eyniləşdirilir. Üçüncü mərhələ hüququn qanunla eyniləşdirilməsidir. Özünün uzun inkişafı dövründə hüquq ayrı-ayrı fərdlər və cəmiyyətlər arasında formalaşan razılaşmadan müasir dövrümüzdəki yazılmış qanunlara qədər inkişaf edir. Öz baxışlarına görə Meyn təkamülçü idi və ictimai tərəqqinin inkişafını bütün cəmiyyətlərə xas olan ümumi bir qanunauyğunluq kimi qəbul edirdi. Avropada ailə və nikahın müxtəlif formalarının ilkin tədqiqi isə bazelli professor Baxovenin adı ilə bağlıdır. O “Ana hüququ” əsərində insan cəmiyyətinin formalaşmasında ilkin mərhələnin matriarxat olduğunu və ictimai münasibətlərdə ana xətti ilə qohumluq münasibətlərinin (makleniar) əsas rol oynadığını qeyd edir. Ailənin və nikahın bəşəriyyətin bütün mövcudluğu tarixində mövcudluğunu inkar edir. Bəşər tarixinin ilkin mərhələlərində ailənin və nikahın olmadığını göstərir bu mərhələni o promuskuyitet adlandırır. Baxmayaraq ki, etnoqrafik materiallar promuskuyitetin izlərini müəyyənləşdirməyə imkan vermir, sovet dövründə tədqiqatlarda geniş istifadə olunurdu . Bir çox tədqiqatçılar matriarxatın olmasını da qəbul etmirlər. Afrikada Okeaniyada, Amerikada müəyyən cəmiyyətlərdə qadınların kişilərdən daha yüksək statusa malik olmasını isə qanunauyğunluq kimi deyil, əksinə bu cəmiyyətlərin inkişafı ilə bağlı olan xüsusiyyət kimi göstərirlər.

XIX әsrin sonlarında hüquqi antropologiyanın inkişafında marksistlәrin dә müәyyәn rolu olmuşdur. Norbert Rulan göstәrir ki, Marks tarixçi, Engels etnoloq olmaqla antropologiyanın vә hüquqşünaslığın sәrhәdindә yerlәşәn hüquqi antropologiyanın inkişafında müәyyәn xidmәtlәr göstәrmişdir. Onların qәdim cәmiyyәtlә bağlı görüşlәrinә Morqanın böyük tәsiri olmuşdur. Engels “Ailәnin, xüsusi mülkiyyәtin mәnşәyi” әsәri vә Marks “Kapitalizmә qәdәrki ictimai-iqtisadi formasiyalar haqqında”“Tәbiәtin dialektikası” әsәrlәrindә dövlәt, hüquq haqqında müәyyәn ideyalar irәli sürmüşlәr. Marksistlәr dövlәt vә hüququ fәrqlәndirmәyi, onların müxtәlif ictimai gerçәkliklәri ifadә edәn mәhvumlar olmasını әsas götürürdülәr. Onların fikrinә görә cәmiyyәt tarixindә heç dә hәmişә dövlәt olmamış vә müәyyәn müddәtdәn sonra gәlәcәkdә dә dövlәt yox olub gedәcәkdir. Lakin, insanlar arasındakı qarşılıqlı münasibәtlәrin tәnzimlәnmәsi, cәmiyyәtin ayrı-ayrı qrupları vә üzvlәri arasında әlaqәlәrin nizamlanması dövlәtә qәdәrki dövrdә dә olmuş vә dövlәt yox olduqdan sonra da qalacaqdır. Bu baxımdan da hüquqla dövlәt heç dә hәmişә eyni zamanda yaranmır. Müәyyәn zaman keçdikdәn sonra dövlәt bir zor işlәtmә aparatı kimi formalaşır vә müәyyәn qrupların mәnafeyini ifadә edir. Marks vә Engelsin fikirlәrindә әsas mәsәlә hüququn mahiyyәtinin nә olması problemidir. Hüququn norma olması yaxud fәaliyyәt prosesi olması, hәtta müasir hüquqşünaslıqda da mübahisә doğuran problemlәrdәndir. İlk dәfә bu problem marksistlәr tәrәfindәn irәli sürülmüşdür. Onlar qeyd edirdilәr ki, bәşәr tarixinin müәyyәn dövründә ictimai xeyirlә bağlı olaraq insanlar arasında münasibәtlәrin tәnzimlәnmәsi prosesi başlamış vә bu dövrdә dövlәt belә yox idi. Engels әsasәn Morqanın irokezlәr vә alman tarixçilәrinin qәdim germanlar haqqında yazdıqları әsәrlәri tәhlil edәrәk ilkin hüuqi qayda qanunların formalaşmasını barbarlığın son dövrlәrinә şamil etmişdir. Marksistlәr hüquqi tәnzimlәnmәnin bu sәbәbdәn dә hәmişә cәza ilә bağlı olması fikrini dә inkar edirdilәr. Hüququn vә ümumiyyәtlә qayda, adәt vә әnәnәlәrin әsas mahiyyәtinin insanlar arasındakı münasibәtlәrin tәnzimlәnmәsi vә nizamlanmasında görürdülәr. Marksist baxışı bilavasitә tәkamülçülüyә әsaslanırdı.

