Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Hüseyn Namaz oğlu Qurbanov (tam adı:Hüseyn Qurbanov; 23 fevral 1948, Saraçlı, Bolnisi rayonu) — Azərbaycan alimi, AMEA akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun Kimya elmləri doktoru, Baş elmi işçi.[1]
Hüseyn Qurbanov | |
---|---|
Hüseyn Namaz oğlu Qurbanov | |
Doğum tarixi | 23 fevral 1948 (76 yaş) |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | kimya |
Elmi dərəcəsi | kimya elmləri doktoru |
İş yeri | |
Təhsili |
Hüseyn Namaz oğlu Qurbanov 23 fevral 1948-ci ildə Gürcüstan SSR-nin Bolnisi rayonunun Saraçlı kəndində anadan olmuşdur. 1954–1965-ci illərdə kənd orta məktəbində təhsil almışdır. Məktəbi gümüş medalla bitirdikdən sonra 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə daxil olmuş, 1970-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir[2].
Universiteti bitirdikdən sonra 1970–1972-ci illərdə Tərtər rayonunun Cəmilli kənd orta məktəbində, 1997–2002-ci illərdə isə Bakı şəhərindəki "Zəngi" liseyində kimya müəllimi işləmişdir.
1972-ci ildən 1983-cü ilədək Azərbaycan Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunda çalışmışdır. 1983–1986-cı illərdə həmin institutunun aspiranturasında oxumuş, 1988-ci ildə "Sintetik neopolyolların mürəkkəb efirlərinin sintezi, onların sürtkü materiallarının əsası və komponent kimi tədqiqi" mövzusunda dissertasiya müdafiə edib kimya elmləri namizədi elmi dərəcəsi almışdır.
1989-cu ildən hal-hazıra kimi AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda işləyir. Neft Kimya Prosesləri İnstitunun "Efir tipli sintetik sürtkü yağları" laboratoriyasında baş elmi işçi, qrup rəhbəridir.
Fəlsəfə üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün iki nəfər dissertantın elmi rəhbəri də olmuşdur.
H.N.Qurbanov müəllifi olduğu elmi tədqiqatların əsas elmi istiqaməti müasir və perspektiv tələblərə cavab verən yeni növ sürtkü yağlarının yaradılmasından ibarətdir. Bunun üçün o 150-yə qədər tərkibcə yeni sinif üzvi maddələr sintez etmiş, xassələrini tədqiq etmiş və həmin yağların Moskva (ВНИИНП, в/ч 74242, ЦИАМ), Kiyev (ПО "МАСМА", ВНИИПКнефтехим), Severodonetsk (ЖПО "АЗОТ"), Sankt-Peterburq (Neftayırma zavodu) və s. müəssisələrdə müxtəlif sınaqlarından müvəffəqiyyətlə keçirmiş və həmin yağlar yüksək temperaturadavamlı aviasiya yağları, xüsusi şəraitdə işləyən (yüksək temperaturda və təzyiq altında) kompressor yağları, hərbi məqsədli sualtı gəmilərdə xüsusi təyinatlı yağlar kimi, yuxarı temperaturadavamlı plastik yağlayıcının dispers mühiti kimi, xüsusi təyinatlı soyuducı-yağlayıcı mayelər kimi və s. tövsiyə olunmuşdur.
H.N.Qurbanov tərəfindən mürəkkəb efir tipli yağ molekullarının tərkibinə heteroatomların (N, P, S, Si) daxil edilməsilə onların heteroatomlu törəmələri sintez olunmuşdur. Bu işin aparılması ilə eyni vaxtda iki vacib məsələ həll edilmiş olur: bir tərəfdən yağlar üçün çətin problem olan aşqarların seçilməsi məsələsi həll edilir, digər tərəfdən isə yüksək keyfiyyətli, müasir standartlara cavab verən yeni yağların yaradılması ilə hazırda mövcud olan yağların çeşidinin artırılması mümkün olur.
Müəllifin apardığı elmi-tədqiqat işlərinin bir istiqaməti də sintez olunmuş efir yağlarının və onların heteroatomlu törəmələrinin digər efir yağlarına (pentaeritrit efirlərinə), neft yağlarına (M-8, M-10, M-12, T-46) əlavəsilə yüksək keyfiyyətli yeni yağ kompozisiyalarının yaradılmasından ibarətdir.
H.N.Qurbanov tərəfindən aparılan elmi tədqiqat işlərində sintez olunmuş maddələrin quruluşu ilə onların xassələri arasındakı asılılıq sistematik öyrənilmiş, bir sıra qanunauyğunluqlar aşqar edilmiş, yeni sinif sürtkü yağlarının yaradılmasının elmi əsasları işlənib hazırlanmışdır ki, bu da bu sinif yağlar haqqında əvvəlcədən proqnoz verməyə, elmi tədqiqatları məqsədyönlü və sistemli şəkildə aparılmasına imkan vermişdir.