Hüquqi antropologiyanın bir elm kimi formalaşması

[redaktə | mənbəni redaktə et]

XIX әsrin sonlarında hüquqi antropologiyanın inkişafında yeni bir dövr başladı. Bu dövr ümumiyyәtlә, sosial antropologiyada elmi dünyagörüşünün dәyişmәsi ilә әlaqәdar idi. Belә ki, XIX әsrin sonlarında artıq birxәtli tәkamülçülük özünün elmi dünyagörüşündә hökmranlığının zirvәsini keçmişdi vә tәdricәn eniş dövrü keçirirdi. Bu özünü hüqui antropologiyada da göstәrir. XIX әsrin sonlarından Almaniyada Bernxof vә Koxler tәrәfindәn nәşr olunan müqayisәli hüquq elmi üçün jurnalda tәkamülçülüyün müxtәlif müddәalarının tәnqid olunmasına başlanılır. Bu jurnal әtrafında birlәşmiş hüquqşünas vә antropoloqlar hüquqi antropologiya sahәsindә tәdqiqatları genişlәndirmәyә vә hüququn müxtәlif istiqamәtlәrdә tәkamülünün ümumi nәzәriyyәsini yaratmağa sәy edirdilәr. Onlar yalnız qәdim roma, qәdim german yaxud irokez hüququnun öyrәnilmәsi ilә bağlı deyil, ümumiyyәtlә müxtәlif hüquqi sistemlәrin tәdqiqi vә tәhlili ilә müxtәlif nәzәriyyәlәrin yaradılmasını qarşılarına mәqsәd qoyurdular. Qeyd olunmalıdır ki, jurnalın әmәkdaşları adәt әnәnәlәrdәn daha çox qanunları tәdqiq edirdilәr vә bu da onların etnomәrkәzçiliyin tәsiri altında olduğunu göstәrir.

Hüquqi antropologiyanın inkişafında vә ümumiyyәtlә, Almaniyada hüquqi antropologiyanın әsasının qoyulmasında Helmut Postun 1893-cü ildә nәşr etdirdiyi iki cildlik “Etnoloji hüquqşünaslıq” әsәrinin böyük әhәmiyyәti olmuşdur. Bu müәllif göstәrirdi ki, biz etnoloji hüquqşünaslığı bütövlükdә öyrәndikdәn sonra hәqiqi hüquq elmini dәrk etmiş olarıq. Bu әsәrindә Post müxtәlif cәmiyyәtlәrin hüquq sistemlәrini ayrı-ayrı mövzular üzrә - nikah, vәrәsәlik, mübadilә, cinayәt vә s. üzrә nәzәrdәn keçirmişdir. O, mәlum bütün cәmiyyәtlәrdә hüquqi institutları tәdqiq etmәyә sәy etmişdir. Post göstәrirdi ki, hüquq insan cәmiyyәtindә mövcud olan universal bir gerçәklikdir. Bu sәbәbdәn dә onu öyrәnmәk üçün vahid nәzәriyyә yaratmaq mümkündür. Bәşәriyyәtin hüququnun әsas istiqamәtlәri sadә, dәqiq vә möhtәşәmdir. Post tәbii hüquq nәzәriyyәsinә qarşı çıxırdı. Göstәrirdi ki, hüququn yaranması müәyyәn zәrurәtlәrdәn irәli gәlir. Postun Almaniya vә İtaliya hüquqşünalığına tәsiri çox böyük olmuşdur. Onun әsәrlәrinin tәsiri ilә Pier Monfante qәdim Roma hüququnu etnoqrafların materialları әsasında әnәnәvi cәmiyyәtlәrdә mövcud olan tәnzimlәnmә qaydaları müstәvisindә izah etmәyә çalışmışdır. İtaliyada XIX әsrin sonu XX әsrin әvvәllәrindә de Aquano, .... vә başqaları hüququn ilkin inkişaf mәrhәlәlәrini tәdqiq etmәk üçün, hәtta Avropa cәmiyyәtlәrindә dә mövcud әnәnәlәrin tәdqiqinin vacibliyini xüsusi qeyd edirdilәr.