H.N.Qurbanovun rus alimlərindən P.P.Zaskalko, E.M.Nikonorov, akademik M.İ.Tomilov, V.M.Şkolnikov, O.V.Svetkov, O.P.Parenaqo ilə birgə əməkdaşlığı öz müsbət bəhrəsini vermişdir, nəticədə yeni elmi layihələrin əsasları qoyulmuşdur.
Neopoliolların mürəkkəb efirləri bazasında yaradılmış sürtkü yağlarına olan tələbatı nəzərə alaraq yağların alınmasının texnoloqiyası işlənib hazırlanmış, prosesin reqlamenti və texniki şərtləri tərtib edilmişdir. Texniki-iqtisadi göstəricilərinə görə bu yağların pentaeritrit sənaye yağlarından maya dəyərinin xeyli aşağı olduğu müəyyən olunmuşdur.
СПО "АЗОТ" müəssisəsinin (Ukrayna, Severodonetsk şəhəri) sifarişi əsasında H.N.Qurbanovun hazırlandığı texnoloqiya əsasında ildə 50 min ton sürtkü yağı istehsal edən qurğu inşa edilmiş və işə salınmışdır. Nəticədə alınan sürtkü yağları xaricdən valyuta ilə alınan "Ondina" yağını əvəz etmək üçün tövsiyə edilmişdir.
Heteroatomlu efirlərin dizel və reaktiv yanacaqlarına 0,004% əlavəsilə onların termooksidləşmə stabilliyi xeyli yüksəlmiş, çöküntü əmələgətirmə sıfra qədər endirilmişdir. Bu efirlərin əlavəsilə yeni konservasiya mayeləri hazırlanmış və onların yüksək göstəricilərə malik olması müəyyən edilmişdir.
Müəllifin məqalələri Moskvada "Нефтехимия", "Химия и технология топлив и масел" jurnallarda çap olunduqdan və ingilis dilində tərcümə edildikdən sonra H.N.Qurbanovun ünvanına müxtəlif ölkələrdən: ABŞ, İslandiya, Yunanıstan, Hindistan və s. əməkdaşlıq haqqında müxtəlif təklif və məktublar daxil olmuşdur.
O, 2011-ci ildə Azərbaycan Respublikası prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən kimya üzrə keçirilmiş "Müasir və perspektiv texnikanın tələblərinə cavab verən mürəkkəb efir tipli yeni sintetik sürtkü yağlarının yaradılması" mövzusu üzrə qrant müsabiqəsinin qalibi və layihə rəhbəri olmuşdur.
O, həmçinin 2013-ci ildə Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən keçirilən qrant müsabiqəsində qalib olmuş "Perspektiv taxnikanın tələbələrinə cavab verən yeni növ konservasiya materiallarının yaradılması" mövzusu üzrə qrant layihəsinin məsul icraçılarındandır. Hazırda H.N.Qurbanov "Sintetik sürtkü yağlarının kimyası" mövzusunda yeni monoqrafiyanın yazılması üzərində işləyir.
2015–2016-cı illərdə Elmin İnkişafı Fondu tərəfindən keçirilmiş "Müxtəlif funksional qruplar saxlayan vitsinal dikarbon turşularının və tsiklik neopoliolların mürəkkəb efirlərinin sintezi və onların perspektiv texnikanın tələblərinə cavab verən yanacaq-sürtkü materiallarının komponenti kimi tədqiqi" mövzusunda qrant layihəsinin məsul icraçılarındandır.
2017-ci ildə H.N.Qurbanovun müəllifi olduğu "Sintetik sürtkü yağları (quruluş və xassələri)" adlı monoqrafiyası Moskva şəhərində çap olunmuşdur.
Hüseyn Qurbanov 85 çapdan çıxmış elmi əsərin, o cümlədən xaricdə çap olunmuş 18 əsərin müəllifidir. 6 müəlliflik şəhadətnamələrinin və patentin müəllifidir. 10-dan çox ittifaq və respublika konfranslarında iştirak etmişdir.
Aparılmış elmi tədqiqatların nəticələri 145 elmi məqalə (65-i xaricdə), 4 müəlliflik şəhadətnaməsi və 9 Azərbaycan Milli Patentində öz əksini tapmışdır. O, həmçinin 2017-ci ildə Moskvanın "Научный Мир" nəşriyyatında çap olunmuş "sintetik sürtkü yağları" monoqrafiyasının müəlliflərindəndir.
O, həmçinin 40-a qədər Respublika, beynəlxalq konfrans və simpoziumlarda neft kimya sintezi və sintetik sürtkü yağlarına həsr olunmuş məruzə ilə çıxış etmişdir.