Hüquqi antropologiyada tәkşaxәli tәkamülçülüyә әsas zәrbәni isә sosial antropologiyada olduğu kimi Bronislav Malinovski endirmişdir. Malinovski Taylor vә Frezerin әsәrlәrinin tәsiri nәticәsindә antropologiya sahәsindә tәdqiqatlara başlamış vә antropologiyada yeni bir elmi mәktәbin - funksionalizmin әsasını qoymuşdur. Onun hüquqi antropologiyanın inkişafında xüsusi mövqe tutmasının sәbәbi ilk dәfә olaraq arxaik vә әnәnәvi cәmiyyәtlәrdә mövcud olan adәt, әnәnәlәrә hüquq prizmasından yanaşmasındadır. Onun hüquqi antropologiya sahәsindә әsas әsәrlәri “Baloma: Trobrian adalarında ölüm ruhu”, “Magiya, elm vә din”, “Primitiv psixologiyada mif”, “Matri-lokal kompleks vә mif” әsәrlәridir. Diqqәtlә fikir verdikdә bu әsәrlәrin hamısında әsas tәdqiq olunan mәsәlәlәrdәn biri miflәrdir. Malinovski bütün yaradıcılığında әnәnәvi vә arxaik cәmiyyәtlәrdә insanlararası münasibәtlәrin nizamlanması vә tәnzimlәnmәsindә miflәrin xüsusi әhәmiyyәt kәsb etdiyini әsaslandırmışdır. Ümumiyyәtlә hüququn genezisindә miflәrin xüsusi çәkiyә malik olduğunu göstәrmişdir. Malinovski miflәrin arxaik vә әnәnәvi cәmiyyәtlәrdә müәyyәn konkret bir şәraitdә, konkret bir konteksdә yarandığını vә mövcud olduğunu qeyd edir. Onların hәr hansı bir gizli mәnaya malik olmasını qәbul etmir. Bu sәbәbdәn dә onun fikrinә görә miflәr hüquqi qayda qanunların yaranmasında xüsusi әhәmiyyәt kәsb edir. Malinovskinin dә yaradıcılığında әsas qoyulan problemlәrdәn biri hüquqi normaların yaxud da hüquqi prosesin cәmiyyәtdaxili nizamlanmada әsas rol oynaması problemidir. Malinovski arxaik vә әnәnәvi cәmiyyәtlәrdә normalardan daha çox prosesin özünün әhәmiyyәtli olmasını qeyd edir. O göstәrir ki, insanlar arasında münasibәtlәrin tәnzimlәnmәsi müәyyәn maraqların әsasında qurulur. Bu maraqların hәyata keçirilmәsi müәyyәn hәrәkәtlәrin, fәaliyyәtin formalaşmasına rәvac verir. Bu sәbәbdәn dә arxaik vә әnәnәvi cәmiyyәrlәrdә tәnzimlәnmә vә idarә olunma bir proses halında hәyata keçirilir. Hәmin prosesin müxtәlif tәrәflәri isә miflәrdә vә mifoloju tәfәkkürdә öz әksini tapır.

  1. Ковлер А. И. Антропология права: Учебник для вузов. — М., Норма, 2002. С. 23.